-
Çexiyaya getmək istəyən Azərbaycan vətəndaşları üçün vizaların verilmə proseduru asanlaşdırılacaq. Ötən il Çexiyanın Azərbaycandakı səfirliyi 8 min 500 Azərbaycan vətəndaşına viza verib. Onlar əsasən Karlovı Varı və Praqaya səfər ediblər.
Bu haqda Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib.
Məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
«İstəyirik ki, Azərbaycan vətəndaşları Çexiyanı gözəl bir turizm mərkəzi kimi yaxından tanısın. Ötən il Çexiyaya 13 milyondan çox turist səfər edib. Biz azərbaycanlı turistlərin bu sayın önəmli bir hissəsini təşkil etməsini arzulayırıq» - səfir deyib.
Səfir Çexiya parlamentinin sədri Jan Hamáček-in iyun ayında Azərbaycana gələcəyini bildirib. O, Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
Aprelin 27-dən Bakıda Çexiya viza mərkəzi rəsmi fəaliyyətə başlayacaq. Viza mərkəzi Azərbaycan və xarici ölkə vətəndaşlarına göstərilən xidməti daha da təkmilləşdirmək məqsədilə açılıb.
Mərkəz Xocalı prospekti, 37 ünvanında, «Demirçi Tower»in 2-ci mərtəbəsində yerləşir. Viza mərkəzinin saytı da yaradılıb. Sənədlərin qəbulu bazar ertəsi-cümə saat 09.00-dan 16.00-dək, vizaların verilməsi bazar ertəsi-cümə saat 11.00-dan 17.00-dək keçiriləcək.
Mərkəz yalnız qısamüddətli Şengen vizasına sənədləri qəbul edəcək.
Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.), əvvəllər olduğu kimi, Çexiya səfirliyinin konsulluq şöbəsində həyata keçiriləcək.
Mərkəzdə vizanın verilməsi prosesini «VFS.Global» şirkəti həyata keçirir.