-
“Hansı ağılla buna getdilər, bilmirəm”
Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev Mərkəzi Bankın son qərarını “şok terapiya” adlandırır. O, AzadlıqRadiosuna müsahibəsində bundan sonra baş verəcəklərdən danışıb.
- Dollar kəskin qaldırılmamalıydı. 4-5 iliydi məzənnə sabit saxlanırdı. Bunun da əsası vardı. Sosial siyasətin qaydası budur ki, məzənnə sabit olsun.
Təbii ki, bunu özbaşına saxlamırdılar. Bir neçə iliydi dollar 78 qəpik idi. Manatın məzənnəsi gec-tez buraxılmalı idi. Ancaq gərək yavaş-yavaş edəydilər, əvvəlcə 85 qəpik və belə-belə... Birdən-birə 33 faiz aşağı salmaq ağlasığmaz işdir.
Birinci buna istehlak bazarı reaksiya verəcək. Qiymətlər qalxacaq. Xaricdən mebel, maşın, mexanizm və başqa şeylər gətirən iş adamları çətinliklə üzləşəcəklər. Burda manat sabit idi, qarantiya vardı, onlar da bunun əsasında işlərini qururdular.
İndi manat ucuzlaşanda onlar daha çox uduzacaqlar. Təzə bir şey yoxdur. Rusiyada baş verənlərin eynisi burda da təkrarlanacaq. Rusiyada rublu buraxdılar, o da gəldi bir müddətdən sonra yerini tutdu. İndi 1 dollar təxminən 60 rubldur. Bu aqibət manatı da gözləyir. Bundan sonra nə olacaq, bunu hansısa falçı deyə bilər. Mən manatın 33 faiz aşağı salınmasını gözləmirdim.
- Sizcə, niyə hökumət dəyişikliyə tədricən gertmədi?
- Bir səbəbi dünyada baş verənlərdi, neftin ucuzlaşmasıdır. Neftin qiyməti aşağı düşdükcə problem yaranır. Onda da iki yol qalır, ya gərək dövlətin problemi yaransın, ya da belə... Hansı ağılla buna getdilər, bilmirəm... Əslində səbəbini bilirəm, onların hamısını tanıyıram, onlarla işləmişəm mən... Yenə deyirəm gözləmirdim... Prezident sonuncu dəfə dedi ki, 1 manat 1 avroya bərabər olmalıdır. Onun belə deməyi bizə lazım idi. Bizim ölkə ancaq neft-qaz ixrac edir. Biz ixracatda itiririk. Ağlasığmaz vəziyyət yarandı. Dünya bazarında avro dollardan ucuzdur, amma bizdə əksinədir. Ağlasığan şey deyil. Neyniyirlər bilmirlər.
- İlin sonuna kimi manatın aqibətini nə gözləyir?
- İlin sonuna nə olacaq bilmirəm. Amma bu şok terapiya çətinlik yaradacaq. Bəlkə nəyisə saxlaya bildilər?... Manatın tutumu ilə avronun, dolların tutumu eyni deyil. Manat onlardan ucuzdur. O da neft-qaza görə tutumlu görünürdü. İqtisadiyyatı çoxşaxəli olan ölkələrdə bu cür qəfil keçidlərdə sahələrdən biri udur, biri uduzur, bu normaldır. Bizdəsə bundan istehlak bazarı, adi vətəndaşlar əziyyət çəkəcəklər. İstehlak bazarı da inhisarçıların əlindədir. Deməli, monopolistlər tüğyan edəcəklər. Ancaq sahibkarlar neyləyəcək bilmirəm.
-Mərkəzi Bankın bəyanatında isə deyilir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaradacaq.
- Sözdür, deyirlər də. Yaxşı proqramlar var, məsələn, qeyri-neft sektorunun inkişafı ilə bağlı. Ancaq rəqabətqabiliyyətli iqtisadiyyatın yaranmasına onillilklər lazımdır. Düzdür, bəzi işlər gedir qeyri-neft sektorunda, bunu danmaq olmaz. Amma yenə deyirəm, manatın məzənnəsinin düşməsindən sahibkarlar nə vəziyyətə düşəcək bilmirəm.
- Sizcə, sahibkarlara özlərinə gəlmək üçün nə qədər vaxt lazım olacaq?
- Onilliklər. Gözəl sözlər deməyə nə var ki. Onilliklər lazım olacaq hər şeyi yenidən qurmağa. Hakimiyyət sadəcə pul kütləsini artırmaq, büdcəni doldurmaqdan ötrü bu addımı atdı.