-
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič AzadlıqRadiosuna müsahibə verib. Šefčovič Cənub Qaz Dəhlizi layihəsində Avropa Birliyi tərəfdən danışıqlarda iştirak edir.
TAP, TANAP və Cənub Qafqaz Boru Kəmərinin daxil olduğu Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edirlər.
- Avropa Birliyi Türkmənistan qazının Qərbə çatdırılması üçün hansı addımları ata bilər?
- Çox şadam ki, bir neçə ay ərzində Cənub Qaz Dəhlizi istiqamətində irəliləyişlər əldə etmişik. Çünki biz «Nabucco» layihəsindən dərs çıxarmağa çalışırıq. «Nabucco»ya siyasi diqqət olmadığına görə problemlər qalaqlanıb artdı və bu da beynəlxalq ictimaiyyətin layihə ilə maraqlanmamasına səbəb oldu.
Odur ki, biz məşvərət qrupu yaratdıq. Bu qrupda iki tərəf var - biri konsorsiumun təmsilçiləri, ikincisi isə Cənub Qaz Dəhlizi boyunca bütün ölkələrin siyasi nümayəndələri. Bu, çox yaxşı irəliləyişdir. Biz prezident İlham Əliyevlə iki görüş keçirmişik və Azərbaycan tərəfdə işlər yaxşı gedir. Mən martda Türkiyədə TANAP-ın təməlqoyma mərasimində iştirak etdim və çox inanırıq ki, 2019-2020-ci illərdə ilk Azərbaycan qazı Xəzər hövzəsindən Avropaya çatdırılacaq.
Biz indi layihə ilə bağlı Türkmənistanın da marağını görürük. Odur ki, Türkmənistana Avropa Birliyinin Azərbaycan və Türkmənistan arasında imzalanacaq anlaşma memorandumuna olan marağını təsdiq edən məktub göndərmişik. Bildirmək istəyirik ki, biz türkmən qazının Avropaya göndərilməsinin mümkünlüyü üçün birgə görüləcək işləri müzakirə etməyə hazırıq.
- Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı bu layihəni maliyyələşdirməyə hazırdır?
- Bunu indidən demək tezdir, çünki irəlidə həll olunmalı çoxlu başqa məsələlər var. Amma əlbəttə ki, hər iki bank böyük infrastruktur layihələri ilə yaxından maraqlanırlar.
- Qaz bazarında təchizat mənbələrinin müxtəlifləşdirilməsi üçün Avropa Birliyinə nə qədər vaxt lazımdır? 2018-ci ilin sonuna qədər «Şahdəniz-2» mərhələsi işə düşənə qədər əsaslı hansısa layihə reallaşdırıla bilər?
- Bu il, ya da gələn ilin əvvəlində biz Avropa Birliyində Maye Təbii Qaz (LNG) strategiyası hazırlayacağıq və aydınlaşdıracağıq ki, hansı terminalları tikməyə ehtiyacımız var. Bu terminalların necə birləşdirilməsi üzərində də işləməyə ehtiyac var. Bunlar maye təbii qaz bazarında vacib oyunçu olmağımıza imkan verir.
Əlbəttə ki, Norveçdə, Əlcəzairdə də çoxlu imkanlarımız var, amma Cənub Qaz Dəhlizi strateji əhəmiyyətlidir. Bu layihə neft-qazla zəngin olan regionu- Türkmənistan və Azərbaycanı əhatə edir. Azərbaycanın isə «Şahdəniz-2», «Şahdəniz-3» kimi yeni imkanları var. Ümid edirik ki, İranla diplomatik əlaqələrimiz yaxşılaşacaq və Avropanın qaz ehtiyatları ilə zəngin olan daha bir tərəfdaşı ilə əlaqələri yaranacaq.
- Bir neçə il əvvəl Qazaxıstan və Özbəkistan da «Nabucco» və Cənub Qaz Dəhlizi ilə bağlı danışıqlara cəlb olunublar. Digər Mərkəzi Asiya ölkələrinin Avropaya qaz ixracı layihələrindəki rolunu görürsünüz?
- Hələlik biz Azərbaycan, Gürcüstan və Türkiyə ilə yaxından işləyirik. Cənub Qaz Dəhlizi ilə bağlı format bu üç ölkə və üstəgəl Türkmənistandır. Digər Mərkəzi Asiya ölkələri ilə danışıqları başqa formatda aparırıq.