Nərimanov Rayon Məhkəməsi AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov haqqında 3 aylıq həbs qərarı çıxarıb. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. O, külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində günahlandırılır.
Yalçın İmanov deyir ki, bir neçə dəfə cəhd etsə də saxlanıldığı Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə İdarəsində müdafiə etdiyi şəxslə görüşə bilməyib. Vəkil bunu müdafiə hüququnun pozulması kimi dəyərləndirir:
«Bu, Murad Ədilovun müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. 2 gündür cəhd edirəm, görüş vermirlər. Görüşmək üçün müstəntiq qarşıma şərt qoyur. Deyir ki, görüşdən sonra Muradın döyülməsi haqqında mətbuata heç bir açıqlama verməməklə bağlı izahat qol çəkim. Təbii ki, bu qanuna zidd olduğundan razılaşmadım. Özləri onun döyülməsi ilə bağlı təəssürat yaradırlar. Beləliklə, Murad Ədilov saxlanarkən işgəncəyə məruz qalması iddiası özünü doğruldur».
Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O narkotik maddə saxlamada ittiham edilir. Ailəsi və yaxınları isə bu ittihamı rədd edir və həbsin siyasi motivli olduğunu bildirilər.