Bəs Allahı kim yaradıb?

Bertrand Russell

-

"OxuZalı"nda ən çox oxunan

"O dövrdə ki dini təməlçilik geniş yayılıb, qəddarlıq daha çox olub.

Tanrı konsepsiyası qədim şərq despotizmindən gəlir. Bu, azad insana yaraşmayan bir şeydir."

Məşhur Britaniya filosofu, tarixçisi Bertrand Russell-in 1927-ci ildə Londondakı Milli Dünyəvi Cəmiyyətdə etdiyi “Mən niyə xristian deyiləm” mühazirəsindən.

Allahın mövcudluğu məsələsi

Bertrand Russell əvvəlcə mühazirəsində xristianların allah haqda əsas arqumentini xatırladır. Bu arqument ondan ibarətdir ki, əgər hər şeyin bir səbəbi varsa, onda səbəbin səbəbini axtara-axtara biz gedib ilk səbəbə, yəni hər şeyin başlanğıcı olan allah anlayışına çıxacağıq.

“İlk Səbəb arqumentini uzun müddət mən də qəbul etmişəm - ta on səkkiz yaşımda John Stuart Mill-in avtobioqrafiyasını oxuyanacan. Orada belə bir cümlə vardı:

“Atamın mənə öyrətdiyi o idi ki, “məni kim yaratdı” sualının cavabı yoxdur, çünki bu sualdan dərhal başqa bir sual doğur: “Bəs allahı kim yaradıb?””

Bu sadə cümlə mənə İlk Səbəb arqumentinin yanlışlığını göstərdi – mən hələ də bu fikirdəyəm. Əgər hər şeyin səbəbi varsa, allahın da səbəbi olmalıdır. Əgər səbəbi olmayan nəsə varsa, o da Tanrı sözünün özüdür. Yəni bu arqumentin heç bir əsası yoxdur. Bu, mahiyyətcə eynən hindunun söhbətinə bənzəyir. O deyəndə ki dünya filin üstündə qərar tutub, fil də tısbağanın, soruşurlar ki, “bəs tısbağa nəyin üstündədir?” Onun cavabı belə olur: “Bəlkə mövzunu dəyişək”. O arqumentin bundan heç bir fərqi yoxdur.

Bertrand Russell hesab edir ki, hər şeyin başlanğıcı olması ideyası insan təxəyyülünün kasıblığından irəli gəlir.

İsa Məsih obrazı

“İsa Məsih hamıdan ağıllı adam olub”. Bertrand Russell bildirir ki, xristianlar bir nəfər kimi bu fikri qəbul edirlər. O isə yox. Görəsən, xristianlar İsa Məsihin prinsiplərinə gündəlik həyatlarında əməl edirlərmi? Məsələn, İsa Məsihin məşhur deyimlərindən biri odur ki, “sağ üzünə şillə vursalar, sol üzünü çevir”. Filosof xatırladır ki, əvvəla, xristianlar bu prinsipi buddistlərdən iqtibas ediblər. Bu, İsa Məsihdən 500-600 il əvvəl deyilmiş sözdür. Bertrand Russell bildirir ki, baş nazir Stanley Baldwin inanclı xristian olsa da, heç kəsə gedib baş nazirin sağ yanağına şillə vurmağı məsləhət görmür. Çünki məlum ola bilər ki, o heç də İsa Məsih kimi hərəkət etmək niyyətində deyil, yəni bunun sadəcə, obrazlı şəkildə deyilmiş ifadə olduğunu düşünür.

“Mühakimə etməyin, çünki mühakimə olunarsınız”. Bu da İsa Məsihin deyimidir. Bertrand Russell-ə görə, bu prinsipin xristian ölkələrinin məhkəmələrində populyar olduğunu demək olmaz: “Mən inanclı xristian olan xeyli hakim tanıyıram. Amma onların heç biri düşünmür ki, mühakimə etməklə İsa Məsihin prinsiplərinin əleyhinə gedir”.

Bertrand Russell hesab edir ki, bütün bunlar yaxşı deyimlərdir, amma onlar əsasında yaşamaq “bir qədər çətindir”

Xristianlıq təliminin qüsurları

Bertrand Russell-ə görə, İsa Məsihin tarixən mövcud olması xeyli şübhə doğurur. Əgər o, mövcud olubsa belə, “biz onun haqqında heç nə bilmirik”. Filosof qeyd edir ki, onu narahat edən heç də məsələnin tarixi tərəfi deyil. Onu narahat edən “Bibliya”dakı İsa Məsih obrazıdır. Məsələn, İsa Məsih deyir ki, onun ikinci gəlişi çox ləngiməyək. Yəni onunla eyni dövrdə yaşamış insanlar bunu görə biləcək.

Bertrand Russell bildirir ki, onun tanıdığı xristianlar arasında da İkinci gəlişin tezliklə baş verəcəyinə inananlar var. Məsələn, keşiş tanıyır ki, öz icmasının üzvlərinə İkinci gəlişin tez bir zamanda baş tutacağını deməklə onları təşvişə salıb. Amma insanlar həmin keşişin öz bağında ağac əkdiyini görəndə bir qədər sakitləşiblər. Filosofun bildirdiyinə görə, xristianlığın ilkin dövrlərində insanlar İkinci gəlişə o qədər inanırmışlar ki, hətta bağlarında ağac da əkmirmişlər. Bu baxımdan filosof düşünür ki, tezliklə gələcəyini söz verən, amma bunu etməyən adamı hamıdan ağıllı saymaq olmaz.

Mənəvi problem

Bertrand Russell-ə görə, İsa Məsihin mənəvi avtoritet kimi təqdim edilməsində bir ciddi qüsur var. O da onun cəhənnəmə inanmasıdır. “Şəxsən mən düşünmürəm ki, həqiqətən humanist olan bir şəxs əbədi davam edən cəzaya inansın. “Bibliya”da təsvir edilən İsa Məsih əbədi davam edən cəzaya doğrudan da inanırdı və kitabı oxuyanlar orda İsa Məsihin ona qulaq asmayanlara qarşı təkrar-təkrar söylədiyi qisasçı fikirləri görə bilərlər”.

Məsələn, “Ey ilanlar, ilan-çayan nəslindən olanlar, cəhənnəmə vasil olmaqdan canınızı necə qurtaracaqsınız?”. Bunu İsa Məsih onun moizələrinə qulaq verməyənlər haqda deyir.

Filosof bu mənada İsa Məsih ilə yunan filosofu Sokratı müqayisə edir və Sokratın humanist tonunu bəyəndiyini, yunan filosofun ona qulaq asmayanları asıb-kəsməklə hədələmədiyini xatırladır.

Emosional faktor

Bertrand Russell hesab edir ki, insanların dinə gəlməsinin kökündə qətiyyən hansısa arqumentlər, əsaslandırılmış ideyalar dayanmır, bu, sırf emosional faktorla bağlıdır.

Filosof xatırladır ki, dindar olmayanların yaxşı adam olmaması fikrini qəbul etmir, hətta düşünür ki, o dövrdə ki dini təməlçilik geniş yayılıb, qəddarlıq daha çox olub. Məsələn, İnkvizisiya. Həmin dövrdə işgəncələr geniş yayılıb, milyonlarla bədbəxt qadın ifritə adı qoyularaq yanıdırlıb. Din adından ən müxtəlif qəddarlıqlar törədilib:

“Ətrafınıza baxsanız, görərsiniz ki, bəşəriyyət tarixində ən kiçik inkişafa, cinayət məcələlərindəki ən xırda təkmilləşdirməyə, savaşların yatırılması üçün istənilən addıma, başqa irqlərdən olanlarla davranışın yaxşılaşdırılması, quldarlığın ləğvi, mənəvi inkişaf yönündə hər bir addıma qarşı çıxan da məhz dünyanın təşkilatlanmış kilsələri olub”.

Dinin təməli - qorxudur

Bertrand Russell düşünür ki, dinin təməlində qorxu dayanır. Bir tərəfdən bu, fövqəladə güclər qarşısında qorxu, digər tərəfdənsə insanın onu qoruyacaq böyük qardaşa ehtiyacı ilə bağlıdır. Bundan başqa məğlubiyyət qorxusu, ölüm qorxusu. Qorxu qəddarlığın əsas səbəbidir və dinin qəddarlıqla “əl-ələ gəzməsi” təsadüfi deyil.

Filosofun fikrincə, insanı bu qorxulardan yalnız elm xilas edə bilər, onun xəyali böyük qardaşa ehtiyacını yox edə bilər. İnsanlar elm yolunu tutmalıdır.

Biz nə etməliyik?

Bertrand Russell hesab edir ki, Tanrı konsepsiyası qədim şərq despotizmindən gəlir. Bu, azad insana yaraşmayan bir şeydir. Filosof deyir ki, kilsədə özünü günaha batmış miskin varlıq adlandıraraq yamanlayan adam görəndə onun öz ləyaqətini alçaltdığını düşünür. Onun fikrincə, insan dünyanın gözünün içinə dik baxmağı bacarmalıdır. Dünyanı yaxşılığa doğru dəyişmək üçün əlindən gələni etməlidir, “əgər alınmayacaqsa, dünya yenə də bəzilərinin, başına əsrlərlə oyun açdığı dünyadan daha yaxşı olacaq. Dünyanın elm, rəhmdillik və cəsarətə ehtiyacı var. Keçmişin xiffətini çəkməyə, bir vaxtlar avam adamların dediklərini əsas götürüb sərbəst düşüncədən imtina etməyə yox. Dünyanın gələcəyə ümidə ehtiyacı var, ölü keçmişə bağlılığa yox.