Babək öz oğlu haqda: «O fahişə oğluna deyin ki...» (Ərəb tarixçisi yazır)

Babək Xürrəmi

-

Bəzz qalasına hücumun önündə Türk Bəşir gedirdi.

Məğlub vəziyyətə düşməkdə olduğunu görən Babək “Müsəlmanların rəhbərindən aman istəyirəm” qışqırır. Afşin də ona cavab verir ki, “Qadınlara aman verərəm. İstəsən, səni də əfv edərik”.

Əli ibn əl-Əsirin yazdığı “Əl-Kamil fi-t Tarix” İslam tarixçiliyində ən mühüm əsərlərdən sayılır.

13-cü əsrdə ərəbcə yazılmış bu çoxcildlik əsərdə Azərbaycan sərkərdəsi Babək Xürrəmi haqda da yetərincə məlumat verilir.

əvvəli burda

İbn əl-Əsir yazır ki, birinci uğursuz həmlədən 2 həftə sonra Afşin Bəzzə yenidən hücum qərarı verir.

Gecəylə 100 oxçunu səfərbər edib dağ başındakı Bəzz qalasına tərəf göndərir. Onlar səhərə yaxın Bəzzə yaxınlaşıb bir təpənin arxasında qərar tuturlar.Afşinin onlara əmri bu idi ki, yerlərini bilindirməsinlər.

BƏZZƏ HÜCUMUN ÖNÜNDƏ TÜRK BƏŞİR GEDİRDİ

Oxçular gedəndən bir qədər sonra Afşin də qalan əsgərləri ilə birlikdə qalaya tərəf yol alır. Onlar Bəzdən bir qədər aralıda dayanırlar. İbn əl-Əsir yazır ki, Afşin “Türk Bəşir və digər Fərqanə sərkərdələrinə əmr edir ki, onlar da yamacla yuxarı qalxsınlar”.

Bəzz qalası, İran Azərbaycanı

Babək hücumdan xəbərdar idi.

Səhərə yaxın müsəlman əsgərləri namaz qılıb şeypur çalırlar. Afşin də atına minib qala ətrafındakı mövqelərinə gəlir və burada taxt üstündə əyləşir.O, əsgərlərinə qalanı mühasirəyə almaq əmri verir.

BABƏKİN PUSQUSU

Qala mühasirəyə alınan vaxt qəfildən yamacda vurhavur düşür. Məlum olur ki, Babəkin tərəfdarları Türk Bəşirə və başqa Fərqanə sərkərdələrinə pusqu quraraq qəfil hucum ediblər.

Dağın başındakı müsəlman əsgərləri aşağı enib Türk Bəşirə köməyə getmək istəyəndə Afşin onlara yerlərindən tərpənməmək əmri verir. Bu vaxt Bəzz qalasından daha bir dəstə çıxıb müsəlman əsgərlərinə hücuma keçir.

Bu toqquşma zamanı Afşinin əsgərləri həmin dəstəni yamac aşağı sıxışdırmağa başlayırlar. Amma bir qədər sonra, dəstəni qovan əsgərlərin atlarının ayaqları çalalara düşməyə və süvarilər atdan yıxılmağa başlayır. Afşin təcili həmin yerə kömək göndərir ki, o yerdə qazılan çalaları doldursunlar.

İbn əl-Əsir yazır ki, bu zaman Bəzz qalasından mancanaqla daş da atmağa başlayırlar. Babək özü də tərəfdarları ilə qaladan çıxıb Afşinin əsgərlərinə tərəf hərəkət edir. Burada baş verən toqquşma müsəlman əsgərlərin Babəkin dəstəsini getdikcə mühasirəyə almasına aparır. Babək öz dəstəsiylə Afşinin qərar tutduğu yerə o qədər yaxınlaşmışdı ki, onlar bir-birinin səsini də eşidə bilərdilər.

BABƏKİN AFŞİNDƏN AMAN DİLƏMƏSİ

Babək

İbn əl-Əsir yazır ki, məğlub vəziyyətə düşməkdə olduğunu görən Babək “Müsəlmanların rəhbərindən aman istəyirəm” qışqırır.

Afşin də ona cavab verir ki, “Qadınlara aman verərəm. İstəsən, səni də əfv edərik”.

Onda Babək deyir ki, “indi səndən istəyim odur ki, bir qədər geri durasınız, mən ailəmi də götürüb hazır olum”.

Afşinsə ona məsləhət görür ki, “bu gün təslim olması sabah təslim olmasından daha yaxşıdır”. Bundan başqa Afşin ondan əsir götürdüyü müsəlmanları azad etməyi tələb edir.

Babək bu şərtə razı olduğunu deyir. Bundan sonra Afşindən ətrafdakı dağlardan gözətçiləri endirməsini istəyir. Afşin razılaşır. Amma bi qədər sonra xəbər gəlir ki, müsəlman əsgərləri artıq Bəzzə daxil olublar və oradakı 4 sarayın başına öz bayraqlarını sancıblar.

Babək döyüş meydanını tərk edib Bəzdən uzaqlaşır. Həştadsər (“Səksənbaşlı” deməkdir) qalasına üz tutur. Bəzdəki saraylarda Babəkin 600 əsgəri vardı. İbn əl-Əsir yazır ki, onların hamısı həlak olur, son adamına qədər qılıncdan keçirilir. Afşinin neftəndazları (odatanları) sarayları yandırıb yerlə yeksan edirlər. Afşin Babəkin arvadını və övladlarını əsir alır.

BƏZZ ALINANDAN SONRA

Afşinin qoşunu Bəzz qalasını tərk edib düşərgəyə qayıdır. Gecəylə Babək başının dəstəsi ilə qalaya qayıdır ki, əlinə keçən ərzaqları aparsın. İbn əl-Əsir yazır ki, ertəsi gün Afşin qalaya qayıdıb bircə bina, otaq da salamat qoymur, darmadağın edir. O, Ermənistan sərkərdələrinə məktub göndərir ki, Babək onlar tərəfə gəlir, görən kimi tutsunlar.

Afşinin xəbərçiləri ona xəbər çatdırırlar ki, Babəkin dəstəsi bir dərədə gizlənib. Dərə başdan-başa ağaclıq və bataqlıq idi. İbn əl-Əsir yazır ki, “həmin dərənin bir tərəfi Azərbaycan, o biri tərəfi Ermənistan idi”. Afşin həmin dərədən çıxan yollara gözətçi qoyur.

"Babək" filmindən kadr

Bu zaman Afşinə xəbər çatır ki, xəlifə Mötəsim Babəkin əfv olunmasına razılıq verib. Afşin Babəkin bəzi tərəfdarlarını və oğlunu yanına gətizdirir. Onlardan bu xəbəri Babəkə çatdırmalarını istəyir. Amma onların heç biri Babəkin qorxusundan bu işə razı olmur. Afşin deyir ki, Babək bu xəbərə sevinəcək. Onlar isə “Biz onu yaxşı tanıyırıq” deyib boyun qaçırırlar. Amma axırda iki nəfər ailələrinə aman veriləcəyi təminatıyla elçi kimi dərəyə enməyə razı olurlar.

MƏKTUBUN BABƏKƏ ÇATDIRILMASI

Babək xəbərdən agah olan kimi dərhal elçilərdən birini öldürtdürür. O birisinə isə deyir ki, məktubu aparıb Afşinə qaytarsın. İbn əl-Əsir yazır ki, Babək oğluna da bu sözlərin çatdırılmasını istəyir: “O fahişə oğluna de ki, əgər sən mənim oğlum olsaydın, mənə qoşulardın. Mənim sən adda oğlum yoxdur. Bir gün yaşayıb yaxşı rəhbər olmaq 40 il alçalıb kölətək yaşamaqdan yaxşıdır”.

Babək dərədən çıxmır. Ta o vaxtacan ki, ərzağı tükənməyə başlayır. O, qardaşı Abdullah, anası və kölələri ilə birlikdə Ermənistana üz tutur. Gözətçilər bunu görür və Afşinin əsgərləri tanımadıqları həmin adamların dalınca düşürlər. Gəlib çatanda onların yemək yediyini görürlər. İbn əl-Əsirin yazdığına görə, Babək qardaşı və bir köləsi ilə qaçıb canını qurtarır. Əsir düşənləri isə əsgərlər Afşinə göndərirlər. Babək Ermənistan dağlarında gizlənir.

Ermənistan sərkərdələri artıq Afşindən məktub almışdılar və öz adamlarına yerli əhalidən olmayan şəxslər haqda məlumatı dərhal onlara çatdırmağı əmr etmişdilər.

SƏHLİN BABƏKİ ALDATMASI

Ərzağı qurtaran Babək köləsinə deyir ki, dağdan ensin və neçəyə olsa, yeməyə bir şey alıb gətirsin. Kölə bir əkinçi görüb ona yaxınlaşır və söhbət etməyə başlayır.

Naxçıvanda Babəkə heykəl

İbn əl-Əsir yazır ki, həmin əkinçinin bir şəriki varmış, ondan ayrılıb yemək yeməyə gedibmiş. O qayıdanda bir nəfərin onun şərikiylə danışdığını görür və elə zənn ki, həmin adam onun şərikindən zorla nəsə qoparmaq istəyir. O, geri dönüb bu “mübahisə” haqda əsgərlərə xəbər verir və əsgərlər yerli camaatdan olmayan həmin adam haqda məlumatı Ermənistan sərkərdəsi Səhl ibn Sumbata çatdırırlar.

Səhlin özü kölənin olduğu yerə gəlir. Kölə Babəki müşayiət etdiyini deyir və onları Babəkin yanına aparır.

Səhl Babəki dərhal tanıyır. Atdan düşüb onun əlini öpür. Babəkdən hara getdiyini soruşur, Babək də Ruma getdiyini deyir. Səhl “mənim kimi sənin haqqını qoruyan olmaz. Bilirsən ki, mənim xəlifə ilə əlaqəm yoxdu” deyib onu öz sarayına dəvət edir. Babəkə onu da deyir ki, “Mənim bütün sərkərdələrim sənin öz ailən kimidir, burda sənin üçün çox uşaq dünyaya gətirilib”.

İbn əl-Əsir bu sözlərin nə demək olduğunu da qeyd edir. Yazır ki, Babək hansı Ermənistan sərkərdəsinin gözəl bacısı, yaxud qızı olduğunu eşitsəydi, elçi göndərib onu istəyər, özünə arvad edərdi. Razı olmayan sərkərdəninsə əmlakını talan etdirərdi.

Beləcə, Səhl Babəki aldadıb öz sarayına aparır. Babəkin qardaşı Abdullahı isə dincəlmək üçün Stefanus qalasına göndərir. Elə həmin gün Afşinin yanına çapar yollayır ki, Babəkin onun sarayında olduğunu çatdırsın.

HƏDİYYƏLƏR...

Kamil fi al-Tarikh

Afşin cavab yazaraq Səhlə hədiyyələr vəd etdi. Öz sərkərdələri Burmarə və Əbu Səidi Səhlin yanına göndərir. Onlar, İbn əl-Əsirin yazdığına görə, Van dərəsi yaxınlığında düşərgə salırlar.

Səhl isə Babəkə təklif edir ki, darıxırsa, bir yerdə ova çıxa bilərlər.

Onlar atlarını minib Afşinin sərkərdələri olan tərəflərə ova çıxırlar. Qəfildən Əbu Səid və Burmarə onların qarşısında peyda olur. Hər ikisini tuturlar.

Babək onlardan kim olduqlarını soruşur. Onlar da özlərini təqdim edirlər. Babək aldadıldığını anlayıb Səhli söyməyə başlayır, “məni bir miqdar pula bir ovuc yəhuda (zərdüştilikdən dönüb müsəlman olanlara İran və Azərbaycanda belə deyirdilər - OxuZalı) satdın. Pul istəyirdinsə, mən sənə daha çox verərdim” deyir.

Babəki Afşinin hüzuruna gətirirlər. Onu atdan düşürüb Afşinin iki cərgəyə düzdürdüyü əsgərlərin arasından keçirirlər və bir otağa salıb ağzını bağlayırlar.

Səhl ibn-Sumbat Babəklə birlikdə Afşinin yanına oğlu Müaviyəni də göndərmişdi. Afşin ona 100 min dirhəm, atası Səhlə isə 1 milyon dirhəm, eləcə də üstü cəvahirlə bəzədilmiş kəmər hədiyyə edir. Afşin İsa bin Yunis bin Stefanusa da xəbər yollayır ki, Abdullahı həbs edib onun yanına göndərsin...

ARDI VAR