-
Ukraynanın şərqində separatçılarla döyüşən hərbçilər Donetsk vilayətinin İlovaysk şəhərinə girib, oraya Ukraynanın bayrağını taxıblar.
Bu barədə «Donbass» batalyonunun facebook səhifəsində məlumat yazılıb. Bildirlir ki, Rusiyameylli yaraqlılar şəhərə on müxtəlif istiqamətdən daxil olan Ukrayna əsgərlərini «Qrad», «Uraqan» qurğularından və zirehli texnikadan atəşə tuturlar. Şəhərin tam nəzarətə götürülməsi üçün döyüşlər davam edir.
Vacib dəmiryol qovşağı sayılan İlovaysk Donetskdən 40 kilometr şərqdə yerləşir.
Öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının vitse-spikeri Andriy Lisenko hərbçilərin Luqanskın bir hissəsini tutduğunu bildirib.
SEPARATÇILARIN BLOKADASI ÜÇÜN TƏDBİR GÖRÜLÜR
«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmytro Tymchuk-un yazdığına görə, hökumət qüvvələri Saur-Moqila rayonunda da əməliyyat keçirir. Bundan əlavə, ordu Donetskdə separatçıları blokadaya almaq üçün 30-dan çox məntəqə qurub.
Ukrayna prezident Petro Poroshenko ölkənin şərqində əməliyyatların aparılması taktikasının dəyişdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, «separatçıların nəzarət etdiyi ərazini zonalara bölmək, dairəni daraltmaq və silah-sursatın çatdırılmasına imkan verməmək» lazımdır.
DONETSK LİDERİ KİYEVƏ ŞƏRT QOYUR
«Ukraynanın şərqindəki separatçılar Kiyevlə danışıqlara hazırdırlar – ancaq Donetsk Xalq Respublikasının müstəqilliyi tanınandan sonra». Bu bəyanatla özünü «Donetsk Xalq Respublikası»nın «baş naziri» adlandıran Aleksandr Zakharchenko çıxış edib.
Ukrayna hakimiyyətinin şərti budur ki, silahlar yerə qoyulsun, Rusiya ilə sərhəd bağlansın. Separatçılar bu şərtləri yerinə yetirməkdən qəti imtina edirlər. «Bu, heç vaxt baş verməyəcək, bunu heç ağıllarına da gətirməsinlər», Zakharchenko bildirib.
Ukrayna xarici işlər nazirliyinin başçısı Pavel Klimkin-in sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində atəşin dayandırılması yalnız o halda mümkündür ki, sərhədlər nəzarətə götürülsün, ATƏT müşahidəçilərinin işi təmin olunsun və girovlar azadlığa buraxılsın.