-
Yanvarın 12-də Neftçala rayonun mərkəzində yerləşən «Vüsal» MMC-nin nəzdindəki ticarət mərkəzində çalışan bir qrup ticarətçi etiraz aksiyası keçirib.
Aksiyada polislərlə dükan sahibləri arasında qarşıdurma yaranıb.
Bu haqda AzadlıqRadiosuna aksiyaçıların özləri məlumat verib. Aksiyaçıların sözlərinə görə, etiraza səbəb onların zorla digər ticarət mərkəzinə köçmələrinə məcbur edilmələridir.
Etirazçılar deyir ki, bir il öncə rayonun icra başçısı özünə böyük ticarət mərkəzi tikdirib. Şəhərdən kənarda yerləşdiyindən, həm də baha qiymətə təklif olunduğundan ticarətçilər bu mərkəzin dükanlarını və vitrinlərini icarə götürməyə maraq göstərməyiblər. Etirazçı tacirlərin sözlərinə görə, onları bu dükanları icarəyə götürməyə məcbur etmək üçün indiyə kimi müxtəlif vasitələrdən istifadə olunub.
Etirazçılardan Minayə Qasımova deyir ki, uzun illərdir ki, ticarət mərkəzində balıq satır. Onun sözlərinə görə, son vaxtlar basqıların güclənməsi onları aksiya keçirməyə məcbur edib:
«CANA DOYDUQ VƏ SƏSİMİZİ ÇIXARDIQ»
«İcra başçısı özünə yeni ticarət mərkəzi tikdirəndən sonra qara günlərimiz başlayıb. Bizə təklif edirlər ki, gedib malımız orada sataq. Bu da bizə sərf eləmir. Buna məcbur etmək üçün hər üsuldan istifadə edirlər. Gah baytar göndərirlər, gəlib bizi cərimələyir, gah polis göndərirlər malımızı dağıdır. İstəklərinə nail olmaq üçün dövlət büdcəsindən maaş alan yaxınlarımızı işdən qovmaqla hədələyirlər. Biz də cana doyduq və səsimizi çıxardıq. Polislər yenə tökülüşüb gəldilər, bizə hücum etmək istədilər. Biz onların qarşısında geri çəkilmədik, sona kimi sözümüzü dedik, polislər də çıxıb getdi. Bu özbaşınalıqdı. Mənə harada sərf edirsə, orada da malımı satacağam».
«MƏQSƏDLƏRİ BALIQ BAZARINI ƏLƏ KEÇİRMƏKDİR»
«Vüsal» MMC-nin nəzdindəki ticarət mərkəzinin rəhbəri Zakir Fərzəliyev deyir ki, basqılarla bağlı aidiyyəti orqanlara bir neçə dəfə şikayət etsə də baxan olmayıb:
«Hamı bunların sözünü deyir. Kimdən kimə şikayət edəsən? İcra başçısı İsmayıl Vəliyev bir il öncə özünə tikdirib bu mərkəzi. İndi ticarətçiləri məcbur edir ki, hamı malını orada satsın. Ötən ilin oktyabrından başlayıblar basqılara. Neftçalada əsas ticarət balıq satışındadır. Rayonda ən böyük balıq satışı bizim bazarda həyata keçir. İndi, həmin ticarəti öz mərkəzlərinə daşımaq istəyirlər.
Məqsədləri balıq bazarını ələ keçirməkdir. Keçən il rayonda 30 dükanı sökdürdülər. Dükan sahibləri məcbur olub daşındılar həmin mərkəzə. İndi də gözləri bizim bazara düşüb. Bilmirik sonu necə olacaq».
«İCRA BAŞÇISININ TİCARƏT MƏRKƏZİ YOXDUR»
Neftçala rayon icra başçısının müavini Dilavər Quliyev AzadlıqRadiosuna müsahibəsində ticarətçilərin səsləndirdiyi iddiaları cəfngiyyat sayır:
«Bunlar hamıs uydurmadır. İcra başçısının heç yerdə ticarət mərkəzi yoxdur. Rayonda hər kəs qanun çərçivəsində ticarətlə məşğul ola bilər. Polislər də bu cür məsələlərə müdaxilə etmirlər».