Yazılarına görə Xədicə İsmayıla töhmət verilib

Xədicə İsmayıl

-

«Binəqədi rayon Məhkəməsi mənim sözügedən sənədi yaymağımla bağlı sübut olmaya-olmaya işi icraata götürüb. MTN yalandan yazıb ki, mən həmin sənədi yaymışam, mənsə deyirəm ki, yaymamışam. Bizdə MTN-nin yalan danışması ayıb sayılmır».

Bunu hazırda həbsdə olan AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl məhkəmə prosesində deyib.

Aprelin 28-də Apellyasiya Məhkəməsində Binəqədi rayon Məhkəməsinin Xədicə İsmayılla bağlı hökmündən şikayətinə baxılıb.

«MTN ƏMƏKDAŞI MƏHKƏMƏYƏ ÇAĞIRILMALIDIR»

Vəkillər məhkəmənin istintaq aparılmaqla keçirilməsi haqda vəsatət qaldırıblar. Vəkil Yalçın İmanov bildirib ki, prosesdə Binəqədi rayon Məhkəməsinin göndərdiyi sorğunu cavablandıran MTN əməkdaşının, o cümlədən Xədicə İsmayılın özünün dindirilməsi vacibdir.

Söhbət MTN-ə məxsus məxfi hesab olunan və Elman Türkoğlunun da adının keçdiyi sənəddən gedir. Binəqədi rayon Məhkəməsi MTN-ə sorğu göndərməklə həmin sənədin həqiqətən də onlara aid olub-olmamasını, Xədicə İsmayılın o sənədi yayıb-yaymamasını dəqiqləşdirib. MTN həmin sənədi 2011-ci ildə Xədicə İsmayılın sosial şəbəkələrdə yaydığını təsdiqləyib.

Vəkil Yalçın İmanov:

«Bu sorğunun prokurorluqdan MTN-ə göndərilməsi, orada araşdırılıb prokurorluğa, oradan da məhkəməyə yönləndirilməsi, az qala, kosmik sürətlə baş verib. Bu da onu göstərir ki, bu sorğuya cavab əvvəlcədən hazır olub və dərhal da məhkəməyə göndərilib. Ona görə də, həmin sorğunu cavablayan MTN əməkdaşı məhkəməyə çağırılmalıdır. İşin ədalətli araşdırılması üçün Xədicə İsmayıl özü də prosesdə dindirilməlidir».

Hakim vəkillərin bu vəsatətini təmin etmədi, məhkəmənin istintaq aparılmadan keçiriləcəyini elan etdi.

«NƏZARƏTÇİLƏR VƏ TƏCRİDXANA RƏHBƏRLİYİ BİR-BİRİNİ GÜNAHLANDIRIR»

Prosesdə həm də məhkəmə nəzarətçiləri ilə müdafiə vəkilləri arasındakı narazılıq yaşandı. Xədicə İsmayıl və vəkilləri nəzarətçilərin onların konfidensial ünsiyyət hüququnu pozduqlarını iddia edirlər. Belə ki, nəzarətçilər vəkillərin dəmir barmaqlıqlar arxasında saxlanan Xədicə İsmayıla yaxınlaşıb ünsiyyət saxlayan zaman çox yaxın məsafədə dayanmaqla maneçilik yaradır, bir-birilərinə kağız ötürməsini nəzarətdə saxlayırdılar. Vəkil Yalçın İmanov buna etiraz etsə də, bir hakim müdaxilə etmədi:

«Ötən prosesdə də biz vəsatət qaldırdıq ki, müdafiə etdiyimiz şəxs yanımızda əyləşsin. Siz isə dediniz ki, nəzarətçi icazə vermir. Məhkəmə tarixində belə bir şey olmamışdı. Hakimin nəzarətçidən icazə alması absurddur. Biz bu qaydada vizual, him-cimlə müdafiə hüququmuzu həyata keçirə bilmirik. Bizim müdafiə hüququmuz pozulur».

Xədicə İsmayıl nəzarətçilərin bu cür davranışının səbəblərinin ona bəlli olduğunu bildirdi:

«Səbəb mənim mətbuatda gedən yazılarımdır. İndi məhkəmə nəzarətçiləri ilə təcridxana rəhbərliyi məktubların mətbuatda çıxmasının günahını bir-birinin üzərinə atır. Mən təcridxana rəhbərliyini hələ də inandıra bilmirəm ki, mən fikirlərimi telepatiya yolu ilə ötürürəm. Ötən gün təcridxana rəhbəri Azər Seyidov yenə məni otağına çağırdı, niyə mətbuata yazılar ötürdüyümü soruşdu. Bunu necə etdiyimi öyrənmək istədi. Yenə bildirdim ki, elm inkişaf edib, telepatiya yolu ilə ötürürəm. Dedim ki, hələ kosmosa peyk də çıxarmışıq. Peyk vasitəsilə fikirlərimin sürətini də ölçə bilərsiniz. Amma onlar elmi-texniki tərəqqiyə inanmaq istəmirlər».

«MƏNİ HƏDƏLƏDİLƏR Kİ...»

Xədicə İsmayıl aprelin 27-də saxlandığı kamerada axtarış aparıldığını və nəticədə töhmət aldığını da bildirdi:

«Kameramda axtarış apardılar. Çarpayımın baş tərəfini sökdülər və orada dəliyin olduğunu aşkara çıxardılar. Mən dedim ki, bu çarpayıda məndən öncə də kimlərsə yatıb, deyim ki, o kimlərdən biri də Gülər Əhmədova olub. Amma buna baxmayaraq, mənə töhmət verdilər. Töhmətdə elə beləcə də yazılıb ki, mətbuatda böhtan və təhqir dolu yazıların dərc olunur və mən həmin yazıları həmin dəlik yerdə saxlayıram. Məni hədələdilər ki, belə getsə, telefon danışığı və qohumlarla görüşdən məhrum edəcəklər».

Məhkəmə mayın 12-də davam edəcək.

«Baş bayraqdar» Elman Türkoğlu Xədicə İsmayılın ona böhtan atdığını iddia edərək haqqında 147.2 maddəsi ilə cinayət işinin açılmasını istəyirdi.

Məhkəmə jurnalistin 2500 manat cərimə edilməsi haqda qərar çıxarıb.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» elan edib.​