-
"Camaat narazıdır ki, məmurlar yas haqda qadağaları xalq əməl etsin deyə yazıblar, özlərisə onu rədd edirlər".
"Biz dövlətin bu prosesə müdaxiləsindən çəkinməməliyik. Məcburi təhsilin özü də dövlət müdaxiləsidir. Bu olmasa nə qədər adam uşağını məktəbə göndərər?"
"Burda siyasi elementlər də görürəm. Diqqəti elə bil vacib məqamlardan, həbslər kimi daha əhəmiyyətli məsələlərdən yayındırmaq istəyirlər".
Toy və yas mərasimlərini kim tənzimləməlidir? Insanlar özləri, yoxsa hökümət?
Bu mövzunun müzakirəsində israfçılığa qarşı olan yazar Yalçın İslamzadə ilə yas mərasimlərinə hökümətin müdaxiləsini pisləyən tarixçi Altay Göyüşov və ilahiyyatçı Fərid Abdullah üz-üzə gəliblər. Bundan başqa debata Azadlıq Radiosunun tacik xidmətinin müxbiri Tohir Safarov da telefonla qoşulub və 2007-ci ildə qəbul edilmiş mərasimlərlə bağlı qanunun işləyib-işləmədiyindən danışıb.
Fərid Abdullah:
- Məncə, dövlət yas mərasimlərinə müdaxilə etsə belə, bu, sadəcə tövsiyə xarakterli olmalıdır. Bunun nizamlayıcısı xalqdır. Biz bir çox dövlətlərin təcrübələrindən görmüşük ki, dövlət belə məsələdə haqlı da olsa, haqsız da olsa, xalq bu məsələni öz çıxarlarına uyğun həll edib. İsrafçılığın qarşısının alınması gözəl təşəbbüsdür. Lakin bunun ümumi şəkildə aparılması yaxşı nəticəyə gətirməyəcək. Konkret proqram hazırlanmalıdır.
Yalçın İslamzadə:
- Biz dövlətin bu prosesə müdaxiləsindən çəkinməməliyik. Bir çox hallarda dövlətin müdaxiləsi vacibdir. Məcburi təhsilin özü də dövlət müdaxiləsidir. Bu olmasa nə qədər adam uşağını məktəbə göndərər? Dövlət müdaxilə etməlidir. Amma təkbaşına yox, həm də aydınlanma, maariflənmə getməlidir.
- Deyirsiz ki, dövlət müdaxilə etməlidir. Son günlər yerli qurumlar yas məclislərini dağıdır, süfrələrdə nəyisə ixtisar edir ki, bu da qıcığa, ağrıya, etiraza səbəb olur.
- Qərar verilibsə, icra olunmalıdır. Əlbəttə, ilk vaxtlar problem yaşanacaq. Amma maariflənmə getməlidir. Heç bir xalqda belə adət yoxdur. Bu kimə lazımdır?
Şahnaz Bəylərqızı:
- Telefon xəttində Azadlıq Radiosunun Tacikistan Xidmətinin müxbiri Tohir Safarovdur. Tohir bəy, sizing ölkədə mərasimlərlə bağlı qanun hələ 2007-ci ildə qəbul edilib. Necə icra olunur? Xalq necə qəbul edir?
Tohir Safarov:
- Qanun qəbul ediləndə çoxları deyirdi ki, bu, Konstitusiyaya ziddir, Konstitusiya insanların azadlığına təminat verir, ancaq bu qanunun qəbulu ilə dövlət insanların özəl həyatına müdaxilə edir. Yəni hər kəs özü bilər ad gününü, toyunu, ya yasını necə yola verir, 1000 qonaq çağırar, ya az çağırar, özü bilər. Çoxu etirazla qarşıladı bu qanunu. Amma sevinclə qarşılayanlar da oldu. Azərbaycanda olduğu kimi Tacikistanda da çoxları toyunda böyük israfçılığa getməyə vadar idi. Bəziləri yaxşı toy etmək, müğənni çağırmaq üçün böyük məbləğdə borca girirdi, sonra da ömür boyu bu borcu ödəməli olurdu. Ancaq zamanla hamı qanuna alışdı. Özü də indi xalq arasında ona ciddi şəkildə əməl olunur.
Bir misal deyim, iki-üç il əvvəl qardaşıma toy edəndə dedilər ki, qanuna əsasən, 150 nəfər çağırmalıq, məclis də 3 saat davam etməlidi. Vaxt başa çatanda restoran rəhbərliyi bildirdi ki, məclis dağılmalıdır, ərazini tərk etməsək onları cərimə edəcəklər. Qanunla cərimələr də çox böyükdür. Xalq da artıq bunu qəbul edib və ciddi-cəhdlə əməl edir. Amma o başqa məsələ ki yuxarılar qanuna əməl etmir, camaat da bu haqda çox danışır. Bir-iki il əvvəl Tacikistan prezidentinin oğlunun toyunun videosu yayılmışdı. Prezident özü rəqs edir və toya 150-dən çox çağrıldığı görünür. Bundan sonra böyük diskussiya getdi ki, belə bir qanun qəbul ediblər, amma özləri ona əməl etmirlər. Rəsmilərin dediklərinə görə, bu qanun sayəsində son illərdə Tacikistanda 2 milyarda yaxın vəsaitə qənaət edilib.
- Yas mərasimləri necə keçirilir?
- Yas mərasimləri yoxsul ailələr üçün yük idi. “Yeddi”dən, “iyirmi”dən, “qırx”dan, “altı ay” mərasimlərindən başqa cümə günləri də mütləq qonum-qonşuya, qohum-əqrəbaya ehsan verilməliydi. Amma indi bu mərasimlər qadağandır, kimsə eləsə cərimələnəcək. Cərimələr dediyim kimi böyükdür. Son vaxtlar yas mərasimləri də yığcam keçirilir.
- Bəs məmurlar yas mərasimləri ilə bağlı qadağalara əməl edirlərmi?
- Camaat narazıdır ki, yas haqda qadağaları xalq əməl etsin deyə yazıblar, özlərisə onu rədd edirlər. Sıravi adamlar arasında belə fikir səslənir ki, sözügedən qanunu büdcəni cərimələrlə doldurmaq üçün qəbul ediblər. Mən artıq prezidentlə bağlı faktı dedim sizə.
- Asia plus yazır ki, ildən-ilə qanunları pozanların sayı artır. Ötən il üçün bu rəqəm 238-dir.
- Hər il bu cür reydlərin nəticəsi, qanuna necə əməl edilməsi haqda məlumatlar yayırlar. Məndə son rəqəmlər yoxdur. Ona görə qanunu pozanların sayının artması haqda nəsə deyə bilmərəm. Amma deyə bilərəm ki, iki ay əvvəl bir nəfəri qanunu pozduğuna görə təxminən 5 min dollar cərimə ediblər.
Altay Göyüşov:
- Sovet hökuməti keçən əsrin 20-30-cu illərində dinə qarşı mübarizə apararkən tətbiq etdiyi şeylərdən biri də vətəndaş yas mərasimləri idi. Bura orkestr gətirilirdi, filan... Dini atributlardan qurtarmaq istəyirdilər. Ancaq 50-60-cı illərdə dini qaydalarla dəfn yenidən populyarlaşdı... Düzdür, o vaxt belə təmtəraq da yox idi. 1990-cı illərdən sonra maraqlı tendensiya yarandı, insanlar sanki bir-biriylə yarışa girdilər, yas mərasimi birinin varını, o birinin vacibliyini göstərmək vasitəsinə çevrildi. Bu, insanlarda ikrah doğurmağa başlayır. Bayağılıq diqqət çəkir. Eyni zamanda, mollaların danışığı da ikraha səbəb olurdu. Zamanla əhali başladı cümə axşamlarını “palatka”da yox, evdə keçirməyə və ya “üç” keçirildi, “yeddi” yox.
- Əhali özü düzəlişlərə gedirsə, dövlətin müdaxiləsi zəruri idimi?
- İcma özü tədricən mərasimləri tənzimləyir. İndiki şəkildə demək ki, yemək vermək olmaz (bu yaxşıdır, pisdir qoyuram bir tərəfə), bunun əks reaksiyası olacaq. Bu artıq istənilən reaksiyanı, nəticəni verməyəcək, camaat özü tənzimlənməlidir. Dediyim kimi sovet vaxtında vətəndaş mərasimləri vermək istədilər, amma nəticə olmadı. O siyasət nəticəsiz qaldı. Bu kampaniya da uğurlu olmayacaq, çünki kampaniyadır. Zamanla köhnə adət qayıdacaq. Burda siyasi elementlər də görürəm. Diqqəti elə bil vacib məqamlardan, həbslər kimi daha əhəmiyyətli məsələlərdən yayındırmaq istəyirlər. Proses özü süni təsir bağışlayır.
Proqramı tam izlə