-
«Əsrin kontraktı»nın 20-ci ildönümündə azərbaycanlılar BP-dən onların ölkəsindəki repressiyalara dəstək verməyi dayandırmasını tələb edirlər.
Bu münasibətlə Azərbaycan və Avropanın 28 insan haqları və demokratiya fəalı BP şirkətinin baş icraçı direktoru Bob Dudley-yə məktubla müraciət ediblər.
Bu məktuba imza atanlardan biri də hazırda Azərbaycan həbsxanasında olan fəal Rəsul Cəfərovdur.
Başqa bir məktub isə Azərbaycan və Avropadakı insan haqları qrupları tərəfindən BP şirkəti də daxil olmaqla, Azərbaycanda keçiriləcək Avropa Oyunlarının sponsorlarına ünvanlanıb.
Bu məktubda sponsorlardan Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyəti ilə əlaqədar oyunların maliyyələşdirilməsi barədə qərarlarına bir daha baxmaları rica edilir.
Məktubların yazılması sentyabrın 20-sinə, Heydər Əliyev ilə BP başda olmaqla xarici neft şirkətləri konsorsiumunun imzaladıqları və tarixə «Əsrin kontraktı» adı ilə düşmüş böyük neft sazişinin 20-ci ildönümünə təsadüf edir.
Məktublarda qeyd edilir ki, bu kontraktın imzalanması BP ilə repressiv Əliyev rejimi arasındakı münasibətlərin iki onillikdir davam etməsinə yol açıb. Bu müddətdə şirkət Əliyev hökuməti ilə daha bir neçə neft və qaz sazişləri imzalayıb.
Hazırda BP Azərbaycan hökuməti ilə birlikdə TransXəzər Meqa Kəmərinin tikintisi üzərində işləyir. Bu nəhəng qaz kəmərləri şəbəkəsi Xəzər qazını Şimali İtaliyaya nəql etməlidir.
BP Azərbaycanın ən yeni tarixində həlledici rollardan birini oynayıb. BP Əliyevləri qüdrət və pulla təmin edib, bu isə öz növbəsində yenicə müstəqil olmuş ölkədə demokratiyanın inkişafına ciddi ziyan vurub.
Məhz buna görə də məktub müəllifləri «Əsrin kontraktı»nın 20-ci ildönümündə BP-ni Əliyev rejimi ilə bu cür əməkdaşlığı dayandırmağa çağırıblar.
BP SİYASİ MƏHBUSLARA AZADLIQ TƏLƏB ETSİN
Məktub müəllifləri BP-ni bir neçə konkret addımlar atmağa dəvət ediblər.
Onların fikrincə, BP şirkəti Azərbaycan hökumətindən 98 siyasi məhbusun dərhal azad olunmasını tələb etməlidir.
Məktubda həmçinin bu da qeyd olunur ki, BP Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına sponsorluq etmək qərarına yenidən baxmalıdır.
Bu tələbləri irəli sürənlər sentyabrın 17-də Londonda BP-nin ofisi qarşısında etiraz aksiyası keçiriblər.
BP PREZİDENTİN QÜDRƏT MƏNBƏYİDİR
İnsan haqları fəalları bildiriblər ki, Azərbaycan hökuməti saxtakar seçkilər, müxalifət nümayəndələrinin həbsləri, etirazçıların döyülməsi və media azadlığının boğulması hesabına iki onillikdir ki, hakimiyyətdə qala bilib.
BP rəhbərinə ünvanlanmış məktubda deyilir ki, «BP prezidentin qüvvə aldığı mənbədir. O bu var-dövləti, polisi BP-nin pulu olmadan necə əldə edə bilərdi? Əliyevlər BP-dən qazanaraq zənginləşiblər və nəticədə bu gün daha böyük qüdrətə malikdirlər».
NEFT PULLARI HARA AXIR?
Məktubda qeyd olunur ki, 30 yaşını həbsxanada keçirmiş Rəsul Cəfərov həbsindən bir ay əvvəl deyirdi: «Neft və qaz gəlirlərindən əvvəl Azərbaycanda daha çox demokratiya var idi. Neftdən əsas gəlirlər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsin ilə gəldi və o zamandan bəri ölkədə vəziyyət pisləşdi. İndi bizim jurnalistlər problemlərlə üzləşir, möminlərimiz həbs edilirlər. Hökuməti tənqid etsən, asanlıqla istintaqa çəkilə və saxta ittihamlarla məhkum edilə bilərsən».
BP rəhbərinə məktubda deyilir ki, korrupsiya Əliyev rejiminin əsas funksiyalarından biridir. Neftdən gələn gəlirlər Azərbaycan Dövlət Neft Fondunda toplanmalı, ölkə iqtisadiyyatını neft asılılığından qurtarmalı, neft sərvəti gələcək nəsillər üçün qorunub saxlanmalı idi.
«Lakin əvəzində bu vəsaitin çox hissəsi bahalı layihələrə xərcləndi» - deyilir məktubda.
VƏZİYYƏT HEÇ VAXT BU QƏDƏR PİS OLMAYIB
Məktubda qeyd olunur ki, süni qiymət inflyasiyası tikinti layihələrini həyata keçirən şirkətlərin varlanmasına səbəb olur və Azərbaycan neftindən gələn gəlirlər ofşor bank hesablarına axır.
Məktub müəllifləri yazırlar ki, Xədicə İsmayılova kimi təhqiqatçı-jurnalistlər bu şirkətlərin hakim ailə ilə bağlılığını sübut ediblər.
Məktub bu sözlərlə başa çatır:
«Azərbaycanda vəziyyət heç vaxt indi ki qədər pis olmayıb. BMT-nin Biznes və İnsan Haqlarına dair Rəhbər Prinsiplərini dəstəkləyən bir şirkət kimi BP Azərbaycanla münasibətləri barədə yenidən düşünməlidir».