Təxminən iki-üç il əvvəl keçmiş Sovet məkanındakı dəyişiklikləri özündə ehtiva edən yeni terminlər yaranmışdı: Ukrayna variantı, Moldova variantı, Gürcüstan variantı. Elə o zaman Azərbaycan variantından da söz açmağa başladılar. Bu barədə hər yerdə danışırdılar - dövlət tədbirlərində də, mitinqlərdə də, ara söhbətlərində də. Söhbətlərin məğzi ondan ibarətdir ki, başqa variantları Azərbaycanda tətbiq etmək mümkün deyil. Azərbaycanın fərqli özəllikləri var və həmin özəlliklər Azərbaycanın xüsusi inkişaf yoluna qədəm qoymasını şərtləndirir. Nədir bu Azərbaycan variantı?
Tanınan jurnalist, «Gün səhər» qəzeti İdarə Heyətinin sədri Arif Əliyevin «Azadlıq» radiosunda apardığı «Azərbaycan variantı» verilişində bu suala cavab axtarılır. Verilişin qonağı olan politoloq Rasim Musabəyov bildirdi ki, hər bir şəxsin həyatda öz yolu var. Ancaq hərənin öz inkişaf yolu olsa da, bu yol özü də cəmiyyətin ümumi inkişaf istiqamətindən kənarda deyil: «Eyni sözləri dövlətlərə də şamil etmək mümkündür. Bəli, totalitar xətt özəl bir yoldur. Ancaq o dövlət ki, ATƏT-in sənədlərinə qol çəkib, Avropa Şurasına daxil olub deyə bilməz ki, mənim hamıdan fərqli olaraq öz yolum var. Bu, poetik şəkildə mitinqlərdə bir ifadə kimi istifadə oluna bilər, amma onun heç bir hüquqi və mənəvi mahiyyəti yoxdur».
Cənab Musabəyovun fikrincə, Azərbaycanın hansısa bir formada özəl xüsusiyyətləri ola bilər, amma müxtəlif Avropa qurumlarına üzv olmuş, bu qurumlar üçün ümumi dəyərləri qəbul edərək öhdəliklər götürmüş ölkə haqqında «öz yolu var» ifadəsinə yer qalmır: «Bəli, İranın öz yolu var. Baxmayaraq ki, bir çoxları üçün məqbul deyil. Onlar heç də ümumbəşəri dəyərlər, Avropa standartlarını qəbul etmirlər, deyirlər ki, «Quranı-Kərim»də hər şey əksini tapıb. Nəyi isə axtarmağa ehtiyac yoxdur... Çinin də öz modeli var: avtoritar kommunist partiyası tərəfindən həyata keçirilən idarəetmə və eyni zamanda addımbaaddım genişlənən iqtisadi azadlıqlar. Azərbaycana qalanda, biz xeyli öhdəliklər götürmüşük və öhdəliklər çərçivəsində əslində, «öz yolumuz var» ifadəsinə yer qalmır...»
«AZƏRBAYCAN VARİANTI»NDA BU MÖVZUDA ƏTRAFLI SÖHBƏTİ DİNLƏYİN