-
Fevralın 13-də Bakıda evdə dini yığıncağa qatılan beş sünni müsəlmanın məhkəməsi davam edəcək. Təqsirləri sübuta yetirilsə, onlar 5 ilədək həbs cəzası ala bilərlər. Ötən ilin aprelində silahlı və maskalı polislər həmin şəxslərin ibadət etdiyi bildirilən evə basqın edib.
«Onlar siyasətə qarışmayan adi müsəlmanlardır və sadəcə ibadətlə məşğul olublar», - vəkil Əshabəli Mustafayev «Forum 18» saytına deyib.
Məhkəmənin iki ay çəkəcəyi bildirilir. Beş nəfərdən ikisi – Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Səbzəliyev 2014-cü ildə 5 ay təcridxanada saxlanmaları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
NURSİ RİSALƏLƏRİ MÜSADİRƏ OLUNUB
Onlar Cinayət Məcəlləsinin 167 və 168-ci maddələri ilə – dini inanc yaymaq məqsədilə yığıncaqlar keçirmək, qanunsuz dini ədəbiyyat yaymaqda ittiham olunurlar.
Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Rəvan Səbzəliyev, Zəkəriyyə Məmmədov və Şahin Həsənov ötən ilin aprelində Hacıyevin Yasamal rayonundakı evində sünni teoloq Said Nursi-nin risalələrini oxuyurmuşlar. Polis reydi zamanı evdə tapılan dini ədəbiyyat, eləcə də Nursi-nin yüzlərlə kitabı, pul və mobil telefonlar müsadirə olunub. Evdəki 39 nəfər və iki uşaq polisə dindirilməyə aparılıb. Çoxu polisdə 2 günədək saxlanıb.
Daxili İşlər Nazirliyinin ötən ilin aprelində yaydığı məlumatda deyilirdi ki, həmin evdə «nurçuluq» dini təriqətinin «sunqurçular» cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib və polis əməkdaşları əməliyyat keçirib.
DAHA BİR DİNDARA HÖKM OXUNACAQ
Fevralın 18-də isə Sumqayıt məhkəməsində Zöhrab Şıxəliyevə hökm oxuyacağı gözlənir. O, evində sünni müsəlmanların ibadət otağını təşkil etməkdə günahlandırılır. Qanunsuz silah saxlamaqda da ittiham olunur və 3 ilədək həbs cəzası ala bilər. Özü və dostları bu ittihamı rədd edir.
«Forum 18» yazır ki, Azərbaycan beynəlxalq öhdəliklərinə zidd olaraq ibadət yerləri, dini yığıncaqlara sərt nəzarət edir. Şiələrin üstünlük təşkil etdiyi Qafqaz Müsəlmanları İdarəsi müsəlmanların fəaliyyətini monopoliyaya alıb və bu, dövlət dəstəyi ilə həyata keçirilir.
Dini məsələlərlə məşğul olan dövlət orqanları isə ölkədə bütün dini təriqətlər üçün bərabər şərait yaradıldığını, heç kəsə qarşı dini ayrı-seçkilik aparılmadığını, bütün vətəndaşların din azadlığının qorunduğunu bildirir.