Lal Hüseyn

Azad Qaradərəli

-

Bu vaxt ayı ayaqları üstə qalxıb yerində durdu, özünü balalarına sipər edib yalvarırmış kimi hərəkət edərək əllərini oynadaraq eynilə lal Hüseynin özü kimi qəribə səslər çıxartmağa başladı...

Azad Qaradərəli

LAL HÜSEYN

(hekayə)

Lal Hüseynqızının çantasını açdı. İçindən kitabları götürüb heyranlıqla gözdən keçirdi.

Sonra öz dlində “əh” elədi – bu əslində “pəh, nə gözəl!” demək idi – sonra barmağını dili ilə yaşlayıb bir vərəqi çevirdi və gördüyünə inanmadı: ayı bir adamı yerə yıxıb üstündə oturmışdu, o biri də qaçıb dırmaşdığı ağacdan onlara baxırdı. Altında da nəsə yazılmışdı.

O, şəkilə baxa-baxa “hü” eləyib ağladı... Axı altı yaşı olanda ayı meşədə qəfildən onun da qabağına çıxmışdı və nitqi elə o batan batmışdı...

***

On səkkiz yaşı olanda odun yığıb satdı, bir qoşalülə aldı. Dağda-daşda nə qədər kəklik ovladı, əlik vurdu, yoruldum demədi.

Gecə-gündüz meşənin ən qalın yerinəcən getdi, saatlarca həmin ayıyla rastlaşdığı yerdə oturub gözlədi, amma o ayıya rast gəlmədi ki, gəlmədi. İllər sonra bir dəfə qatıra odun yükləyib evə gəldiyi zaman yolda iki ayı balası gördü.

Hələ çox balaca olan bu balalar bir-birinin belinə tullanır, zarafatlaşır, qəribə səslər çıxardırdılar. Hüseyn barmağını dişlədi: bu o ayının balalarıdır! Harda olsa gəlib çıxacaq onların yanına...

Qatırın yükünü açıb yerə tökdü, özünü də aparıb bir dalda yerdə hörüklədi ki, otlasın, ac qalmasın.

Özü də iri bir palıdın koğuşuna girib gizləndi. Elə təzəcə yerini rahatlamışdı ki, qolu yoğunluqda bir meşə talxasının düz burnunun qabağında dayanıb onun üstünə atılmağa hazır olduğunu gördü. Tərpənmək – ölüm demək idi.

Ona görə nəfəsini udub sakitcə ilana baxırdı. Bir rəssam əlindən çıxmış əsərə oxşayan üstü yamyaşıl, altı sarıya çalan, gözləri qara, ağzının yanları qırmızıya çalan (elə bil qadın kimi qırmızı pamada çəkmişdi) bu meşə talxası qarşısındakı adamın sakitcə dayandığını görüb fısıldaya-fısıldaya ağaca dırmaşdı və bir azdan gözdən itdi.

Hüseyn dərindən nəfəs alıb ayı balaları tərəfə baxdı və gözü kəlləsinə çıxdı: ana ayı bir cüt balasını arxasına keçirərək havanı imsiləyir, narahatlıqla onun koğuşuna girdiyi palıda tərəf gəlirdi. Hüseyn başa düşdü ki, bu dəfə geciksə, təzə doğmuş ayı onu parçalaya bilər. Ona görə tüfənginin lüləsini ayıya tərəf uzadıb onu nişan aldı.

Bu vaxt ayı ayaqları üstə qalxıb yerində durdu, özünü balalarına sipər edib yalvarırmış kimi hərəkət edərək əllərini oynadaraq eynilə lal Hüseynin özü kimi qəribə səslər çıxartmağa başladı. Hüseyn onu yaxşı başa düşürdü. O yalvararaq güllə atmamağı xahiş edir, balalarının qabağına keçirdi ki, işdi şayət güllə açılsa, balalarına yox, onun özünə dəysin.

Hüseynin gözləri yaşardı. Neçə illərdən bəri axtardığı bu düşməninin belə yalvarması, özünü balalarına sipər etməsi onun yaralı qəlbinə toxunmuşdu. Ona görə ehtiyatla tüfəngin lüləsini geri çəkdi. Ayı məsələni başa düşüb əllərini yerə qoydu, bircə anda balalarını qapıb qoltuğuna vurdu və meşənin dərinliyində gözdən itdi.

***

Axşam qızını yanına çağırıb əl hərəkətləri ilə soruşdu:

“Dərsini necə oxuyursan?”

Qız atasını başdan eləmək üçün iki əlini üst-üstə qoydu, yəni:

“Orta oxuyuram.”

Kişi hirslə sağ əlini yuxarıdan aşağı burdu, yəni:

“Niyə orta?”

Qız söz tapmadı. Atasının indi gündəliyini istəyəcəyini fikirləşib (Hüseyn 9-a qədər rəqəmləri tanıyırdı, sonrasını qarışdırırdı) günahı məktəblərinə təzə gələn müəllimin üstünə atmaq qərarına gəldi. Onsuz da altı aydır məktəbə gəldiyi, bütün kənd ondan narazıydı.

Guya uşaqlara çox çətin tapşırıqlar verirdi. Guya qəsdən belə edirdi ki, uşaqlar savadsız olsunlar. İş ondaydı ki, direktor da bu fikirdəydi, məktəbin köhnə müəllimi də. Ona görə qız şəhadət barmağını qaldırıb atasına tərəf tutdu, sonra barmaqları ilə saçını arxaya daradı və iki əlini də qabağa uzadıb sükan tuturmuş kimi vəziyyət aldı, yəni:

“Məktəbimizə bir cavan, saçı arxaya daranan motesiklli cavan müəllim gəlib. Günah ondadır.” (Təzə müəllim həqiqətən motosikl sürürdü və saçını da arxaya darayırdı.)

Hüseyn “ee?” elədi, yəni:

“Belə deeee.”

***

Hava şaxtalı olsa da gənc müəllim sinfin pəncərələrini taybatay açmış, qapını da örtməmişdi. Çünki sobaya qoyulan odunlar uzun idi və o səbəbdən sobanın qapısı bağlanmırdı, bayırdan əsən sazağın da təsirindən sinfi tüstü bürümüşdü. Buna baxmayaraq müəllim tüstüdən göz yaşlarını silə-silə lövhədə misal yazır, həll edirdi. Özü də tez-tez qayıdıb sinfə sual verirdi,on uşaqdan yalnız ikisi əlini qaldırıb cavab verirdi.

Onun lövhədə yazdığı yazı doğrudan da çətin idi. Amma bu nə qədər çətin olsa da, kolxozun mühasibi Müsəllimin oğluyla meşəbəyi Mirqafarın oğlu müəllimin suallarına cavab verə-verə yerlərində yazırdılar. Qalan o biri uşaqlar da lövhədə olanı lövhədən, olmayanı da əyilib bu iki uşaqdan köçürürdülər.

Bir az sonra müəllim Müsəllimin oğlunu lövhəyə çağırdı, o dalövhəyə çıxıb müəllimdən də sürətlə yazmağa başladı. Yazdığı şeylər hamısı iks, iqrik, zet, rəqəmlərvə bu kimi şeylər idi. Uşaqlardan biri müəllimin jurnalı yazmasından istifadə edib yavaş səslə dedi:

-İks, iqrik, zet, bilmirsən, dur burdan get...

Sinfə gülüşmə düşdü. Müəllim həmin şagirdi də lövhəyə çağırdı. Amma o Müsəllimin oğlunun əlinə baxa-baxa qalmışdı. Bir az sonra meşəbəyinin oğlu çıxdı lövhəyə. Onlar lövhəni iki yerə bölüb sürətlə yazmağa başladılar. Müəllim də barmaqları ilə tellərini geri daraya-daraya fəxrlə onlara baxırdı. Tüstü bir az səngimişdi, həm də sinif tamamsoyumuşdu, buna görə də o qapını örtmək istəyəndə birdən qapının arxasında əlibaltalı nəhəng bir adam gördü. Adamın gözlərindən zəhrimar yağsa da, müəllimə şəfqətlə, mehribançılıqla baxırdı. Müəllim onun burada deyəsən çoxdan dayandığını sezib dedi:

-Sizə nəsə lazımdır?

Bu bizim tanıdığımız Lal Hüseyn idi. Bura gələndə baltanı götürmüşdü ki, təzə müəllimə bir az hədə qorxu gəlsin, qorxutsun ki, qızına yaxşı dərs keçsin. Amma görəndə ki, bu iki uşaq müəllimin dediyini elə göydəcə qapır, məsələni başa düşmüşdü. Qarşısında dayanan bu balacaboylu adama baxa-baxa bir az xəcalət keçirirdi, bir az da peşmançılıq hissi basırdı onu.

Hələ başqa şey də vardı. O ayı gəlib durmuşdu gözünün qabağında. Adamın allahı var, balaca Hüseynin nitqinin batmağına səbəb olsa da, o ayı insaflı ayı idi. Az qala qarnına girən uşağı əlinin dalı ilə vurub yıxsa da, daha ona toxunmamışdı. Eləcənə ağzını sağa-sola tuta-tuta nərə çəkmiş, bağırıb çıxıb getmişdi.

İndi vəziyyət tərsinəydi: Lal Hüseyn ayı boydaydı, qabağında dayanan müəllim də elə bil balaca uşaq idi. Amma bu “uşaq” o uşaqdan deyildi. Bir az özünü itirən kimi olsa da kəsib-kirimirdi:

-Bağışlayın, sizin mənə sözünüz var?

-E-be-be... – Lal Hüseyn iri əl barmaqlarını yumurlayıb iki döşünə qoydu, sonra sağ əlini başına şal örtürmüş kimi doladı və əli ilə aşağıdan yuxarı təxminən bir metrdən bir az məsafəni göstərdi. Müsəllimin oğlu lövhədən bu olub-bitənləri görürdü və əslində qonşuları Lal Hüseynin də laldili danışığından başı çıxırdı deyin, onun dediklərini müəllimə “tərcümə” etdi:

-Müəllim, bu kişi laldır. Bizim sinifdə oxuyan Gülanın atasıdır... Deyir ki... Zaddı... deyir ki, bu sinifdə mənim qızım oxuyur...

Bu vaxt Lal Hüseyn içəri girdi. Başı az qala sinfin tavanına dəyəcəkdi. Əlini uzadıb lövhədə təbaşirlə yazan uşaqlara işarə elədi, baş barmağını dik tutub “Həəh” elədi, yəni:

-“Əhsən!”

Sonra qızı Gülana tərəf baxıb başını buladı, müəllimi göstərib yenə “həəh” elədi. Daha sonra əlindəki baltanı qızına tərəf uzadıb sual verirmiş kimi bir hərəkət elədi, bu da deyəsən belə demək idi:

-Məni müəllimin üstünə əlibaltalı göndərmisən, utanmırsan?

Və yenə sol əlinin ortadan aşağı üç barmağını qatladı, baş barmağını da onların üstünə qoyub şəhadət barmağını müəllimə uzatdı, sağ əlinin baş barmağını dik qaldırıb “off!” elədi, yəni:

-“Bu müəllim yaxşı müəllimdir, sən məni aldatmısan!”

Sonra bir göz qırpımında sobanın içindəki uzun kösövləri yanmayan başından tutub bayıra daşıdı. Yenə bir göz qırpımında onları doğrayıb gətirdi sobaya yığıb püfləyib yandırdı, tüstüsüz sinfə göz gəzdirib gülümsündü. Üzünü müəllimə tutub “ə-bə-bə” elədi, Gülanı göstərib ağlamsındı. Müəllimə daha “tərcüməçi” lazım olmadı. O da yaşarmış gözlərini silib dedi:

-Gülan atana de ki, sabahdan sizə keçdiklərimi qayıdıb təkrar keçəcəyəm. Sizə bu tənlikləri hökmən öyrədəcəyəm. Amma Gülan, sən də atana görə gərək yaxşı oxuyasan. Sənin gör nə yaxşı atan var...

Başını aşağı salmış Gülan ayağa durub müəllimin dediklərini atasına əl-qol hərəkətləri ilə başa salmaq istədi, amma buna gərək qalmadı. Lal Hüseyn getmişdi.

Müəllim məktəbin həyət qapısından çıxan kişinin aşağı əyilərək üzünü tutduğunu gördü: o dalda yerdə oturub hönkürürdü.

1984 – Zəngilan, 2014 - Bakı