-
ABŞ-ın «Quartz» qəzeti Ronan Keenan-ın Azərbaycanla bağlı məqaləsini dərc edib.
Müəllif qeyd edir ki, Qərbin Rusiya ilə problemlərinin artması göstərdi ki, Avropa mütləq alternativ təbii qaz mənbələri tapmalıdır. Eyni zamanda Birləşmiş Ştatların keçmiş sovet respublikaları ilə güclü münasibətləri qurması vacibdir. ABŞ və Avropa ideal variant kimi Azərbaycana üz tutub. Bu gənc dövlət enerji resurslarına və yüksək strateji coğrafi mövqeyə malikdir – Rusiya ilə İranın arasında yerləşir. Ancaq siyasi repressiyalar onu Rusiyanın miniatürünə bənzədir. «Boş ritorikanı nəzərə almasaq, Avropa və ABŞ-ın prezident İlham Əliyev və onun avtoritar rejimiylə yumşaq davranışı azaldacağına ümid azdır», - müəllif yazır.
Daha sonra yazıda Əliyevin 2013-cü ildə üçüncü dəfə prezident seçilməsindən sonra bütün narazıların susdurulması yolunu seçdiyi vurğulanır. Bu təqibin ən son nümunəsi kimi dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisində reyd keçirilməsi göstərilir: «Və bu reyd Dövlət katibi John Kerry ilə telefon danışığından bir neçə gün sonra baş verir. Aydındır ki, Kerry-nin sözlərinə fikir verən olmayıb».
«Son həftələr AB və ABŞ-da Əliyev rejiminə sanksiyalar çağırışları eşidilir. Ancaq belə bir tədbirin görülməsi çox uzaq görünür. Əvvəla, bütün bu tənqidlərin Bakı üçün çəkisi çox aşağıdır. Azərbaycan rəhbərliyi bilir ki, onda avropalılara lazım olan bir şey var. 2014-cü ildə Azərbaycandan qaz idxalının əhəmiyyəti artıb, Avropa Rusiyadan asılılığını azaltmaq istəyir… Bundan başqa, ABŞ əsgərlərini Əfqanıstandan çıxaranda Azərbaycan əsas tranzit nöqtəsi olacaq. Maraqlıdır ki, Azərbaycan güclü qonşuları arasında elə də qorxmur», - yazan müəllif ölkənin bəzi məsələlərdə ABŞ-ın yanında yer aldığını qeyd edir:
«İndilik Azərbaycan qlobal düzəndə artan qeyri-müəyyənlikdən faydalanmaqdadır. Ancaq iqtisadi artımda qeyri-proporsional şəkildə enerji sektoruna arxalanmaq, orta sinfi boğmaq və böyük dövlətlər ətrafında mozalan kimi davranmaq uzunmüddətli sabitlik üçün strategiya ola bilməz.
Görünən odur ki, Əliyev özünü Vladimir Putin-ə oxşadır, ancaq tez-tez onunla da kəllə-kəlləyə gəlir. Düşünmək olardı ki, şimal qonşusunun repressiyaları üzə çıxdıqca, Bakıya da eyni beynəlxalq təpki göstərilə bilərdi. Ancaq indilik cənab Əliyev bacardığı qədər aradan çıxacaq».
PUTİN-İN QAZ PROBLEMİ
«Project Syndicate» saytında Paul R.Gregory yazır ki, Rusiyanın Ukraynada hərəkətlərini izləyənlər daha bir mübarizəni də diqqətdən qaçırmasalar, yaxşı olar. Bu mübarizənin Avropa üçün uzunmüddətli təsirləri var və Putin-in qitəyə təsirinə rəvac verir. Müəllif «Cənub axını» layihəsinin uğursuzluğundan yazır. Belə ki, ötən ilin dekabrında 12 milyard dollarlıq «Türkiyə axını» layihəsinin elanı Rusiyanın etibarsız tərəfdaş kimi nüfuzunu gücləndirəcək, Avropa isə alternativ enerji mənbələrini axtarışını sürətləndirəcək.
Əslində, ən cazibədar bazarını riskə atmaqla, Putin Rusiya iqtisadiyyatına intihara bərabər etinasızlıq göstərir, məqsədi də ancaq və ancaq Ukrayna ilə düşmənçiliyi sürətləndirməkdir.
Müəllif yazır ki, Kremlin məqsədi Ukraynanı qaz təchizatı sistemindən çıxarmaqdır. «Türkiyə axını» ilə qaz Yunanıstan sərhədlərinə daşınacaq.
«Gazprom»un davranışı isə Avropa üçün kiçik məsələ deyil. Qitənin təbii qazının 30%-i Rusiyadan gəlir, bunun da 80%-i Ukrayna ərazisindən nəql olunur. Bir dəfə qitə soyuqla baş-başa qalıb. 2009-cu ilin yanvarında «Gazprom» Ukrayna ərazisindən daşınmaları kəsib və Avropanın şərqində və cənub-şərqində altı ölkədə kəskin çatışmazlıq yaranıb.
«Ancaq Putin-in düşündüyünün əksinə olaraq, Rusiyanın qaz ixracının istiqamətini dəyişməsindən nə Avropa, nə də Ukrayna çox itirəcək. «Gazprom» valyuta gəlirlərinin üçdə ikisini Avropadan alır və ixracın azaldılması və ölkədə iqtisadi böhranla eyni vaxtda ən yaxşı alıcınla oyun oynamağın vaxtı deyil», - müəllif yazır.
AMERİKANIN ANCAQ BAXMALI OLDUĞU İDEOLOJİ MÜHARİBƏ
«Vaşinqton bu günlər ideoloji müharibəylə bağlı entuziazm göstərir: Demokratlar və Respublikaçılar arasında deyil – bu, köhnə söhbətdir, – amerikalılarla radikal İslam arasında. Son bir neçə həftədə bizim cihadçı terrorçulara «islamçı» damğası vurduğumuzu deyənlər indi də təkid edirlər ki, biz onlarla ideoloji cəbhədə savaşırıq. Bu, düzgün arenadır, ancaq belə bir mübarizə keçmiş ideya müharibələrindən fərqli olacaq».
«Washington Post»da Fareed Zakaria belə yazır.
Müəllif vaxtilə dünyada on milyonlarla insanın kommunizm ideyasına rəğbət bəslədiyini xatırladır. Hətta Qərbin böyük ziyalılarından dramaturq George Bernard Shaw və tarixçi H.G.Wells bu barədə rəğbətlə yazıblar. Radikal İslam isə, əksinə, hətta ad baxımından belə bütün qeyri-müsəlmanlar üçün çəkici deyil. Hansı xristian şəriət qaydalarının tətbiqini istəyər? Hətta müsəlman dünyasında belə bu cür ideologiyalar çox səs toplaya bilmir.
«Bu gün ideoloji müharibə əslində İslamın daxilində gedir. Bu mədəni müharibəni müsəlmanlar aparmalıdır. Birləşmiş Ştatlar kimi autsayderlər rol almaq istəyirsə, ancaq qulaq asmalı və yaxşı ideya uğrunda vuruşan müsəlmanı dəstəkləməlidir», - yazan müəllif bu həftə Əmmanda müsahibə aldığı, İordaniya kralı 2-ci Abdullah-ın adını həmin «yaxşılar» sırasında çəkir.
Kral Abdulla radikal islamçılara «İslam Dövləti», ya İŞİD də demir, onlarla bağlı ərəbcə aşağılayıcı məna verən «Daesh», İslamdan dönmələr anlamına gələn «xəvvariclər» sözünü işlədir.
«Bu, Qərbin savaşı deyil, İslam daxilində, hamının bu dönüklərə qarşı mübarizə apardığı bir savaşdır», - kral deyir.