-
“The New York Times” qəzetinin Moskva müxbiri David M. Herszenhorn Ağdamda hazırladığı reportajda qeyd edir ki, Ukrayna münaqişəsinin kölgəsində qalmasına baxmayaraq, başqa bir münaqişə - Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi son aylarda ölümcül bir şiddətlə qızışıb.
Müxbirin qənaətinə görə, hər iki tərəfədən onlarca əsgərin öldürüldüyü toqquşmalar Bakı və Yerevanı qorxulu bir tərzdə açıq müharibəyə sarı çəkir.
“Yanvar ayı çox qanlı olub” – yazır David M. Herszenhorn, - Son toqquşmalar bazar ertəsi Krakovda görüşən beynəlxalq vasitəçilərin qeyri-adi həmrəy tənqidinə səbəb olub”
Fransa, Rusiya və ABŞ-dan olan vasitəçilərin birgə bəyanatında hər iki tərəf münaqişənin sülh yolu ilə həllinə, gərginliyin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsinə çağırılır.
“Bunun əksinə olaraq zorakılıq davam edib” – yazır müxbir.
Hər iki tərəfə silah satan vasitəçi
Məqalədə deyilir ki, Azərbaycanın Müfadiə Nazirliyiartıq 20 ildir, “xəyal şəhər” olan Ağdam yaxınlığında pilotsuz təyyarənin vurulduğunu xəbər verib.
Müəllifin fikrincə, Ermənistanın 1915-ci il qətliamının 100 illiyini qeyd etməyə hazırlaşdığı bu ildə gərginliyin daha da artacağı gözlənilir.
O qeyd edir ki, Bakı və Yerevandan kifayət qədər uzaqda, qapalı bir ərazidə davam etməsinə baxmayaraq, bu münaqişə Rusiya, Türkiyə, İran kimi böyük dövlətləri burulğanına çəkə bilər.
Məqalədə deyilir ki, hazırkı zorakılıqları həm də hər iki ölkənin, xüsusən də neftlə zəngin Azəbaycanın öz cəbbəxanasını daha güclü silahlarla artırması qızışdırır.
Bu da vurğulanır ki, münaqişəni həll etməli olan Minsk qrupu həmsədrlərindən biri - Rusiya hər iki tərəf üçün əsas silah təchizatçısıdır.
“Ermənistanın qüdrətli ağaları olmasaydı…”
David M. Herszenhorn yazır ki, bu yaxınlarda nazirlərlə keçirdiyi müşavirədə İlham Əliyev bildirib ki, Qarabağın işğalı bir tək Ermənistanın işi deyil.
“Ermənistan qüdrətsiz və yoxsul bir ölkədir. Müflis bir ölkədir. Əlbəttə, onun müxtəlif paytaxtlarda böyük ağaları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan çözülərdi” – deyib İlham Əliyev.
Öz çıxışında Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycanın iqtidsadiyyatı Ermənistanın iqtisadiyyatından 7 dəfə böyükdür və Bakı bu il yeni silahların alınmasına Ermənistanın bütün illik dövlət büdcəsinin iki misli qədər – 2, 7 milyard dollar xərcləməyi planlaşdırır.
Müəllif yazır ki, cəbhə xəttinin o biri tərəfindən Ermənistan prtezidenti Serj Sargsyan Azərbaycanı “sürprizlər”lə hədələyir.
Vaşinqtondakı Carnegie institutundan “Qara Bağ” kitabının müəllifi Thomas de Waal bildirir ki, bu münaqişə indi 15 il əvvəl olduğundan daha çox təhlükəlidir.
Əgər münaqişənin əvvəllərində bir ovuc əsgər tüfənglərlə səngərlənmişdilərsə, indi hər iki tərəfdə pilotsuz təyyarələr də daxil, ən müasir silahlar var.
Torpaq qana qarışanda
“The New York Times” qəzetinin müxbiri onlarca rəsmi, qaçqın, müharibə veteranı və adi sakinlərlə söhbətlərindən bu qənaətə gəlir ki, hər iki tərəfin gözləntisi sülh yox, müharibədir.
“Bizdə bir məsəl var, - deyib müxbirə Azərbaycan polkovniki Abdulla Qurbani, - torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən”.
“Cəbhənin o biri tərəfində, azərbaycanlı sakinləri müharibə zamanı qovulmuş Şuşada Anaida Gabrielyan deyir ki, “bizim torpağımız qana bulaşıb. Bu torpağın hər millimetri kədərə bürünüb” – yazır müxbir.
Məqalədə deyilir ki, münaqişənin çox qorxunc şəkil almasının yeganə səbəbi artan silahlanma deyil.
David M. Herszenhorn yazır ki, Azərbaycan və Ermənistanda valideynlərinin və baba-nənələrinin qonşu kimi dinc yanaşı yaşadığı vaxtları görüb-xatırlamayan bütöv bir nəsil yetişib.
Müəllif qeyd edir ki, əsgərlər də bu nəsilə aid gənclərdir.
Jurnalist yazır ki, bu illər ərzində özünü müstəqil elan etsə də, Dağlıq Qarabağ beynəlxalq aləmdə tanınmayıb, xarici ticarət etməsi qadağandır, bu “respublika” bir çoxları tərəfindən Ermənistanın “oyuncağı” kimi qəbul edilir.
Məqalədə bu da xatırladılır ki, Ermənistan rəhbərliyindəki bir çox rəsmilər, prezident Sargsyan da daxil olmaqla, vaxtilə Dağlıq Qarabağ vilayətində yaşamış və burada hökumət vəzifələri tutmuş şəxslərdir.
İsa peyğəmbərdən əvvəl
Müəllif yazır ki, şəxsi söhbətlərdə Azərbaycanlılar çox vaxt “erməni soyqırımı”nın olduğunu, ermənilər isə azərbaycanlıların xalis millət olduğunu inkar edirlər.
“Bura bizim torpağımız, vətənimizdir – deyir Şuşaya sakin olmuş iki uşaq anası Gayane Gevorgyan, - bizim gedəcək başqa yerimiz yoxdur”.
Azərbaycanlıların Şuşa şəhərinə sakin olduqları tarixi faktlara söykənsə də, burada iki qədim məsçid olsa da, Gevorgyan deyir ki, müharibə vaxtı buradan qovulmuş azərbaycanlıların bura qayıtmağa haqları yoxdur.
“Biz İsa peyğəmbərin vaxtından da əvvəl böyük Ermənistanın bir parçası olmuşuq” – deyib Herszenhorn-la söhbətində Şuşa muzeyində çalışan bu qadın.
Məqalədə deyilir ki, Azərbaycanda isə Şuşa şəhərini mühacirətdə təmsil edən hökumət var. Həmin hökumətin başçısı Bayram Səfərov müxbirə “bizim yeganə məqsədimiz ora qayıtmaqdır – deyib, - Mən orda hər daş-kəsəsiyi tanıyıram”.
Müxbir yazır ki, bu cür daban-dabana zidd əhval-ruhiyyənin mövcud olduğu bir şəraitdə prezidentlər üçün sülh danışıqları aparıb razılığa gəlmək olduqca çətindir.
Azərbaycanda on minlərlə qaçqın neçə illər didərgin vəziyyətində, yataqxana və məktəblərdə yaşayıb. Dağlıq Qarabağda yaşayan ermənilərin isə hətta Ermənistanda da statusları yoxdur.
25 il tikan üstdə
Əyalətin ermənicə Stepanakert, azərbaycanca Xankəndi kimi tanınan mərkəzində hava limanı yoxdur. Qarabağ erməniləri xaricə getmək üçün Ermənistan pasportlarından istifadə edirlər.
Bu şəhərdə müxbir daha bir sakinlə, bazarda alver edən, əslən bakılıİrina Khachaturyanla da söhbət edib.
“Mənim vətənim ora idi. Mən orada doğulmuşdum, yaşamışdım, oxumuşdum” – deyib qadın.
Müxbirin sözlərinə görə, artıq 25 ildir ki, yaşadığı Stepanakert ona vətən ola bilməyib.
“25 ildir ki, tikan üstdə yaşayıram” – deyib İrina Khachaturyan.