BMT-nin Təhlüekəsizlik Şurası Donetsk vilayətində avtobusun atəşə tutulması və bunun nəticəsində 12 mülki şəxsin ölümü ilə bağlı hadisəni pisləyib.
Ukrayna hökuməti bu hadisənin törədilməsində Rusiya yönlü separatçıları ittham edir.
Qondarma “Donetsk respublikası”nın rəsmiləri isə hadisə ilə əlaqələrinin olmadığını bildiriblər.
VİDEO: Avtobusun atəşə tutulması anı nəzarət kamerasına düşüb
BMT-nin Təhlükəsizlik Şurası yanvarın 13-də Litvanın təşəbbüsü ilə qəbul edilmiş bəyanatında Ukraynanın Volnovaxa şəhəri yaxınlığında sərnişin avtobusunun atəşə tutulmasına dair təhqiqatın keçirilməsini tələb edib.
Bəyanatda bu hadisədə təqsirli olanların aşkar edilib cəalandırılması tələb olunur.
Ötən çərşənbə axşamı Donetsk vilayətinin Volnovaxa şəhərində, Ukrayna silahlı qüvvələrinin nəzarətində olanBuqas postunun yaxınlığında avtobusa mərmi dəyməsindən 10 nəfər yerindəcə həlak olub, daha 13 nəfər yaralanıb. Sonradan yaralılardan ikisi xəstəxanada keçinib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu barədə məlumatı Donetsk vilayətində Kiyevə tabe polis idarəsinin rəisi Vyacheslav Abroskin özünün Facebook hesabında məlumat verib.
O yazır ki, şahidlər avrtobusun separatçıların nəzarətində olan ərazidən atəşə tutulduğunu bildiriblər.
Ukrayna hərbiyyəsinin məlumatında isə deyilir ki, Buqas postu “Qrad” tipli artilleriya qurğusundan atəşə tutulub.
Bu məlumatları hadisə yerindəki müşahidə videokamerasının çəklişi də sübut edir.
Hadisə barədə prezident Petro Poroshenko da xüsusi bəyanatla çıxış edib.
“Qondarma DXR-in terrorçuları sərnişin avtobusuna raket zərbəsi endiriblər” – deyib prezident.
Prezident həmçinin əlavə edib ki, bu hadisə ilə əlaqədar cəbhə xəttinin üstündən mülki nəqliyyatın hərəkəti daha da məhdudlaşdırılacaq.
AzadlıqRadiosu “Novosti Donbassa” qəzetinin müxbiri Mikhail Bagan-a istinadən xəbər verir ki, Donetsk-Mariupol şossesində nəqliyyatın hərəkəti artıq bərpa olunub.
O bildirib ki, hazırda vəziyyət sakitləşib, lakin indi avtobuslar Volnovaxadan yox, Uqledar şəhərindən keçərək gedirlər.
Jurnalist bunu da deyib ki, hazırda şosse yolu Donetsk və Mariupol arasında yeganə əlaqə vasitəsidir.