Qocaman çinarın budağından bir ayaq sallanırdı...

an McEwan

-

Çağdaş ingilis yazarı, "Amsterdam" romanı ilə 1998-ci ildə "Man Booker" mükafatını qazanmış Ian McEwan-ı yaxından tanıyaq.

D.K.Karslieva

Ian McEwan-in “Tövbə” romanında janr polifoniyası

XX yüzildə yeni ədəbi cərəyanlar, xüsusilə də postmodernizm müxtəlif üslub və janrların bir arada təqdiminə üstünlük verdiyindən janr polifoniyası problemi də aktuallıq qazanıb.

Romanı çoxjanrlı sistem kimi dəyərləndirən M.M.Baxtin deyirdi ki, bu sistem, öz təbiəti etibariylə, demək olar ki, bütün məlum janrları içinə almağa qadirdir.

Bu arada o da nəzərə alınmalıdır ki, romana daxil edilən janrlar adətən özlərinə xas konstruktiv elastikliyi, sərbəstliyi, dil və stilistik (üslubi) özəllikləri də qoruyurlar”.

O da bəllidir ki, postmodernizm roman janrının bu özəlliyindən imkan yetdikcə yararlanmaqdadır.

Çağdaş roman yaradıcılığındakı çoxjanrlılıq “kollaj” xarakterlidir, bu isə həm bütün mümkün (adətən təzadlı) cəhətlərin bir araya gətirilməsinə yönəlib, həm də bu ziddiyyətli formaları sırf mexaniki şəkildə bir-birinə calamaqla vahid, bitkin bir əsər yaradılmasına can atır.

Bu yolla çoxjanrlılıq çoxüslubluluğun özəl ifadə tərzi kimi meydana çıxır, çünki çoxüslubluluq da öz növbəsində çoxparçalılığa və çoxmərkəzliliyə rəvac verir, nəticədə isə XX əsr romanında təhkiyənin polisentrizmə (çoxmərkəzliliyə) meyli qaçılmaz olur.

Buna görə də XX yüzilin sonlarına doğru bədii söz sənətində, xüsusilə də roman janrında əldə edilən nailiyyətlərin bir mənada yekunlaşdığından söz etmək olar.

A.V.Mixaylov yazır ki, “bugünkü romanda baş verən ciddi dönüş həm roman janrının məğzini, həm təhkiyənin məğzini, həm də sözlərin məğzini dəyişməyə qadirdir...

Bu dönüşün gerçəkləşməsi isə ilk növbədə roman növünün forma problemləriylə sıx şəkildə bağlıdır.

Roman təhkiyəçiliyinin ən müxtəlif aspektləri M.Baxtinin, R.Bartın, J.Jenettin, P.Rikörün, A.C.Qreymasın, D. Locun, V.Şmidin və başqalarının əsərlərində araşdırılıb.

Bu əsərlərdə kommunikasiya aspekti sayəsində formalaşan narratologiyaya da toxunulub.

Ədəbiyyat nəzəriyyəçiləri birmənalı şəkildə bildirirlər ki, öz inkişafı baxımından roman - tamamilə sərbəst janrdır və onun üçün keçərli olan yeganə şərt - təhkiyəçilikdir."

XX yüzil ədəbiyyatında dərin maraq doğuran təhkiyəçilik probleminin İen Makyuenin yaradıcılığından da yan keçmədiyi bizdə hər hansı şübhə doğurmur.

Çağdaş ingilis yazarı İen Makyuen (Ian McEwan) 1948-ci ildə doğulub. O, özünün “Zəmanə uşağı” (The Child in Time - 1987), “Günahsız” (The İnnocent - 1990) “Amsterdam” (Amsterdam - 1998) və digər əsərləriylə böyük şöhrət qazanıb və “postmodernist qotika”nın təmsilçilərindən sayılır.

Lakin “Tövbə” (Atonement - 2001) romanında bu yazarın milli realist ənənələrlə yanaşı, postmodernist poetikaya da sədaqət sərgilədiyi diqqəti çəkir, bu cəhət isə XX yüzilin sonu və XXI yüzilin əvvəllərində bütövlükdə ingilis nəsri üçün xarakterikdir.

Sözügedən romanda psixologizm, qəhrəmanların iç dünyalarının açılması həm təhkiyədəki dramatizm, həm də postmodern oyunlar fonunda təqdim olunur.

Romanın ilk bölümü “modernist” xarakterlidir və burada biz V.Vulfun, E.M.Forsterin, D.H.Lourensin və R.Lemanın romanlarının postmodernist yorumlarını hiss edə, sezə bilərik.

George Orwell

Əsərin ikinci bölümündə bu üslub İkinci Dünya müharibəsində ordunun geriyə çəkilməsi ilə bağlı inandırıcı, sənədli təhkiyə ilə əvəz olunur: nəticədə biz C.Oruellin esselərinin və 1930-40-cı illərdə hazırlanan hərbi reportajların ruhunu aşkar duyuruq.

Nəhayət, sonuncu - üçüncü bölümdə müəllif E.Bouenin yazı tərzini yamsılayır.

Əsərin birinci bölümündə realist üslubda, təfərrüatlı və psixoloji təsvirlərə geniş yer verilməkdədir. Romanın epiqrafı kimi Ceyn Ostinin “Nortenger abbatlığı” (Northanger Abbey - 1918) əsərindən bir abzas seçilib.

Öz növbəsində bu, romanın təkcə həmin ingilis romançısından təsirlənərək yazılan bölümlərinə deyil, bütövlükdə Makyuenin əsərdəki təhkiyəsinə öz təsirini göstərmişdir.

A.Borisenko haqlı olaraq qeyd edib ki, bu təhkiyə sayəsində oxucu 1935-ci ilin bürkülü yay günündə malikanədə yaşayan və çaşqınlığa qapılan bir ingilis ailənin alışılmış məişətinə nüfuz edə bilir: ata daim öz iş-gücüylə məşğuldur, ana miqrendən əziyyət çəkir. Əsərin ekspozisiyası (giriş qismi – A.Y.) uzun görünür. “Bütün bu məqamlar isə oxucuya klassik ingilis romanlarından yaxşı tanışdır”.

Makyuenin romanındakı süjet xəttinin Ostinin romanlarına xas strukturu xatırlatdığını isbatlamaq çətin deyildir: əsərin qadın qəhrəmanı nədəsə yanılır və təxminən romanın ortalarına doğru bir təsadüf nəticəsində o, bu yanılğının fərqinə varır, bu barədə uzun-uzadı düşünür. Romanın ikinci bölümü isə qəhrəmanın öz səhv və yanlışlarından qurtulmaq üçün apardığı mürəkkəb mübarizədən, öz yeni “mən”ini axtarmasından bəhs edir.

Eyni zamanda vurğulamalıyıq ki, biz, oxucular, böyüyüb yaşa dolan yaradıcı bir şəxsiyyətin formalaşması barədə hekayətlə tanış oluruq.

Baş qəhrəman Brayoninin yaşantıları bir insanın dünyagörüşünün necə formalaşdığını izləmək imkanı verir bizə. Bu ara oxucu yazarın uşaq psixologiyasına və tərbiyəçi-roman janrına necə böyük önəm verdiyinə, onun (əlbəttə) müəllif tərəfindən necə dərk edildiyiniə şahid olur.

Dünyanın dərkinin nə qədər illüziyalı olduğu fəvvarə yanında baş verən əhvalatda aşkar şəkildə nəzərə çarpmaqdadır.

Romanda həlledici əhəmiyyətə malik olan bu səhnəni Makyuen məhz V.Vulfun yazı tərzində oxucuya təqdim edib: yaşanan hisslərin təqdimi məzmunu, formal məqamları tamamilə kölgədə qoyur.

Əldəki baş barmağın necə büküldüyünü anlamağa çalışan Brayoninin daxili yaşantılarının təsvirində son dərəcə incə psixologizm, impressionist yazı üslubu diqqəti çəkir:

“Bu zaman dəridə hər hansı qırışıqlıq nəzərə çarpmırdı, bununla yanaşı, qıza bəlliydi ki, əsl məğz – bəlkə də ruhun özü? – bu şümal, qırışsız dərinin altında gizlənibdir, ən nəhayət, o, oyunbazlıqdan imtina edərək, öz dəqiq qərarını vermişdi”.

Gənc xanım yazarın fəvvarə yanında baş verən bir əhvalatı ən müxtəlif baxış nöqtələrindən təsvir eləmək cəhdi V.Vulfun insanın könül dünyasına nüfuz etmək və şəxsi müşahidələrdən müəyyən nəticələr çıxartmaq istəyini xatırladır bizə:

“Qız sadəcə özününkü qədər parlaq olan, ən fərqli düşüncə tərzlərinin təqdiminə çalışırdı. Bu sayədə o, etiraf etmək istəyirdi ki, hər kəsin özünə xas, canlı bir mentallığı (düşüncə tərzi – A.Y.) var”.

Makyuenin romanındakı süjet kolliziyası isə E.M.Forsterin “Hindistana səyahət” (“A passage in İndia” 1924) romanındakı düyünü xatırladır. Adıçəkilən roman ingilis ədəbiyyatı tarixinə müstəmləkəçilik əleyhinə yazılan ilk bədii əsər kimi düşmüşdür: roman cavan hindli həkim Əzizin ingilis bir xanımı guya zorlamaq cəhdinə görə ittiham olunmasından bəhs edir. Yazar Forster romanda özünü mədəniyyətin və sivilizasiyanın daşıyıcısı sayan, buna bütün varlığıyla inanan, müstəmləkələrin idarə olunmasında məsul vəzifələr alan şəxslərin portretlərindən ibarət böyük bir qalereya yaratmışdır.

Bu allüziya (bənzərlik) Makyuenin romanında Tollis ailəsinin, xüsusilə də Brayoninin ata-anasının surətlərində öz davamını tapıbdır: missis Tollis hesab edir ki, Cek Robbi ilə sadəcə əylənmək niyyətindədir, çünki bu adam bütün ömrü boyu sosial fərqlərin ortadan qaldırılması prinsipi uğrunda mübarizə aparan birisidir.

Ian McEwan

“Tövbə” romanda ingilis əsgərlərinin geriyə çəkilməsindən bəhs edən ikinci bölüm isə öz sənədli və naturalist yazı tərziylə seçilir. Bu bölümdə Makyuen sanki özünün sevimli yazı tərzinə qayıdır, qətllərin soyuqqanlı və amansız təsvirlərinə üstünlük verir.

Bir örnəyə baxaq: “Təzə-tər yarpaqlarla örtülən qocaman çinarın budağından bir ayaq sallanırdı... Son dərəcə gözəl biçimlərə malik, qanı qaçdığı üçün rəngi avazıyan bu ayaq incə-mincəydi, yəqin bir uşağa məxsus idi ”.

Başqa misala baxaq: “Cərgənin o biri ucunda zabit irəliləyirdi. Ayrı-ayrılıqda hər ata yanaşan bu adam heyvanın başına güllə sıxırdı... Hər at üzüyola halda dayanıb, öz əcəlini gözləyirdi”.

Robbinin Dyunkerkə doğru irəliləyişini təsvir edərkən Makyuenin üslubunda Oruellin sənədli esselərinə xas realist ənənə ilə yanaşı, “Qəzəbli cavanlar” ədəbiyyatının üslubu da diqqəti çəkir: bu üslub 1950-ci illərin Böyük Britaniyasında fəhlə sinifindən və ya orta təbəqədən olan gənclərin onları əhatə edən reallığa qarşı etirazının təsviri nəticəsində meydana çıxmışdı.

Robbi işləmədiyi cinayətlə bağlı ittihamın onun üzərindən götürülməsini və ədalətin bərpasını arzulayır: “Onun adındakı bu ləkə silinib, getməliydi”.

Romanın üçüncü bölümündə Makyuen, eynilə Elizabet Bouen kimi, mürəkkəb psixoloji münasibətlər fonunda sevginin və qarşılıqlı ümidlərin puça çıxmasını araşdırır. Bacısıgilə qonaq gələn Brayoni orada Robbi ilə rastlaşanda ziddiyyətli hisslər onun bütün varlığını sarsıdır: “Ən heyrətamiz cəhət o idi ki, Robbinin hələ də sağ olmasının aşıladığı yüngülləşmə duyğusu tezliklə öz yerini onunla üz-üzə gəlməyin təşvişinə vermişdi”.

Elizabet Bouenin estetik baxışları və yazı praktikası yaşadığı zəmanənin ədəbi mühitinə uyğun olaraq formalaşmışdı: həmin dövrdə insanın gündəlik həyatına və daxili aləminə böyük maraq duyulurdu, onun psixoloji durumlarındakı ən çətin sezilən dəyişimlərin təsvirinə cəhdlər göstərilirdi.

Bouenin yaradıcılığında ən başlıca mövzu – “bir individin (fərdin) ona düşmən kəsilən, soyuqqanlı bir dünyada özünü təsdiqləmək uğrunda apardığı mübarizə” idi.

Brayoninin daxilən dəyişməsi, keçmişdə yol verdiyi səhvləri dərk edən bir insan və yazar kimi yetkinləşməsinə Makyuenin dərin maraq duyması romanın təhkiyəsində ön plana çıxır:

“Artıq Brayoninin bədii vasitələrlə xarakterlərin yaradıla biləcəyinə inamı sarsılmışdı. Brayonini maraqlandıran məqam – zamanın içiylə eynilə bir çay kimi axıb gedən şüurun axışını, fikir və duyğularını, yaşantılarını təsvir edə biləcək üsulları tapmaq, sınamaq idi. Vurmuş olduğu zərərin qarşılığını o, heç vaxt verə bilməyəcəkdi. Odur ki, əfv olunması da imkansız idi”.

Romanın mətninə epistolyar bölümlər də salınıb: Sesiliya ilə Robbinin məktubları, habelə “Tövbə” romanının qəhrəmanlarından biri olan Brayoninin romanı barədə “Horizont” nəşriyyatı əməkdaşının məktub şəklində göndərdiyi tənqidi rəyin mətni də əsərə daxil edilib. Bu əməkdaşın inisiallarından (C.K.) təxmin etmək olar ki, qıza göndərilən rəyin müəllifi 1940-1949-cu illərdə adıçəkilən jurnalın baş redaktoru işləyən Siril Konnollidir və bu, üçüncü şəxsin dilindən nəql olunan təhkiyənin simulyativliyi (saxtalığı) şübhəsini doğurur.

Əgər iki sevgilinin qarşılıqlı yazışmaları onların vüsala can atmasını, hisslərinin (bir qədər şişirdilmiş) dərinliyini nəzərə çarpdırırsa, nəşriyyat əməkdaşının məktubu tamamilə fərqli bir məqsəd daşıyır. Brayoninin əlyazmasıyla bağlı rəy, çox yəqin ki, sözügedən romanın birinci bölümüylə əlaqəlidir, elə buna görə də müəllif V.Vulfun yazı üslubunu yamsılamaqla bağlı xeyli kinayəli ifadələr işlətməkdən özünü tuta bilmir.

Brayoniyə romanın fərqli bir variantını yazmağı məsləhət görən rəyçi bu xanım yazara müharibə illərində topladığı şəxsi həyat təcrübəsindən yararlanmağı və “hadisələrin ən sonda nə ilə bitəcəyini öyrənməyə çalışan oxucuları” da nəzərə almağı məsləhət görür. Burada yazarın ədəbi formalarla oyun oynadığı göz qabağındadır: “Tövbə” romanının ikinci bölümü və üçüncü bölümün ilk epizodları əslində Brayoninin yazdığı romanın yeni (fərqli) variantlarından başqa bir şey deyildir.

“Tövbə”nin sonuncu bölümündə oxucu özrefleksiya, özünüifşa və müəllif oyunu üzərində qurulan postmodernist mətnlə baş-başa qalır.

Bu yerdə biz V.A.Pesterevin romanda çağdaş situasiyanın təqdimiylə bağlı qənaətinin doğruluğunu etiraf eləməyə məcburuq: “Sintetiklik, çoxüslubluluq (polistilistika), janr polifoniyası, dil ilə mətnin xeyli təbəqədən ibarət fəzası, intertekstuallıq (mətnlərarası bağlantıların təmini), özrefleksiya, metatəhkiyə, janrdışı və ədəbiyyatdışı formalar, şərtilik və roman mimesisi, müəllif “mən”inin və oxucunun metamorfozaları, göstərənin göstərdiyi ilə oyunu, xətti və qeyri-xətti strukturlar – bunlar hamısı çağdaş romanın kontekstinin tərkib hissələridir”.

Makyuen öz əsərində XX yüzilin sonu – XXI yüzilin əvvəllərində roman sənətinin inkişafında nəzərə çarpan tendensiyaları əks etdirir, bu baxımdan zamana və söz sənətinə həssas yazarların fikri özünü doğruldur: “Bizim yeni paradiqmalar yaratmamız yeni kitabların, yeni yazı üslublarının və oxucuların diqqətini cəlb etməyə marağın meydana çıxmasına imkan verəcəkdir”.

Araşdırmaçı O.Cumaylonun qənaətinə görə, “Yazı “mədəniyyəti” yazardan ötrü “hazır qəliblər yığını”ndan ibarət olduğundan və real insan təcrübəsinə söykənmədiyindən yazar onu dağıtmağa məcburdur”.

Əsərin yetmiş yaşlı qəhrəmanı zaman keçdikcə yaddaşını itirməyə başlayır, buna görə də o, sözdə tövbə illüziyasına daim can atır:

“Əgər romançı əsərdəki hadisələrin gedişatı, axışı üzərində hüdudsuz iqtidar sahibidirsə, hakimi-mütləqdirsə, bir mənada tanrıdırsa, onda tövbə onun nəyinə gərəkdir ki?! Hətta romançı ateist olsa belə, tanrı kimi, o da tövbəyə hər hansı ehtiyac duymaz. Bu məsələnin (missiyanın) icrası həmişə imkansız sayılsa da, yazar adətən məhz buna cəhd göstəribdir. Bütün məsələ də elə bu cəhddə gizlənməkdədir”.

Bu əsərdəki ustalığı hesabına Makyuen öz adını XX yüzilin 30-40-cı illərində yazıb-yaratmış Britaniya romançılarının siyahısına daxil edibdir. O, həmin dövr yazarlarının təkcə təhkiyə texnikalarını öyrənib yamsılamır, yetkinləşən Brayoninin gəldiyi qənaətə görə, bu texnikalar insan təbiətinin görünməmiş transformasiyalara uğradığını göstərir və yalnız bədii ədəbiyyat, həm də yeni ədəbiyyat bütün bu dəyişimlərin məğzini yaxalamağa qadirdir. Bir başqasının şüuruna hakim kəsilərək, onun necə çalışdığını, dış təsirlərə necə təpki verdiyini öyrənmək və bunlarla bağlı ciddi bir kompozisiya üzrə nə isə yazmaq – bir sənətkar üçün əsl zəfər sayılardı”.

R.Peluzoya verdiyi müsahibədə Makyuen bir daha təkrarlayır ki, “ona görə ədəbiyyatda və yazarlıq sənətində ən qiymətli cəhət – sizin başqa bir insana bənzədiyinizi öyrənmək imkanı qazanmanızdır, başqasının duyduqlarını sizin də eynilə duymanızdır”.

Beləliklə, “Tövbə” romanındakı janr polifoniyası – bədii ədəbiyyatın insan şüurunun daxili fəaliyyətinə nüfuz etməsinə və bunun sözlərlə təsvirinə əsər müəllifinin bəslədiyi inamın ifadəsidir.

Makyuenin əsərində yararlandığı fərqli roman formaları da insanın təsvirindəki, onun ruhunda və psixikasında baş verən dəyişimlərin təsvirindəki mümkün yanaşmaları ortaya qoymaqdadır.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar