-
YUSİF ŞÜKÜRLÜ
ÇAPA
Özgə iti azdıranın özü it gününə düşər!
Sahibi Rusiyaya gedəndən sonra Çapanın vəziyyəti həç də xoşa gələn olmadı. Ev sahibəsi onu sevmir, uşaqlar da ona fikir vermirdilər. Çapa çox istəyir və çalışırdı ki, həyətdəki uşaqlar ona isinişsinlər, onunla oynasınlar. Amma alınmırdı ki, alınmırdı. Onu sahıbsiz görüb çubuqla döyür, daşla vururdular. Çapa da ağrıdan yazıq-yazıq vəngildəyir, zingildəyir, onu döyənin gözlərininin içinə baxaraq ona yalvarırdı ki, axı məni niyə döyürsən, mən sənə nə pislik eləmişəm? Amma bunları Çapa it dilində deyir, başa düşən düşür, düşməyən də onu təkrar vurmaq istəyirdi. Əlacsız qalan Çapa quyruğunu qısıb qaçırdı.
Beləcə bir aya yaxın vaxt keçdi, amma onun sahibi gəlmədi ki, gəlmədi. Artıq ona yemək də vermirdilər. Hər gün səhərdən axşama kimi Çapa yalnız ac qarnını doyurmağa çalışırdı. O, bədəncə başqa həyət itlərinə nisbətən kiçik olan tulaydı və ən çox sevdiyi məşğuliyyət sahibi ilə quş ovuna getmək idi. Bu da ki belə, indi nə sahibi vardı, nə ov, nə də Çapanı sayıb axtaran. Hələ bu bir yana, əgər “quş qripi” adlanan şayə olmasaydı bəlkə də Çapanın yaxşı bir quş tulası olduğunu bilən adamlar ona görüm-baxım edərdilər. Heyf ki, quş quşlamağı qadağan etmişdilər və insanlar da xəstəlikdən qorxaraq əllərinə tüfəng almır, çay sahilinə getmirdilər.
Çapa hər gün bir neçə dəfə quşlar olan həndəvərə getmək istəyirdi. O, bunu edirdi. Kəndin kənarına kimi çıxır, güman edirdi ki, bir ovçu ilə rastlaşacaq, ona qoşulub ova gedəcək. O da ki olmurdu, heç bir əlitüfəngliyə rast gəlmir, geriyə - kəndə qayıdırdı. Tək başına kənddən də uzaqlaşmaq olmurdu, yol-irizdə sahibsiz veyil-veyil gəzən çol itləri o qədər... Onlar Çapanı görən kimi dalınca cumurdular. Az qalırdı ki, tutub parçalasınlar. Yaxşı ki bu hələ bu qov-qaç kənddən çox uzaqda olmurdu və Çapa qaçıb həyətə girir, zorla canını qurtara bilirdi.
ooo
Son vaxtlar Çapa qəribə yuxular görməyə başlamışdı. Tərs kimi də bu yuxuları gecələr mürgü vuranda görürdü. Görürdü ki, budur e, sahibi gəlib! Çapa onun yanına qaçır, ayaqlarına suvaşır. Böyrü üstə yerə uzanır ki, sahibi ayaqqabısının ucu onu ilə qıdıqlasın. Sonra qalxır ora-bura qaçır, atılıb-düşur və sevincindən hürür. Elə hürür ki, öz səsinə oyanır və görür ki, nə sahibi var, nə də onu əzizləyib tumarlayan. Hər dəfə bu yuxugörmə Çapanı elə qəmləndirirdi ki, yazıq heyvan, öz it dilində, ağlaya-ağlaya, sahisini çağırmağa – ulamağa başlayırdı.
Sən demə itin ulamasını insanlar sevmirlər və Çapanın öz dərdi özünə bəs deyilmiş kimi, adamlar əllərinə keçəni bu yazığın olduğu səmtə doğru tolazlayırlar. Bir dəfə də kiminsə atdığı boş şüşə butulka gəlib Çapanın yanındakı daşa dəyib partlamış, şüşə qırıqları onu yaralamışdı. Bütün bunlara baxmayaraq Çapa yenə yuxu görür, ayılan kimi qəmlənir və ulayırdı. O, uladıqca ev sahibəsinin də zəhləsini tökür, onsuz da onu sevməyən sahibə Çapanı başdan eləmək üçün yollar axtarırdı.
Əslinə sahibə açıq-açığına Çapaya qarşı qəti tədbir görməyə qorxurdu. Çünki Çapanın sahibi gedəndə sahibəyə tapşırmışdı ki, tuladan muğayət olsun. Vaxtı-vaxtında onun yemini-yalını versin. Bu xanım da verdi haa!.. Hələ onu görən kimi üz-gözünü turşudur, ayağını yerə vurub, bərkdən “paşol!” deyə qışqırırdı. Sahıbə rus dilində olan bu əmrin hərfi mənasını başa düşməsə də, Çapa bilirdi ki, o, “rədd ol!” deyir. O da üzünü sahibədən çevirib, mal tövləsinin yanındakı samanlığa – öz yerinə, gedirdi.
Sevilməməsi bir yana, qarınının ac olması Çapanı çox üzürdü. Heyvan gündüzlər dincələ bilmir, arabir mürgü döyür, ayılıb da qəmindən ulamağa başlayırdı.
Bir gün səhər tezdən sahibə Çapanı səslədi. Çapa səkinin altından çıxıb sahbənin qabağında dayandı və quyruğunu bulaya-bylaya qulaqlarını şəklədi. Sevinə-sevinə gözlədi ki, görəsən sahibə nə deyir? Sahibə yaxınlaşıb əlindəki çörək tikəsini ona uzatdı. Çapa itaətlə və ehmalca tikəni dişləri ilə tutdu, sonra tikəni yerə qoyub yenə sahibənin gözlərinə baxdı. Bəlkə də it sahibindən bir xəbər gözləyirdi. Yoxsa, sahibə onu niyə çağırsın axı?!. Niyə ona yemək təklif etsin və öz əli ilə versin?.. Axı sahibi gedəndən sonra bu qadın ona “paşol!”dan başqa söz deməmişdi...
Sahibə Çapanın nə xəyal etdiyinə heç fikir də vermədi və ona sarı əyildı. Çapa elə bildi sahibə onu tumarlamaq istəyir. O da şöngüdü və sahibənin tumarını gözlədi. Amma bu tumar olmadı. Sahibə Çapanın boynuna ip bağlayırdı. Çapa dartındı, artıq gec idi. Sahibə ipin obiri ucunu evin ağac sütununa bağladı və səkidən orta ölçülü çuval gətirib, cuvalı Çapanın arxa hissəsəndən geydirməyə başladı. Əvvəllər sahibi özgə maşıni ilə ova gedəndə Çapanı bu çuvala salıb maşına mindirərdi. İndi yəqin onu maşınla sahibinin yanına göndərəcəkdilər. Capa sevincindən zingildədi. Sahibədə əlini çuvala salıb, itin boynundan kəndiri açdı. Bəli iş həmin iş idi: - doğrudan da onu harasa aparacaqdılar. Çünki sahibə çuvalın ağzını da elə o iplə bağladı və gedib əlüzyuyanda əllərini yudu.
Cuvalın içindən həyət bulanıq da olsa görünürdü. Çapa on-on beş dəqiqə cuvalda sakit yatıb işin sonrasını gözlədi. Nəhayət, küçə qapısını kimsə döydü. Çapa cüvalın içindən qapıdöyənin qarasına hürdü. Sahıbə həyətə düşdü və gedib qapını açdı. Sahibin qonşusu və küçədə kiçik mağazası olan İkram kişi həyətə girdi. O, sahibə ilə nə barədəsə pıcıldaşdılar və sahibə ona pul verdi. Pulu cibinə qoyandan sonra İkram gəlib bir əli ilə çuvalın boğazından, o biri əli ilə çuvalın aşağı küncünün birindən yapışıb qaldırdı və aparıb Çapanı avtomobilinin yanına qoydu.
Bu iş itin heç xoşuna gəlmədi. Çünki İkramdan Çapanın zəhləsi gedirdi, harada və nə vaxt İkramı görürsə, mütləq ona mırıldanıb, dişlərini göstərirdi. İkram da deyirdi:
- Bu “sandıq tulasının” bir qarıc boyu var, mənə pislik edir. Mən də sahibinin xatirinə onu vurmuram. Ona görə də bu tula elə bilir ki, guya mən ondan qorxuram...
Amma qorxurdu. Çünki Çapa heç vaxt sərf etmirdi. O qorxaqları auralarından tanıyır və hürüb, səs-küyünə basaraq, onlara “xox” gəlirdi.
ooo
Daha iş işdən keçmişdi. Çapanın zingiltisi və kömək diləməsinə heç kəs cavab vermədi. İkram Çapanı avtomobilinin yük yerinə qoymamışdan əvvəl Çapanın olduğu çuvalı karton qutuya saldı. Sonra qutunu yük yerinə qoydu və ətrafına başqa şeylər yığıb yük yerini doldurdu. Qapaq bağlandı, mühərrik işə düşdü və avtomobil yerindən tərpəndi...
Avtomobilə başqa adamlar da minmişdi. Yük yerində Çapa həm çuvalın içində, çuval da karton qutunun içərisində olduğu üçün onun yeri çox darısqal idi. Yaıq heyvan nəfəs almağa hava çatışmırdı. Ona görə Çapa mənzil başına tez çatmağı arzulayır, yazıq-yazıq zingildəyir, ylayır və öz it dilində sahibini köməyə çağırırdı.
Axır ki, avtomobil gəlib, Çapa ücün naməlim olan bir yerə çatdı. İkram avtomobili saxladı və gəlib yük yerinin qapağını qaldırdı. Havasızlıqdan boğulan Çapa zingildədi. O, mümkün qədər tez bu zindandan azad olmaq istəyirdi. Elə bil, İkram kişi bunu hiss etmişdi və Çapanın olduğu karton qutunu yük yerindən götürməyə tələsmir, başqa zənbil və əşyaları boşaldırdı. Çapa etiraz əlaməti olaraq yüksək səslə vəngildədi. İkram da Çapanın olduğu karton qutunu götürüb kənara tulladı. Qutu yerə dəydi və Çapa olan çuvalın yarısı qutunun açılmış qapaqlarından bayıra çıxdı. İkram digər işlərini başa çatdırdıqdan sonra avtomobilin yük yerinin qapağını bağladı. Sonra yavaş-yavaş çuval olan qutuya yaxınlaşdı. Əyildi və əlindəki bıçaq ilə çuvalın ipini kəsdi. Qutuya toxunmadan, eləcə də qoyub getdi.
Çapa çapalayıb başını çuvaldan çıxardı və ətrafa baxdı. Bura beşmərtəbəli yaşayış evləri ilə əhatə olunmuş həyət idi. Çoxlu avtomobillər dayanmışdı. Hərə öz işində idi və heç kim Çapa ilə, ya da ki, onun olduğu çuvalla maraqlanmırdı. Çapa qıc olmuş ayaqlarını tərpətdi, quyruğunu, qulağını hərəkətə gətirib bir xeyli ləhələdi. Susuzluqdan ciyəri yanırdı. Daha heç nəyə baxmadan çuvaldan sürünüb çıxdı və dayanıb, titrəyə-titrəyə bu tanış olmayan, səsli-küylü həyətə baxdı.
Bu həyətdə Çapaya ilk yaxınlaşan canlı kiçik bir pişik balası oldu. Pişik balası metal torun yanında bitmiş alaq otlarının arasından çıxıb Çapanın yanına gəldi və yavaş səslə miyoldadı. Sonra gəlib lap itin ayaqları arasında dayandı. Çapa da pişiyin qulaq-quyruğunu qoxuladı. Pişil balasından birə qoxusu gəlirdi. Çapanın da ki, birədən zəhəlsi gedirdi. O, pişik balasından aralanıb avtomobillərin arası ilə həyəti gəzməyə başladı.
Yaxınlıqda olan küknarların dibindən zəif su səsi gəlirdi və Çapa ora yaxınlaşdı. Doğrudan da küknarların dibində su kranı vardı. Krandan süzülən nazik su şirnağı gölməçə əmələ gətirmişdi. Amma ora girmək mümkün deyildi. Bu balaca, sərin və həmin anda Çapanın ən böyük arzusu olan su gölməçəsinin ətrafı metal tor ilə bağlanmış, balaca qapıya da qıfıl vurulmuşdu.
Çapa küknarların kölgəsinə qoyulmuş qırmızı avtomobilin altına girib yatdı və ləhləyə-ləhləyə su şırnağına baxmağa başladı. Onun bütün diqqəti su şırnağında idi. Bir az vaxt keçmişdi ki yaxınlıqdakı yoldan keçən bir kişinin apardığı su dolu vedrədən yola su sıçradı. Adam aralanan kimi Çapa avtomobilin altından çıxıb su tökülən yerə yaxınlaşdı. Bu istidə yerdə su necə qala bilərdi?!. Yerə tökülməyi ilə toza qarışmağı bir olmuşdu.
Yoldan bir qətrə su tapa bilməyən Çapa adamın gəldiyi istiqamətə doğru yönəldi. Heç iyirmi – iyimi beş it addımı atmamışdı ki, qulağına su səsi gəldi. Gördü buradakı iri və kölgəli tut ağacının aşağı tərəfindəki bağın kənarında - metal torun yanında su kıranı var və kranın lüləyindən dumduru su axır. Çapa qaçaraq krana yaxınlaşdı və təbiətin bu gözəl nemətindən doyunca içib ürəyinin yanqısını söndürdü. Elə oradaca yatıb yenicə ləhləməyə başlamışdı ki, binanın blokdan bir kişi çıxdı və Çapaya nifrətlə baxıb gözləri ilə yerdən onu vurmağa daş axtardı. Çapa qorxub yenə yuxarıya qaçdı və qırmızı avtomobilin altına girdi. Yerini rahatlayıb çənəsını qabaq pəncələrinin üstünə qoydu və mürgüləməyə başladı.
Bir xeyli müddət keçdikdən sonra kimsə avtomobilə yaxınlaşıb, onun qabaq qapısını açar ilə açdı və avtomobilə oturub mühərriki işə saldı. Daha dayanmaq olmazdı, Çapa tez avtomobilin altından çıxıb, onun önünə keçdi və küknarlar olan balaca baxçaya keçmək üçün yer axtarmağa başladı. Necə oldusa, avtomobilin sürücüsu ilə nəzərləri toqquşdu. Sürücü mehriban-mehriban Çapaya baxırdı. Çapa belə nəzərləri bircə sahibində görmüşdü. O da ancaq o zaman olurdu ki, sahibinin tüfənglə vurduğu quşu Çapa ya bataqlıqdan, ya qamışlıqdan, ya da keçilməz kolluqdan tapıb gətirirdi...
Sonra Çapa nəzərlərini kənara çəkdi. Adam da avtomobildən düşdü və Çapanı yanına cağırdı. Amma Çapa adamlardan incimişdi və bu adama da etibar etmədi. O, avtomobilin obiri tərəfinə keçdi və bayaq su içdiyi aşağı həyətə doğru qaçdı. Çevrilib bir baxdı da, görsun adam onun dalınca gəlir, ya yox. Gördü gəlmir, elə oradaca – tut ağacının kölgəsinə yatdı. Qırmızı avtomobil isə o həyətdən qarşıdakı yola çıxdı və - adam da içində - çıxıb getdi. Çapa yenə tək qaldığı üçün məyus oldu və yavaş səslə zingildədi.
Bu həyətdən də aşağı tərəfdə evlər görünürdü. Lap yaxında “avtomobillərin evləri” – qarajlar, qarajların arasında da insanların atacağı daş və ağacdan qorunmağa, yəni adamlardan gizlənməyə inkan var idi. Çapa elə bu həyətdə qalmaq qərarına gəldi.
- Budur e, burada böyük bir zibilxana var. Nə qədər desən yem tapmaq – qarın doydurmaq olar!..
Bu həyətdə pişiklər də bol idi. Onlar özlərini zibilxananın sahibləri kimi aparır, heç Çapanı veclərinə də almırdılar. Amma, bidən nə oldusa, pişiklər dağılışdılar və hərə bir tərəfdə gizləndi. Çapa gördü ki, iri bir çoban iti zibilxanaya yaxınlaşır. Çapanın canına qorxu düşdü. Bilirdi ki, belə köpəklər xırda tulaları xoşlamırlar. Tula nə edəcəyini bilmədi. Aşağı-yuxarıya, sola-sağa baxdı ki, təhlükə yaransa, hansı səmtə qaçsın. Gördü ki, yuxarı həyətə qaçmaqdan başqa çarə yoxdur.
Köpək yaxınlaşırdı və gəlib zibilxanaya çatdı. Deyəsən, Çapanın qoxusunu almışdı və yavaş-yavaş Çapa olan səmtə doğru irəlilədi. Çapa istədi ki, ona yaltaqlanıb canını qurtarsın, gördü yox – bu işdən qan iyi gəlir, yuxarı həyətə doğru götürüldü. Köpək iki dəfə hamıldadı, amma Çapanın dalınca qaçmadı.
Çapa bayaq qırmızı avtomobil dayanan yerə çatıb geriyə boylandı. Gördü, kopək zibilxanada qarnını doydurur və tula heç onun vecinə də deyil.
Amma o, Çapanın vecinə idi və onunla dostluq etmək istədi. Axı, belə güclü dostu olan itin dərdi olmaz: harada istəsə gəzər, ne istəsə edərdi. Amma hayıf ki, köpəklərin tulalardan zəhlələsi gedir!..
İki gün ərzində bir tikə çörək yeməyən Çapa yaman acmışdı. O, aşağıya gedə bilməzdi, ora köpəyin “zonası” idi. Tula bu küknar ağaclarının altında özünə bir dalda yeri axtarmağa başladı. O, su kranı olan balaca bağın kənarındakı metal torların diblərində bir girəcək yeri axtardı. Pişiklərin qoxusu ilə gedib, qapısı qıfıllı və küknarlı bağa qonşu olan o biri bağa çatdı. Burada metal tor dirəkdən bir az apalanmışdı. Sən demə pişiklər buradan keçirlərmiş. Yaxşı ki Çapa da balaca idi və onun balaca başı o aradan keçdi. Metal tor çox sərt deyildi, keçid Çapa üçün bir az darısqal idi, amma o, içəri keçə bildi.
Çapa bağın içərisini gəzdi. Deyəsən, çoxdan bura adam ayağı dəyməmişdi. Alaq otları boy atıb, metal toru belə ötmüşdü. Bağın içi siçovul və pişik cığırları, köhnə əski və zibil ilə dolu idi. Bir küncdə də metaldan hazırlanmış, yanları açıq, üstü isə dəmir lövhə ilə örtülmış köhnə toyuq hini vardı. Hinin içərisınə nə vaxtsa narın qum tökülmüşdü və bu əclaf pişiklər də oranı özləri üçün tualet etmişdilər. Çapa dırnağı, burnu və quyruğu ilə orada səliqə-səhman yaratdı və yaxşı bir “yatacaq” alındı. Qarnının ac olmasına baxmayaraq, Çapa narın və sərin qumun üstündə sərələnib yatdı. Rahatlanıb dərin yuxuya getdi.
Bir də ayılanda gördü ki, qaş qaralıb. Bağın qarşısındakı pilləkənlərin üstündə oturub dincələn qadın və gızlar öz dillərində söhbət edir, zarafatlaşır, arada da şaqqanaq çəkib gülürdülər. Çapa yavaş-yavaş bağın qapısına yaxınlaşdı. İçəri qaranlıq olduğundan heç kim onu görmürdü. O, bir tərəfdən yeni məskəni üçün sevinir, digər tərəfdən də bu səslər arasında öz sahibinin və ya sahibəsinin səsinin olmamasına görə kədərlənirdi. Baxmayaraq ki, sahibəsi ona qarşı çox ədalətsiz davranırdı, amma yenə Çapa it idi axı! İtlər adamlardan sədaqətli olur, sahiblərinin onlara qarşı etdikləri pislikləri tez unudurlar. Adamlar bilsələr ki, onların itləri sahiblərindən ötrü özlərini oda atarlar, onda yəqin ki, öz itlərinə pislik etməzlər...
Nəysə, aclıq özünü göstərirdi. Çapa bağdan çıxmalı idi. O yavaş-yavaş bayaq girdiyi küncə yaxınlaşdı, əvvəlcə qabaq ayağının birini, sonra başını o dəlikdən keçirdi. Gördü ona əhəmiyyət verən yoxdur, ürəklənib, bədənini də o tərəfə keçirdi. Çapa həyətə çıxan kimi də özünü bir az kənarda dayanmış qırmızı avtomobilin altına verdi. Həyətdəki qızlar onu gördülər və qışqırışıb, hürküşdülər. Bir-iki balaca uşaq isə ondan qorxmadılar və yaxınlaşıb əyildilər ki, Çapanı görsünlər. Çapa uşaqlara yazıq-yazıq baxdı və onlardan imdad istəyirmiş kimi, zingildədi. Amma uşaqlar əl çəkmədilər. Gedib qarşıdakı yoldan xırda daş yığıb gətirdilər və Çapanı daşlamağa başladılar. Daşlar Çapadan daha çox avtomobilin altında müxtəlif yerlərə dəyirdi. Dəmirə deyən daşın səsi qadınların diqqətlərini cəlb etdi və onlardan biri:
- Ey, ay uşaq! Maşına daş vurmayın! – deyə uşaqlara acıqlandı. Bundan donra uşaqlar Çapadan əl çəkdilər.
Gecə yarıya qədər evin pilləkənlərinin üstü adamlarla dolu oldu. İsti iyul günündən sonra hamı axşam sərinində - bu bakonda orurarq istirahət edirmiş. Onlar haradan bilərdilər ki, Çapa aclıqdan nələr çəkir...
Nəhayət ki, adamlar həyəti boşaltdılar, - hamı öz mənzilinə çəkildi. Çapa da sürünə-sürünə avtomobilin altından çıxdı və aşağı həyətə - zibilxanaya doğru yollandı. Amma orada başqa itlər və pişiklər var idi. İri itlər olmasa da, Çapanın bəxtindən, balaca küçüklər və ana it onu görən kimi mırıldandılar və Çapanın üstünə cumdular. Çapa da özünə yetlik var idi, - axı o erkək cinsi idi! Çapa qaçmadı və var qüvvəsini toplayıb qancığa vəngildədi. Bəlkə də Çapadan bu hərəkəti gözləməyən ana itin şəklənmiş qulaqları aşağı sallandı. O, quyruğunu qısaraq, başını oyan-buyana buladı və Çapaya yaltaqlandı. Çapa da boynunu dik tutub qabaq ayaqlarını bir-birindən bir qarıc aralı qoydu, quyruğunu belinə qatlayıb ana itin “üzr istəməsini” gözlədi. Amma ana it ona yaxınlaşmadı. Çünki o, küçüklərin əhatəsində idi. Küçüklər də xırda deyildilər haa... Hərəsi Çapanın yarısı boyda olardı.
Çapa daha vəziyyəti mürəkkəbləşdirmədi, özünə yem axtarmağa girişdi. İndi də pişiklər onun zəhləsini tökməyə başladılar. Hara yaxınlaşırdısa, orada bir və ya iki pişik ona mırıldanır, bellərini yuxarı qaldırıb, tüklərini qabardırdılar ki, Çapa o tərəfə keçməsin. Nəhayət Çapa kişik bir “sahə” tapdı və oranı eşələməyə başladı. Hələ bir iki tikə ərzaq qırıntısı tapmışdı ki, zibilxanadan aşağıdakı yoldan bir avtomobil zibilxanaya yaxınlaşmağa başladı. Avtomobilin faralarının işığı zıbılxana tərəfə yönəldi və Çapanın burnina tüfəng qoxusu gəldi. O, tula olduğu üçün və dəfələrlə gecələr sahibi ilə dovşan ovuna getdiyindən, bu avtomobilin onlara yaxınlaşmasından yaxşı bir şey gözləmədi. Özünü işıq düşməyən tərəfə verdi və o tərəfdən qaçaraq, yuxarı həyətə gəldi. Elə onun qırmızı avtomobilə çatması ilə eyni vaxtda zibilxana tərəfdən tüfəng atəşinin səsi eşidildi. Bu səsdən sonra da Çapa bayakı ana itin zingiltisini eşitdi. O, tez özünü avtomobilin altına verdi və zibilxanadan gələn səslərə qulaq asmağa başladı. Avtomobil ilə gələnlər vurduqları iti - elə yaralı-yaralı, avtomobilin banına atdılar və çıxıb getdilər. Zibilxanadan isə analarını axtaran küçüklərin vəngilti səsləri gəlirdi.
Avtomobilin altında xeyli gözlədikdən sonra Çapa durub yavaş-yavaş zibilxanaya yaxınlaşdı. Ora yenə murdar pişiklərlə dolu idi. Küçüklər isə görünmürdülər. Çapa ətrafı müşahidə edəndə gördü ki, bir neçə pişik itin ora tökülmüş qanını yalayır. O, bunlara da əhəmiyyət verməyib bayaq küçüklərin eşələndikləri yerə yaxınlaşdı. Buranı da pişiklər zəbt etmişdilər. Onlardan biri tüklərini qabardıb, Çapaya “xox” gəlmək istədi. Çapa hirslə onun üstünə atıldı. Pişiyi pəncəsi ilə vurub zibillərə qarışdırdı. Çapadan bu həmləni gözləməyən pişik sıçrayıb kənara – qapısı elektrik lampası ilə işıqlandırılan qarajın qabağına atıldı. O, qaçıb canını qurtarmaq istəyirdi. Amma Çapa onun üstünü almışdı. Pişik artxası üstə çevtilib pəncələrin irəli uzatdı və müdafiəyə hazır dayandı. Çapa bir də irəli atıldı və yenə pəncəsi ilə pişiyi quyruq tərəfindən vuraraq çevirdi. Pışik yenə müdafiə vəziyyəti almaq istədi, amma gec idi! Onun boynu Çapanın iti dişlərinə ilişmişdi. Pişik bəkrdən – cığıltılı səslə, miyoldayıb, imdad istədi. Onun tükürpədici səsindən qorxan o biri pişikləqin hamısı qaşıb zibilxanadan uzaqlaşdılar.
Çapa da zalımlıq etdi. Axı, o da it idi və onun da it xasiyyəti vardı! Tutduğu pişiyi elə sirkələdi ki, heyvanın boynu qırıldı, gərilmış pəncələri boşaldı və bir əski parçası kimi Çapanın dişlərindən asılı qaldı. Bundan sonsra Çapa öldürdüyü pişiyi kənara atıb, yenə zibillərin içərisindən özünə yem axtarmağa başladı. Tapmış olduğu ərzaq qalıqları ilə qarnını doydurduqdan sonra yenicə köçdüyü yuvasına bir neçə sümük və digər ərzaq qalıqları daşıdı.
Çapa yerini rahatlayıb yenicə mürgüləməyə başlamışdı ki, binanın ikinci mərtəbəsindən hələ sönməmiş siqaret kötüyü düşdü. Bu kiçik və tüstülənən qırıntıdan elə zəhlətökən qoxu gəlirdi ki, Çapa heç nəfəs ala bilmədi. Durub hindən çıxdı və kənarda yatdı. Siqaret kötüyünün iyi buranı da vururdu. Çapa siqaret sumsurən insanların necə də əlacsız olduqlarına və bu zəhrimarı sümürməyə məcbur olduqlarına görə insan olmadığına sevinidi. Sevinirdi ki, o, itdir və belə pis vərdişlər yalnız insanlara məxsusdur.
Çapa hələ özünün it olması ilə öz-özünə öyünüb qurtarmamışdı ki, sıçrayaraq, odlu gözü ilə yuxarıdakı qaranlığı deşərək onun üstünə şığıyan ikinci siqaret kötüyündən canını zorla qurtardı. Bu xəta da beşinci mərtəbədən gəlirdi. Çapa anlaya bilmədi ki, görəsən niyə bu insanlar gecələr yatmır, siqaret sümürürlər?.. Nəyə görə, axı, bunlar öz ömürlərini siqaretin odu ilə əridib qısaldırlar?!. Çapanın it başı siqaret bəlasına düçar olmanın səbəbini aydınlaşdıra bilmədi və bir onu yəqin etdi ki, siqaret sümürən insanlar öz canlarının qədrini itlər qədər bilmir. Hələ bu bir yana, siqaret sümürən insanlar bu vərdişə tutulmayan insanları və başqa canlıları da belə bir üfunət ilə zəhərləyirlər...
Yuxarıdan siqaret kötüyünün onun üstünə düşəcəyi qorxusu Çapanı yuvaya çəkilməyə məcbur etdi. Xoşbətlikdən birinci siqaret kötüyü sonmüşdü, amma yenə pis qoxuyurdu. Çapa başını əks tərəfə çevirib yuvanın bir küncündə gecəni başa vurdu.
ooo
Səhər qırmızı avtomobilin yanında dayanmış qara avtomobil bülbül kimi cəh-cəh vurdu. Sonra sahibi şəstlə pilləkənləri enib avtomobilə yaxınlaşdı və salona girib oturdu. Avtomobilin mühərriki işə düşdü və bir xeyli belə işləyə-işləyə dayanıb gözlədi. Nəhayət ki, avtomobil geriyə doğru hərəkət edib Çapanın gözündən ittdi. Yalnız uzaqlaşan səsə görə Çapa müəyyən etdi ki, qara avtomobil həyətdən getdi.
Qara avtomobil gedəndən sonra Çapa qüssələnməyə başladı: kaş ki, onun da sahibi gələydi və onu da belə aparıb gedəydi... Heç özündən asılı olmadı və Çapa sahibinin xiffətindən başını bir az yuxarı qaldırıb bir ağız həzin-həzin uladı. Heyvan hələ ulayıb qurtarmamışdı ki, Çapanın başı üzərindən - binanın ikinci mərtəbəsindən, bir kişi, hələ Çapanın bu vaxta qədər insanlardan eşitmədiyi söyüşlər söyərək, onun olduğu yerə boş butulka atdı. Butulka albalı ağacının budaqlarına deydi və gəlib Çapadan xeyli aralı - ağacın dibinə düşdü. Çapa susdu və qaçıb hinə girdi. Kişi isə hələ də söyürdü.
İnsanların xəbəri var ki, itlərin burunlarının müxtəlif yerlərində qoxu qəbul edib ona müvafiq biocərəyan siqnalları beyinə ötürən reseptorlar yerləşir. Amma onlar bilmirlər ki, Çapa səs və bu reseptorların vasitəsi ilə binanın yaxın mərtəbə və mənzillərində baş verən hadisələri asanca hiss edir - “görə bilir”. Dili olsa, Capa o kişiyə deyərdi:
- A kişi! Mən sənin kim olduğunu yaxşı bilirəm. Heç də sənin vəziyyətin mənimkindən yaxşı deyil. Ona görə hayıfını məndən çıxmaq istəyirsən... Düzdür, sən adamsan. İnsan cəmiyyətində yerin var. Amma niyə unudursan ki, Çapanın da bu həyatda yaşamağa və qəmlənəndə ulamağa haqqı var?!. Mənim ulamağım sənin söyüşlərindən qəbahətli deyil, axı!..
Nəysə, Çapa ikinci mərtəbədəki Söyüşkən kişini o zaman unutdu ki, qırmızı avtomobilin sahibi blokun qapısından çıxıb həyətə düşdü. O, ciblərini eşələyib nə isə axtarırdı. Axır ki, tapdı – açar dəstəsi idi! Kişi küknarlı baxçanın qapısını açdı və gecə bura – ayaq altına Çapanın daşıdığı sür-sümük, əski və uşaq pampreslərini görüb hirsləndi. Qonşuların dalınca deyinə-deyinə qarajın qapısını açdı. İçəridən iri bir kürək gətirib görünən zir-zibili bir yerə topladı və onları zibilxanaya daşıdı.
Kişi axırıncı zibilləri yığanda gözü Çapanın baxışları ilə rastlaşdı. O, heç nə demədən, kürəyi doldurub apardı. Qayıdıb gələndən sonra Çapanın olduğu bağın qapısına yaxınlaşıb Çapanı səslədi:
- Çap-çap! Yoxsa, bu zibilləri bura sən daşımısan?!
Çapa mat qaldı ki, bu kişi Çapanın adını haradan bilir. Arabir sahibi də onu “Çap” deyə səsləyirdi. Çapa sevincindən zingildədi və qalxıb oturdu. İstədi durub bu kişinin qarşısına yüyürsün, ona yaltaqlansın, amma qorxdu. Qorxdu ki, ona yaxınlaşar və kişi də əlindəki kürəklə onu vurar. “Nahaq bu bağa girmisən” – deyər, “rədd ol, get burdan!” - deyə, qovar Çapanı buradan... Çapa hələ bir qərara gəlməmişdi ki, kişi soruşdu:
- Səni kim azdırıb, tula? Boynunda xalta yeri var! Ayə, sən əməli-başlı tulaya oxşayırsan ki! Sənin adın nədir, Çap?
Hayıf, hayıf ki, Çapa adamca danışa bilmir. Bilsə, deyərdi ki, bəs, elə Çapayam! Sən məni haradan tanıyırsan?.. Amma Çapa danışa bilmir deyə zingildədi. Sonra utanırmış kimi, nəzərlərini kişinin üzündən kənara çəkib yan tərəfə baxdı və bir-iki ağız ləhlədi. Öz-özünü inandırmağa çalışdı ki, bu kişi Çapa ilə dostluq etmək arzusundadır... Amma, amma bilmək olmaz!.. Olmaz... Çapa hələ qəti bir qərara gəlməmiş kişi kürəyi qaraja qoydu və həm qarajın, həm də balaca bağın qapısını qıfılla bağlayıb qırmızı avtomobilə mindi və sürüb getdi. Onun getməsi Çapanı qüssələndirsə də ediləcək bir şey qalmadı və Çapa köhnə hin yuvasına girib yatdı.
Həmin kişi qayıdıb gələndə günortadan xeyli keçmişdi. Çapanın da susuzluqdan ciyəri yanırdı. Heyvan yuvasından çıxıb bağın qapısına yaxınlaşdı və kişiyə baxdı. Kişi öz işində idi. O, küknarlı bağın qapısını açıb içəri keçdi. Orada su kranını açdı və vedrəyə su doldurmağa başladı. Suyun səsi Çapanın susuzluğunu bir az da artırdı və heyvan zingildədi. Sonrakı hadisə iti elə sevindirdi ki, heyvan elə bildi qonşu bağda olan adam elə onun sahibidir. Çünki həmin kişi su ilə dolu vedrənun dəstəyinə ip bağlayıb, onu Çapa olan bağa salladı. Kişi vedrəni ehmalca yerə qoyub, ipin o biri ucunu özü tərəfdə nəyəsə ilişdirdi və bağdan çıxıb getdi. Çapa da vedrədən doyunca sərin su içdi və dünən gecə daşıdığı ərzaq qalıqları ilə qarnını doydurmağa çalışdı. Bir saata yaxın “səmərəli vaxt keçirən” Çapa nisbətən rahatlandı və yuvasına keçib mürgüləməsini davam etdirdi.
ooo
Axşam sərini düşəndə Çapa da bu bağa girib-çıxdığı dəliyin yanına yaxın yerdə yerini rahatlayıb, həyətə baxa-baxa, qaranlığın düşməsini gözlədi. Axı qaranlıq düşəndən sonra o, bu bağdan çıxacaq və zibilxanada qarnını doyduracaqdı. Bu arada həyətə üst-başından paslı dəmir və maşın yağı qoxusu gələn, nisbətən arıq və sifətcə mehriban görünən bir kişi gəldi. O, yorğunluğunu çıxarmaq üçünmü, ya da siqaret sümürmək istəməsinə görə, daş pillələrin birində oturdu. Zənbilini yanına qoyub cibindən siqaret qutusu və alışqan çixardı. Sən demə siqaret sonuncu idi. Arıq kişi bu sonuncu siqareti damağına qoyub boş qutunu həyətin ortasına atdı.
Arıq kişinin yanındakı zənbildə isti çörək vardı. Çərəyin ətri Çapanı özündən çıxardı. Heyvan iki ağız hürüşə oxşar səslər çıxardı ki, bəlkə bu “mehriban” adam ona bir tikə çörək verə, bəlkə... Arıq kişi Çapanın səsini eşidən kimi yeridən qalxdı və heyvanın sahibinin ünvanına söyüş söydü. Sonra gözləri ilə ətrafdan Çapaya vurmağa daş axtardı. Çapa qaçıb hinə girdi. Bir az keçmiş o adam Çapanın yerini bilməsə də onun qarasına iri bir daş tolazladı.
Qorxudan əsim-əsim əsən Çapa öz it başı ilə düşündü ki, insanlar bir-birindən çox fərqlənir. Çapa it ola-ola ilk baxışdan insanları tanıya bilmir. Bəs görəsən, insanlar bir-birilərini necə tanıya bilir?!. Səhərki zəhimli kişi, kürək ilə həyətin zibilini təmizlədi, Çapaya mehribanlıq göstərdi, ona su verdi... Özündən də kabinet ətri gəlirdi!.. Bu, paslı dəmir və siqaret qoxusu verən arıq kişi isə həyəti zibilləyir, özündən acizinə zalımlıq edir, ac olana bir tikə çörək atmaq əvəzinə daş atır...
Hadısədən bir az keçmiş, küçədən həyətə bir avtomobil gəldi. Həmin avtomobil ikinci mərtəbədə yaşayan Söyüşkən kişini gətirmişdi. Arıq kişi ilə Söyüşkən kişi uzaqdan-uzağa salamlaşdılar. Amma Arıq kişi bu Söyüşkən kişiyə elə yaltaqlanmağa başladı ki Çapa öz sahibinə belə yaltaqlana bilməzdi. Arıq kişi Söyüşkənə Çapadan, Söyüşkən Arıq kişiyə Çapanın gecə ulamalarından danışdı. Bunların danışıqlarından Çapa elə nəticə çıxardı ki, güya, yazıq Çapa bunlardan birinin “başını yemək” üçün bu həyətə gəlib!.. Hələ Söyüşkənlə Arıq kişi Çapanın taleyi haqqında bir qərara gəlməmişdilər ki, qırmızı avtomobil həyətə gəldi. Avtomobilin sahibi – səhər Çapaya su verən kişi, avtomobildən düşüb, Söyüşkən və Arıq qonşuları ilə salamlaşdı və heç kimə heç nə demədən bağın qapısına yaxınlaşdı və Çapanı çağırdı:
- Çap!..
Çapa yerindən sıçrayıb, qapının qabağına gəldi və quyruğunu bulaya-bulaya, qəşəng, yumuru və qara gözlərini bu kişinin gözlərinə zillədi.
Kişi:
- Necəsən, Çap?!. – dedi və əlindəki balaca bağlamanın içərisindən ona bir neçə tikə çörək, kolbasa və kotlet verdi. – Günorta yeməyimdir, sənə qüsmət oldu, Çap! Yəqin ki, bunların sənə çatması üşün bizi günorta yeməyinə qonaq etdilər... Yaxın gəlsənə, Çap! Ye da!..
- Müəllim! Bu sizin itinizdir? – Deyə Söyüşkən kişi qırmızı avtomobilin sahibinə müraciət etdi. – Bu it səhərə kimi bizi yatmağa qoymayıb. Eşitmirdiniz, səhərə kimi neyvət-neyvət ulayırdı?!.
- Heyvandır də! Qərib yerə düşüb, kimsə gətirib azdırıb. Görmürsünüz, yaxşı ov tulasıdır?! Yəqin sahibinin başına bir iş gəlib ki, belə ulayır...
- Doxdurun bağının açarı kimdədir, göeəsən?.. Çıxaraq, qovaq getsin... – deyə Arıq kişi söhbətə qarışdı.
- Açarın kimdə olduğunu bilmirəm, istəyirsən qov! – deyə Müəllim Arıq kişiyə cavab verdi.
- Siz də iti-pişiyi yemləyib, bu həyətə dadandırmayın da! - deyə Arıq kişi Söyüşkən kişiyə baxdı. Söyüşkən kişi başı ilə onun dediklərini təsdiqlədi. Arıq kişi ona arxalanıb uca səslə Müəllimə göstəriş verməyə başladı:
- Bura ümumi həyətdir, kim it-pişik saxlamaq istəyirsə, qoy öz mənzilində saxlasın!..
Arıq qonşunun bu hərəkəti Çapanı hirsləndi və it, özünü qapının metal toruna çırparaq, Arıq kişiyə hürdü.
Çapa hürür, Arıq kişi də həyətdən daş axtarırdı ki, Çapanı vursun. Amma Çapa öldü var döndü yoxdura keçmişdi. İt qapıdakı torun açıq yerindən həyətə çıxmaq üçün bağın küncünə cumdu. Elə bil Müəllim Çapanın nə etmək istədiyini duymuşdu O, ayağı ilə keçidin qabağını bağladı və iti sakitləşdirdi. Sonra acıqlı səslə Arıq kişiyə müraciət etdi:
- Sənin nə borcuna ki, mən burada nəyi yemləyirəm?!. Zənbilini də götür get buradan, yoxsa, buraxaram iti!..
Söyüşkən kişinin köməyinə arxalanan Arıq kişi onun dinmədiyini görüb pilləkənə yaxınlaşdı və zənbilini götürüb, deyinə-deyinə yuxarı qalxmağa başladı. Söyüşkən kişi də başını bulaya-bulaya onun dalınca öz evinə getdi.
Çapa artıq müəyyən etmişdi ki, buradakı insanlar bir-birindən çox fərqlənir. Yazıq heyvan üçüncü mərtəbədə yaşayan bu Arıq kişinin niyə Çapaya düşmən kəsilməsinin səbəbini anlamırdı. Bir o məlum idi ki, Arıq kişi Çapaya nə qədər nifrət edirdisə, Çapanın da ondan o qədər zəhələsi gedirdi. Kənddəki evləri olsaydı bu kişiyə doyunca hürər, hələ imkan olsa, yəni Arıq kişinin əlində onu vura biləcək bir ağacı və ya daşı olmasa, hücüm da edər, baldırından bir dişlək də alardı...
ooo
Bu minvalla Çapa azdırıldığı həyətdə bir həftəyə yaxın yaşadı. Bu bir həftə Çapaya çox şeylər öyrətdi. Gördü ki, buranın adamları evlərini təmizləyib zibili həyətə tökürlər. İkinci mərtəbədən olan qadın səhər işə gedəndə zibil torbasını öz qarajlarının qapısından deyil ona “Çap” deyən Müəllimin bağının metal tor çəpərindən asır. Kişilər siqaret kötüyünü və boşalmış siqaret qutusunu ayaq altına, cavan gəlinlər isə çağalarının pampersini yuxarı mərtəbədən həyətdəki bağlara atırlar...
Qonşu qadınların axşamlar həyətdə oturub etdikləri söhbətlərdən Çapa müəyyən etmişdi ki, bu qadınların ərlərinə “bəli” demələri “yox” deməkdir; “yox” deyirlərsə, deməli, “bəli” deyirlər. Məsələn, əri arvadına deyir ki, dostlarımla görüşümüz var, axşam evə gec gəlsəm olarmı? Arvad:
- Olar! – deyir. Bu qanmaz isə anlamır ki, ona “yox” deyilir. Hələ, qadın desə ki, “nə isəyirsən, onu da elə!”, hiss olunur ki, kişi bu cavabdan razı qaldı. Amma bədbəxt başa düşmür ki, arvad ona “bu elədiklərnə görə cavab verəcəksən və əvəzini alacaqsan!” deyir.
Bunlar hamısı bir yana, Çapanı “Çap” deyə çağıran Müəllimin xanımı həmişə Müəllimi danlayır ki, o, adamlarla sərt davranır, insanlara qarşı kobudluq edir. Bu deyilənlər Müəllimi hirsləndirir, amma Müəllim başa düşmür ki, xanımı istəyir ki, əri həmişə onun dedikləri ilə oturub-dursun, vəssalam!
Çapa üçün daha maraqlı olan ikinci mərtəbədə yaşayan cavan ailənin oğlu idi. Bu balaca uşaq hər şeydən – qaranquşdan, pişikdən, toyuqdan və siçandan qorxurdu. Bir dəfə də Çapanı görüb,
- Ana! - deyə, qışqıra-qışqıra yuxarı qaçdı. Oğlanın Hirsli anası da həyətə düşüb bir ətək daş yığıdı və Çapanı axtardı. Yaxşı ki, bağın qapısı bağlı idi, yoxsa, nahaq yerə Çapaya bir-iki daş dəyəçəkdi. Ona görə Çapanın o uşaqdan da zəhləsi gedirdi.
ooo
Havalar getdikcə istiləşir, Çapanın suya ehtiyaçı da artırdı. Hər dəfə su içməyə gedəndə müxtəlif hadisələr ilə rastlaşırdı. Bir dəfə də sahibinin xanımını gördü. Xanım İkramim avtomobilinin yanında durmuşdu. Sevincdən az qaldı ki, yazıq heyvanın ürəyi partlasın. İt sahibəsinin ayaqlarına düşdü, ona yaltaqlandı. Amma bunları heç etməsə, yaxşı idi! Arvad yerdən toyuq yumurtası boyda daş götürüb Çapaya tolazladı. Daş heyvanın bud sümüyünə dəydi və göynərtisindən Çapa uzun-uzadı vəngildədi, zingildədi, sonra çəkilib bağa – köhnə hinə getdi.
Günlərin birində şəhərə güclü leysan yağdı. Havalar sərinləşsə də, bu şəhərin özünə məxsus problemi – susuzluq başladı. Heç yerə su gəlmirdi. Məhəllənin adamları çox narahat olmuşdular. Sən demə, bu boyda şəhər bir yağışa bənddir ki, susuz qalsın. Əhalı suyu maşınlarla daşıyır, demək olar ki, axşama kimi əllərində su qabları – su axtarırlar. Müəllim də haradansa su gətirir, bir balaca vedrəni də doldurub Çapa olan bağa qoyurdu. Çapa da o su ilə rahat yaşayırdı. Bu balaca vedrədən təkcə Çapa deyil, - pişiklər, quşlar, hətta siçovullar da su içirdilər. Vedrədə su azladıqca Müəllim ora su əlavə edir, Çapaya yemək üçün quru çörək qırıntılarını da elə o vedrədəki suya salırdı. Çörək orada yumuşalır və Çapa üçün vacib qidaya çevrilirdi.
Bir axşam da həyətə tünd göy rəngdə kiçik ölşülü “Mersedes” markalı avtomobil gəldi. Gələnlərlə qonşuların görüşməsindən məlum oldu ki, onlar birinci mərtəbədəki mənzilin sakinləridir. Çapanın yaşadığı bağ da bunların imiş. Qonşu qadınlardan biri həmin evin sahibəsinə çuğulladı ki, bəs Müəllim sizin bağda it saxlayır. Bağın sahibəsi:
- Bəs, o it bağı murdarlamır? – deyə təşvişlə tor çəpərin üstündən bağa doğru boylandı. Sözsüz ki, heç nə görmədi. Çuğulçu qadın yenə bağın sahibəsini qızışdırdı:
- Görərsən, gecə o it necə ulayacaq!
- Aaz, sən nə danışırsan?!. Mən dəli olaram!.. Bu dəqiqə doxdura deyəcəyəm, rədd eləsin o murdarı bizim bağdan. İt istəyən öz bağında saxlayar!..
Qadının dediyi kimi də oldu. Orta yaşlı Dazbaş kişi gəlib bağın qapısındakı qıfılı açarla açdı. Sonra bağın qapılarını da taybətay açıb, xanımının evdən gətirib ona verdiyi döşəməsilən ağacı götürüb bağa girdi. Yəqin ona deyiblərmiş ki, it hində yatır. O, Çapanın yatdığı yerə ehtiyaqtla yaxınlaşdı və yazı-yazıq onun üzünə baxan heyvana hücuma hazır vəziyyət aldı. Dazbaş kişi hələ döşəməsiləni endirməmişdən Çapa vəngildəyə-vəngildəyə bağın açıq qapısından çıxıb aşağı həyətə doğru götürüldü. İt bağdan çıxanda Dazbaş kişinin lap ayaqlarının yanından keçdi. Kişi qorxub geri çəkildi, utanmasa bəlkədə qışqırardı. İtin heç bir ziyanlıq vermədən onun yanından ötüb keçməsi Dazbaş kişini ürəkləndirdi. O, əlindəki ağacı itə tərəf tolazladı, amma ağac albalı ağacının budağına ilişdi və Çapa bu zərbədən də yayına bildi.
Axşama kimi orda-burda veyillənən Çapa, aranı sakit görən kimi “yuvasının” olduğy bağa yaxınlaşdı. Amma içəriyə girə bilmədi. Doxdur bağın qapısında olan bütün dəlikləri məftil ilə hörmüşdü. Şapa da bağın bayır tərəfində gəzişir, necəsə bağa girə biləcəyinə inanırdı. Lakin həyətə gələn və bu blokda yaşayan sakinlər əllərinə keçəni Çapaya tolazlayır, onu həyətdən qovurdular. İt əlacsız qalıb həyətin o biri tərəfindəki hundur alaq otları və cicitkən bitmiş sahibsiz bağa köçdü. Bura çox zibilli və siçovullarla dolu idi. Siçovullar Çapadan qorxmurdular, lakin onun bu bağda yaşamağa başlaması siçovulları narahat edirdi. Bir neçə iri və ana siçovul Çapanı dişləməyə də cəht etdimişdi. Onlar birlikdə Çapaya yatdığı yerdə hücum edirdilər. Çapanın hirsli-hirsli mırıldanması siçovulları qorxudur, yaxınlaşmağa ürək etmirdilər.
Siçovullar Çapaya yaxınlaşa bilməsələr də onların gəzdirdikləri birələr itin tüklərinən arasından dərisinə daraşırdılar. Çapa dişi və dırnağı ilə nə qədər çalışsa da, bu parazit həşəratların öhdəsindən gələ bilmirdi. Ona görə Çapa bu siçovul məskənini tərk edib həyətin aşağı tərəfinə köçdü. Özünə suyun yuyub gətirdiyi və qurumuş lil ilə dolu balaca bir çala tapdı. Dırnaqları ilə lili qazıb toz halına saldı və yaxşıca ağnayaraq tük və dərisıni lilə bulaşdırdı. Bundan sonra sişovullardan keşən birələr onu tərk edib dağılışdılar, Çapa isə sakitləşib bir çimir yuxu ala bildi.
Çapanı zibildaşıyan maşının cır səsli yuxudan oyatdı. Məişət Xidməti İdarəsinin işçiləri zibili toplamağa başladılar. Onlar həyəti üfunətə bürüyən zibilxananı təmizləyib, maşına yüklədilər. Sonra isə həyətə - hər bir blokun qarşısına biri olmaqla, dörd dənə yaşıl rəngli zibil qutusu qoyub getdilər. Əvvəl-əvvəl bunun nə ilə nəticələnəcəyi Çapanın vecinə deyildi. Lakin qutular gələn gündən həyətdə zibil azalmağa başladı. Sakinlər evlərindən gətirdikləri məişət tullantılarını zibil qutularına atır, qapağını bağlayırdılar. Bu da həyətə yığılan bütün it, pişik və siçovulların ac qalması demək idi. Çapa da ac qalmağa başladı. Yeməyə heç nə yox idi. Yenə pişiklər öz qarınlarını doydura bilirdilər. Onlar siçovullara qalib gələ bilməsələr də balalarını ovlaya bilirdilər. Çapanın isə bu gəmiricilərdən zəhləsi gedir deyə siçovul tutmaq üçün heç səy də etmirdi.
Beləliklə Çapa bir neçə gün ac-yalavac yaşadı. Başqa həyətlərə gedə bilmirdi. Oranın öz itləri var idi və onlar Çapanı görən kimi qovdu-qaçdı başlanır, onu qovub bu həyətə saldıqdan sonra qayıdıb gedirdilər. Tərs kimi qırmızı avtomobilin sahibi də harasa getmişdi. Bir həftə olardı ki, görünmürdü.
Vəziyyət çox ağır idi. Çapa arıqlayıb çöpə dönmüşdü. Yerindən qalxıb yeriyə bilmirdi. Heyvan sürünə-sürünə və ləhləyə-ləhləyə qırmızı avtomobilin sahibinə aid olan bağın qapısına gəldi. Küknarların kölgəsində, metal tor cəpərin lap dibinə - zoğal budaqlarının altına girib yatdı. Oradan keçənlər Çapaya acıqlanıb onu qovmağa çalışsalarda Çapa onlara vəngildəməklə cavab verdi və yerindən tərpənmədi. Əslinə tərpənməyə taqəti də yox idi.
Yaxşı deyiblər: Kor quşun da Allahı var! Axşam tərəfi qırmızı avtomobil həyətə gəldi. Maşından o şəfqətli Müəllim və onun xanımı düşdülər. Çapanın burada olduğunu ilk görən xanım oldu. O, ərinə müraciətlə:
- İtin səni gözləyir... Gör, özünü hara soxub!.. Elə bil, bu həyətdə buradan başqa yer yoxdur!.. Ciyəri yanmış!..
Müəllim Çapanın yatdığı səmtə yaxınlaşıb diqqətlə ona baxdı və dedi:
- Paho, bu heyvan acından ölür ki! – Sonra Çapaya doğru əyilib onu çağırdı. – Çaaap! İt Müəllimin gözünün içinə baxıb zingildədi. Qalxmaq istədi, - qabaq ayaqlarının üstünə qalxdı amma arxa ayaqlar onun sözünə baxmadı. Müəllim qamətini düzəltdi və xanımına dedi:
- Sən evə çıx, mən görüm neyləyirəm. Yazıqdır, bu heyvan acından ölür...
- A kişi, nəyinə lazımdır?! Şəhərin bu sahibsiz it-pişiyinin dərdi sənə mi qalıb?.. Yorğun adamsan, gəl bir əl-üzünü yu, bir loxma çörəyini ye, sonra ona baş çəkərsən!..
Müəllim isə etiraz əlaməti olaraq başını buladı və dedi:
- Sən get, mən də gəlirəm!
ooo
Müəllim gələndən sonra Çapanın keyfi kökəlmişdi. O, balaca bağa köçürülmüş, gündüzlər həmin bağda – küknarların kölgəsində və su kranının yanında yaşayır, Müəllim onun yemni verir, axşam da bağdan həyətə buraxırdı. Beləliklə, bir həftədə Çapa ətə-cana gəldi, tükləri də gözləri kimi parıldamağa başladı.
İndi Çapa çox xoşbəxt idi. Heyvan yeni sahibi olan Müəllimi çox sevirdi. Hər səhər Müəllim ilə onun xanımını işə yola salır, axşam da onları qarşılayırdı. Daha gecələr ulamır, əvvəlki sahibinin xiffətini çəkmirdi. Bir sərin payız səhəri - istirahət günü, Müəllim övçular mağazadan yeni aldığı xaltanı Çapanın boynuna bağladı, tüfəng və qətərini maşına qoydu və Çapanı da maşına mindirdi. Onlar Əhmətbəyli adlanan meşəyə getdilər.
Müəllim avtomabili meşənin içərisində saxladı. İdmançıların geydiyi formada olan paltarını geyindi, qətərini bağladı, çantasını belinə taxdı və tüfəngi çiyninə aldı, Çapanın xaltasına bağlanmış qayışı açdı. Çapa maşından düşdü və onlar meşənin içərilərinə döğru yeriməyə başladılar. Çapanın sevincinin həddi-hududu yox idi. O, kolların arasını axtarır, irəli-geri, sağa-sola qaçır, lakin Müəllimdən uzaqlaşmırdı.
Xırda kolluqlu bir talada Çapa ov iyi aldı. O dayandı və qulaqlarını şəkləyib irəliyə doğru baxdı. Müəllim tüfəngi çiynindən aşırıb patron qoydu və ehmalca ehmalca bağladı. Sonra qoruyucunu geri çəkib tüfəngi atəşə hazır vəziyyətə gətirdi. Çapa əmr gözləyirdi. Müəllim:
- Hə! – deyən kimi Çapa irəli atıldı. Koldan bir-birinin ardınca iki meşətoyuşu qalxdı. Müəllim də ovçu imiş! İki atəşlə quşların ikisini də quşladı. Vurulmuş quşları Çapa çox həvəslə tapdı və Müəllim onları çantasına qoydu. Çapanın başını sığallayıb:
- Çaap! Sən əla tulasanmış! – dedi. – Afərin sənə, Çaap!
Onlar bir qədər də gəzdikdən sonra bu dəfə Çapa dovşan iyi aldı. O, ora-bura qaçır, hürür, meşənin işərilərinə gedirdi. Hər tula dovşanı ovçuya tərəf qova bilməz. Bunu bacarıqlı tula edə bilərdi! Çapa da o bacarığı nümayiş etdirirdi. Əslində bu bacarığa malik olan tulanın sahibi də arif olmalı, heyvanın manevrlərini anlamalı, lazım olan bərəni kəsməlidir. Müəllim də meşənin içərisindən keçən köhnə araba yolunun kənarında dayanıb, Çapanı gözlədi.
Nəhayət, Çapa qarşı tərəfdən yaxınlaşdı və Müəllim ona:
- İşi! – yəni “axtar” dedi.
Çapa yenidən meşənin içərilərinə doğru getdi. Onun səsi gah bu, gah da digər tərəfdən gəlirdi. Çox keçmədi ki, səs yaxınlaşdı və kəsildi. Müəllim hazır vəziyyətdə dayanmışdı. Gördü, doğrudan da dovşan ona tərəf gəlir. O, dovşanın yaxınlaşmasını və tulanın yaralanmaması üçün əlverişli mövqeyin yaranmasını gözlədi. Dovşan yaxınlaşmışdı və ovçunu görmür, ancaq tulanı yayındırmağa çalışırdı. Lakin...
Atəşdən sonra heç iki saniyə keçməmişdi, Çapa hazır oldu və yerdə uzanmış dovşana ovçudan tez çatdı. Qəribə idi, quşlarla çox ehtiyatlı davranan tula, dovşana qarşı hirsli görünürdü. Müəllim onu sakitləşdirdi və dovşanın uzun ayaqlarının birindən tutub qaldırdı və bıçaqla əlində tutduğu ayağın dirsək yerində dəlik açdı. Sonra dovşanı qaldırıb həmin dəlikdən ağacın budağını keçirməklə, dovşanı başıaşağı asdı. Tüfəngi və çantanı bir tərəfə qoyub, dovşanın dərisini soymağa başladı. Çapa kənarda yatıb, ləhləyir – yorğunluğunu alır və ona çatmalı olan içalatın nə vaxt hazır olacağını gözləyirdi.
ooo
Sonuncu ov səyahətidən sonra Çapanın güzəranı xeyli yaxşılaşmışdı. Müəllin Çapanı necə tərifləmişdisə, onun xanımı da tulaya qarşı mülayim münasibət bəsləyirdi. Çapa vaxtı-vaxtında ilıq su və sabunla çimdirilir, dəsmalla qurulanır, balaca bağda onun üçün hazırlanmış rahat yerdə yatdırırdı. Çox vaxt da Capa Müəllimin dalınca üçüncü mərtəbəyə qalxır, onun ayaqlarının altını yaş dəsmalla silib təmilədikdən sonra işəriyə buraxırdılar. Amma Çapaya dəhlizdə onun üçün ayrılmış balaca xalçadan o yana keçməsinə icazə verilmirdi. Tula da orada – sərin mənzildə, rahat yatırdı. Axşam gəzintisindən sonra Çapa, əvvəlkilər kimi, səllim buraxılmır, küknarların altında – onun üçün düzəldilmiş yuvaya salınır, it orada gecələyirdi. Yuvanın ətrafı dərmanlanmışdı və bu da Çapanı siçovul birələrindən qoruyurdu. Bundan başqa, gecələr bağın qapısı bağlı olduğundan digər itlərdən də qorunmuş olurdu.
Çapa bura sahibsiz it kimi azdırılmışsa da, o, bugünkü vəziyyətinə görə İkrama minnətdar olmalı idi. Lakin Çapa it olduğuna görə belə şeyləri başa düşmürdü və yaxşı da edirdi. Axı onun qəddar sahibəsi, birdə o insafsız İkram haradan bilirdilər ki, Çapa adi it deyil, çox gözəl təlim almış tuladır. Həm də tək quş tulası yox, ümumiyyətlə əla tuladır və indi ona sahib olmaq istəyənlərin sayı artmışdı.
Bir dəfə səhər-səhər həyətə bazıarlıq etmək üçün gələnlərdən bir neçə nəfər metal torun arxasından Çapaya xeyli tamaşa etdilər. Sonra Arıq kişi onlara yaxınlaşdı. Çapanın xoşlamadığı bu Arıq kişi o adamlarla söhbət etdikdən sonra Müəllimi çağırdılar. Müəllim evdən həyətə endi və Çapaya tamaşa edən adamlar elə danışdılar ki, güya bu tula onlarındır. Bu tulanı “tapıb qoruduğu” üçün Müəllimə pul təklif etdilər. Xahiş etdilər ki, Müəllim Çapanın qaytarıb onlara versin. Müəllim onlarla çox danışmadı. Bir onu:
- Əgər bu it sizindirsə, adını deyin.
Onlar da dedilər ki, bu tulanın adı Çapdır. Müəllim yalançılara güldü və daha heç nə demədən qayıdıb yuxarı – mənzilinə getdi.
Yalançı sahiblər əl çəkmək istəmirdilər. Onlar metal tor çəpərə yaxınlaşıb Çapaya yaltaqlandılar, onu
- Çap, Çap! – deyə çağırdılar.
Çapa əvvəl bunlara əhəmiyyət vermədi, sonra gördü yox, lap zəhləsini tökürlər, onlara mırıldanıb, bir-iki ağız hürdü. Bundan sonra yalançı sahiblərin işi ilə maraqlanan digər adamlar başa düşdülər ki, Müəllim haqlıdır və özlərini “sahib” kimi qələmə verən bu adamlar yalan deyir. Ona görə camahat bu yalançıları qınadı və yalançılar da çəkilib getdilər.
Bu həyət şəhər bazarının lap yaxınlığında olduğuna görə, hər gün bura çox adam gəlib-gedir. Onların içərisində Çapanı tanıyanlar da vardı və onlar Arıq kişiyə çuğullamışdılar ki, bəs, bu itin adı Çapadır. O da eşıtdiklərinin döğru olmasını yoxlamaq üçün bağın metal toruna yaxınlaşdı və yaltaq-yaltaq Çapanı çağırdı:
- Çaapa!.. Çaaapa!..
Çapa yerindən sıçrayıb ona hücum etdi. İt özünü metal tora çırpıb hirslə hürməyə başladı. Arıq kişi qorxdu və geri çəkildi, sonra Çapa tərəfə tüpürərək getdi.
Daha Çapa, əvvələr olduğu kimi, insanların nə danışdıqlarına qulaq asmır, onların gündəlik insan həyatı bu heyvanı maraqlandırmırdı. Sakit və səssiz it həyatını – daha doğrusu tula həyatını, yaşayırdı. Bir gün səhər İkram kişi gəldi. Yəqin ki, o da nəsə eşitmişdi və gəlib küknar bağında yatan Çapaya baxdı.
- Capa!.. Capa! – deyə o da itə yaltaqlandı.
İt başını qaldırıb İkramın üzünə baxdı, onu tanıdı və üzünü yana çevirdi. Amma İkram əl çəkmir, ona baxırdı. Əgər Çapa bacarsaydı, durub Arıq kişi kimi İkramın üzünə tüpürərdi. İnsan kimi danışmağı bacarsaydı, dünyanın ən təhqiramiz sözlərini İkramın ünvanına söyləyərdi. Amma nə etsin, dili yox, danışığı yox, heyvandır dəə!.. Bu - insan cinsindən olan həyasız İkram indi gəlib durmuşdu Çapanın qarşısında, elədiyi pislikləri yox hesab edib Çapaya yaltaqlanırdı.
İt bir onu elədi ki, yatdığı yerindən qalxıb üzünü divara tərəf çevrib yatdı. Başını qabaq pəncəsinin üstünə qoyub quyruğunu yanına sıxdı və belə yatdı. Yatdı ki, bu insafsız insanın üzünü görməsin.
İkram eşitmişdi ki, Çapa xoşu gəlməyən adamlara hürür. Ona hürmədiyi üçün kişi ürəkləndi və Müəllimi axtarmağa getdi. Ona dedilər ki, Müəllim işə gedib, axşam tərəfi qayıdacaq. İkram da kağız qələm tapıb Müəllimə məktub yazdı. Yazdı ki, bazar günü gəlcək və iti ondan alıb aparacaq. İti sahibinə qaytarmaq lazımdır. Məktubun sonunda Müəllimdən xahiş edirdi ki, mümkün qədər sabah evdə olsun. Əgər onun işi olub başqa yerə gedəcəksə, yəni sabah evdə olmayacaqsa, yaxşı olar ki, səhər gedəndə iti kisəyə və ya da karton qutuya salıb ona zəng etsin. İkran məktubun altında adını, soyadını, hansı kənddən olduğunu və telefon nömrəsini yazdı. Məktubu dörd yerə qatladı və Müəllimin mənzilinin qapısının dəstəyinə keçirdi.
Bütün bunları İkram xüsusi bir təkəbbürlə və Arıq kişinin müşayəti ilə edirdi. Arıq kişi da düşünürdü ki, budur e, Müəllimin əziyyəti boşa çıxdı!.. İtin sahibini o “tapmışdı” və İkramı razı salmışdı ki, tulanı Müəllimdən alıb ona 100 dollara satsın. O da Çapanı sırağa gün gələn və əliboş qayıdan ovçu qohumuna 300 dollara satacağına əmin idi. Çünki sırağa gün gələn yalançı sahibləri bu Arıq kişinin köməyi ilə Çapaya həqiqi sahib olmaq arzusunda idilər.
Həmin gün işin alınmadığını görən Arıq kişi ovçu qohumunu inandıra bilmişdi ki, Müəllim tulanı satmaq istəyir. Yalandan demişdi:
- Müəllim tulanı 250 dollara satmaq istəyir. Deyir baxmağa yerim yoxdur. Bunun payızı var, qışı var! Tulaya baxmaq elə asan iş deyil a!.. Müəllimin də işi başından aşır. Yəqin, ona görə satmaq istəyir... Görüm, onu 200-ə razı sala bilərəmmi?!
Ovçu qohum da:
- Lap 250-yə versə, al! Mən səndən o iti 300-ə alaram... – Demişdi. Elə o gündən Arıq kişi nəyin bahasına olur olsun bu tulanı əldə edib satmaq qərarına gəlmişdi.
Əvvəlcə iti oğurlamaq fikrinə düşdü. O, qonşuluqda yaşayan və həyətə gələn maşınları yerbə-yer edən Kök oğlandan kömək istədi. Onu tapıb dedi:
- Baçıoğlu, səndən bir şey xahiş edəcəyəm, amma yox demə!
- Noolub, qonşu?!
- O gün Müəllimin tulasının dalınca mənim qohumum gəlmişdi. Tulanı istədi, Müəllim heç onunla danışmadı, kişinin təklifi rədd etdi. İndi o kişi acığa düşüb və deyir ki, kim o iti ona verə bilsə, əvəzinə 250 dollar alacaqdır! – deyə Arıq kişi Kök oğlanın üzünə baxdı və onun nə deyəcəyini gözlədi. Gördü Kök oğlan dinmir, soruşdu: - Sən nə deyirsən?
- Mən nə deməliyəm ki?!- deyə Kök oğlan da Arıq kişinin üzünə baxdı.
- Sən mənə kömək elə, o iti əkək burdan! Müəllim sənə inanır. Deyərsən ki, bağdan çıxdığını görmüsən... İtdir də... Setkanın üstündən tullanıb çıxdı... Deyərsən ki, hara getdiyinə fikir vermədin. Bir onu gördün ki, buralarda da kamnaxozun itatanları gəzirdilər, vəssalam. Sənə də 50 dollar verəcəyəm. Nə deyirsən?.. Razısan?!. Arıq kişi gördü Kök oğlan susur və sakit-sakit onun üzünə baxır, davam etdi: - Balam, axşama kimi burada nə qazanırsan axı?!. 50 dollar az ruldur ki?!. 10 dollar da bağa girib, iti tutub karton qutuya salmağına verəcəyəm, bu da eyləyir 60 dollar. Karton qutunu hazırlamışam...
Bu dəfə Kök oğlan şaqqanaq çəkib güldü, amma heç nə demədi. Yenə ürəklənən Arıq kişi təlimat verməyini dabvam etdirdi:
- Fikir vermişəm, o it sənə hürmür... Neçə dəfə görmüşəm ki, sən onun başını sığallayırsan. Amma çər dəymiş məni yaxına buraxmır...
- Qonşu! – deyə Kök oğlan sözə başladı. - Mən Müəllimə yalan danışa bilmərəm. O tulanı da İkram gətirib bura azdırıb. Onu mən öz gözlərimlə görmüşəm...
- İkram kimdir?
- Əşi, həmişə bura jiqulisində adam daşıyandır də... Onu sən də tanıyırsan! Neçə dəfə onunla fındıq alveri eləmisiniz...
- O İkram?!
- Hə.
- Onda yaxşı, sağ ol! Söz aramızda qalsın, haa!
- Əşi, mənim nəyimə lazımdır? Nə siz mənə o it barəsində bir söz demisiniz, nə də mən sizə İkramın o iti gətirib bura azdırnası barəsində bir söz demişəm!
- Sağ ol, var ol! – deyə Arıq kişi Kök oğlana minnətdarlıq etdi və elə oradanca maşın tutub İkramın yaşadığı kəndə yollandı.
ooo
Bazar günü İkram səhər-səhər Müəlimin qapısını döydü. Müəllim evdə idi və qapını o, açdı.
- Salaməleküm. Müəllin necəsinin? – deyə İkram gülümsəyə-gülümsəyə Müəllimə salam verdi, keyfini soruşdu. Sonra heç Müəllimin cavabını gözləmədən və səsinin gür yerinə salıb: - Əmanətin dalınca gəlmişəm! – dedi.
- Aleykumasalam. Siz kimsiniz və hansı əmanətdən danışırsınız?
- Mən İkramam dəə... Dünən sizi evdə tapmadım, zapiska yazıb qoymuşdum qapıya...
- Hə, o kağızı siz yazmışdız, eləmi?
- Bəli.
- Siz mənə it əmanət eləmisiniz?
- Yoox... Mən, mən.. – deyə İkram kəkələdi. Sonra ozünü toplayıb: – Aşağı qarajın qabağındakı tula bizimkidir, - dedi.
- Yaxşı, o tula sizinki idisə, bəs buralarda nə gəzirdi?
İkram qızardı və yenə yalan danışdı:
- Bilirsiniz, qanmadım, hirsləndim gətirib bura azdırdım...
Bu dəfə Müəllim hirsindən qızarıb pörtdü:
- Ayə, adam! – deyə o, hirslə İkramın üzünə baxdı. – Şəhərin ortası, bazarın yanı sənə it azdıran yerdir?!. Onu azdıranda bilirdinmi ki, o hevan quduzluq daşıyıcısıdır, ya yox? Sən nə karəsən ki, gətirib şəhərə it azdırırsan?! – İkram susurdu. Müəllim davam etdi: - Mən səni çoxdan axtarırdım! Yaxşı ki, öz ayağınla gəlmisən! İndi qulaq as!.. Sənin o yazdığın – nə deyirdin adına? – İkram dillənmədi. Müəllim davam etdi: - O kağız parçasını vermişəm Sahə müvəkkilinə. Gedib onunla birlikdə gələrsən və itini apararsan!..
İkram zorla eşidilən səslə mızıldandı:
- Müəllim! Siz Allahınız, hirslənməyin! Mənim, o it mənim deyil, qonşunundur. O vaxt deyib apar azdır, indi deyir filan yerdədir, get gətir...
- O qonşun filan yerin bura olduğunu haradan bilib?
- Sizin bu qapıbir qonşunuz gəlib mənin dalımca... Sırağa gün kəndə gəlmişdi ki, bəs, mən gəlim sizə deyim ki, o it mənimdir. Adı da Capadır... O, dedi ki, mən itin adını sizə düzdün desəm, siz onu mənə verəcəksiniz, sonra da mən onu bu qonşuya satacaqdım...
İkram bu sözləri söyləyə-söyləyə dal-dalı pilləkənləri düşməyə başladı və üç pillə aşağı enəndən sonra çevrildi, sözünü yarınçıq qoyaraq, qaça-qaça pilləkənləri düşüb getdi.
İkram gedəndən sonra Müəllim qonşunun qapısının zəngini çaldı. Qapıya evin xanımı gəldi. Müəllim ona salam verdi və onun ərini görmək istədiyini bildirdi.
Qadın təşvişlə:
- Müəllim! Sizə noolub, rənginiz niyə belə ağarıb?.. O, Müllimin dinmədiyini görüb: - Məndən başqa evdə heç kim yoxdur, - dedi.
- Ərin evə gələndə ona deyin ki, it almaq istəyirsə, özü gəlib alsın, başqalarını niyə narahat edir?!
- İt?.. Nə iti?.. O, iti neyləyir?
- Özündən soruşun! - deyə Müəllim qayıdıb öz mənzilinə girdi və arxasınca qapını örtdü.
Qonşu qadın heç nə başa düşməmişdi və dayanıb xeyli müddət Müəllimin arxasınca baxdı, sonra o da içəriyə çəkilib qapını bağladı.
Bu hadisədən bir ay keçənə qədər heç kim Çapaya görə Müəllimi narahat etmədi və Çapa da öz rahat həyatını yaşadı. Heyvanın heç xəbəri yox idi ki, onu çuvalda gətirib bura atan İkramın başına nə oyunlar gəldi. İkramı Polis idarəsinə çağırdılar və müstəntiq onu sorğu-suala çəkdi. İkram da and içib aman edirdi ki, iti azdırmağı ondan qonşusu – Çapanın sahibəsi xahiş etmişdi. O, iti şəhərdə buraxmaq fikrində olmayıbmış, çuvalda olmasına və qaça bilməyəcəyinə arxayın olduğu üçün avtomobilin yük yerinin qapağını ehtiyatsız açmış, it də çıxıb qaçıbmış...
Müstəntiq:
- Bəs, niyə Sanitar-epidomoloji stansiyaya xəbər vermədin? – sualına İkram belə cavab verdi:
- Vallah, qanmamışam! Mən haradan biləydim ki, it əldən çıxıb qaçanda doxdurlara xəbər vermək lazımdır...
- Bilmədiyin üçün məhkəmə qarşısına çıxarsan və sizin kimilərə məlum olar ki, heyvanların da öz haqları var! Onları yerli-yersiz incitməyə, hara gəldi azdırmağa nə haqqınız var, axı?! Hər bir heyvanın və ya olsun quşun, lap elə meşədəki ağacın özünün də bizim kimi yaşamağa haqqı var!.. Hələ ola ki, bu heyvanın xəstə olub-olmadığını bilmədən gətirib şəhərə azdırasan!.. Müstəntiq hədə-qorxularına bir az ara verib qovluqları eşələdi və, nəhayət, üzünü İkrama tutub soruşdu:
- Niyə dinmirsən, danışsana?!.
- Nə danışım, rəis? Danışmağa sözüm qaldı ki?! Bir it azdırmağın bədəli bu boyda olubsa, ağzımdan bir söz qaçırsam, onun bədəli nə olacaq?..
Müstəntiq gülümsündü və diqqətlə İkramın gözünün icinə baxdı. Baxışa tab gətirməyən İkram nəzərlərini yana çeverdi.
- Bura bax! – deyə müstəntiq yumşaq səslə İkrama müraciət etdi. – Mən elə bu etirafı gözləyirdim. Axır ki, özün başladın... Başlamısan, di davam et! Bədəl sözü xoşuma gəldi, haa!.. Dinsənə!
- Nə deməliyəm ki, rəis?
- Nə deməlisən?.. Yaxşı, qoy mən başlayım! Danış ki, kişi Rusiyada, cavan gəlin kənddə - sənin qonşun... Bu it də sizə mane olurdu!.. Bunu necə başdan eləməyi planlaşdırdınız, elə deyilmi? Arvad torbaya saldı, sən də azdırdın, işiniz düşdü avanda...
İkram ilan vurmuş adam kimi yerindən dik atıldı.
- Yalançının ataba-atasına... Məni şərləyirlər, rəis!
- Sakit, sakit! – deyə müstəntiq onu bir az da qızışdırdı. – Soğan yeməmisən, niyə için göynəyir?!
İkram qayıdıb oturdu və cibindən dəsmal çıxarıb, hirsindən yaşarmış gözlərini sildi, sonra qəhərdən göynəyən boğazını arıtladı və qurumuş dodağını quru dili ilə yalayaraq, islatmağa çalışdı. Nəhayət, kədərli səslə dilləndi:
- Rəsi! Borcumu deyin! Mən çox axmaq adamam!.. Özgə iti azdıranın özü it gününə düşər!.. Mənə hələ az olur!..
- Ay sağ ol! – deyə müstəntiq ayağa qalxıb, otaqda var-gəl etməyə başladı. – Təqsirini hələ indi anlamısan. Yoxsa, başlamısan Müəllimdən küsüb-inciməyə... O kişi mənə, şəxsən, heç nə deməyib, Sahə müvəkkili Rəisimizə təqdimat yazıb, o da işi araşdırmaq üşün mənə həvalə edib, vəssalam...
Müstəntiq danışır, İkram isə düşünürdü ki, layiq olduğu bu narahatlıqları ona Allah göndərib. Əvvəllər də çox günahlar eləmişdi və elə bilirdi ki, onun etdiklərindən heç kimin xəbəri olmur. Hələ indi anladı ki, Allah hər şeyi görür!..
ooo
Noyabrın ortaları idi, havalar soyuqlaşmağa başlamışdı. Ağaclar əlvan rəngə boyanmış, köşəri quşlar da uşub gedirdilər. Hər işlərinin sahmanda olmasına baxmayaraq Çapa indi ova getmək üçün darıxmağa başlamışdı. Müəllim işdən gələn kimi onu cılğınlıqla qarşılayan it, dili olsa, yalvarardı ki, Müəllim onu ova aparsın. Amma bu kişinin o qədər işi-gücü vardı ki, Çapa ilə məşğul olmağa vaxtı nə gəzirdi?.. Ona görə Çapa xiffət edir, zingildəyir, ulamağa başlamışdı. Yenə qonşular narahat olur, - “öləcəklərindən” qorxurdular.
Müəllim də nə edəcəyini tam müəyyən eləməmişdi. Qarşıdan qış gəlir, bu heyvan üşün onda lazım olan şərait yox idi. Digər tərəfdən də qorxurdu ki, it oğurlanar, sonra dedi-qodular başlanar. Hərə bir şey düşünəcək ki, görəsən, Müəllim iti satdımı, neçəyə satdı, və s. Belə bir böhranlı dövrdə, bir bazar günü səhər Müəllimin qapısı döyüldü. Pay-pürüşlə gələn ər-arvad Çapanın sahibləri idi. Müəllim onları çox hörmətlə qəbul etdi.
Kişi dedi:
- Müəllim, biz sizdən çox razıyıq! Sizin yaxşılığınız, vallah, yerə-göyə sığmaz! Gəldiyin elə üç gündür, Hamısını eşitmişəm... Çatan kimi Çapanı soruşdum, dedilər şəhərdədir. Düzü, başa düşmədim ki, niyə belə olub? Sonra bu xanım – deyə, arvadını göstərdi, – izah elədi ki, itin ulamaqlarından təngə gəlib, qonşudan xahiş edibmiş ki, onu bir müddət kənddən uzaqlaşdırsın...
“Bir müddət” sözü müəllimin xoşuna gəlmədi və daha kişiyə qulaq asmadan yerindən qalxdı.
- Mənim işim var, getməliyəm! – dedi. - Nəyə gəlmisiniz onu deyin!
Qonaq bir az pərt olub, soruşdu:
- Müəllim! Mən nə isə qələt söz danışdım? - Müəllim gördü ki, qanaq arvad qorxusundanmı, ya da utandığındanmı qızarıb pörtdü.
Müəllim anladı ki, burada əsas məsələ arvadın kişiyə yalan danışmasıdır. O qayıdıb oturdu və kişiyə müraciətlə:
- İcazə verin xanımınız danışsın! - dedi.
Kişi çevrilib arvadının üzünə baxdı, sonra müəllimə baxıb karıxmış halda soruşdu:
- Arvad, yoxsa, Çapanı satmısan?! – Arvad dinmədi və başını aşağı salıb susdu.
- Yox, - deyə Müəllim sözə başladı. – O Çapanı ya bağışlamayıb, ya da heç kimə satmayıb. Bir dəfəlik məhv eləmək üçün azdırıb. İtin haraya azdırılmasından bu xanımın xəbəri olmayıb. Mən Çapanı sahibsizlik üzündən məhv olmaqdan qorumuşam...
- Müəllim! Allah sizdən razı olsun! O yaxşılığı ki, siz etmisiniz, Çapa sizindir!.. Əgər o heyvanın üzərində mənim haqqım qasıbsa, onu sizə halal edirəm!
Müəllim bir qədər susdu, sonra kişiyə müraciətlə:
- Siz o heyvanın sahibi olmusunuz və indi də ona sahibsiniz! Çapanı götürün, aparın. Amma yaddan çıxarmayın ki, heyvanın da öz haqqları var! Bir halda ki, onun başına ip salmısınız, onun yemini verib, qayğısına qalmalısınız!
Kişi bilmirdi Müəllimə necə təşəkkür etsin. Arvad da təqsirini başa düşdüyünü və Çapaya qarşı çox böyük haqsızlıq etdiyini etiraf etdi. Ərini göstərib müəllimə dedi:
- Mən bu kişinin çörəyini yeyib, elə bilmişəm ki, Çapanın buna haqqı yoxdur. Qonşuya yalvarıb, ona pul vermişəm ki, iti azdırsın. Amma... yaxşı ki, o, iti bura gətirib və siz burada olmusunuz!.. Sağ olun, siz mənə çox böyük dərs verdiniz. Mən, bundan sonra nəinki Çapanın, heç evdəki pişiyin də haqqına xor baxmaram!..
ooo
Bəli, Çapa öz həqiqi sahibi ilə getdi. İndi heyvan çox xoşbətdir: sahibəsi onu sevir, sahibi də vaxtı-vaxtında ova aparır.
Şəhərdəki həyətin sakinləri də xoşbəxtdirlər: onlar gecələr rahat yatır və Çapanın ulamasına görə vaxtsız öləcəklərindən qorxmurlar.
SON
Yusif Şükürlü,
Şəki, Azərbaycan,
10.10.2009.