Gənc yazarlara 10 məsləhət

Phyllis Dorothy James

-

"Mən kitab çap olunmamışdan əvvəl onu heç kəsə oxumağa vermirəm.

Çünki zövqlər müxtəlifdir. Hər insan bir növ kitab xoşlayır və düşünür ki həmin növ kitab başqa növ kitablardan üstündür".

İngiltərənin populyar detektiv yazarı, 94 yaşlı Phyllis Dorothy James-dən gənc yazarlara məsləhətlər. Həmin məsləhətləri belə yığcamlaşdırdıq.

1.Yazıçı olmurlar, yazıçı kimi doğulurlar.

Əlbəttə bu, insanın özündən asılı bir iş deyil, amma yazıçı olmaq istəyən insan anlamalıdır ki, heç də hər şeyi öyrənmək mümkün deyil, fitri istedad da lazımdır. Eynən musiqiçilər kimi. Yəni insana roman yazmağın qaydaları haqda dərs keçmək olar, amma əgər bədii təfəkkürü yoxdursa, ondan peşəkar yazıçı olmayacaq.

2.Bildiyin şeylər haqda yaz.

Hər bir kəs yaşadıqları, duyduqları haqda yazmalıdır. Məhz onda yaşadıqlarının, duyduqlarının hər bir detalı içində toplanacaq və vaxtı çatanda, zərurət yarananda sən həmin detallardan öz əsərində istifadə edə biləcəksən. Yazıçı özünü yazanda onun kitabı əsl kitab olur və bu zaman həmişə onu çap etməyə naşir tapılır.

3.Öz iş qrafikini tap.

İnsanlar müxtəlifdir. Kimi yalnız kağıza yaza bilir, kimi də kompüterə. Məsələn, mən səhər tezdən, telefon zəngləri, e-maillər gəlməyə başlamamışdan, sakit atmosferdə yazmağı xoşlayıram. İstənilən yerdə yazmağı bacarıram. Təki oturmağa rahat stul olsun.

4.Öz sahəndəki dəyişiklikləri izlə.

Kitab nəşri sahəsində daim yeniliklər baş verir. Vaxt vardı, mən düşünürdüm ki, nəşriyyata pul verib kitabını buraxdırmaq öz acizliyini, məğlubiyyətini etiraf etməkdir. Amma indi nəşriyyatlar kitabını özü çap edən müəllifləri də izləyirlər və beləcə, nəşriyyatlardan çox əlverişli müqavilə təklifi alanlar var.

5.Oxu, yaz, vaxtını gündəlik xəyal-düşüncələrə sərf etmə.

Çoxlu mütaliə et ki, uğur qazanmış yazarların əsərlərini necə yazdığını biləsən. Amma onları yamsılama. Oxu və yaz! Gələcək uğurların haqda düşüncələrə dalmaq əvəzinə sadəcə, yaz. Yalnız davamlı yazmaqla peşəkarlaşa bilərsən.

6.Təkliyə çəkil.

Əlbəttə, yazıçının hamı kimi dostları olmalıdır. Amma yazmaq özünəməxsus həyat tərzi, daha çox təklik-tənhalıq tələb edir.

7.Roman ideyası nədənsə doğur və mənim üçün həmin “nəsə” - məkandır.

Məsələn, “Devices and Desires” romanımın ideyası kimsəsiz dəniz sahilində gəzişərkən yaranıb. Tənhalıq hissini bir tərəfdən soyuq və qorxulu Şimal dənizi, o biri tərəfdən ağ rəngli nəhəng atom elektrik stansiyası gücləndirirdi. Həmin anda anladım ki, bu hissdən bir roman yaranacaq.

8.Noutbuksuz heç yerə getmə.

Çünki elə adamlarla rastlaşa bilərsən ki, öz üz cizgiləri və hərəkətləri ilə sənin romanın üçün uyğun tip ola bilər.

9.Bitirmədiyin kitab haqda heç kimə heç nə danışma.

Mən kitab çap olunmamışdan əvvəl onu heç kəsə oxumağa vermirəm. Çünki zövqlər müxtəlifdir. Hər insan bir növ kitab xoşlayır və düşünür ki həmin növ kitab başqa növ kitablardan üstündür. Yalnız ədəbi agentim və naşirin istisnadır.

10.Bilməlisən ki, yazmağa nə vaxt son verməlisən.

Yaşa dolduqca yazmaq çətinləşir, daha uzun çəkir. Tükənmisənsə, özünü yazmağa məcbur etmə. Şəxsən mən hazırda daha bir roman yazmaq zərurəti hiss edirəm.

BBC