Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun Human Rights Tulip mükafatına namizədliyi irəli sürülüb.
Bu mükafat insan haqları sahəsində mübarizə aparan şəxslərə verilir.
Təşkilatın məlumatında bildirilir ki, Rəsul Cəfərov 2012-ci ilin dekabrında Demokratiya naminə incəsənət kampaniyası təşkil edib, incəsənət vasitəsilə gəncləri ədalətin müdafiəsinə çağırıb.
Mükafata ümumilikdə 29 nəfərin namizədliyi verilib.
Qalibin seçimi bir neçə mərhələdə keçirilir. Birinci mərhələdə İnternet istifadəçiləri, sonra isə müstəqil münsiflər heyəti səs verir.
Yekun qərar isə Niderlandın xarici işlər nazirliyində qəbul edilir.
Ümumi səsvermə oktyabrın 10-dək keçirilir.
Bu mükafatı 2007-ci ildə Niderlandın Xarici İşlər Nazirliyi təsis edib.
Mükafat hər il insan haqları uğrunda mübarizə aparan hüquq müdafiəçiləri və ya təşkilatlara verilir.
Mükafat dekabrın 9-da Haaqada veriləcək.
Rəsul Cəfərov avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur.
O həbsinin fəaliyyətilə bağlı olduğunu deyir.
Amnesty Internattional təşkilatı onu vicdan məhbusu elan edib.