"Biz rəssamlar ölkənin ən bədbəxt adamlarıyıq"

Nazim Şah

-

"...Rəssamları mühit korladı, dövlətin təşkil etdiyi tematik sərgilər onların yaradıcı azadlığını əllərindən aldı.

Bir gün alma sərgisi, sabahısı gün armud sərgisi təşkil edilərkən, pula görə orada iştirak etməkdən başqa yolu qalmayan rəssamlar get-gedə sifarişlə işləyən əl buyruqçusuna döndülər".

Rəssam Nazim Şahın "OxuZalı"na müsahibəsi

Bakıdakı Muzey Mərkəzində "5 otaq" adlanan sərgi açılıb.

5 azərbaycanlı rəssamın əsərlərindən ibarət sərgidə Nazim Şahın da rəsmləri nümayiş edilir (yazının sonunda rəsmlərə bax).

Onunla ölkədəki rəssamlıq mühiti, rəssamların qayğıları haqda söhbət etdik.

- Nazim, səncə, indi Azərbaycanda rəssamlıq hansı dövrünü yaşayır?

- Şübhəsiz, bir çox sənət sahələrində olduğu kimi tənəzzülə doğru gedir. Təsəvvür edirsən, vaxtilə ölkədə Abşeron Məktəbi kimi böyük bir rəssamlıq məktəbi vardı, rəssamlıq bir status idi və rəssamlara xüsusi hörmət vardı, ən əsası rəssamlar indikindən çox-çox varlı yaşayırdılar.

- Abşeron məktəbi öz yerini yeni rəssamlıq cərəyanına verə bilmədimi, necə oldu o rəssamlıq ənənələri?

- Abşeron məktəbində Kamal Əhməd, Mircavad Cavadov, Mirnadir Zeynalov, Əşrəf Murad, Rasim Babayev və b. kimi böyük rəssamlar toplaşmışdılar, onlar tədricən dünyalarını dəyişdilər, indi onların bir-iki nümayəndəsi yaşayar ya yaşamaz.

Məsələ ordadır ki, sovet hakimiyyəti dağılanda ölkədə ədəbiyyat da rəssamlıq kimi bir tənəzzüllə üzləşdi, amma ədəbiyyat bir yolla özünü toparlaya bildi, rəssamlıq yox. Rəssamlar bir yerə toplaşa bilmədi, əksəriyyəti kasıblıq illərində ölkədən köçüb getdi, indi onları geri qaytarmaq mümkünsüzdür.

Ölkədə qalanları isə mühit korladı, dövlətin təşkil etdiyi tematik sərgilər onların yaradıcı azadlığını əllərindən aldı, bir gün alma sərgisi, sabahısı gün armud sərgisi təşkil edilərkən, pula görə orada iştirak etməkdən başqa yolu qalmayan rəssamlar get-gedə sifarişlə işləyən əl buyruqçusuna döndülər, istedadları qurudu.

- Rəssamların təşkilatlanmasına nə mane olur? Ölkədə Rəssamlar İttifaqı var, “Yarat” adlı sənətə dəstək təşkilatı var.

Nazim Şah və Fərhad Xəlilov (solda)

- Rəssamlar İttifaqı və “Yarat” ancaq müəyyən təbəqəyə dəstək olur, sözəbaxan, sifarişli rəsmlər çəkməyə hazır olan, “arxası” olan rəssamlar oraya toplaşır verilən sifarişlərə uyğun nələrsə işləyirlər, pul da qazanırlar, amma heç kimin onlardan xəbəri olmur.

Sanki nəyinsə imitasiyasını edirlər və sonra hesabatlar verib bu haqda danışırlar. Mənim çoxlu sayda ideyalarım, layihələrim olur, hər dəfə layihəmi gerçəkləşdirməyə can atıram, çalışıram, vuruşuram, pul məsələsinə gələndə hər şey puç olur.

Bəlkə inanmazsan ki, mənim nə emalatxanam var, nə də rəssamlığa ayırmağa çoxlu vaxtım olur, məcbur qalıb rəssamlıqdan başqa sahələrdə işləyirəm.

Rəssamlar İttifaqının üzvüyəm, sədrimiz Fərhad Xəlilova böyük hörmətim var, biz yeyib-içəndə çox mehriban, səmimi olur, nə dərdini desən dinləyir, amma sabahısı gün elə bil heç nə danışmayıbsan, hər şeyi unudur, yenə köhnə hamam, köhnə tas.

Biz rəssamların ən böyük problemi odur ki, bir yerə ancaq yeyib-içmək üçün toplaşırıq, emalatxanalarda oturub 6-7 şüşə içirik və sonra sənətlə bağlı mübahisələr edirik, amma heç kimdə bir təşəbbüs yoxdur ki, nə isə yaradaq, nə isə iş görək. Bizdə heç bir-birinə həsəd aparmaq, rəqabətdə olmaq deyə bir şey yoxdur. Seymur Baycan həmişə deyir ki, rəssamlarımızın o cəhətini sevirəm ki, bir-birlərinə paxıllıq etmirlər.

- Amma rəssam Sakit Məmmədovun uğurlarına hansısa rəssamın sevindiyini görmürəm, hamı onu pisləyir.

Yelena Monakonun Nazim Şaha bağışladığı rəsm

- Sakit Məmmədovun hansı yolla irəliyə getdiyini hamı bilir, o ölkənin birinci ailəsinin uşaqlarına rəssamlıqdan dərs deyib.

Əlbəttə, bu onun rəssamlığı haqda nə isə neqativ bir şey deməyə əsas vermir. Sakit həqiqətən rəssamdır, amma mən onu haqqında danışılan qədər böyük rəssam hesab etmirəm. Böyük rəssam olsaydı, evimdə onun bir rəsmi olardı, yaradıcılığı məni maraqlandırardı.

Bax bu başımın üstündən asılan rəsm İtalyan rəssamı Yelena Monakonun əsəridir, əsəri o özü mənə hədiyyə edib, Avropaya aparsaq bəlkə əlli min, yüz min dollara satılar, amma Azərbaycanda elə bir dəyəri yoxdur, çünki bizim ölkədə bircə nəfər də sanballı sənətşünas yoxdur. Ölkədə həqiqi sənətlə, imitasiyanın sərhədlərini təyin edəcək bir rəy, ictimai düşüncə yoxdur.

- Bizdə sənət, səncə, hansı hadisələrdən sonra tənəzzülə doğru getdi?

- Bax, 90-larda ölkədə əməlli-başlı qızğın sənət mühiti vardı, ölkəyə gələn xaricilər, neft sahəsində, xarici şirkətlərdə işləyənlər bizim rəssamlığa maraq duyurdular, emalatxanalara, sərgilərə gedirdilər, əsərlər alırdılar, xaricə daşıyırdılar.

Bir müddət sonra xaricilər bizim sənətdən doydular, çünki nə yeni bir stil, nə yeni bir istiqamət yaranırdı, hələ də sosrealizm, impressionizm stilində rəsmlər çəkilirdi. Xaricilər bizim rəsmlərdən imtina edəndə, rəssamlar kütləvi surətdə Türkiyəyə, Rusiyaya axışdılar. Türkiyənin univerisitetlərində müəllim kimi çalışmağa başladılar.

Hətta deyərdim, bizi biabır etdilər, onlar Türkiyədə işləyə-işləyə türklərin rəssamlığını ələ salıb gülürdülər, lağa qoyurdular, özlərini vacib bir rəssamlıq məktəbinin davamçıları kimi göstərirdilər. Halbuki, türklərin Fikrət Mualla kimi dünyada tanınan nəhəng rəssamları var. Türklərin bizim rəssamlara antipatiyası bu yolla doğdu, indi Türkiyədə kök salıb yaşayan çox az rəssamımız qalıb, rəssamlarımız Avropanın müxtəlif ölkələrinə, Amerikaya axışdılar və ordakı sənət mühitlərinə qarışıb əridilər.

Nazim Şah yazar Əsəd Qaraqaplanla

- Bəs bizim ölkənin zənginləri niyə sənətə maraq duymur, səncə?

- Bizim zənginlər sənətə dəstək verməyə çəkinirlər, istəmirlər pullarını belə rəsmi şəkildə sənətə yatırdıqları dövlətə, ictimaiyyətə əyan olsun. Ümumiyyətlə, əksərən onlarda sənət zövqü deyilən bir şey olmur. Elə bilirlər rəssam ancaq, adamın yubileyində gəlib onun şəklini çəkir, alma-armud çəkir, gül-çiçək çəkir. Mən hələ hansısa zənginin rəssama dəstək üçün bir xeyirxahlıq etdiyini görməmişəm. Nə aşkar, nə gizlin.

- Düşünmürsənmi ki, rəssamlığın gözdən düşməyinin bir səbəbi də rəssamların içki düşkünlüyüdür? İçki hər dövrdə rəssamların yol-yoldaşı olub?

- Bilirsən, biz rəssamlar ölkənin ən bədbəxt adamlarıyıq. Mən rəssamları yel dəyirmanları ilə vuruşan bədbəxt və xəyalpərəst Don Kixota çox bənzədirəm. İnsan yaratmaq istəyir, amma sifarişlə deyil, sənət üçün, pul üçün deyil, zövq üçün. Sovet dövründə yalandan şüarlar hazırlamışdılar ki: “Sənət xalq üçündür, əmək üçündür”. Bunlar cəfəngiyyatdır, əsl sənət elə sənətin özü üçündür.

Mən bir rəsmi çəkib bitirəndən sonra yaşadığım zövqü bütün zövqlərdən böyük hesab edirəm. Bu, inanılmaz bir mənəvi orqazmdır. Təsəvvür elə ki, sən sırf bu zövq üçün işləyirsən, amma pul da qazanmaq lazımdır və sənətinə də xəyanət etmək istəmirsən. Beləliklə, bəşəri bədbəxtlik olan sənət yanğısına tutulmuş olursan. Həmin an sən dünyanın ən bədbəxtisən və içkidən başqa heç yerdə təskinlik tapmırsan. Mənim bu haqda bir şeirim vardı:

Bu məmləkətin sənəti

Bədbəxt doğulur,

Bu məmləkətin

Rəssamları divanə,

Şairləri dəli olur.

Bulud kimi tutulur,

göz yaşı kimi boşalır –

Burda hər şey

petrol və qan qoxuyur

Amma sonda çiçəyə dönür

Öz qəbrinin üstündə

Dirilərə yasin oxuyur

Nazim Şah

Mən rəssamlığa gəldiyim zamanlarda da rəssamları içki ilə yanbayan görmüşəm.

Rəhmətlik Ucal Haqverdi həm şair idi, həm rəssam, xristianlığı qəbul etmişdi, rus kilsəsinin içini işləməyi pulsuz-parasız boynuna götürmüşdü, biz gənc rəssamlar onun yanına kilsəyə gedirdik, kilsəyə verilən bəxşiş pullarından bir xışma götürüb bizə verirdi ki, gedin araq için.

Ölkədə sənət mühiti normal olsa, rəssamların qazancı olsa, əlbəttə, onlar daha çox işləmək, özünü tanıtmaq, təsdiqləmək istəyər, nəinki içkiyə qurşanar.

- Bir qədər bizə hazırkı sərgindən danış?

O nədən bəhs edir, ideyası necə yarandı? Heç əsər sata bildinmi?

- Sərgini mənim dayılarım - rəssamlar Namiq və Malik İsmayıl təşkil etmişdilər. Mənə rəssamlığı da onlar öyrədiblər. Sərgi “5 otaq” adlanır.

Sərgidə biz beş rəssam mən, Namiq İsmayıl, Malik İsmayıl, Anar Qəmbərli, Arzu Rzayev iştirak edirik.

Muzey Mərkəzinin sərgi salonu 5 otaqdan ibarətdir deyə, hər otaqda bir rəssamın əsəri sərgilənir.

Mən müxtəlif illərdə çəkdiyim rəsmləri toplamışam buraya.

Deyim ki, ziyarətçilərin sayı məni məmnun etdi, rəsmlərimlə maraqlananlar da çox oldu, hələlik konkret bir əsər satmamışam, amma düşünürəm ki, növbəti günlərdə nə isə sata biləcəyəm.

Nazim Şahın rəsmləri