-
Rüfət Səid Əhmədzadə
GƏL QƏZƏBLƏNƏK, ŞAİR
(Aqşin Yeniseyin doğum gününə)
Çəkilir gözlərinin önündəki pərdə...
Və sən hər şeyi olduğutək görürsən.
Nə duman var, nə xumar...
Arzular var,
sən onları elə dünənki kimi görürsən.
Uşaqdırlar, körpədirlər...
Amma gözlərindən...
Dünyagörmüş qocaların hekayətləri qədər
Dərd-sər boylanır sənin sətirlərinə.
Sətirlər də səliqəli,
Sadə və gözəl kənd qızları kimi...
Onlardan Zümrüd şəhərinin həsrəti boylanır
Şairin tökmətöküş,
Qadın əllərindən küskün evinə.
Əslində heç vaxt pərdə olmayıb...
Heç bir divar sənin gözlərinin qarşısında
Dura bilməyib.
Və heç vaxt yumulmayıb
Gözləri demirəm...
Yumruqlarını görən də olmayıb.
Sən bütün qorxuların üzərinə
qucaq açıb, gülə-gülə getmisən.
Di gəl ki,
Nədənsə qucaq açmaq,
Dərdlərə hırıldamaq,
Axır zamanlar dadımıza çatmır.
Yox, daha bədii üslub da işə yaramır
Ürəklərin nə günə düşdüyünü
İfadə edə bilmir.
Bilmir,
Bilmir,
Bilmir...
Hər şeydən xəbərdar çoxbilmiş qocalar da
Bir cavan şair üçün bir gün ağlaya bilmir.
Sonra sən də bilmirsən
Eybəcərliyi necə gözəl təsvir edəsən.
Bütün suallar “bilmirəm” cavabına bağlıdır...
Və heç mən də bilmirəm.
Sənin kimi ömür yaşayan birinin 36 yaşına
Nə cürə şeir yazım.
Gəl, qəzəblənək, şair!..
İndiyədək, heç vaxt bir yerdə bir qram içmədik...
Gəl, ömrümüzün sonuna kimi,
hey buna heyfsilənək!