«Panorama» adlı həftəlik icmalda bu dəfə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə DİN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun üzləşdirilməsini müzakirə edirik. Həmsöhbətimiz Fərhad Əliyevin vəkili və həmin üzləşmədə iştirak etmiş Adil İsmayılovdur.
Sual: - Adil bəy, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev iki ay idi Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlanılırdı. Nəhayət, sentyabrın 21-də o, MTN-nin təcridxanasına qaytarıldı. Sentyabrın 22-də isə Elmar Hüseynovun qətliylə bağlı Hacı Məmmədovla üzləşdirildi. Hacı Məmmədov iki ay əvvəl məhkəmədə demişdi ki, onun dəstəsi Fərhad Əliyevin sifarişi ilə Elmar Hüseynovu da qətlə yetirib. O, üzləşmədə də həmin ifadəsini təsdiq etdimi?
Cavab: - Əvvəla üzləşmənin predmeti, mahiyyəti barədə danışmaq istəmirəm. Çünki istintaq orqanı bizdən bu barədə danışmamaq haqda yazılı iltizam da alıb... Qəzetlərdən birində yazırlar ki, Fərhad Əliyevin səhhəti pisləşib, xəstəxanaya aparıblar. Yaxud başqa bir yerdə yazılır ki, guya üzləşmə söyüşməyə keçib. Belə bir şey olmayıb. Fərhad Əliyevin səhhətindəki problemlər qalır, amma üzləşmə zamanı qeyri-adi bir şey olmadı ki, Fərhad Əliyevin halı pisləşsin. Eyni zamanda üzləşdirmə çox korrekt oldu. Şəxsən mənim qənaətim bu oldu ki, Hacı Məmmədovun dediklərinin hamısı yalandır, absurddur.
Sual: - Siz də, başqa vəkillər də qeyd edirsiniz ki, Fərhad Əliyevi əvvəl ittiham edildiyi məsələlərlə bağlı – dövlət çevrilişinə cəhd, korrupsiya və s. ittihamlarla təqsirkar saymaq çox çətindir. Bu ittihamları sübut etmək çətindirsə, onda Sizə elə gəlmir ki, Elmar Hüseynovun ölümünü sifariş verməklə bağlı ittihamı da sübut etmək çətin olacaq?
Cavab: - Fərhad Əliyevə ittiham elan olunur ki, guya o, nazir işlədiyi dövrdə ayrı-ayrı müəssisələrin özəlləşdirilməsində qanunsuzluqlara yol verib. Müəssisələr ucuz qiymətə sənədləşdirilib, kimlərəsə satılıb və pul əldə olunub. Bir fakt yoxdur. Konkret bir obyektin adı çəkilməliydi ki, bu obyektin qiyməti budur, özəlləşdirilib bu qiymətə. Heç bir konkret fakt yoxdur. Azərbaycanda artıq öyrəniblər ki, əvvəl adamı həbs edirlər, ondan sonra nəyisə axtarıb tapırlar, nəyisə sübut edirlər. Yəni bu mənada o işin perspektivi yoxdur. Qaldı ölüm məsələsinə, hesab edirəm ki, bu, ümumiyyətlə, sübut olunması mümkün olan şey deyil. Bu, sabun köpüyü kimi partlayacaq bir zaman.
Sual: - Adil müəllim, Fərhad Əliyevi müalicə etmək niyyətləri yoxdursa, onda onu niyə iki ay Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlayırdılar?
Cavab: - Söylədiklərim mülahizə olacaq. İstintaqda qəbul olunmuş müəyyən istintaq taktikaları var. Tutaq ki, orada bilərəkdən və ya bilməyərəkdən, amma çox hallarda bilərəkdən müəyyən adamlarla görüşmək imkanı yaradırlar. Bu görüşlərin, danışıqların məzmunu haradasa qeyd olunur, yəni bunlar dinlənilir. Ola bilsin, məqsəd bu olub ki, bəlkə Fərhad Əliyev orada kimlərləsə görüşüb, kimlərləsə nəsə danışa bilər...
Sual: - Qayıdaq, Hacı Məmmədovun ifadəsinə, o, Elmar Hüseynovun qətlini konkret kimin icra etdiyini deyir?
Cavab: - Hacı Məmmədovun dediyinə görə, qətlin sifarişçisi də, icraçısı da indi dünyasını dəyişib.
Sual: - Sifarişçisi də?
Cavab: - Sifarişçi deyəndə, yəqin, bir az düz demədim. Yəni Hacı Məmmədovla Fərhad Əliyev arasında münasibət yaradan adam da, öldürən adam da dünyasını dəyişib.
Sual: - Onda belə çıxır ki, bir Hacı Məmmədov sağdır, bir də Fərhad Əliyev...
Cavab: - Bəli, ikisi qalıb.
Sual: - Necə hesab edirsiz, indi Fərhad Əliyevin həyatına hansısa bir təhlükə varmı?
Cavab: - Səhhətlə bağlı problemlər birmənalı qalır. Hesab edirəm ki, dövlət bunu fikirləşməlidir. Allah eləməsin, sabah Fərhad Əliyevin başına bir iş gəlsə, buna birinci növbədə dövlət cavab verəcək... Bayaq yaxşı bir söz dediniz ki, iki nəfər qalıb. Mən hesab edirəm ki, bu iki nəfəri qorumaq lazımdır. Mən Hacı Məmmədovun da qorunmasının tərəfdarıyam ki, qoy o, da qorunsun, nə bilir danışsın...
Sual: - Yəni təhlükə Fərhad Əliyevin sırf səhhətindən qaynaqlanır? Çünki qəzetlərdə bəzi versiyalar da səslənir ki, bəzi qüvvələr Fərhad Əliyevin məhkəməyədək sağ qalmasını istəmir.
Cavab: - ... Fərhad Əliyevlə bu barədə dəfələrlə söhbətimiz olub. Fərhad Əliyev özünü öldürmək fikrində deyil. Fərhad Əliyev yaşamaq və öz təmiz adını özünə qaytarmaq istəyir...
ADİL İSMAYILOVLA SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN