«Hakimiyyət cəmiyyətin etimadını necə itirdi?»

Nazirlər Kabinetinin iclası

-

«Azadlıq» qəzetində bu başlıq altında dərc olunan məqalədə yazılır ki, «bir tərəfdən prezident «Ölkədə savadlılıq dərəcəsi 100 faizdir» söyləyir. O biri tərəfdən TQDK sədri abituriyentlərin 65 faizinin savadsız olduğunu açıqlayır. Bir tərəfdən, işsizliyin aradan qaldırıldığı iddia olunur, o biri tərəfdən işsizlər ordusu ölkə xaricinə üz tutur. Bir tərəfdən səhiyyənin inkişafından söhbət açılır, o biri tərəfdən milyonlarla vətəndaş müalicə üçün qonşu ölkələrə üz tutur, hətta hakimiyyət komandasının özü də yerli səhiyyəyə etibar etmir. Bir tərəfdən korrupsiyaya qarşı mübarizədən danışırlar, o biri tərəfdən iriçinli məmurların milyonluq varidatları üzə çıxır. Yəni, hakimiyyət öz yalanlarını özü ifşa etməklə məşğuldur».

ABŞ AZƏRBAYCANDA İNQİLAB İSTƏMİR

Axar.az saytı deputat Zahid Orucun müsahibəsini dərc edib.

Zahid Orucun fikrincə, «verilən mesajlar sübut edir ki, Amerika tərəfi Bakının çağırışlarını adekvat dəyərləndirib. Əslində, Azərbaycanın Qərbdən tamam fərqli istiqamətə çevrilmədiyini o zaman da qeyd etmişdik. Guya Rusiya və İranla yaxınlaşmaq üçün Amerikanı məqsədli şəkildə hədəfə çevirmişik deyən rəy sahiblərinin mövqeyinin yanlış olduğu bir daha sübut olundu. Azərbaycanı son bir ay ərzində iki dəfə xüsusi dinləmələrə məruz qoyan Konqres təmsilçilərinin və QHT sektor nümayəndələrinin bəyanatlarının Amerika administrasiyasının siyasi xəttinə təsir etmədiyini göstərdik.

Zahid Oruc

Bakıda keçirilən dinləmələrdə qətiyyən ABŞ-ın dünyadakı gücünə və roluna münasibətdə qeyri-real fikirlər söylənilmədi. Münasibətlərə nələrin zərbə vurduğu haqda dialoq istənildi. Artıq görünən budur ki, bütün bu məsələlərin anlayışla qarşılanması baş verir. Yəni, ABŞ tərəfindən hədələyici tonda münasibətləri davam etdirmək, qarşılıqlı siyasi savaşı gücləndirmək mövqeyi tutulmur. Yeni səfirin təyin olunması və Nuland-ın görüşləri bu cəhətdən əhəmiyyətlidir».

Deputat bu səfərin və görüşlərin bölgədəki situasiyaya təsir göstərəcəyini vurğulayıb:

«Nuland-ın daimi bir strukturun formalaşacağı və bunun Avropa Şurasına paralel işləyəcəyi ilə bağlı yanaşması onu göstərir ki, müxtəlif məsələlər birbaşa təmasların hesabına ortadan qaldırıla bilər. Yəni, bəzən məsələləri, sadəcə, media üzərindən çözmək istəmək ciddi problemlərə yol açır. Ona görə də, belə bir şuranın və daimi fəaliyyət göstərən dövlət komissiyalarının birgə qurumu gələcək əlaqələrə müsbət təsir göstərəcək. Ən önəmlisi Amerikanın Azərbaycanda müxtəlif daxili proseslərə mənfi yön vermək haqqında mövqeləridir ki, bununla da bağlı açıq və dəqiq bir yanaşma sərgilənib. Bu mövqeyə görə, ABŞ Azərbaycanda inqilab istəmir, bunun mənfi nəticələrini görür və həm də bunun üçün heç bir zərurətə ehtiyac yoxdur».

ÖLKƏDƏ AMANSIZ QƏTLLƏRİN SAYI NİYƏ ARTIR?

«Yeni Müsavat» qəzeti diqqəti son vaxtlar Azərbaycanda amansız qətllərin artmasına yönəldib. PsixoloqDəyanət Rzayev qəzetə müsahibəsində bildirib ki, bunun kökündə təbəqələşmə və sosial vəziyyətin ağırlığı dayanır.

Psixoloqa görə, işsizlik də insanları aqressivləşdirir. Çətinliklər insanları daim əsəbi, gərgin edir.