Əli Həsənov: «Qarayaxma kampaniyaları effekt verməyəcək»

Əli Həsənov

-

«Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır».

Trend-in məlumatına görə, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Oyunları ərəfəsində Azərbaycanın ünvanına yönələn tənqidlərə münasibət bildirərkən belə deyib.

Ə.Həsənov bildirib ki, bu gün Qərbdə anti-islam, anti-türk meylləri, ikili standartlar siyasəti hökm sürür:

«Bütün bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin ayrı-ayrı hüquq müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq büruzə verir. Azərbaycan 20 ildə dünyanın gözü qarşısında uğurlu inkişaf yolu keçib. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qarşısındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda heç kim Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza bilməz».

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda bütün hüquqlar, bütün azadlıqlar təmin olunub: «Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək».

«Human Rights Watch», «Amnesty International» və başqa beynəlxalq hüquq-müdafiə təşkilatları Bakının Avropa Oyunları ərəfəsində ölkə daxilindəki narazıları susdurmağa çalışmasından narahatlığını bildirir. Azərbaycanda həbsdə olan bütün fəalları və jurnalistləri azadlığa buraxmağa çağırır.