-
Yanvarın 20-də Ermənistanın Gümrü şəhərində altıaylıq körpə dəfn olunur. Bu körpə rus əsgərinin qətlə yetirdiyi Avetisyanlar ailəsinin sonuncu üzvü idi, dünən keçinib.
Yanvarın 12-də həmin ailənin 6 üzvü öldürülüb, 6 aylıq Seryoja Avetisyan isə sağ qalmışdı.
Hücumda şübhəli bilinən Rusiya əsgəri Valery Permyakov həbs edilib. O Gümrüdəki 102 saylı Rusiya bazasında xidmət edib.
Gümrüdə Rusiya bazası və vilayət rəhbərliyi qarşısında kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar əsgərin Ermənistanda mühakimə olunmasını tələb edirlər.
Ötən gecə Yerevandan Gümrüyə əlavə polis qüvvələri göndərilib. Ermənistan polisi həmin bölmələrin növbəni dəyişmək üçün göndərildiyini bildirib.
BBC-nin Gümrüdəki müxbiri Aleksey Manvelyan xəbər verir ki, axşam saat 6-da şəhərə polislə dolu 20-dən çox avtobus və mikroavtobus daxil olub.
Rusiya hərbi bazası, konsulluq ətrafında təhlükəsizlik gücləndirilib.