-
Arazın o tayından
Məlihə Əzizpur
Bir gün,
Haradasa olsam gələcəksən
Məhribancasına . . .
Bir diləkçən var imış kimi
Gözlərimə taxacaqsan gözlərini.
Mənsə,
Qollarına sarılacam
İstədiyin ölkələrə getmək üçün . . .
Haradasa olsan gələcəksən bilirəm...
Və mən,
Gedəcəyəm səninlə;
Ölüm ! . . .
*********
Köynəyinin yaxasını aç
Köksünü görüm!. . .
Of f f f !
Burada ki dost izi var anam!
-Necə də məhriban əlləri var imiş-
Pambıqla kəsib döşlərini
Heç incitməyib,
Gözlərindən bəllidir!
Qoy, kürəyinə də baxım
Yaralarına toxunmaram, qadan alım
Ancaq söylə
Bu, qamçı-qamçı qan yolların sonunu
Kimdən xəbər alım?!
Olursa, yaşmağını da aç
Gülümsəməni görüm lütfən!
Ağlamaram, söz vermişəm -türk kimi -
Ama, yaylığını götürmə kəsin
Götürmə yaylığını . . .
Görüşünə gələrkən gördüm
Saçlarından,
Çatı hörmüşdülər dar ağaclarına . . .
Dur yola sal məni anam!
Saçlarını geri almağa gedirəm
Naməhrəm əllərdən!
Dua et mənə
Maralım... yaralım . . .
********
Mən, kitab oxuyuram
Qardaşım, cib telefonunu oyalayır
Atam, televizora baxır
Anam deyinir.
Mən, İnternetdə gəzirəm
Qardaşım, xəyallarında
Atam, keçmişində
Anam deyinir.
Mən, içimə qısılıram
Qardaşım, həyətə çıxır
Atam, sıqaret çəkir
Anam, mürgüləyir .
Mən,
Atam,
Qardaşım,
Anam . . .
Nə qədər yalqızıq
Bir - birimizin yanındaykən...
**********
İçinizdə,
Hər an ad dəyişdirən mikroblar!
Çörəkləri qəhbə təri qoxuyan
Siyasət fahişhələri!
Tarix zibilliklərində sümsünərkən
Görmədiniz mi
Köpəkliyinizin adına
Bir parça sümük belə yoxdu?!
Görmədiniz mi
Varlığınız belə,
Yoxluq biçimindədir?!
Bu bizik, Tarix yaşlı Türk!
Əsirlərin çərçivəsinə sığmayan Ər . . .
Dustaqlara yerləşməyən Nər . . .
Söyləyin ,
Necə quyruq bulayırsınız
Süfrəmizin başında
Ey ! . . . qapımızın itləri?!
Əlbəttə ki zaman, tərsə geyib başmağını.
Yoxsa, duyardınız
Qurdumuzun səsi necə uzanır
Altaylardan Balkanlara . . .
Görərdiniz,
Qartalımız necə aslan ovlayır
Göllərimiz , necə nəhəng yaşadır bağrında . . .
Görərdiniz,
Atlarımız, hələ də dənizdən çıxır
Bizim, Ulu Türküstan çölündə - at belində
Qızıl səhifələr artırmağımız üçün
Qoca tarix kitabına . . .
Başa düşürük,
Bic fəlsəfəniz, ölümdən süd əmir .
. . .
. . .
. . .
Bu bizik!
Türk oğlu Türk.
Oğuz Xəqan, Alp Ər Tunqa, Tomris
Atilla, Babək, Ata Türk! . . .
* * *
Biz, belimizi bağlamışıq dərdə.
Yəni, gülüb keçirik acıya
Bütün sancılı günlərimizdə hələ də.
Və siz, yaxşı bilirsiniz,
Necə ölümcül yaralanıbsınız
Zəhərli qəhərimizdən . . .
* * *
Çırpınır bütün dənizlər
"Baxıb Türkün bayrağına . . ."
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)