Suriyada döyüşdüyü deyilən şəxs: Bəşər Əsəd zalımdır

Arxiv fotosu

-

"Məqsədimiz Allah rizası üçün müsəlmanlara yardım etmək olub, sırf Allah rizası üçün. Bəşər Əsəd xalqını qırır, o, zalımdır. Onun zülmündən əziyyət çəkən, qırılan isə xalqdır. Biz onlara kömək etmək istəyirdik. Orada əsas işim xəstələri həkimə aparmaq və bazara getmək olub. Bir dəfə bazara gedəndə məni girov götürdülər. 20 gün əsirlikdə qaldım. Məni əsir götürənlərə özümü “Muhacirun” qrupunun üzvü kimi təqdim etdim. Bundan sonra məni azad etdilər. Orada tanıdığım azərbaycanlıların heç biri burada yoxdur. Bizə Musab Azəri rəhbərlik edirdi. Mən tez qayıdacaqdım, sənədlərimi almışdılar deyə, həm də əsir düşdüyümə görə bir az gecikdim”.

Bunu aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə və İŞİD (İraq Şam İslam Dövləti) silahlı birləşmələrinə qoşulmaqda təqsirləndirilən azərbaycanlılardan biri Elvin Əliyev öz ifadəsində deyib.

HATAY VİLAYƏTİ, "AZƏRİ CAMAATI"

Elvin Əliyev bildirib ki, onun dini ləqəbi "Abdulhakim" olub. Suriyanın Hatay vilayətinə gedərək "Azəri camaatı” adlanan qrupa qoşulub.

"Ancaq heç bir təlimdə iştirak etməmişəm, döyüşə qatılmamışam. İstəsəm də döyüşə bilməzdim. Buna səhhətim imkan vermir, epilepsiya xəstəsiyəm. MTN-də də pis vəziyyətə düşdüm. Həkim mənə kəskin böyrək çatışmazlığı diaqnozu qoydu. Amma sonra bunu dəyişdilər. Məni döyürdülər ki, təlimlərdə iştirak etdiyini etiraf et, qol çək. 9 ay bir maddə ilə oturdum orada. Sonra əlavə 3 maddə də verdilər. Xahiş edirəm, ədalətli olun".

Məhkəmədə digər təqsirləndirilənlər Tural Həsənov, Fərid Muradov, Namiq Məmmədov, Tariyel Mustafayev və Ruslan Mustafayev də sərbəst ifadə verib.

Ruslan Mustafayev ifadəsində göstərib ki, dini adı “Abu İsmayıl” olub. Heç bir qruplaşmanın tərkibində döyüşməyib.

"İki il əvvəl Gürcütana, oradan Türkiyəyə, Türkiyədən də Suriyaya getmişəm. Cəmi bir həftə orada qalmışam. Mən orda olarkən vəziyyət bugünkü qədər qarışıq deyildi. Heç bir qruplaşmada iştirak etməmişəm, heç kimlə əlaqəm olmayıb. Suriyaya getməkdə məqsədim insanlara yardım etmək olub. Bunun cinayət olduğunu bilməmişəm, terrorçuluq etməmişəm, ittihamlarla razı deyiləm. Ötən ilin fevral ayının 17-də Türkiyə gedərkən Bakı hava limanında saxlanıldım. Türkiyəyə işləməyə gedirdim”.

Dini ləqəbinin “Abu Hüseyn” oduğunu deyən digər təqsirləndirilən şəxs Namiq Məmmədov da məhkəmədə ittihamları qəbul etməyib:

"Mən ora döyüşməyə yox, müharibədən əziyyət çəkən adamlara yardım etməyə getmişdim. Görəndə ki, orada sivil insanlara qarşı silah qaldırılır, qayıdıb gəlmişəm. Bizi mütəşəkkil dəstə kimi təqdim edirlər. Amma inanın ki, mən burada əyləşənlərin heç birini tanımıram. Tural Həsənovla isə yolda rastlaşmışıq. Arada ailə üzvlərimlə əlaqə saxlasam da onlarda yanlış təsəvvür yaranmasın deyə Suriyada olduğumu demədim. Mən olduğum müddətdə orada döyüşlər getmirdi. Ruslan Mustafayev Türkiyəyə gedəndə ona təxminən 5 min manata yaxın maddi köməklik etmişəm. Bizi elə təqdim ediblər ki, guya İŞİD-in tərkibində olmuşuq. Hamısı yalandır. Bir dənə də sübut yoxdur ortada. MTN-də məni döyüb öldürürdülər ki, sən Tariyel Mustafayevi tanıyırsan. Mən axı Tariyeli tanımamışam. Bunların çoxunu burada gördüm. Tariyeli də məhkəmədə tanıdım. Mənə işgəncə verilib, ifadələri oxumadan imzalamışam".

Təqsirləndirilən şəxs qismində dindirilən Tariyel Mustafayev isə ifadəsində Suriyaya içindəki cini çıxartmaq üçün getdiyini dedi:

"MƏN RUHİ XƏSTƏXANADA YATMIŞAM"

“Mən ifadəmə baxmaq istəyirəm, görüm orada nə yazıblar, nəyə qol çəkmişəm. Mən 1999-cu ildə Maştağa ruhi dispanserində qeydiyyatdayam. 3 dəfə 21 günlüyə orada yatıb müalicə almışam. Bakıda olanda eşitdim ki, Suriyada dini həkimlər pulsuz olaraq Quranla müalicə edir. İstanbula həyat yoldaşımla getdim. Onu İstanbulda qoyub Suriyanın Artma şəhərinə getdim. Bir aya yaxın orada oldum. Müalicəmi Quranla alıb Bakıya qayıtdım. Bəlkə də mənim danışdıqlarımı kimsə nağıl kimi qəbul edər. Bunları tanımıram, tanımaq da istəmirəm. Artma şəhərində heç bir silahlı döyüşdən söz gedə bilməz. Ora Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa öz nəzarətindədir. Türkiyənin o şəhərlə sərhədi açıqdır. Müalicə alıb Bakıya qayıdandan sonra bir müddətdən sonra MTN-ə çağırıldım. Suriyaya getdiyimi və İŞİD-də döyüşdüyümü dedilər. Mən isə onlara etiraz edərək müalicə almağa getdiyimi bildirmişəm. Adımızı vəhhabi qoydular - dinmədik. Amma indi adımızı terrorçu qoyublar. 33 ildir ki, mən bir toyuq başı belə kəsməmişəm. Namaz qılıb ibadət etmək nə vaxtdan terrorçuluq sayılır?"

Digər təqsirləndirilənlər də İŞİD sdilahlı birləşmələrinə qoşulmadıqlarını və bir-birlərini tanımadıqlarını deyiblər.

Təqsirləndirilən şəxslər sərbəst ifadələrini bitirdikdən sonra hakim Ənvər Seyidov növbəti məhkəmə iclasını aprelin 13-nə təyin edib. Növbəti iclasda şahidlər ifadə edəcək.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin qanunsuz silah əldə etmə, qanunsuz silahlı birləşmələr tərkibində iştirak etmə maddələri üzrə mühakimə olunurlar.
İttihama görə, onlar “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.