-
"İranda yazı adamları, mədəniyyər adamları heç bir vaxt ictimai fikirlərini gizlətmirlər, özlərinə senzura qoymurlar.
Ona görə də mədəniyyət adamları əvvəl-axır ictimai fikirlərinə görə həbs olunurlar".
İran Azərbaycanından olan şair İbrahim Savalanla söhbət
- İbrahim bəy, lütfən “Oxu Zalı”nın oxucuları üçün özünüzü tanıdın. Nə işə məşğulsunuz, harda yaşayırsınız?
- Mən Güney Azərbaycanda Meşkin şəhərində doğulmuşam, şair, yazar və jurnalistəm. Üç aya yaxındır ki, milli fəal kimi fəaliyyətlərimdən dolayı həbs müddətimi bitirmişəm. Azadlıqda olduğum bu üç ay ərzində həbsdə başladığım yarımçıq qalmış yazılarımı tamamlamaqla məşğulam, indi əsasən bu günki İranda olan məsələlərlə bağlı yazılar yazıram.
- Konkret, nəyə görə həbs olunmuşdunuz?
- Mən on dəfəyə yaxın mühakimə olunmuşam. Onların altı dəfəsində cəzalandırılmışam, iki dəfəsində həbs olunmuşam, amma ümumilikdə, açılan cinayət işlərində bəraət qazanmışam. Sonuncu dəfə bir illiyinə həbs olunmuşam. Mənə qarşı açılan cinayət işlərində əsasən, hakimiyyətə qarşı təbliğat, bölücülük ittihamı səslənir.
Bundan əlavə azərbaycanlı gənclərə Azərbaycan dili, tarixi və mifologiyasını öyrədən dərnəklər açıb, Azərbaycan mədəniyyətini təbliğ etməyimə görə də mühakimə edilmişəm. Məhkəmələrdə açdığımız dərgilər, iştirak etdiyimiz mitinqlər, buraxdığımız kitablarla bağlı da ittiham olunmuşam. İndi üzərimdə bir açıq cinayət işi var.
Keçən il Beynəlxalq ana dili günündə Əhər şəhərində bir mərasimdəki çıxışıma görə həbs olunmuş, amma bir vəsiqə ilə müvəqqəti azadlığa buraxılmışam. Bu cinayət işi məhkəməyə gedəcək, məhkəmə buna bir qərar verəcək, ya həbs olunacağam, ya da bəraət alacağam.
- İranda bir yazı və mədəniyyət adamı fikirlərini ifadə edərkən, daha sivil yollardan istifadə edib azadlıqda qala bilməzmi?
- Hamısı demək olmaz, amma yazıb-yaradan adamların böyük əksəriyyəti heç olmasa bir dəfə həbs olunur. İranda yazı adamları, mədəniyyər adamları heç bir vaxt ictimai fikirlərini gizlətmirlər, özlərinə senzura qoymurlar. Ona görə də mədəniyyət adamları əvvəl-axır ictimai fikirlərinə görə həbs olunurlar. Hətta ictimai fikirlərinə görə olmasa belə, dil və jurnalistika sahəsində fəaliyyət bəzən həmin adamın həbsinə səbəb ola bilər.
Siz hansı dərgilərdə yazırsınız? İranda Azərbaycan dilində hansı dərgilər çıxır?
- Mən Urmiya universitetində türkcə-farsca çıxan «Bulut» dərgisində yazı müdiri, «Ulduz» dərgisinin yazarı, «Baxış» və «Oyanış» dərgilərinin yazarlar heyətində olmuşam. Həmçinin İran Azərbaycanının şəhərlərində müxtəlif dərgilər çıxır -Zəncanda «Bayram», Urmiyada həftəlik «Ağrı» və «Yaşayış» dərgiləri var.
Bunlardan başqa, İranda Azərbaycan dilində müstəqil dərgilər yoxdur. Dərgilərin özəl sayları şəklində bir kitabım da çap olunub. Ümumiyyətlə, İranda kitab və dərgi çapı sahəsində bəzi problemlərin olduğunu deməliyəm.
- Nə kimi problemlər var? Kitab çapı prosedurları necədir?
- Əvvəla, kitabın məzmunundan əlavə ayrıca olaraq müəllifin kimliyi araşdırılır. Siyasi nədənlərlə dustaq olmuş bir adamın siyasi motivləri olmayan bir kitabı olarsa, onu xüsusi diqqətlə yoxlayırlar.
Kitabların yazı qaydaları, istifadə edilən sözlər də yoxlanılır. Bəzi kitablar dəfələrlə redaktədən, dəyişikliklərdən, senzuradan keçirilir. Ən pisi isə odur ki, həbs olunan yazarların əsərləri müsadirə edilir və bir daha geri verilmir.
Məsəlçün, mənim özümün həbsim zamanı bəzi şeirlərim, hekayə dəftərlərim polis tərəfindən aparılıb, onlara böyük ehtiyacım olsa da, geri ala bilmirəm.
Digər tərəfdən, əvvəlki zamana nisbətən ana dilində yazılan kitabların çapı nisbətən asanlaşsa da, hələ də azərbaycanca kitabların çapı istədiyimiz səviyyədə deyil.
- Hakimiyyətlərin şeirdən, ədəbiyyatdan qorxusunu necə izah edə bilərsiniz? Sizcə, şeirin güclü dövlətlərə nə təsiri ola bilər ki, adətən polislər onları müsadirə edirlər?
- Ədəbiyyatdan öncə, deyim ki, İranda Azərbaycan dilinin özü təhlükəsizlik orqanları tərəfindən bir təhlükə kimi görülür. Bir alman filosof deyir ki, bir dildən bir söz əksiləndə, sanki o dildə danışan ulusun torpağından bir qarış azalır, o xalqın düşüncə alanı bir addım azalır, ya da əksinə dilə yeni bir söz girirsə, xalqın torpağı bir addım genişlənir.
Ola bilsin insanların düşüncə alanının genişlənməsindən qorxanlar var. Ona görə də burda rəsmi dairələrdə Azərbaycan dili çox ehtiyatla və farsca-ərəbcə sözlərin qarışığı ilə danışılır. Dilimiz getdikcə zəifləyəndə, o dildə danışan xalqın özünüdərketməsi də çətinləşəcək.
Şeirə gəldikdə isə, deyim ki, İranda Azərbaycan dilində şeir hələ elə də modernləşməyib. Mənim elə şeirim var ki, onun bir dərgidə çapı o dərginin qapanmasına səbəb olub, elə şeirim də var ki, mitinqlərdə həbs olunmağıma gətirib çıxarıb. Məsəlçün:
Biz, sən, mən
Hər ikimiz,
Yazmışıq, yaratmışıq, yaralanmışıq
Çünki dərd bizdən yararsızdır hələ
Biz yaranırıq siyasal qumlar üzərində
Üzürük siyasal Arazda
Sızırıq siyasal sazda
Və yanırıq ki, dərd bizdən yararsızdır hələ
Bu şeirə görə məni məhkəmədə xeyli sorğu-suala tutmuşdular. Soruşurdular ki, “Dərd bizdən yararsızdır” deyərkən nə demək istəyibsiniz. Şeirin mənası o idi ki, Güneydə bir milli oyanış başlasa da, hələ də dərd bizdən əl çəkməyib.
Yaxud Urmiya gölü haqda bir şerim də məhkəmədə cinayət işimə əlavə edilmiş, uzun-uzun müzakirə edilmişdi.
- İbrahim bəy, bu günlərdə, İran Azərbaycanında bir zamanlar inqilabi hərəkatın başında dayanmış Səttarxanın doğumunun yüz illiyi qeyd olundu. Azərbaycanda onun haqqında çox az məlumatlar var.
Məsəlçün, dindarlar onun dinsiz birisi olduğunu deyirlər, millətçilər onun fars millətçiliyinə yaxın fəaliyyətindən danışırlar, onu kəndli hərəkatının başçısı da adlandıranlar var. Bəs sizcə biz ona necə yanaşmalıyıq?
- Səttarxan haqda güneyli ziyalılar belə düşünürlər: Vaxtilə Azərbaycanı amansız zorakılıq və təcavüz zamanı qorumuş bir xalq qəhrəmanı. İran alimləri onu Azərbaycana demokratiya və parlamentin gətirilməsi ilə bağlı ilk addımlar atan adam kimi tanıyırlar.
Səttarxandan öncə bir parlament yaranmışdı, demokratiyaya doğru addımlar atılmışdı, amma sonradan bu cəhdlərin qarşısı kəsilmişdi, ikinci dəfə demokratiyanın bərpaçısı Səttarxan oldu.
Çox az xatirələrdə Səttarxanın düşüncəsindəki milli təəssübkeşlik vurğulanır. Ancaq mən Məhəmməd Əmin Rəsulzadənin Bakıda buraxılmış “İqbal” qəzetinin 1914-cü il, 23 noyabr tarixli məqaləsindən sitat gətirmək istərdim. Rəsulzadə orda Səttarxanın qətlindən 7 gün sonra yazır ki, “Səttarxanla üç dəfə görüşmüşük və hər dəfə söhbətlərimdən sonra qərara gəlirdim ki, o öz dövründən, öz mühitindən, siyasi şəraitdən hərtərəfli xəbərdar olan bir siyasətçidir”.
Yazıçı Abbas Pənahi 1936-cı ildə Bakıda çap olunan romanında yazır ki, “Səttarxan hələ məşrutə inqilabından öncə Mirzə Ələkbər Fəhlaniylə söhbətində özündən yeddi il öncə çıxan dərgilərdən söhbət açır. O orda Fəhlaniyə deyir ki, bir dərgi çap edin, türkcə olsun, adını da “Azərbaycan” qoyun”. Səttarxanın Azərbaycana, türk dilinə qayğısı burda görünür. Ədəbiyyatşünas Nazim Axundov kitabında yazır ki, Səttarxan “Azərbaycan” dərgisinin ilk sayını görəndə uşaq kimi sevinir, gözləri dolur. O günü Azərbaycanda milli bayram elan etmək istəyir.
İslami görüşə mənsub insanlar bəzən onu dindar kimi göstərməyə çalışır, amma o nə din əleyhdarı, nə də dindar bir adam idi. Millətçi görüşlü adamlar isə onu fars millətçisi kimi göstərmək istəyir.
Halbuki Səttarxan Əmir Bahadura yazdığı teleqrafda deyir ki, “mən Azərbaycan xalqının istəyi, arzusu ilə ayağa qalxdım”. Və yaxud o deyir ki, “mən necə əcnəbi bayrağının altına sığınım, bir halda ki istərəm yeddi dövlət bizim bayrağın altına sığınsın”. O burda məşrutə inqilabında onun yanında iştirak edən xalqlara işarə edirdi.
Ümumiyyətlə, deməliyəm ki, Səttarxan türk Qacar dövlətinə qarşı deyildi, o, qacarları qəbul edirdi, sadəcə, bu dövlətdə demokratik islahatlar tələb edirdi...
Söhbətləşdi: Namiq Hüseynli