Əgər rəhmətlik öz yasındakı biabırçılığı görsəydi...

Tural Şaxtaxtinski

-

“Atam dünən gecə rəhmətə gedib, mən bunun ağırlığını indi dərk edirəm; amma biri deyir su tap, biri deyir qonaq qarşıla. Biri heyvan arxasınca göndərir. Belə də dərd olar?”

Tural Şahtaxtinski

BİR ÖLÜ, MİN DİRİ

Bunca mənasız, boş-boş işlərlə məşğul olan cəmiyyətimizdə kimsə uşaqların bədbəxt böyüməsinin, psixoloji travma almasının səbəblərini dərk etmirsə, gərək, ona bu mövzuda daha artıq söz deyilsin.

Gerçək həyatdan, tərifli adət-ənənələrimizdən daha çox misallar çəkilsin.

Səksən yaşlı bir qocanın ömrünün son günlərindən danışımmı?

Axı, öldüyü günə qədər deyib-gülən, gəzib-dolanan, ağrı çəkməyən bir insan xəstə yatağına düşəndə, kiminsə onun başının üstündə zarımağını niyə eşitməlidir?

Bu mənzərə uşaqların gözü qarşısında da baş verir.

Yaxud, bu yaxınlarda bir yaxınımın cavan atası ölmüşdü, yas mərasiminin ortasında məni kənara çəkib ağlamağa başladı. Təbii, mən də ürək-dirək verməyə çalışdım.

Amma sözümü kəsib dedi ki, buna ehtiyacı yoxdur, onu narahat edən başqa məsələdir: “Atam gecə rəhmətə gedib, mən bunun ağırlığını indi dərk edirəm; amma biri deyir su tap, biri deyir qonaq qarşıla. Biri heyvan arxasınca göndərir. Belə də dərd olar?”

Bilirəm, oxuyub başlayacaqlar ki, bizim adət-ənənəmiz var, başqa cür ola da bilməz. Özgə söz tapmayacaqlar. Mən gözümlə gördüyümü deyirəm, başqa söz demirəm.

Demək, səksən yaşlı bir qocanın yas mərasımində yüz nəfər qadın bir yerə yığışıb ağlaşmağa başlayır. Evin pəncərəsindən gələn vahiməli səs-küyə mən belə dözmürəmsə, o həyətdə dolaşan, gələnə-gedənə baxıb gülən uşaqlar necə dözsün?! Biri qulağını tutur, biri həyətdən qaçır, biri qorxudan ağlayır.

İnanın, rəhmətlik özü bu mənzərəni görə bilsəydi, hamısını söyüb biabır edərdi.

Nədir ağlaşma quran bu insanların məqsədi? Bizim qadınları buna kim məcbur edir? Hələ oturub müzakirə də açırlar: “Qızı az ağladı, bacısı ağlamadı“.

Ağlaşma bitən kimi tökülüşürlər çadırın içinə, axıdılan göz yaşının əvəzini çoxluca çay içməklə, qeybətlə çıxardırlar, sonra da hərə öz evinə dağılışır.

Hələ bizim kişiləri demirəm. Onların dərdi nədir görəsən? Mağara yığışıb yeyib-içir, özündən savayı kimsəni maraqlandırmayan sıradan həyat hekayələrini danışıb gedirlər.

Evin həyətində hamı bir-birinə dəyir. Biri “çay” deyib qışqırır, biri halva əlində özünü çadıra yetirir. Bütün bu canıyananlığın məqsədi budur: yası yola vermək. Hələ üçü, yeddisi, qırxı, ili, arada adnalar...

Sizi bu qədər vaxt itkisinə, bu qədər narahatlığa kim məcbur edir? Ölən insan? İnanın bunu ancaq siz istəyir, özünüzü buna məcbur edirsiniz. Azərbaycanda yas mərasimlərini təmtəraqlı keçirmək bir adət halını alıb. Ümumiyyətlə, bu qədər yükü belinizə qoyub hara gedirsiniz?

Oturub düşünsəniz, anlayarsınız ki, tam mənasız bir şeydir.

Amma anlasanız belə, yenə edəcəksiniz...

Çünki bu cəmiyyətdə qeyri-səmimilik, riyakarlıq adət halını alıb.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)