Yeni yaşayış massivində işıq tələb edirlər

Arxiv fotosu

-

“Biz günaşırı zülmətdə qalırıq. Yay, qış – fərq eləmir”.

Xəzər rayonu, Binə qəsəbəsi ərazisindəki keçmiş Südçülük sovxozu ərazisində salınmış yeni yaşayış massivindən “Qaynar xətt”ə şikayət var. Sakinlər zülmətdə yaşamaqdan bezdiklərini deyirlər.

YEKƏ-YEKƏ LAYİHƏLƏRƏ İMZA ATSAQ DA...

Nizami Şükürov:

“Qışboyu işıq görmədik. İndi qışı yola salmışıq, ancaq işıqla bağlı problemlərimiz hələ də bitməyib. İlin, günün bu vaxtında neft işığında oturmuşuq. Salyarka lampası işlədirik. Ev-eşik, tavan – tamamilə qapqaradır. Biz neft, qaz ölkəsiyik axı... Dövlətliyik axı... Deyilənə görə yekə-yekə layihələrə imza atırıq. Bəs niyə elektrik enerjisinə həsrətik?”

"HƏR İŞİMİZ ŞAM İŞIĞINDADIR"

Yaşayış massivinin başqa sakini Azər Qəribov deyir, işqı xətti var, elektrik enerjisi isə hərdən olur:

"Şam işığında otururuq. Uşaqlar dərslərini şam işığında hazırlayır, şamı qoyuram sobanın kənarına, yeməyi də onun işığında bişirirəm. Hamamda da şam işığında çimirik”.

Xəzər rayon işıq idarəsi isə yeni yaşayış massivinin əsas hissəsində elektrik enerjisi problemi olmadığını bildirir.

"Ola bilsin ki, işığı olmayanlar təzə tikilən evlərdir. Onlar da gərək müqavilə bağlasınlar, sayğac quraşdırılsın".

İdarədən onu da bildiriblər ki, ərazinin bir hissəsi Abşeron rayonuna düşür. Əvvəlcə işıq olmayan sahənin hansı ərazinin işıq idarəsinə aid olduğunu aydınlaşdırmaq lazımdır.