Azadlığa çıxan Lamiyə Quliyeva Şəmkirdə belə qarşılandı

Lamiyə Quliyeva (sağda) öz evində

-

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan Lamiyə Quliyeva doğulduğu Şəmkir rayonuna gedib. Onu evlərində qohumları və qonşuları qarşılayıblar. Evlərinin qarşısında qurban kəsilib.

“Namus qalib gəldi”

Lamiyə Quliyeva jurnalistlərlə söhbətində deyib ki,namus üstündə həbs olunmuşdu. Indi namus qalib gəlib:

“Doğulub boya-başa çatdığım məhəlləmi tanımadım...Hər şey çox dəyişib. Bir dəfə jurnalistlərdən biri mənə sual vermişdi - Azadlıq haqqında düşünürsünüzmü? Onda azadlıq mənə yuxu kimi gəlirdi. Həmin vaxtlar Aslan Aslanov vəzifədə idi, azadlıq mənim üçün əlçatmaz idi. Amma dövran elə fırlandı ki, mən onun açdırdığı saxta cinayət işindən 1 il 6 ay oturdum.”

Lamiyə Quliyeva daha sonra deyib ki, azadlığa çıxmasında ədalətə xidmət edən yazıların çox köməyi olub: “Mənim başıma gələn faciələri xalqa çatdırdılar, xalq xəbərdar oldu. Artıq yeni həyata başlayacam. Sadə həyat sürəcəm, övladımla xoşbəxt həyatımız olacaq. Amma gələcəkdə Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam”

“Bütün bağlı qapılar açılsın”

Lamiyə Quliyevanın anası isə onların həyətinə gələn hər bir insana təşəkkürünü bildirib:

“Bütün bağlı qapılar açılsın. Hamının balası azadlığa qovuşsun. Əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm”

Lamiyə Quliyeva 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində günahlandırılaraq 10 il həbs cəzası almışdı. Sonradan ona əlavə ittiham irəli sürüldüyündən həbs müddəti artırılmışdı.