-
Vaqif Sultanlı
NƏVAİ-QUMRU
Hekayə
Miranşah atası Əmir Teymurun böyük dəyər verdiyi, şöhrəti bütün Şərqə yayılmış məşhur bəstəkar Əbdülqadir Marağayinin yeni əsərini dinləmək üçün möhtəşəm bir məclis düzənləmişdi. Bəstəkar bir ay öncə yazdığı əsərin əlyazmasını ona təqdim edərək çəkinə-çəkinə belə bir məclisin keçirilməsi arzusunda olduğunu söylədikdə hökmdar məmnunluq hissi ilə razılığını bildirmiş və o zamandan sarayın bağcasında indiyədək misli görünməmiş hazırlıq işlərinə başlanılmışdı. Təbrizin ən mahir ustaları saraya dəvət olunaraq bağçanın yenidən qurulmasına cəlb edilmişdi. İki aydan artıq davam edən bərpa və təmir işləri saray bağçasının görünüşünü tanınmaz şəkildə dəyişmişdi.
İndi bağçanı dövrələyən bəzək ağaclarının rəngbərəng çeşidləri göz oxşayır, çiçəklərin biri-birinə qarışmış əsrarəngiz qoxusu adamı bihuş edirdi. Gül kollarının arası ilə səkilər boyunca naxışlı ağac dirəklərdən asılmış fənərlər gecəni çıraqban edir, səkilərə döşənmiş təsvirli Təbriz xalıları bağçaya ayaq basanları xəyal dünyasına çəkib aparırdı. Az sonra ziyafətin başlayacağını xəbər verən xəfif musiqi sədaları bağçaya sirli, sehrli bir ovqat gətirirdi.
Əslində eyş-işrət məclisləri tez-tez keçirilsə də, saray ilk dəfə idi ki, belə təmtəraq və zövqlə bənzədilmişdi. Bunun səbəbi isə hər kəsə bəlli idi: bəstəkarın yeni əsəri Əmir Teymurun nəvəsi, Miranşahın oğlu Sultan Xəlilə ithaf olunmuşdu.
Miranşah yeniyetməlik çağına qədəm qoymuş oğlunu ötən yay Mavərənnəhrə, Əmir Teymurun hüzuruna göndərmişdi. Məqsədi oğlunun gözlərini açmaq, babasının yanında cahangirliyin və səltənəti qorumağın sirlərini öyrənməsinə yardımçı olmaqdı. Ancaq çox keçmədən atası Sultan Xəlilin saraydakı cariyələrdən Şadimülkə vurularaq səltənət işləri ilə maraqlanmadığını Miranşaha bildirmiş, bir müddət onu Təbrizə öz yanına aparmağı məsləhət görmüşdü. Miranşah belə də etdi. İndi iki aydan artıq idi ki, Sultan Xəlil Təbrizdə idi. Hər gün israrla Səmərqəndə dönmək istədiyni bildirsə də, Miranşah bir bəhanə ilə oğlunu fikrindən daşındırır, zamanla hər şeyin həll olunacağını düşünürdü. Sarayda düzənlənən bu musiqi məclisi də Sultan Xəlili bir növ ovundurmaq, o cariyənin sevdasını başından çıxarmaq məqsədilə düşünülmüşdü.
Neçə gündən bəri idi ki, Əbdülqadir bitməz-tükənməz bir narahatlıq içərisində məşq eləyir, yazdığı musiqinin gözəlliyinə heyranlığını gizlətməyən ifaçılarla əsəri təkrar-təkrar səsləndirirdi. Hər dəfə də o, ifanın bəlli bir yerində musiqini kəsərək yeni xallar, yeni düzəlişlər əlavə edir, bəstəni qüsursuz sənət əsərinə çevirmək üçün əlindən gələni əsirgəmirdi.
Ancaq içini sarmaşıq kimi bürüyən narahatlıq onu tərk etmir, əl-qolunu bağlayır, həyəcanını artırır, nə illah eləyirdisə, özünü ələ ala bilmirdi: «Görən, musiqiçilər əsəri onun istədiyi kimi səsləndirə biləcəkdilərmi? Ən əsası isə bunca hazırlıqların müqabilində hökmdar musiqini bəyənəcəkdimi?» – özünə ünvanlanan bu sualların cavabı ona bir azdan bəlli olacaqdı.
Musiqi canından artıq sevdiyi oğluna yazıldığı üçün saray məiyyətilə birgə məclisə təşrif buyurmuş Miranşah bağçanın yuxarı başında inşa olunmuş taxtına qalxmazdan öncə ifaçılara yaxınlaşaraq hal-əhval tutdu. Hökmdarın gəlişini uzaqdan izləyən mavi xalatlı, başlarında zərli fəs olan ifaçılar ayağa qalxaraq müntəzir dayanmışdılar. Miranşah eyni qiyafədə olan saray musiqiçilərinin hər birini şəxsən tanıyırdı, təkcə bir nəfərdən – əsəri ifa etmək üçün bəstəkarın dəvət üçün təkidlə israr etdiyi xanəndədən başqa. Əslində hökmdarın taxta əyləşməzdən öncə musiqiçilərlə xüsusi görüşməsinin səbəbi də xanəndəylə tanışlıq idi.
Cavan, arıq cüssəli, qaraşın çöhrəli xanəndə Miranşahla üz-üzə gəlməkdən özünü itirdiyindən dizi üstə hökmdarın qarşısında çökərək başını köksünə sarı əyib durmuşdu. Miranşah onun qalxmasına icazə verdi.
– Oğlum, Azərbaycanın harasındansan? – soruşdu.
Xanəndə başını qaldırmadan qərib bir səslə:
– Marağadanam, - dedi
– Səndəmi Marağadansan?
Əbdülqadir qabağa yeridi:
– Hökmdar, Marağada doğulan hər kəsin belə gözəl səsi olur... – bəstəkar fikrini tamamlamaq üçün daha nə isə demək istədisə də, ancaq münasib söz tapa bilmədiyindən susdu.
Miranşah xanəndəni mürəxxəs edib Əbdülqadirin qoluna girərək onu müşayiət edən məiyyətinin əhatəsində taxtına sarı getdi. Hökmdar taxtına əyləşdikdən sonra musiqiçilər onunla üzbəüz xalının üstündə yerlərini tutdular.
Hökmdarın sağında oğlu Sultan Xəlil əyləşmişdi. Sol tərəfdə taxtla yanaşı qoyulmuş kürsüdə əyləşmiş bəstəkarın bütün diqqəti ifaçılarda idi; onlar aram-aram alətləri kökləyir, çalmağa başlamaq üçün bəstəkarın işarəsini gözləyirdilər.
Ziyafət əhli dəstə-dəstə bağçaya döşənmiş xalıların üstündə əyləşmişdi. Tərtəmiz geyinmiş xidmətçilər əllərində gümüş kuzələr qonaqlara ətirli şərbət, qırmızı şərab paylayır, hil, mixək, zəncəfil qoxuyan şirniyyat çeşidləri təklif edirdilər.
Bəstəkar hökmdarın icazəsini alaraq ifaçılara başlamaq işarəsi verdi və zərif musiqi sədası gecənin sükutunu pozdu.
Saray məclisləri ənənəsinə uyğun olaraq əvvəlcə Əmir Teymurun, sonra Miranşahın şərəfinə musiqi səsləndirildi, daha sonra rəqqasələrin oyunu nümayiş etdirildi.
Azacıq fasilədən sonra isə hər kəsin intizar içərisində gözlədiyi Sultan Xəlilin şərəfinə «Nəvai-Qumru»nun ifa olunacağı elan edildi; bircə anda bağçaya dəli bir sükut çökdü. Musiqinin müşayiət etdiyi xanəndənin qeyri-adi səsi eşidilincə məclis bu səsin sehrinə düşübmüş kimi özünü büsbütün unutdu.
Udun səsi yerin təkindən qopub gəlirmiş kimi boğuq bir fəryadla inildəyir, sənturun naləsi kanonun cingiltili nidasına qovuşaraq qeyri-adi ahəng yaradırdı. Xanəndə elə şövqlə oxuyurdu ki, onun səsi dinləyənin ürəyinə işləyir, ruhunu vücudundan çəkib çıxarırdı.
Saray bağçasının göz oxşayan yaşıllığı içərisində hər şey musiqinin ahənginə, harmoniyasına köklənmişdi. Məclis bu ahəngin sehrinə, cazibəsinə bələndiyindən heç nə görmür, eşitmir, duymurdu. Musiqi səsi simlərdən süzülərək damla-damla qaranlığın bağrına hopur, gecənin ruhuna sığal çəkirdi.
***
Bu, Əbdülqadirin indiyə qədər yaratdıqları içərisində ən böyük sənət əsərlərindən biri idi, mahnının qeyri-adi ifası başqaları kimi onu da özündən alıb aparır, anlayıb dərk etmədiyi, sirlərindən agah olmadığı bir dünyaya salırdı.
Əslində Əbdülqadir bu mahnını Sultan Xəlilə ünvanlasa da, musiqinin ritmi, sədaları içərisinə çəkilməz əzablara məhkum olan xalqının acı taleyini gətirmişdi. Ancaq sözlər adi sözlər idi, bunu sözlərlə ifadə etmək təhlükəli idi, bu dərdin aşkar deyilməsi həyatı bahasına başa gələ bilərdi, ona görə də hər nə deyilmişdisə, musiqinin ritminə, sədalarına hopdurulmuşdu.
Əbdülqadir Qumrunun sevgisini ömrünün erkən illərində qəfil əsib keçən rüzgar kimi duymuş, ancaq faciə ilə bitən bu sevdanın kədər qoxuyan xəyallarını həmişə özündən uzaqlaşdırmağa çalışmışdı. Heç zaman adıyla çağırmadığı o gözəlin Qumruya – zərif quşcuğaza necə də bənzəyişi vardı...
Bəstəkar əvvəl-əvvəl o ilahi sevgisinə qayıtmaq, Qumrunu xatırlamaq istəməmişdi, bu sevgidən, bu sevginin gətirdiyi həyəcandan qorxmuşdu. O, qızın məhəbbətinə layiq olmadığını, ona cavab verə bilmədiyini düşünərək bu sevgidən qaçmış, hər şeyi unutmağa, belə bir sevginin ola bilməyəcəyini düşünməklə özünü, gələcəyini aldatmağa çalışmışdı...
Ancaq sonra, çox-çox sonra bunun mümkün olmadığını anlamışdı. Səmərqənddə yaşadığı illərdə Qumrunun eşqi daim onun yuxularını qaçırırdı; vətəninin, doğmalarının həsrəti o qızın rəngində, qoxusunda, qiyafəsində gəlir, onu darıxdırır, həyəcanlandırır, kədərləndirirdi.
Qumrunu el-el, oba-oba soraqlaşmağa başladı, görənlərdən, tanıyıb bilənlərdən xəbər aldı, onu tapmaq ümidilə Səmərqənddən Bağdada, Ərbilə qədər gəzib dolaşdı, ancaq soraq verən olmadı. Sanki qız doğulmamış, yerli-dibli bu dünyaya gəlməmişdi...
Beləcə, Əmir Teymurun nəvəsinə ithaf etdiyi bu əsər özü də duymadan «Nəvai-Qumru»ya çevrilmişdi.
Əbdülqadir bu mahnını əlinə qələm alıb yazmamışdı, bu musiqi ruhundan, qəlbindən süzülüb gəlmiş, ilahinin sehri, möcüzəsi kimi yaranmışdı. O sadəcə hisslərini, duyğularını varlığından siyirib səsə, ritmə, ahəngə çevirmişdi. Bu mahnı deyildi, musiqi deyildi, buna qulaq asmaq olmurdu, dinləyənin ruhunu, varlığını titrədir, insan olduğunu, dərd üçün doğulduğunu, ölənəcən dərd içindəcə qovrulacağını ona xatırladırdı.
İndi musiqini dinləyən hər kəs onun sədaları, ritmi, ahəngi içərisində gizlənən ilahi sevgini duyur, bu sevginin böyüklüyünə, əzəmətinə, qüdrətinə heyranlığını gizləyə bilmirdi.
Bəstəkar saray bağçasının yaxınlığındakı hərəmxanada, qaranlıq otağın qalın pərdəli pəncərəsi dibinə çökərək musiqini dərd kimi ruhuna çəkən gözəlin – Qumrunun varlığından xəbərsizdi. İllərlə axtardığı sevdasının səsin yetdiyi qədər yaxınlıqda olduğunu bilmirdi. Bilmirdi ki, səsin həyəcanlandırdığı qız musiqinin fəhmlə ona yızıldığını duyubmuş kimi gizli bir təşviş içərisində çırpınır, gecənin, tənhalığın, sevgisizliyin pəncəsindən qoparaq o səsə qovuşmaq, həsrətini, nakamlığını o səsin ahəngində əritmək istəyir. O bütün bunları bilmirdi və bilməyəcəkdi də...
* * *
Bu ilahi musiqinin qüdrətinə təslim olmuş Miranşahın illər boyu sifətini örtmüş zəhmi, zalımlığı bir andaca çəkilib getmiş, yerini yumşaq, mülayim cizgilər bürümüşdü. Musiqi Miranşahın ruhuna, varlığına elə işləmişdi ki, heç nə görmürmüş, eşitmirmiş kimi gözlərinin dikildiyi uzaq məchulluqları seyr edirdi.
«– Görən taleyimiz necə olacaq», - Miranşahın dodaqlarından qopan bu səda Əbdülqadiri diksindirdi. – «Hökmdar ondanmı nicat umurdu?! Fələk, bu nə sözlərdi belə».
... Birdən Miranşahın əsəbi halda taxtdan qalxması ilə musiqi yarımçıq kəsildi. Hələ musiqinin cazibəsindən qopmamış, nə baş verdiyini anlamayan məclis əhlinin gözü hökmdara dikildi.
Miranşah özündə deyildi, bayaq musiqi ifa olunarkən düşdüyü halətdən qopub ayrılmamışdı. Musiqi onun ruhuna, varlığına, qəlbinin, içəri dünyasının ən gizli nöqtələrinə nüfuz etmiş, keçmişini, gələcəyini biri-birinə qatmışdı.
Musiqinin kəsilməsilə məclisə ölü bir sükut hakim oldu. Miranşah onunla yanaşı dayanmış bəstəkara sarı döndu:
– Bu mahnını kimə yazmısan, Əbdülqadir?
Bəstəkar gözləmədiyi bu sualdan özünü büsbütün itirdi, əslində bayaqdan bəri Miranşahın sifətinin dəyişən cizgilərindən onun qeyri-adi xəyallar aləminə qədəm qoyduğunu duymuşdu. «Əlahəzrət niyə bu gözlənilməz sualı verdi, görən? Bəyəm o bilmirmi mahnının kimə həsr olunduğunu? Söyləməmişdimmi, hələ bir ay öncə Sultan Xəlilin şərəfinə yazıldığını? Əgər bilmirdisə, bəs bu təmtəraq, bu məclis nədən ötrü qurulmuşdu? Yox, bu adi suala bənzəmir».
Miranşahın sualının gözlənilməzliyi onu diksindirsə də, təmkinini toplayaraq:
– Sultan Xəlilin şərəfinə yazmışam, əlahəzrət! – dedi.
Miranşahın sifəti birdən-birə dəyişdi:
– Nə cəsarətlə mənə yalan söyləyirsən!
Əbdülqadir ağlına belə gətirmədiyi bu ittahamdan çaşıb qaldı, sifətinin rəngi çəkildi və nə cavab verəcəyini bilmədiyi üçün susub durdu.
– Bu mahnını Sultan Xəlili düşünüb qoşmamısan!..
– ...
– Bu sevgi əsəridi!
Məclisə daş sükutu çökmüşdü, hər kəs nəfəsini udaraq bu söhbətin sonunun necə qurtaracağını gözləyirdi. Adamlar böyük musiqi ustadının Miranşahın qəzəbinə düçar olacağının, belə qüdrətli sənətkarın susdurulacağının həyəcanı içərisində idi.
Miranşah sualına cavab almadan qalxıb taxtında əyləşdi.
– Lənət şeytana, - dedi və Əbdülqadirə sarı dönərək mahnını bir daha dinləmək istədiyini bildirdi.
Qəfildən yeni bir ahənglə yüksəlməyə başlayan musiqi sədaları yaranmış gərginliyi bir qədər aradan götürən kimi oldu və hökmdarın hirsinin soyumasından ürəklənən bəstəkarın rəngi üstünə gəldi.
* * *
Şərəfinə bəstələnən musiqi gənc Sultan Xəlili özündən alıb aparmış, atasının nəsihətləri ilə bir qədər səngiyən həsrətini yenidən oyandırmışdı. Səmərqənddə qoyub gəldiyi Şadimülkün dərdi içini alovlandırmağa başlamışdı. «Əbdülqadir onun yaşadıqlarını necə duymuş, qəlbinin gizlinliklərinə nə yolla vara bilmişdi? Elə bil olub-bitən hər şeyi bəstəkara anlatmışdılar. Kaş, bu musiqini Şadimülk də dinləmiş olaydı».
Gənc içərisini didən sualların əzablarından çırpınır, daha bu ayrılığa dözə bilməyəcəyini anlayaraq yollar arayırdı. «Görən, Şadimülk indi mənsiz neyləyir? Babası onu öldürtmək istəyirdi, bir yolla sevgilisini ölümün cəngindən qurtara bildi. Bəs kimin ümidinə qoyub gəldi onu? Niyə bu addımı atdı? Yox, yox, bunu heç zaman Şadimülk ona bağışlamayacaq. Heç özü özünü də bağışlamayacaq».
Sultan Xəlil ayağa qalxaraq hiss olunmadan məclisi tərk etdi. Musiqi qəlbini ovsunlamış, gücünü, qüdrətini coşdurmuşdu. İndi heç bir maneə qarşısını kəsə, vüsala aparan yolunu bağlaya bilməzdi.
O, gizli yollarla saraydan çıxıb atına süvar oldu. Dördnala çaparaq şəhərdən çıxıb onu tilsim kimi özünə çəkən Səmərqənd səmtini tutdu.
* * *
...Musiqi bitəndən sonra Miranşah əsərlə bağlı Sultan Xəlilin fikrini öyrənmək üçün sağına çevriləndə oğlunu yerində görmədi. Ürəyinə nə isə damdığından dərhal xəfiyyəbaşını səsləyərək oğlunun harda olduğunu soruşdu.
Göz qırpımında gedib-qayıdan xəfiyyəbaşı Sultan Xəlilin atına süvar olaraq sarayı tərk etdiyini bildirdikdə hökmdar məsələni anladı və mühafizə dəstəsinə şəhərdən çıxan bütün yolları kəsmələrini, oğlunu tapıb geri qaytarmalarını əmr etdi.
Ancaq bütün bunlar əbəs idi; Sultan Xəlilin atı qanad çıxarmışdı.
2005, Bakı-Hamburq