Astara bağlarından Rusiyaya meyvə aparmaq sahibkarlara qazanc gətirmir...

Fermer Yədulla Mirzəyev

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Astara bağlarından Rusiyaya meyvə aparmaq sahibkarlara qazanc gətirmir...

«Düşünürdük ki, sanksiyalardan sonra Rusiyada meyvəyə tələbat artığından Astaranın sitrus bağlarında qaynar məhsul yığımının şahidi olacağıq. Lakin meyvə bağlarında nə yığıma, nə də ki, məhsul gözləyən yük maşınlarına rast gəldik. Eşitdik ki, artıq Rusiya bazarlarına meyvə aparmaq o qədər də sərfəli deyil. Bunun səbəblərindən bir qədər sonra bəhs edəcəyik. Ancaq sitrus məhsulları yerli bazarlarda hələ də ötən ilə nisbətən bir neçə dəfə bahadır».

Astara rayonun Pensər kənd sakini fermer Yədulla Mirzəyev bunun səbəbini belə izah edir:

MƏHSUL AZDIR, ƏSAS BAZAR RUSİYADIR...

“Məhsulun bazarlarda baha satılması bir çox amillərlə əlaqədardır. Birinci məhsul azdır. Digər səbəb Rusiya ilə bağlıdır. Bizim əsas bazarımız Rusiya bazarlarıdır. Daxili bazarın da təsiri var. Ukraynada məlum hadisədən sonra Avropa dövlətlərinin Rusiya ilə münasibətlərinin pisləşməsi bizim Azərbaycanda meyvə- tərəvəzə olan tələbatını artırıb. Satıcıda belə bir təsəvvür yarandı ki, meyvə baha getməlidir, Rusiya bazarı ilə əlaqədar. ”

Yədulla Mirzəyevin sözlərinə görə, meyvə yığımının ilk günlərində məhsul baha satıldı. Ancaq Rusiya bazarından qayıdanlar gözlədikləri qazancı əldə edə bilməyiblər. Buna görə də onların Rusiya bazarlarına məhsul aparmaq marağı azalıb:

“RUBLUNUN AŞAĞI DÜŞMƏSİNƏ GÖRƏ, RUSİYAYA APARDIĞIMIZ MƏHSUL SƏMƏRƏ VERMƏDİ”

“Rus rublunun aşağı düşməsinə görə, Rusiyaya apardığımız məhsul səmərə vermədi. Bizdə məyusluq yarandı. Sitrusun satışında qiymətlər baha idi. Respublika bazarlarında, Bakıda baha satılırdı. Naringilin bir kiloqramı 3 manat satılırdı. İndi qiymətlər gündə-günə aşağı düşür. Bunun səbəbi də Rusiya bazarına marağın azalmasıdır. Aparılan meyvə maya dəyərini çıxartmır, rublun dəyərinin aşağı düşməsi nəticəsində. Məcburdur ki, məhsulu təzədən qaytarsın, bizim Respublikanın bazarlarında satsın. Bu da əlavə problemdir.”

Vidadi Mirzəyev

Yədulla Mirzəyev deyir ki, məhsul tədarük edənlər qiyməti də aşağı salıblar. Bu da fermerə sərf etmir.

GÖMRÜK “RÜSUMLARI”

İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, rublun qiymətinin düşməsi Rusiyaya meyvə aparmağa marağın azalmasının yeganə səbəbi deyil. Üstəlik əlavə dəyər vergisinin gömrükdə süni şəkildə şişirdilməsi də Rusiyaya aparılam məhsulun maya dəyərini artıran başlıca amillərdir. Sahibkarların iddialarına görə, hər maşına görə gömrükdə təqribən dörd, beş min manat pul ödəmək məcburiyyətində qalırlar. Hərçənd gömrük orqanları belə iddiaları ciddi şəkildə yalanlayırlar.

Müstəqil iqtisadçılar həmçinin qeyd edirlər ki, Rusiya subtropik meyvələrə olan tələbatını Gürcüstan vasitəsi ilə də ödəməyə çalışır.

“FEYXOANIN BİRİNCİ DƏRİMDƏ KİLOQRAMI 1 MANAT 50 QƏPİYƏ İDİSƏ, İNDİ...”

“Feyxoanın birinci dərimdə kiloqramı 1 manat 50 qəpiyə idisə, indi düşüb 30 qəpiyə. Cəmi bir həftə keçib olub 30 qəpiyə. Məhsul qalıb burda, daxili tələbatda yoxdur. Alıcılıq qabiliyyəti də yoxdur. Keçən il yadımdadır, respublikanın digər rayonlarından yüzlərlə maşın gələrdi, məsul almaq üçün. Gündə yüzlərlə maşın. Hər gün məhsul aparardılar. İndi demək olar ki, onlar yoxdur .”

Fermerlə birlikdə meyvə bağlarını gəzirik. O deyir ki, yay quraq keçdiyindən feyxoa o qədər də yoxdur. Əvəzində naringi və limon az da olsa var. Onun sözlərinə görə məhsuldarlıq yarıbayarı azalıb.

Nürəddin Feyziyev

Fermer Nurəddin Feyziyev də deyir ki, quraqlıq meyvə bağlarına böyük ziyan vurub. O feyxoa ağacında olan xırda meyvələri göstərib deyir ki, onlar indiyə kimi yetişməli idi. Fermer çəkdiyi xərci çıxardacağına inanmır:

“BU İL QİYMƏT BAHADIR MEYVƏ İSƏ YOXDUR.”

“Bazarda keçən il tələbatda olsa, qiymət çox ucuz idi. Bu il qiymət bahadır meyvə isə yoxdur. Keçən il burdan ton yarım meyvə dərmişəm, kilosunu 10 qəpiyə vermişəm. Görürsünüz ki, ağacda meyvə yoxdur.”

Digər bir fermer Astara rayonun Siyəkü kənd sakini Xanəli Gənciyev məhsulun tədarükündə və satışında kifayət qədər problemin olduğunu deyir:

“Vəziyyət çox pisdir. Feyxoa düşüb 50 qəpiyə. Bu il quraqlıq oldu, yaxşı yetişmədi, xırdadır. Rusiyaya getmir. Feyxoa məndə heç yoxdur. Naringi də olar 1,5 ton. Keçən il 8 ton götürmüşəm . Alıcı yoxdur. Heç kim gəlmir. Bizdən heç 50 qəpiyə də istəmirlər. Hələ aşağı düşər, feyxoa olar 10 qəpiyə.”

ÖTƏN İLLƏ MÜQAYİSƏ...

Astara rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini Firudin Əhmədov da ötən ilə nisbətən bu il məhsuldarlığın aşağı olduğunu təsdiq edir. Onun sözlərinə görə, ötən il 1800 hektar sitrus və subtropik meyvə bağlarından 42 min ton məhsul yığılıb. Bu il isə 30-32 min ton məhsul gözlənilir. O məhsuldarlığın aşağı düşməsi səbəbini yaz və yay ayların baş verən quraqlıqla əlaqələndirir.