Həbsxanadan məktublar: Həcc

İlham Əliyev Məkkəni ziyarət edib, namaz qılıb- [fotolar]

-

Yeriyir və dua oxuyurdu. Təvaf zamanı idi. Həcc ziyarətinin əsas proseduru. Tövbə etməli olduqlarıni bir-bir beynindən keçirdi.

Daha xalq malına əyri baxmayacağını...

... Səsi qırıldı. Uca səslə duaları təkrar edir, amma beynindəkiləri dilə gətirmirdi:

«Dövlətin əmlakını ailə üzvlərimə peşkəş etməyəcəyəm».

Boğazında düyün əmələ gəldiyini hiss etdi. Panama, Vircin Adaları, Dubay və başqa ölkələrdə gizlətdikləri, qurduqları, aldıqları bir-bir gözünün önünə gəldi. Ölkədə bunları görməyənlər vardı, amma tövbəsini ünvanladığı qüvvədən heç nə gizlin deyildi axı.

«Heç kimi haqsız yerə həbs etməyəcəyəm».

Son bir neçə ayda həbs etdirdiyi günahsız siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti fəallarının adları gözlərinin qarşısında hərlənirdi. Ətrafdakı ziyarətçilərin ağ əbalarının üstündə iri çap hərfləri ilə adlar yazılırdı. Başını silkələdi, növbəti tövbə mövzusuna keçdi:

«Haqsız öldürülənlərin qanının batması...»

Elmar Hüseynovun adı gəldi qulağına. Yox, irəlidə gedən din xadimi ərəbcə dua oxuyurdu, amma qulağına gələn bu ad nə idi?

«Dayan, dayan, bu nədir belə. Fikrimizi dünya işlərindən ayıraq, bura Həcc ziyarətinə gəlmişik, din barədə düşünək. Mən məscid tikdirdim axı, bəs bunun bir faydası yoxdurmu? Bağlanan məscidlərdən də böyük və qəşəng...

İrəlidə gedən «Allahdan başqa Allah yoxdur» deyir. Dayan görüm, bəs, bu nə deməkdir. Allahdan başqa heç kimdən qorxmamalıdırmı insanlar? Bəs mən, bəs polis?

Nə işim vardı mənim burda?

Burda olmaq lazımdır, neftin qiyməti düşür, müsəlman ölkələrinə görüm-baxım vaxtıdır. Tövbə? Gələn dəfəyə qalsın».

Xədicə.
Kürdəxanı. Mart 2015

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

AzadlıqRadiosu və beynəlxalq təşkilatlar Xədicənin məhz jurnalist fəaliyyətinə, araşdırmalarına və AzadlıqRadiosunda gördüyü işə görə həbs olunduğunu düşünür.