Poroshenko deyir ki, Rusiyadan yaxa qurtarmağın yeganə yolu «iddialı islahatlardır»

-

Ukrayna prezidenti Poroshenko sentyabrın 25-də mətbuat konfransında geniş islahatlar planını təqdim edib. Onun sözlərinə görə, bu plan Ukraynaya 6 il ərzində Avropaya Birliyinə üzv olmaq üçün müraciət etməyə imkan verəcək.

Poroshenko deyib ki, “Strategiya -2020” planı 60 sosial və iqtisadi proqramdan ibarətdir.

Plan korrupsiya sistemini aradan qaldırmağı, hakimiyyət strukturlarını mərkəzsizləşdirməyi, vergi sisteminin, hüquq-müehafizə orqanlarının islahatını, eləcə də enerji müstəqilliyini nəzərdə tutur.

Poroshenko deyib ki, Ukrayna "iddialı islahatlar" aparmasa, Rusiya ilə təkbətək qalacaq.

Ukrayna prezidenti Poroshenko Ukraynanın şərqindəki münaqişə haqda isə deyib ki, atəşkəs sazişinin bağlanmağı ilə münaqişənin ən təhlükəli hissəsi arxada qaldı.

Oktyabrın 26-dakı parlament seçkiləri haqda isə prezident ümid etdiyini bildirib ki, parlamentdə əksəriyyəti islahatçılar qazanacaq.

Poroshenko Avropa Birliyi ilə Assosiasiya Sazişinin ticarət və iqtisadi hissəsini iyunun 27-də Brüsseldə imzalayıb. Bu, tam və dərin azad ticarət ərazisinin yaradılmasına və sıx iqtisadi inteqrasiyaya imkan verir.

Ukrayna parlamenti razılaşmanı sentyabrın 16-da təsdiq edib.

Ancaq sazişin həyata keçirilməsini Avropa Birliyi 2016-cı ilin əvvəlinədək təxirə saldı.