-
Bu payız yağışları
Bu fəslin qaval çaları
Səssiz qalmış navalçaları
Dindirdi, nə dindirdi
Ən uzun zurnalar kimi
Bu payız yağışları
Yupyumru dünyamız val çaları
Öz səsiylə hər çaları
Dindirdi, nə dindirdi
Sarı yağış sazı üstə
Çıxdı payız köynəkləri
Bir mövsümlük pullar kimi
Yarpaqlar da xəzəlləndi
Son yaşılını itirib
Cevizlər də qəzəlləndi
Sarı aşığın sazıyla
Sarı rənglər gözəlləndi.
Durnalar üzü Bağdada
Cərgələnib qəzəlləndi.
Xəzəllər oda qalandı
Tüstü dumana calandı
Çıxdı torpağın canından
Payızın köynəkləri...
Quşlar üçün bu payız
Açdı sərhəd qəfəsi
Yağışlar da kəsməyib
Kəsdi yolu, nəfəsi.
Ellər payız üstündə
Yenə boy-boy yandılar
İslaq pəncərələrdən
Ümidimə boylandılar.
Beləcə geyinildi
Payızın eynəkləri...