-
“Biz sensasiyalı xəbərlərə istinad edən bir televiziya proqramı deyilik. Amma “Azərbaycan Saatı”nın özü bir sensasiyadır. Təsəvvür edin, bir televiziya proqramı hansı baza üzərində yarana bilərdi? Bunun üçün pul, texniki vəsaitlər, avadanlıq, studiya, professionallar lazım idi. Bizdə bunların heç biri yox idi, ancaq ideya var idi”.
Hazırda Fransada mühacir həyatı yaşayan Qənimət Zahid “Azərbaycan Saatı”nın son buraxılışında bu fikirləri səsləndirir.
“Azərbaycan Saat”ı bir tele-layihə kimi 3 il öncə – 2012-ci ilin aprelin 6-sında yarandı. Bundan öncə cəmiyyətin daha çox qəzet yazarı, “Azadlıq” qəzetinin baş redaktoru kimi tanıdığı Qənimət Zahid özünün dediyinə görə, əvvəlcə bir alternativ telekanal açmaq eşqinə düşür. Ortada yalnız ideya olur, baş redaktor bunun heç də asan olmayan bir iş olmasına dair fikirləri belə təsəvvüründə canlandırmır. Qollarını çırmalayıb ideyasını gerçəkləşdirməyə başlayır, barmaqla sayılacaq qədər çox kiçik kollektivlə. Nəticədə bir telekanal yaranmasa da, bir telelayihə ortaya qoyulur – “Azərbaycan Saatı”.
“MƏQSƏD SENZURANI MƏNASIZLAŞDIRMAQDIR”
Bu layihə hansı zərurətdən yarandı, məqsəd nə idi? Bu suala cavabında Qənimət Zahid başlıca məqsədin Azərbaycanın efir məkanındakı monopoliyaya son qoymaq olduğunu deyir:
“Məqsədimiz ölkədəki pozitiv ideyalara, perspektivli simalara, önəmli hadisələr və faktlara efir məkanında qoyulan yasağı dəyərsizləşdirmək idi. Azərbaycanda televiziya üzərində sərt senzuranın olduğunu hər kəs bilir. Biz bu senzuranı mənasızlaşdırmağa iddialı olaraq bu proqramı başladıq. İkinci mühüm məqsədimiz ondan ibarətdir ki, paytaxtdan kənardakı insanlara qarşı hökumətin tətbiq etdiyi informasiya blokadasını aradan qaldırmaq üçün çalışaq”.
“Azərbaycan Saatı” hazırda Fransada hazırlanır. Azsaylı işçi heyəti də əsasən xaricdə yaşayan azərbaycanlılar, mühacirlərdir. Texniki imkanlar çox məhduddur, telelayihə Qənimət Zahidin dediyinə görə, heç bir donor tərəfindən maliyyələşdirilmir, yalnız ianələr hesabına fəaliyyətdədir. Operativ xəbərləmə kimi bir məqsədləri də yoxdur, çünki həftədə cəmi iki dəfə yayımlanır – internet və peyk üzərindən. Bununla belə, Qənimət Zahid seyrçi baxımından korluq çəkmədiklərini deyir. Bu 3 ildə əldə etdikləri uğurlara gəlincə:
“Biz nəhəng bir auditoriyanın bu proqramın daimi izləyicisinə çevrildiyini bilirik. Bu, bizim uğurumuzdur. Amma bunun hansı çətinliklərlə başa gəldiyini məhdud sayda insanlar bilir. Bütün çətinliklərin başında maddi imkansızlıq dayanır. Doğrudur, hakimiyyətin təzyiqləri, bizim bir media layihəsi olaraq ölkə daxilində daimi əməkdaşlarımızın olmaması da olduqca ciddi problemdir, amma mən bu inzibati təqibləri də çətinliklərin ilk sırasına aid etmirəm. Biz o qədər maliyyə sıxıntısı içindəyik ki, 3 ildir fəaliyyət göstərməyimizə baxmayaraq, düz-əməlli kameramız da yoxdur”.
“50 YAŞIMDA MONTAJI DA ÖYRƏNDİM”
Hazırda maliyyə sıxıntısından gündəlik yayıma keçə, yeniliklər tətbiq edə bilməsələr də, Qənimət Zahid deyir ki, auditoriyanı bezdirməməyə, gözlərini yormamağa çalışırlar. Bunun üçün kollektivin əlindən gələni əsirgəmədiyini deyən baş redaktor bir faktı da qeyd edir: “Baxın, mən 50 yaşımda TV proqramlarını montaj etməyi öyrənməyə məcbur oldum”.
“Həqiqəti ancaq orada, görürəm, orada eşidirəm” - Bunu isə “Azərbaycan Saatı”nın daimi seyrçilərindən olan Bərdə sakini 23 yaşlı Rüfət Qarayev deyir. Özünün dediyinə görə, hər buraxılışını izləyir. Amma “Azərbaycan Saatı”nın daha keyfiyyətli formatda, daha əlçatan olmasını istəyir. Deyir ki, ətrafında çoxları belə bir telelayihənin olmasından xəbərsizdir.
Başqa bir seyrçi Tərtərdən olan Qarabağ əlili Mehman Hüseynov deyir ki, Azərbaycan tamaşaçısının alternativ televiziyaya hər gün, 24 saat ehtiyacı var.
“BALANS DA OLSAYDI...”
“Azərbaycan Saatı”nı dəyərli alternativ məlumat mənbəyi sayan ekspert Qulu Məhərrəmli təriflə yanaşı tənqidi fikirlərini də bildirir. O, hesab edir ki, hər bir tele-layihə kimi “Azərbaycan Saatı” da balansı qorumağa çalışmalıdır:
“Azərbaycan cəmiyyətinin alternativ fikrə həmişə ehtiyacı var. O baxımdan da “Azərbaycan Saatı” müəyyən tamaşaçı auditoriyası toplayıb. Azərbaycan efirində getməyən süjetləri, fərqli fikirləri işıqlandırır.
Sadəcə arzu edərdim ki, tənqid olunanların da münasibəti verilsin. Hər hansı obyekt, nazirlik, şəxs tənqid olunursa, bunun balansı da, başqa sözlə həmin adamların o tənqidə cavabı da olmalıdır. Belə olsa həm balans, həm də plüralizm gözlənər.
Mən çətinlikləri başa düşürəm, həm xaricdə hazırlanır, həm də adamlar verilişin adından belə çəkinir, qorxurlar. Xüsusən məmurlar, vəzifə sahibləri o verilişə müsahibə verməkdən imtina edirlər, amma bununla yanaşı balansı təmin etmək həmin verilişin xeyrinə olardı və obyektivliyi də müəyyən qədər yüksələrdi.
Bütövlükdə isə hesab edirəm ki, alternativ məlumat mənbəyi kimi çox ehtiyac duyulan verilişdir. Arzu edərdim ki, o tip verilişlər bizim televiziyaların birində də göstərilsin və tamaşaçı da ölkədə, cəmiyyətdə gedən proseslərdən xəbərdar olsun”.
Hazırda “Azərbaycan Saatı”nın bir əməkdaşı, aparıcısı Seymur Həzi həbsdədir. Seymur Həzi ötən il xuliqanlıq ittihamı ilə həbs edilib, haqqında 5 il azadlıqdan məhrum hökmü çıxarılıb. Müdafiə tərəfi bu həbsin siyasi sifariş, xüsusilə də “Azərbaycan Saatı”ndakı fəaliyyətinə görə olduğunu deyir.
Qənimət Zahid deyir ki, bu həbs onları “Bakıdakı simaları”ndan, studiyalarından məhrum etdi. Əvəzində isə problemi olan hər kəs “Azərbaycan Saatı”nın bir növ müxbirinə çevrildi, özü öz problemini çəkdi və yolladı.
“Yəni, bizə pislik etmək niyyətinə düşənlər, əvvəlcə, götür-qoy etsinlər ki, bu onlara lazımdırmı?” – deyə Qənimət Zahid sual edir.