Suriyadan Türkiyəyə 130 min kürd qaçıb

Kürd qaçqınları

-

Ankara deyir ki, son 2 gündə Suriyadan 130 min kürd Türkiyə ilə sərhədi keçib. Kürdlər İslam Dövləti (İD) yaraqlılarından qaçırlar.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmus sentyabrın 22-də bildirib ki, hakimiyyət daha çox kürdün gəlişinə hazırlaşır, hətta «ən pis halda» yüz minlərlə qaçqın gələ bilər.

Bu bəyanatdan öncə BMT-nin qaçqınlar agentliyi bildirmişdi ki, Suriyadan Türkiyəyə keçən kürdlərin sayı 100 mindir.

İD cihadçıları Suriyanın Ain al-Arab sərhəd şəhəri yaxınlığında onlarla kəndi tutub.

BBC İD yaraqlılarının hücumlarda tanklar daxil olmaqla ağır texnikadan istifadə etdiyini xəbərləyir.

Türkiyənin PKK yaraqlı qrupu sentyabrın 22-də kürdlərə müraciət edib ki, Suriyaya keçib Ain al-Arab-ı mühasirəyə almış İD qüvvələrinə qarşı vuruşsunlar. Bu şəhər kürdcə Kobane kimi tanınır.

BBC xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri kürd döyüşçülərinin Suriyaya keçməsini önləməyə çalışır.