-
Bakı Kitab Klubu Osmanlı imperiyası dəniz donanmasının əfsanəvi baş komandanı, Avropada Barbaros (Kürənsaqqal) adıyla məşhur olan Xeyrəddin (Xızır) Paşanın (1478-1546) xatirələrini Azərbaycan türkcəsinə uyğunlaşdıraraq çap edib.
«QANUNİ SULTAN SÜLEYMANIN ƏMRİYLƏ XATİRƏLƏRİMİ YAZDIRMAĞA BAŞLADIM»
Xeyrəddin Paşa xatirələrini Qanuni Sultan Süleymanın əmriylə yazdırıb.
Əmrdə deyilirdi: «Sən və qardaşın Oruc Midilli adasından çıxıb Əlcəzairi necə fəth etdiniz? Bu ana gəlincəyədək dənizdə və quruda hansı hadisələr törətdiniz? Bütün bu hadisələri əskik və artıq söz söyləmədən bir kitab halında yazdır. Kitab bitincə, bir nüsxəsini xəzinəmə qoymaq üçün mənə gətir».
«MƏN SÖYLƏDİM, MURADİ YAZDI»
Bu əmri alınca Xeyrəddin Paşa bir çox dəniz döyüşünə birgə çıxdığı və «zamanımızın qələm sahiblərindən» adlandırdığı Muradini yanına çağırtdırıb. Ona böyük padşahın əmrini yetirib. Dərhal işə girişiblər. Paşa xatirələrini danışıb, Muradi Sinan Rəis onları qələmə alıb.
XATİRƏLƏRİN 5 ƏLYAZMA NÜSXƏSİ VAR
Türkiyədə bu xatirələrin 5 əlyazma nüsxəsi qorunur.
Biri Topqapı sarayında, dördü İstanbul Universiteti Kitabxanasının Türkcə Əlyazmalar bölümündədir. Türkcə ilk nəşrdə İstanbul Universitetində qorunan 2490 nömrəli əlyazma əsas götürülüb və bəzən 94 nömrəli əlyazma ilə qarşılaşdırılıb.
«XATİRƏLƏR»İN DİLİ 1965-Cİ İL ÇAPINDA SADƏLƏŞDİRİLİB
«Xatirələr» «geniş oxucu kütləsinə çatdıra bilmək üçün bu gün danışılan türkcəyə» (1965) uyğunlaşdırılaraq sadələşdirilib.
«HEYRƏT VƏ ÜZÜNTÜ...»
Maraqlıdır ki, əsər öncə Avropada macar, italyan, ispan, fransız və ərəb dilinə çevrilərək çap edilib. Bu da Barbarosun Avropada hələ də şöhrətinin azalmadığına və «Böyük Türkə» olan marağın sönmədiyinə işarədir. Odur ki, Türkiyədə 1965-ci il çapını gerçəkləşdirənlər («Hayat» Tarih Mecmuası) türkcə mətninin günümüzə qədər çap edilməməsindən «heyrət və üzüntü» duyduqlarını vurğulayıblar.
BARBAROSUN TARİXƏ DÜŞƏN ƏN ÖNƏMLİ DƏNİZ DÖYÜŞLƏRİ TƏSVİR OLUNUB
Xatirələrdə Xeyrəddin Paşanın doğuluşundan 1543-cü ilədək keçdiyi ömür yolundan söz açılır, qələbəylə bitən önəmli döyüşləri (İspaniya, Əlcəzair, Tunis, İtaliya, Venesiya və s.) təsvir edilir.
1543-44-cü illərdəki məşhur Fransa səfəri isə «Xatirələr»də yer almır, çünki «Xatirələr» Fransa səfərinədək yazılıb tamamlanır və Sultan Süleymana göndərilir.
«BÖYÜK TÜRK-BÖYÜK DƏNİZÇİ»
Xeyrəddin Paşa 1546-cı il iyulun 4-də 74 yaşında İstanbulda gözlərini əbədi yumur. Türbəsi Beşiktaşdadır.
Əsrlərdir ki, Bosfor boğazından çıxan Türk Donanması avropalıların «Böyük Türk –Böyük Dənizçi» adlandırdıqları Barbarosun dəfn olunduğu yerdən keçərkən, onun ruhuna yüzlərlə top atəşiylə sayqısını bildirir...
«Xatirələr»i Azərbaycan türkcəsinə Elxan Rzayev uyğunlaşdırıb.