-
Ötən il Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə fevralın 11-də keçirdiyi mətbuat konfransında deyib ki, abituriyentlərin 13 faizi «4», cəmi 6 faizi «5» alıb.
Onun bildirdiyinə görə, bu il «2» və «3» qiymət alanların faizi nisbətən azalıb, «5» qiymət alanların sayı artıb, «4» qiymət alanların faizi isə sabit qalıb:
«Ali məktəblərə qəbul olanların 29 faizini «3», 40 faizini «4», 15 faizini isə «5» qiymət alanlar təşkil edib. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19 faizi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır».
TƏHSİLLİ QIZLARIN SAYI AZALIR
TQDK sədri onu da deyib ki, ölkədə təhsil alan qızların sayı azalır:
«Ümumilikdə, ölkə səviyyəsində götürəndə təhsil alan qızlarla oğlanların sayı normaldır. Ancaq regionlar üzrə araşdırıldıqda onların arasında qeyri-bərabərlikgörünür».
Məleykə Abbaszadə deyir ki, bu problem, xüsusilə, cənub regionunda özünü daha çox hiss etdirir:
«Məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır. Biz bu məsələni Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə müzakirə edəcəyik. Müstəqil ölkədə müstəqil vətəndaş yetişdirmək istəyiriksə, analarımızın savadlı olmasına diqqət etməliyik».