Amnesty International: "İntiqam Əliyevin "cinayəti"..."

İntiqam Əliyev

-

“İnsan haqları müdafiəçisi və hökumətin açıq tənqidçisini 7 il 6 ay, saxta ittihamlarla azadlıqdan məhrum etməklə hakimiyyət Avropa Oyunları ərəfəsində bütün tənqidçilərini susdurmaq istədiyini göstərir,” bu bəyanatla Amnesty International hüquq-müdafiə təşkilatı çıxış edib.

“İntiqam Əliyev hakimiyyətin oyunlar qabağı ölkənin bütün problemlərini xalçanın altına süpürüb gizlətmək kampaniyasının son qurbanıdır. Mesaj budur: Dünyaya problemlərimiz barədə danışsan, cəzalanacaqsan,” Amnesty International-ın Avropa və Orta Asiya üzdə direktor müavini Denis Krivosheev deyib.

“İntiqam Əliyevin törətdiyi yeganə “cinayət” həmvətənlərinin hüquqlarını müdafiə etməsidir. O, həbsə atılmamalıydı və dərhal və qeyd şərtsiz buraxılmalıdır”.

Amnesty International Azərbaycanda azı 20 vicdan məhbusunun olduğunu deyir.

Hakimiyyət isə siyasi məhbus və vicdan məhbusu terminlərini qəbul etmir, fərdlərin konkret cinayətlərə görə saxlandığını bildirir.