«Baş prokuror məhkəməyə dəvət edilməlidir»

Vəkillər hesab edirdilər ki, Hacı Məmmədov sadəcə icraçıdır

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər təqsirləndirilənlərin məhkəməsində vəkillər dövlət ittihamçılarına etirazlarını bildiriblər. Onların sözlərinə görə, ittiham tərəfi məhkəmədə həqiqətlərin üzə çıxmasına çalışmır.

Bu iş üzrə ittiham edilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovu müdafiə edən Adil İsmayılov ona qaranlıq görünən məsələlərin aydınlaşdırılması üçün bir qayda olaraq məhkəmədə təqsirləndirilən şəxslərə müxtəlif suallar verir. Bu dəstənin rəhbəri kimi təqdim edilən Hacı Məmmədov artıq bir neçə həftədir ki, bu sualların çoxuna cavab vermir. Cənab İsmayılov deyir ki, bəzən Hacı Məmmədov istintaqda bildirmədiyi məqamlardan danışır, yaxud vacib məqamların üstündən keçir.


«Hacı Məmmədov Ülvan Bağırova deyir ki, biz səni əvvəlcə Sarayda saxlamışıq, sonra başqa yerə aparmışıq. Bu yeri mən heç istintaqa da deməmişəm. Bəs onda prokurorlar Hacı Məmmədovdan niyə soruşmurlar ki, bu yer haradır? Bəlkə günahkarlardan azadlıqda gəzənlər var»
Amma ittiham tərəfi bu halların aydınlaşdırılmasına cəhd etmir. O, hesab edir ki, məhz həmin mətləblərin aydınlaşdırılması vəkillərdən daha çox prokurorların vəzifəsidir. Çünki vəkilllər təqsirləndirilən şəxsləri müdafiə edir, prokurorlarsa dövləti. Adil İsmayılov bldirir ki, əgər bir çox cinayətlərin üzərindən keçiləcəksə, onda əsl həqiqəti müəyyən etmək mümkün olmayacaq: «Məsələn, Hacı Məmmədov Ülvan Bağırova deyir ki, biz səni əvvəlcə Sarayda saxlamışıq, sonra başqa yerə aparmışıq. Bu yeri mən heç istintaqa da deməmişəm. Bəs onda prokurorlar Hacı Məmmədovdan niyə soruşmurlar ki, bu yer haradır? Bəlkə günahkarlardan azadlıqda gəzənlər var».

Adil İsmayılov deyir ki, tək iş adamı Ülvan Bağırovun oğurlanması epizodu ilə bağlı deyil, bir çox məsələlərdə aydınlaşdırılmalı məqamlar var. Vəkilin sözlərinə görə, bu məsələlərdən biri də Hacı Məmmədovun ikinci bir dəstəsinin olub-olmamasıdır. Çünki əvvəlki məhkəmə prosesində Hacı Məmmədovun azadlıqda daha bir dəstəsinin də mövcudluğundan bəhs edilmişdi. Vəkil bildirir ki, prokurorlar öz vəzifələrini yerinə yetirməkdən çəkinirlər, Hacı Məmmədovun sonrakı ifadələrindən ehtiyatlanırlar.


İttiham tərəfi isə vəkillərin iradlarını qəbul etmir. Dövlət ittihamçısı Bəşir Cəfərov deyir ki, onlar vəkillərin istəyinə uyğun fəaliyyət göstərmirlər: «Biz öz işimizi yaxşı bilirik. Kim bizdən nə gözləyirsə, bu onun öz problemidir. Biz qanun çərçivəsində fəaliyyət göstəririk».



«Biz öz işimizi yaxşı bilirik. Kim bizdən nə gözləyirsə, bu onun öz problemidir. Biz qanun çərçivəsində fəaliyyət göstəririk»
Üstəlik, oktyabrın 31-də keçirilən məhkəmə iclasında Baş Prokurorluğun İstintaq İdarəsinin keçmiş rəis əvəzi, kriminalist Rövşən Əliyevin həyat yoldaşı İradə Quliyevanın ifadələrindən sonra vəkillər hesab edirlər ki, Baş prokuror Zakir Qaralov da məhkəməyə dəvət edilməlidir. Xanım Quliyevanın ifadəsinə görə, həyat yoldaşı ölümündən bir gün əvvəl ona deyib ki, Baş prokuror adam oğurluqları ilə bağlı prezidentə məlumat verməlidir. Bundan sonra isə həmin oğruların həbsinə icazə veriləcək. Amma bunun üstündən az keçməmiş Rövşən Əliyev qətlə yetirilib.

Vəkil Adil İsmayılov deyir ki, Rövşən Əliyevin ölümündən sonrakı bir neçə il ərzində adam oğurluğunda ittiham edilən şəxslərin həbs edilməməsinin səbəbləri ilə bağlı Baş prokuror mütləq açıqlama verməlidir.


Baş Prokurorluqdan isə İradə Quliyevanın ifadəsi ilə bağlı açıqlama vermək istəmirlər. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vuqar Əliyev deyir ki, onlar indilikdə məhkəmənin işinə müdaxilə etmək istəmirlər. Yalnız proses başa çatdıqdan sonra orada səslənən fikirlərə münasibət bildiriləcək: «Bilirsiniz ki, bu işin istintaqını elə birinci prokurorluq aparıb. Məhz bizim topladığımız materiallar nəticəsində adam oğurluğu ilə məşğul olan dəstə ifşa edildi».


Əvvəlki məhkəmə proseslərində vəkillər vəsatət verərək bir sıra vəzifəli şəxslərin məhkəməyə çağırılmasını təklif etmişdilər. Bəzi vəkillər hesab edirdilər ki, Hacı Məmmədov bu işdə icraçıdır, daha yuksək vəzifəli şəxslər də məsuliyyətə alınmalıdır. Çünki onlar hesab edirlər ki, 10 il ərzində himayə edilmədən ağır qətl və adam oğurluqları ilə məşğul olan dəstə məsuliyyətdən yayına bilməzdi. Hakim isə hələ ki, bu vəsatətlərin təmin edilməsinə ehtiyac görmür.