-
Babəkin ləqəbi Azin idi...
Afşinin başçılıq etdiyi müsəlman ordusu Bəzz qalasını almaq üçün hansı taktikanı seçmişdi?
Əli ibn əl-Əsirin yazdığı “Əl-Kamil fi-t Tarix” İslam tarixçiliyində ən mühüm əsərlərdən sayılır.
13-cü əsrdə yazılmış bu çoxcildlik əsərdə Azərbaycan sərkərdəsi Babək Xürrəmi haqda da yetərincə məlumat verilir.
30 MILYON DIRHƏM
Bəzz qalasının necə alındığını detallarıyla təsvir edən ibn əl-Əsir yazır ki, İslam xəlifəsi Mötəsim Azin ləqəbli Babək Xürrəmi ilə müharibəyə 30 milyon dirhəm ayırır.
Bu işi İslamı qəbul etmiş zərdüşti sərkərdəsi Afşinə həvalə edir.
836-cı ilin yazında Afşinin qoşunları Kələnrud deyilən yerə gəlib çatır. Bu, Bəzz qalasının təxminən 20 kilometrliyində idi.
Qeyd edək ki, əldə olan tarixi mənbələr Bəzz qalasının məhz harda yerləşdiyinə aydınlıq gətirmir. Bəzi tarixçilər qalanın İran Azərbaycanının Qaradağ bölgəsində, bəziləri isə bu günkü Azərbaycan Respublikasının Aran bölgəsində yerləşdiyini güman edirlər. İbn əl-Əsirin kitabındakı Kələnrudun da harada yerləşdiyi bəlli deyil.
Xəlifənin digər sərkərdəsi Əbu Səid də qoşunlarını Kələnruda gətirir. Müsəlman ordusunun Bəzzə yaxınlaşdığını Babəkə çatdırırlar. Sərkərdələri ona məsləhət görürlər ki, ailə üzvlərini başqa qalalara göndərib gizlətsin. Babək buna “Mən cəhudlardan qorxmuram” cavabı verərək imtina edir (Azərbaycan və İranda zərdüştilikdən dönüb müsəlman olanlara belə deyirdilər).
ADDIM-ADDIM…
İbn əl-Əsir yazır ki, Afşin Bəzz qalasına hücum etməyə tələsmir. Bunu ona xəlifə də məsləhət görübmüş. Səbəb də o idi ki, Bəzzin yerləşdiyi dağlıq ərazi pusqu qurmaq üçün çox əlverişli idi və xilafət ordusu həmin ərazini beş barmağı kimi tanıyan Babəkin tərəfdarlarından çəkinirdi.
Xilafət ordusu az qala addım-addım irəliləyir. O qədər ləng hərəkət edir ki, əsgərlər bu cür ehtiyatkarlıqdan utandıqlarını dilə gətirirlər.
Afşin Kələnrud ətrafında səngərlər qazdırır, ətrafdakı dağların başına öz adamlarını yerləşdirir. Onlara qara bayraq verir ki, Babəkin əsgərlərini görsələr, dərhal bayrağı yelləsinlər.
Afşin qalanın ətrafındakı əraziləri öyrənmək üçün kəşfiyyatçı dəstəsi də yollayır. Elə Babək tərəfdarları ilə müsəlman əsgərləri arasında ilk toqquşma da bu zaman baş verir. Qalaya aparan dar bir yoldan keçən müsəlman əsgərləri xeyli adamı, o cümlədən Babəkin bir neçə yaxınını əsir alırlar. Amma Bəzz qalasından köməyə gələnlər döyüşə-döyüşə bir neçə qadın əsiri azad edə bilirlər. Hər iki tərəf itkilər verir.
“MƏN QARDAŞIMIN NƏ DEMƏK İSTƏDİYİNİ ANLADIM”
Afşin dağa aparan və ordan gələn yolların hamısını dağıdaraq birini saxlamağı əmr edir. Bu, söküntü-dağıntı işlərinə fəhlələr cəlb edilir.
İbn əl-Əsir yazır ki, fəhlələrə quru çörək və quyq (unla şəkərdən hazırlanan yemək) verilirmiş. Bu iş 10 gün davam edir. Bu məqamda Babəkdən elçi gəlir. Afşinin hüzuruna gətirilən elçinin özüylə müxtəlif tərəvəzlər, xiyar, qarpız, yemiş gətirdiyi məlum olur.
Elçi Babəkin sözlərini də Afşinə çatdırır: “Babək fəhlələrin quru çörək yeməyə məcbur olmasından narahatdır, deyir, bu düz deyil ki, onların o halında biz burda rifah içində yaşayaq”.
Afşin sovqatı qəbul edərək elçiyə deyir: “Mən qardaşımın nə demək istədiyini anladım”.
Bu yerdə qeyd edək ki, o zaman Azərbaycan və İran ərazilərində 3 nüfuzlu sərkərdə vardı: Afşin, Mazyar və Babək. Onlar arasında yaxşı münasibətlər vardı. Amma Afşin və Mazyar müsəlmanlığı qəbul edib xilafətə tabe olsalar da, Babək bundan imtina etmişdi. Bəziləri düşünür ki, Afşinin Bəzz qalasına hücumu mümkün qədər yubatması təkcə onun ehtiyatkarlığı ilə bağlı deyildi, həm də Babəklə döyüşə girmək istəməməsi, onu xilafətlə dil tapmağa vadar etməyə çalışması ilə bağlı idi.
İbn əl-Əsir yazır ki, sovqatı qəbul edəndən sonra Afşin elçini aparıb, qazdırdığı səngərləri göstərir. Və deyir ki, gördüklərini gedib Babəkə çatdırsın.
Bundan əvvəlki il də Bəzzə gələn, amma müharibəsiz geri qayıdan Afşin bununla vəziyyətin bu dəfə ciddi olduğunu Babəkə çatdırmaq istəyir. Bu arada Babəkin tərəfdarları Afşinin düşərgəsi ətrafında hay-küy salır, küfr edirlər. Amma Afşin əsgərlərini onlara hücum etməyə qoymur. Bu hay-küy 3 gün davam edir. 3 gündən sonra Afşinin əmri ilə əsgərlər həmin adamlara həmlə edir və onlar qaçıb dağılışırlar.
ŞƏRAB VƏ ZURNA
Nəhayət Afşin Bəzzə hücum etməyə qərar verir.
İbn əl-Əsir yazır ki, o, qoşunlarını cərgəyə düzüb təftiş edir. Bundan sonra iki rükət namaz qılır. Şeypurların sədası altında ordu hərəkətə gəlir. Afşin bölmələrindən birini ehtiyat tədbiri kimi düşərgədə saxlayır.
Ordu çox ləng hərəkət edir. Dağların başındakı qara bayraqlılar enib Afşinə məlumat çatdıran zaman ordu dayanır, şeypurlar susur, sonra yenə çalınır, əsgərlər yollarına davam edirlər. Amma Afşinin ordusu Babəki açıq ərazidə tapa bilmir.
O, dağ-dərəni axtarmaq üçün bir neçə dəstə ayırır. Babək öz qoşunlarının əsas hissələrini qala ətrafında gizlətmişdi. Özü isə bir bölmə ilə Bəzzin yaxınlığında açıqlıqda idi. Afşinin ordusu da gəlib həmin bölmə ilə rastlaşır. İbn əl-Əsir yazır ki, Babək öz adamları ilə şərab içir, zurnalar çalınırmış. Afşin döyüşə girmir. Düşmən əsgərlər bir müddət üz-üzə dayanandan sonra Afşin Cəfər Xəyyat adlı sərkərdənin rəhbərliyində bir bölməni orda qoyub geri qayıdır.
Afşinin döyüşdən yayındığını görən Babək tərəfdarları ilk həmləni özləri endirmək qərarına gəlirlər. Bəzzin qapıları açılır və Cəfər Xəyyatın bölməsi ilə döyüş başlanır. İbn əl-Əsir yazır ki, müsəlman əsgərlərinin köməyinə könüllü mücahid dəstəsi də gəlir. Tədricən Babək tərəfdarları geri oturdulur. Müsəlmanlar qalanın darvazalarını, divarını dağıtmağa çalışırlar. Cəfər Xəyyat Afşinə xəbər yollayır ki, ona 50 oxçu göndərsin. Afşin qəzəblənir ki, Cəfər Xəyyat onun “hücum etmə!” əmrini niyə pozub. Xəbər yollayır ki, Cəfər Xəyyat hücumu dayandırıb geri qayıtsın.
Bu xəbər qalaya girməyə çalışan müsəlmanlara çatanda narazılıq yaranır. Xüsusən də könüllü mücahidlər əmrə tabe olmayıb qala divarlarına dırmaşmağa başlayırlar. Babəkin müxtəlif yerlərdə gizlətdiyi qoşun hissələri genişmiqyaslı müharibənin başlandığını düşünüb yerlərindən çıxır və qaladakıların köməyinə tələsirlər. Beləcə yerlərini bildirmiş olurlar.
PEYĞƏMBƏRİ YUXUDA GÖRƏN MÜCAHİD
Cəfər Xəyyatın dəstəsi ilə mücahidlər geri çəkilib Afşinin yanına dönürlər. Mücahidlər öz narazılıqlarını Afşinə də bildirirlər. Deyirlər ki, kömək gəlsəydi, qalanı alacaqdılar.
Afşinə onu da çatdırırlar ki, mücahidlərdən biri yuxuda peyğəmbəri gördüyünü deyir. Guya peyğəmbər ona deyib ki, qoy Afşin müharibəyə başlasın, başlamasa, dağlara deyəcəm, onu daş-qalaq etsin.
Afşin həmin adamı yanına çağırtdırıb yuxusunu bir də danışdırır. Sonra deyir ki, “Allah şahiddir ki, mən insanların həyatını qorumağa məsulam, allah kimisə daş-qalaq etmək əmri versə, elə kafirləri daş-qalaq edər ki, biz də onların şərindən qurtulaq”. Afşin mücahidləri əmin edir ki, məqsədi ordusunun nahaq yerə itki verməsinin qarşısını almaqdır, ona görə ehtiyatlı tərpənir. İndi ki mücahidlər hücumun başlanmasını bu qədər arzulayırlar, onda qoy hücum gününü təyin etsinlər.
Beləcə ordu hücuma hazırlaşmağa başlayır.
Öndə yenə Cəfər Xəyyatın bölməsi gedir. Onlar qalanın darvazasına çatır və darvazanı dağıdıb içəri keçməyə çalışırlar. Afşin ön cərgələrdə döyüşənlər arasında paylanılması üçün dinar-dirhəm də göndərir ki, onları ruhlandırsın. Amma Babəkin əsgərləri qaladan çıxıb Cəfər Xəyyata zərbələr endirir və onu geri çəkilməyə məcbur edirlər.
Müsəlmanlar qatırlarla yaralıları döyüş meydanından çıxarırlar. İlk hücum uğursuz olur.
İki həftədən sonra daha böyük hücum olacaqdı...
ARDI VAR