İslamçı ekstremistləri ələ salan komediya [Video]

-

10 ƏN YAXŞI BRİTANİYA KOMEDİYASI

Britaniya komediyası deyəndə yada Mister Bin düşür.

Rowan Atkinson-un baş rolda çəkildiyi bu çoxseriyalı televiziya filmi dünyanın 200-dən çox ölkəsində göstərilib.

Bunun əsasında iki tammetrajlı film də çəkilib. Hər biri dünyada 200 milyon dollardan çox pul toplayıb.

Amma aşağıdakı komediyaların heç biri həmin iki filmdən geri qalmır.

1. “Dörd şir” (2010). Britaniyadakı islamçı ekstremistləri ələ salan filmdir. Londonda terror aktı hazırlayan 4 “cihadçı”dan bəhs edir.

2. “Bərkgedən polislər” (ing. “Hot Fuzz”, rusc. “Типа крутые легавые”, 2007) Nikolas kimin üçünsə işini vicdanla görən nümunəvi polis əməkdaşıdır (Simon Pegg ifa edir). Kimin üçünsə də ən xırda xətalara görə insanları həbs edən karyerist. Bütün bunlar onunla nəticələnir ki, “ailəyə az vaxt ayırırsan” deyən arvadı onu atır. Rəhbərlik isə “bu qədər həbslə diqqət çəkirsən” deyə onu kənd polis şöbəsinə “sürgün edir”. Acınacaqlı, həm də komik bir vəziyyətə düşən Nikolas təslim olmaq niyyətində deyil...

3. “Şon adlı zombi" (2004). Bu filmdə də baş qəhrəmanı Simon Pegg canlandırır. Dəhşət filmlərinə parodiya olan bu filmdə zombilərin şəhərə hücumu təsvir olunur. Bu zombiləri başından vurmasan “ölmürlər”. Onlarla mübarizə aparan Şon və dostlarının silahı isə dəyənəklər, alma-armud, patefon vallarıdır...

4. “Ledi qatilləri” (The Ladykillers, 1955). Qoca nənədisə, burnunu tutsan, canı çıxar, hə? Ay-hay. Bu filmdəki nənə quldur dəstəsinin “başına oyun açır”.

5. “Kartlar, pullar və lüləsi tüstülənən iki tüfəng” (Lock, Stock, and Two Smoking Barrels, 1998). Daha bir kriminal komediya. Qumarda uduzduğu yarım milyon funtu qaytarmaq üçün bir banda o birisinin pulunu oğurlamaq planı qurur. Halbuki bu cinayətdən ötrü su qiymətinə aldıqları iki qədim tüfəngin əsl qiyməti elə yarım milyon funtdur…

6. “Boynu ilgəkdə” (In the Loop, 2009). Siyasi komediyanın ən gözəl nümunələrindəndir. Britaniya hökumətindəki “9-cu dərəcəli” nazir müsahibələrində müharibənin vacib olub-olmaması haqda bir-birinə zidd ifadələr işlədir. Britaniyanın müttəfiqi olan ABŞ hökumətində İraqa müdaxilə üçün əsas axtaran və müharibəyə qarşı çıxan iki rəqib qrup bu ziddiyyətli açıqlamalardan özünə sərf edən şəkildə istifadə etməyə çalışır. Həmin naziri Vaşinqtona dəvət edirlər…

7. “Mehriban qəlblər və taclar” (1949). Bütün dövrlərin ən yaxşı Britaniya filmlərindən sayılır. Qara komediyadır. Filmin qəhrəmanının anası markiz nəslindən olub, amma “qara camaatdan” olan musiqi müəlliminə ərə getdiyi üçün ailəsi ondan üz döndərib. Mirasdan məhrum edilsə də, kasıblıq içində böyüsə də, filmin qəhrəmanı zadəgan sayılır. O, markiz tacına yiyələnmək və nəslin var-datına sahiblənmək üçün silsilə qətllər planlaşdırır…

8. “Tristam Şandi: Xoruz və öküzün hekayəti” (“Tristram Shandy: A Cock and Bull Story”, 2005). Fellininin məşhur “8 yarım”I kimi bu da sənətçi həyatı haqda komediyadır. Aktyorlar arasında rəqabət, paxıllıq, şəxsi həyatdakı problemlər, film çəkilişlərindəki gülməli hadisələr…

9. “Monti Payton və Müqəddəs qədəh” (1975). İngilislərdən xalqın öz tarixinə necə yanaşmalı olduğunu öyrənməyə dəyər. Ayıq başla. Kral Artur ingilislər üçün Babək, ya da Koroğlu kimi bir qəhrəmandır. Amma həyatı haqda məlumatlar əfsanələrlə çulğaşıb. Filmin yaradıcıları Kral Artur və onun cəngavərlərinin müqəddəs qədəh, ölümsüzlük axtarışlarına yumşaq desək, ironiya ilə yanaşırlar.

10. “Monti Payton. Brayanın həyatı” (1979). Elə İsa peyğəmbərin də həyatı haqda məlumatların nə dərəcədə gerçəyə uyğun gəldiyi bilinmir. “Monti Payton” komediya qrupunun çəkildiyi bu filmdə isə dini əfsanələr hədəfə alınır.

Hazırladı: Rövşən Qəmbərov