ABŞ cihadçılara qarşı koalisiya yaradır

ABŞ dövlət katibi John Kerry (Arxiv)

-

Birləşmiş Ştatlar İraqda İslam Dövləti təşkilatı ilə vuruşmaq üçün “özək koalisiya” yaradıb.

ABŞ dünya boyunca müttəfiq və partnyorlarını dəstək verməyə çağırıb, lakin İraq ərazisinə quru qoşunlarının çıxarılmasını istisna edib.

Mətbuat xəbər verir ki, prezident Barack Obama NATO-nun Uels sammitindən İŞİD-ə qarşı dəstək kampaniyası üçün istifadə etməyi planlaşdırsa da, başqa mühüm məsələlər, Ukrayna böhranı və Şərqi Avropada Rusiya təcavüzü təhlükəsi bu problemin həllini son məqama saxlayıb.

NATO sammitinin sonuncu günündə

Məhz buna görə də zirvə toplantısının ikinci günündə ABŞ dövlət katibi John Kerry və müdafiə naziri Chuck Hagel 10 ölkənin xarici işlər və müdafiə nazirlərini görüşə toplayaraq cihadçılarla mübarizədə kimin nə kimi dəstək verə biləcəyini öyrənməyə çalışıblar.

Britaniya və Almaniya nazirləri bu görüşdə bildiriblər ki, İŞİD artıq İraq və Suriyada geniş ərazilər zəbt edib və onu geri oturtmaq üçün uzun müddət lazım gələcək.

Öz növbəsində NATO Qərb ölkələrindən İŞİD-in sıralarında döyüşən vətəndaşları haqqında informasiyanın paylaşılmasını istəyib.

Özək koalisiya

Dövlət katibi Kerry deyib ki, hazırda başlıca məqsəd İslam Dövləti təşkilatının daha geniş ərazi zəbt etməsinə yol verilməməsidir.

John Kerry bildirib ki, cihadçılara qarşı koalisiyaya Britaniya, Almaniya, Kanada, Avstraliya, Türkiyə, İtaliya, Polşa və Danimarka qoşulacaqlar.

Dövlət katibi qeyd edib ki, bu ölkələr İŞİD-ə qarşı koalisiyanın özəyini təşkil edəcəklər və gələcəkdə bu işə daha çox ölkə cəlb olunacaq.

Ən ağır yük Türkiyəyə düşəcək

John Kerry bildirib ki, Qərb İŞİD-ə qarşı koalisiyanı BMT Təhlükəsizlik Şurasının bu ay keçiriləcək iclasına qədər elan etməlidir.

Mətbuat yazır ki, yeni koalisiyada ən ağır işin Türkiyə üzərinə düşəcəyi gözlənilir, çünki xarici cihadçılar Suriyaya məhz onun ərazisindən keçirlər.

ABŞ müdafiə naziri Hagel gələn həftə Türkiyəyə səfər edəcək.

İş bir-iki bomba ilə düzəlməyəcək

Diplomatik dairələrdən sızan xəbərlərə görə, Britaniyanın baş naziri David Cameron və Fransa prezidenti Francois Hollande Barack Obama ilə qapalı danışıqları zamanı bildiriblər ki, İŞİD-lə mübarizə onun yalnız havadan bombalanması ilə məhdudlaşa bilməz və burada daha geniş strategiyaya ehtiyac vardır.

Britaniya müdafiə rəsmilərindən qapalı söhbətlə tanış olanlardan biri bildirib ki, burada yalnız “gedək bir-iki bomba ataq, sonra görək nə olur” fəlsəfəsi ilə hərəkət etmək olmaz.

Fransa bildirib ki, İŞİD-lə mübarizənin hərbi müdaxilə də daxil olmaqla, bütün aspektlərində iştirak etməyə hazırdır.

Bir il, iki il və hətta üç il…

Barack Obama deyib ki, ABŞ cihadçıları “əl-Qaeda döyüşçülərini ovlayan kimi ovlayacaq”.

Lakin bir sıra Avropa ölkələri, o cümlədən Almaniya İraq və ya Suriyada əməliyyatlara daha az həvəs göstərir.

Berlin bu mövqedədir ki, hazırda Rusiya təhlükəsi və Əfqanıstan daha mühüm məsələlərdir.

Sammitdəki görüşdən sonra Kerry və Hagelin verdiyi bəyanatda bildirlir ki, İslam Dövləti təşkilatına qarşı hərbi mübarizə vasitələrindən başqa, həm də maliyyə təzyiqləri vasitəsindən, ələxüsus da cihadçıların neft satışından təcrid edilmələrinin təmin olunmasından istifadə edilməlidir.

ABŞ etiraf edir ki, İŞİD-ə qarşı İraqda mübarizə Suriyada vəziyyətin gərginləşməsi ilə müşaiyət olunacaq və müttəfiqlər bu mübarizənin bir il, iki il və hətta üç il davam edəcəyinə hazır olmalıdırlar.