Dövlət Neft Fondu fəaliyyətə başlayandan (2001-ci ilin əvvəlindən) indiyə qədər quruma 3 milyard dollar vəsait daxil olub. Fondun icraçı direktoru Şahmar Mövsümov Xəzər İnteqrasiya Klubunun iclasında belə deyib. Onun sözlərinə görə, bu vəsaitlərin 1,4 milyard dollarından artıq istifadə edilib, qalan pullar gəlirlərin səmərəli idarəsi məqsədilə xarici banklarda yerləşdirilib. Cənab Mövsümov bildirir ki, 1,4 milyard dolların 900 milyonundan artığı dövlət büdcəsinə transfer edilib, 300 milyondan çoxu Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində Azərbaycanın payına, 170 milyon dolları isə qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xərclənib.