-
İkisi də dəli kimi həyətdə qaçışır, Giləni səsləyirdilər. Sonra cumdular qonşu damlara, bir-bir qapıları döydülər, Giləni soraqladılar ki, bəlkə uşaq darıxıb, qonşuya-qohuma gedib.
Bütün damlarda deyirdilər ki, yox, Giləni görməmişik. Qapısını açan, eşiyə çıxan bir də dala qayıtmırdı, hamı üstünü isti geyinib çölə çıxırdı, atama-anama qoşulurdu. “Gilə, Gilə!” deyə səs bürümüşdü binəni...
İsveçrədə yaşayan Azərbaycan yazıçısı Əli Əkbər "Gilə" hekayəsini "OxuZalı"na göndərdi.
Əli Əkbər
GİLƏ
(Uzun hekayə)
Bütün didərginlərə və tamarzılara ithaf edirəm
1
O gün çinli bir kişi, şəhər vağzalındakı böyük saatın yanında, gözümün qabağındaca öldü. Çinli olması qənaətim şərtidi - vyetnamlı, koreyalı və ya yapon da ola bilərdi. Bəlkə də gözləri açıq olsa, yapon və ya çinli olmasını ayırd edərdim, çünki bir yaponla çinlini səhv salmadığıma çox əminəm. Ancaq meyitin gözləri qapalı idi, elə bil yatmışdı. Meyitə baxanda elə təəssürat yaranırdı ki, sanki toxunsan səksənib yerindən qalxacaqdı.
Artıq meyiti xərəyə yerləşdirmişdilər. Həkimlər ciddiyətlə sənələşdirmə ilə məşğul idi. Meyidi qüssəli baxışlarla süzən iki qadın polissə qovurucu istilərdən danışırdılar.
Susamışdım. “Nordsee” balıq qəlyanaltısı ilə üzbəüzdəki köşkdən su aldım, buz kimi soyuq idi. Növbədə üç dəqiqə itirdim. İsti qovururdu. Tər damcılarının boynumdan yambızlarımadək necə sürüşdüyünü hiss edirdim. Qatarın yola çıxmasına da hələ iyirmi dəqiqə vardı.
Köşkdən çıxanda çinlinin meyitini artıq aparmışdılar. Həyat normal axarında idi, üç dəqiqə əvvəl çinlinin meyidi ətrafındakı səs-küydən əsər qalmamışdı.
Köşkün yanında dayanmış cüssəli isveçrəli kişi kədər və təssüflə əhvalatı iki qadına nəql edirdi. Kişi altmış yaşlarında olardı, gur ağ bığları, ağappaq, qısa qıvrım saçları vardı:
“Skamyada bərabər əyləşmişdik, çiynimə söykənmişdi, əvvəl elə bildim ki, yatıb. Sonra başı astaca sinəmə sürüşdü, sonra da qucağıma düşdü. Ağlıma gəldi ki, yəqin, istidən halı pisləşib. Ölə biləcəyini heç düşünməzdim...“
Qadınlardan biri təsdiq gözləyən ibarəli baxışlarla rəfiqəsinə baxdı:
“Günün altında çətirsiz dayanmaq çox təhlükəlidir...”
Mən, qızmar günəş şüaları altında çətirsiz on beş dəqiqə yol gəlmişdim. Buz kimi suyu yanğı ilə içə-içə qadına nəzər saldım. Altmış yaşlarında olardı, əlində yaraşıqlı çətir tutmuşdu. Qadının çöhrəsi təbəssüm oyadırdı, üzünün səliqəli makyajı nəzərəçarpan deyildi. Mənə elə gəldi ki, sadəcə, azacıq dodaq boyasında ifrata varıb, mavi kostyumu ilə ağ mirvarilərini isə çox zövqlə bir-birinə uyğunlaşdırmışdı.
Düşünürdüm ki, əslində otuz altı dərəcə isti adi temperaturdur. Özlüyümdə isveçrəlilərin “dözülməz istilərdən” şikayətlənmələrini bu ölkədə belə temperaturun ildə bir-iki dəfə yaşanmasına bağladım. Doğrudan da beləydi, yay mövsümündə İsveçrədə temperatur adətən bir dəfə normanı ötürdü. Bu gün, həmin günlərdən biri idi.
Qeyri-ixtiyari qır qoxulu, günəşin qovurduğu Bakıda adamları istidən, yuxarı temperaturun hənirindən çətirlə qorumanın mümkün olub-olmadığını düşündüm. Kürəyimdən süzülən aramsız tər damcıları düşüncələrimi dumanlandırırdı. Çox çalışsam da yay mövsümündə özümü əlimdə çətir tutmuş təsəvvür edə bilmədim.
Qatarın yola düşməsinə az qaldığından platformalara sarı yol aldım. Litrlik plastik qabdakı su isinmişdi, udduğum damcılar əvvəlkilərdən daha ilıq olurdu. Bu, məndə azacıq qəzəb yaradırdı. Vağzalın sol cərgəsindəki kitabçıda səliqə ilə düzülmüş qəzetlərin manşetlərinə göz atdım. „Tages Anzeiger“ qəzeti “Dünyada su ehtiyatları tükənir. Təhlükə İsveçrədən də yan keçməyəcək” manşetiylə çap olunmuşdu. Bu manşet yanğımı cilovlamaq üçün aldığım suyun isinməsinə qəzəbimi soyudurdu. Nankorluq etdiyimi düşünüb xəcalət çəkməyə başlayırdım.
Köhnə tanışım Jan-Baptist mən Bahnhofstrasse ilə vağzal binasına gələrkən zəng vurmuşdu. Bakıdakı oxucularımdan biri yeni yazdığı romanını rəy bildirməyim üçün tanışı vasitəsilə ilə göndərmişdi. Oxucumun tanışı ötən axşam zəng edib xəbər verdi ki, “Conrad” otelində yerləşib, sabah istədiyim vaxt gedib “paket”i ala bilərəm. Jan zəng edəndə artıq oxucumun romanını onun tanışından götürüb geri dönürdüm. Evə gedib duş qəbul edəcək, uzanıb kitab oxuyacaqdım, başqa daha uyğun planlama düşünə bilməmişdim.
Janla nadir hallarda əlaqə saxlayırdıq. İldə bir-iki dəfə zəngləşib, yazışsaq bunu özümüz üçün böyük hadisə sayırdıq. İstər-istəməz “qızmar istidə Jan məni niyə axtarsın ki?” deyə düşündüm. O, günlük planlarımı soruşdu, boş vaxtımın olduğunu biləndə söylədi ki, yaxınlıqdadır. Mənə nəql etdi ki, universitetdən olan dostları ilə Rapperswilə gəliblərmiş, dostları artıq geri dönür:
- Geri dönməyə həvəsim yoxdur, dönüş biletim də açıqdır, azı axşamadək burdayam. Arzun varsa, Rapperswil-də görüşək. Sürix gölü üçün də darıxmışam. Sahildə pivələyə bilərik. Ümidvaram ki, vaxtın olacaq.
Doğrusu, Janla söhbətləşməyə də həvəsli idim, ancaq onun son təklifinə heç vaxt yox demək olmazdı.
Jan fransızdilli isveçrəlilərdəndir, Lozannada yaşayır. Universitetin türkologiya kafedrasında professor assistentidir, azərbaycanca da sərbəst danışır. Hər gün işə gedəndə məşhur Lozanna sazişinin imzalandığı binanın önündən keçən Jan, həmin saziş haqda suallardan lap bezdiyini söyləyir. Mən onunla üç il əvvəl Bakıdakı Azad Fikir Universitetində, bir mühazirədə tanış olmuşdum. Janı mənə Azad Fikir Universitetindən Əli Novruzov təqdim eləmişdi. Onun mübadilə proqramı ilə Bakıya gəlməsinin məqsədi, Bakı Dövlət Universitetində Azərbaycan dilini təkmilləşdirmək idi.
İsveçrəyə köçdükdən sonra Janla iki-üç dəfə görüşə bilmişdim. Görüşlərin hamısı onun təşəbbüsü ilə Sürixdə olmuşdu. Onun yaşadığı Lozannada görüşə bilməmişdik. Lozannaya səfərim olmuşdu, ancaq əlaqə saxlamadığımdan Janın bundan xəbəri yox idi. Mənə hələ də elə gəlirdi ki, Lozannaya gəlib onu axtarmamağımdan xəbər tutsa, Jan mənə irad bildirəcək. Nədənsə, belə düşünürdüm, bunu keçmişin ruhuma hopdurduğu komplekslər diqtə edirdi.
İndi Janla yenidən görüşəcəkdik. Rapperswil St.Gallen kantonunda sahil qəsəbəsidir. Sürixdən Rapperswilə gəmi ilə iki saata, qatarla isə lap tez, cəmi qırx dəqiqəyə çatmaq olur. Rapperswilə gedən qatar artıq ikinci platformaya yaxınlaşmışdı.
Vaqon bomboş idi, özümə mərkəzdə, pəncərənin önündə oturacaq seçdim. Yol boyu ya Bakıdan göndərilən kitabı oxumalı, ya da smartfonda qurdalanmalı idim. Məni tanıyanlar tanıyır, elə rəy üçün ilk kitabını göndərən oxucum da. Onun kitabını oxumağı deyil, smartfonda qurdalanmağı seçdim. Yeri gəlmişkən deyim ki, smartfon kimi ağıllı alətlərin əsirinə çevrilməmiz barədə neqativ məzmunlu yüzlərlə mütəxəssis rəyi dinləmişəm. Ən maraqlısı isə, bu rəylərə hər zaman qatılıram.
Deyəsən, rus futuristləri haqqında bir məqalə oxumağa başlamışdım ki, onun mülayim səsini eşitdim:
- Bu yer, boşdur? - deyə, barmağı ilə üzbəüzdəki oturacağa uzadıb gülümsəyirdi.
- Əlbəttə, buyurun, - qeyri-ixtiyari vaqona göz gəzdirdim. Artıq pəncərə önündəki bütün oturacaqlar sərnişinlərlə dolmuşdu.
O, təbəssümlə qarşımdakı oturacaqda əyləşdi. Çəliyini dizlərinin arasına qoyub əllərini onun dəstəyinin üzərində birləşdirdi. Dərhal tipik isveçrəli olduğunu düşündüm. Belələri səliqəli, dəqiq, pedant olurlar. İsveçrə şivəsi ilə danışsa da, sualını Hochdeutsch-da, yəni yüksək almanca verdiyindən fikirlərim dolaşdı. Duydum ki, onun danışığında bir qeyri-adilik, mənə tanış olmayan, isveçrəlilərdə hələ rast gəlmədiyim bir manera var.
Onun yetmiş beş yaşı olardı. Hündürlüyü isə təxminən, bir metr səksən santimetrdən artıq. Çəliyinin dəstəyi tünd qəhvəyi, gövdəsisə krem rəngində idi. Ağ köynəklə açıq boz kostyum geyinmişdi, xırda damalı, qara rəngli qalstukunu çox sıxmamışdı. Pencək və qalstukuna diqqət etdikcə, ürəyim istidən sıxılmağa başlayırdı, “bu istidə özünə rəva bildiyi qarderoba bir bax, forslarından heç qalmırlar” - deyə düşünürdüm.
Deyəsən, o, bu cırhacır istidə səliqə ilə arxaya daradığı saçlarına jele sürtməyə də macal tapmışdı. Bu vərdiş əksər isveçrəli ahıllar üçün xasdır, mən belələrinə çox rast gəlmişəm. O, açıq qəhvəyi, sıx toxunma dəri sandallarının altından eyni rəngdə corab geyinmişdi. Deyəsən, bütün geyimi, hətta əlindəki çəlik də təzə idi. Yalnız saatının nimdaş olduğu nəzərə çarpırdı. Atamın da buna bənzər, “Slava” markalı saat taxdığını xatırladım. İsveçrəlinin saatının solğun qızılı korpusu görünürdü deyə, saatın markasını kəsdirə bilmədim. Siferblatını görmək üçün bir az ayağa qalxmalıydım, ancaq bu yolverilməz idi, ahıl isveçrəli bundan həyəcanlana, bəlkə də ölə bilərdi. Amma xoşlanmasam da, mənim beynim belədir, xırda nüanslara taxılıb qalmağı çox sevir, indi də beynimi məşğul edən yeganə şey isveçrəlinin saatının markası idi.
Bu arada telefonumun çalması yerinə düşdü, zəng edən məni saatı düşünməkdən xilas etdi.
- Nə iş görürsən? Sürixdəsən?
Bu gün deyəsən, gözlənilməzliklər günü idi, zənglər, təkliflər, olaylar, suallar... Zəng edən Düsseldorfda yaşayan, bayramdan bayrama, adətən internet üzərindən əlaqə saxladığım tələbə yoldaşım Aslan idi. Onun zəngi mənə Janın Rapperswil dəvəti qədər sürpriz oldu.
- Yoxsa, sən də Sürixdə, ya da çox yaxındasan - deyə, sual edib təəssüf dolu düşüncələrlə əlimdəki boş plastik butulkaya baxdım. Onu nə zaman boşaltdım axı?
- Yox, Münhendə işlərim vardı, yenicə bitirdim, düşündüm ki, sürüm maşını Sürixə. Bir-iki saat dolaşarıq, sonra geri dönərəm. Sən nə düşünürsən, yeri var?
Aslan on beş il Almaniyada yaşasa da, içinə postsovet spontanlığı hopub. Dedim axı, mənim üçün gözlənilməzliklər günü idi, Aslanın spontanlığı da məhz mən Rapperswilə, Janla pivə içməyə gedəndə təzahür etməliydi.
Çox gərgin idim, fikrimi toplaya, Aslana cavab verə bilmirdim. Səbəbi? Əlbəttə ki, önümdə əyləşmiş çəlikli qoca.
Qatarın səliqə ilə təmizlənmiş pəncərəsindən bayıra, perrona baxırdım, çəlikli qocanın baxışlarını görmürdüm. Ancaq mən onun baxışlarını bütün ruhumla hiss edirdim, bu baxışlar məni dəlib keçirdi. Həmin baxışları bu gün xatırlayanda belə tüklərim biz-biz olur.
Çəlikli qocaya sarı çevrilib gözlərimi saniyənin dörddə biri qədər onun üzündə sürüşdürdüm, nəzərlərimiz ani toqquşdu. Baxışlarımı dərhal onun üzündən çəkib hərəkətə gələn qatarın pəncərəsindən sürüşən reklamlara yönəltdim. Diqqətim nə baxışlarımı sancdığım reklamlarda, nə də məndən cavab gözləyən Aslandaydı, qarşımdakı yaşlı kişi, bütün zehnimi parça-parça eləmişdi.
Aslan "yatmısan?!" - deyə soruşdu.
- Yox, qatardayam... Bir-iki saatlığına Sürixdə dolaşmaqdan ötrü, yolunu bu qədər uzatmağın yeri yoxdur. Hələ burdakı istiləri demirəm. Gecə məndə qalacaqsansa, gəl. Burda qatarda da bir qoca isveçrəli oturub, deyəsən onu narahat edirəm. Yaman baxır mənə.
- Düz deyirsən, yaxşısı evə qayıdım. Ancaq axşam skype-da söhbətləşək, çoxdandı görmürəm səni.
- Oldu, Aslan, danışarıq.
Aslan qoca isveçrəli barəsində də nəsə söyləndi, sonra sağollaşdıq. Artıq qıyğacı yox, düppədüz baxışlarla isveçrəlinin üzünə baxırdım. Buxağları sallaq idi, ancaq eybəcər görünmürdü. İri, amma düz burnu yaşlılıqdan ətlənmişdi. Üzü tərtəmiz qırxılmışdı, şabalıdı gözlərisə bulanıq idi. Bu bulanıq gözlərdə istədiyin emosiyanı tapmaq, oxumaq olardı, onun gözlərində təbəssüm, maraq, sevgi, kədər - qısacasısı, hər şey vardı. Özündən əmin baxışları vardı, israrla gözlərimə zillənmişdi, onun bu israrlılığı içimi sanki çölümə çevirirdi. Yaşlı qocanın bulanıq, ancaq diri, dolu gözlərindən qəribə enerji aldığımın fərqində idim.
Cəsarətlə yenidən onun qolundakı saata baxdım, ancaq yenə də saatın korpusu görünürdü. Bu normal idi, qatara əyləşdiyindən yerindən qımıldanmamışdı, heykəl kimi hərəkətsiz idi. Ancaq gözləri oynayırdı. Onun gözləri məni izləyirdi. Artıq gözləri tək deyildi, dodaqları da gülümsəyirdi. Mən görmürdüm, bunu hisslərim mənə pıçıldayırdı. Bəlkə sağımızdakı sərnişilər diqqət etsələr, onun çevrəsi qırışlı dodaqlarındakı təbəssümü dərhal sezərdilər.
Düşüncələrlə savaşırdım - görəsən, bu yaşlı qoca niyə tərləmir, halı pisləşmir, bu yaşda küçəyə necə çıxır? Özü də panamasız! Axı qocalar yayda panama qoyurlar. Onun heç çətiri də yox idi... Bütün bunları düşündükcə, qatar sərin olsa da, boynumdan sürüşən tər damlalarının yambızlarıma damcılamasını yenidən duymağa başlayırdım.
- Qocayam, amma isveçrəli deyiləm... Azərbaycan diliniz də çox gözəldir, - sakitcə, gözlərini qırpmadan, dodaqlarını bir-birindən çox aralamadan dedi. Azərbaycan dilində dedi! Onun ləhcəsində Təbriz də, Anadolu da, Aran da, Qarabağ da, Gəncəbasar da vardı.
İsveçrəli cənab, səhvimi düzəltməklə qalmamış, öz dilimdə mənə kompliment də etmişdi.
- Elə siz də pis danışmırsınız - ağlıma gələn ilk sözləri dedim, “kobud çıxmadı ki?” deyə içimi yedim.
Bu baxışmaların sonda mütləq bir zibili çıxmalı idi. Əslində, hadisələrin bu cür inkişafına etiraz da etmirdim. Yaşlı həmsöhbətimdən gizlətməyə çalışdığım şoku adlaya bilsəm, hər şey qaydasında olacaqdı.
- Ha, ha - gözlərini yumaraq, başını bir qədər geri atıb pəsdən güldü. - Yox, siz tamam başqa cür danışırsız. Azərbaycandan təzə gələnlər belə danışırlar.
- Təbrizdənsiniz? - həyəcanımı gizlətmək üçün, gözlərimi ondan ayırıb, boş butulkanı qatlanan masanın zibil qutusuna atdım.
Dodaq kənarlarını bir az da qırışdıran, qaşları xəffifcə qalxan yaşlı həmsöhbətim səliqəli təbəssümlə “niyə Təbriz?” - deyə soruşdu.
Kondisionerlər var-gücü ilə işləsə də, tər məni aparırdı. Təbəssümlə maykamın yaxasını aralayıb, sinəmə üfləyə-üfləyə “Olsun Qars... Bəlkə İğdır?” - deyə dilləndim. Qara maykamın üstündə Mao Tze Dunun böyük portreti təsvir olunmuşdu, heroqliflərlə də inqilaba çağırış şüarı yazılmışdı. Bu kitç “T-shirt”ü Parisdə bit bazarından, on beş euro-ya almışdım.
Yaşlı centelmen, sinəm üstə gülümsəyən Maoya eyni təmkinli təbəssümlə, ötəri nəzər saldı. Sonra baxışlarını yenidən üzümə qaldırdı.
- Rapperswil-ə gedirsiniz? - soruşdu.
- Bəli. Siz də?
- Bəli - başını gülə-gülə yırğaladı. - Həmişə gəmiyə minərəm, amma bu istidə qatar yaxşıdı.
Haqlıydı, bu istidə iki saat gəmi ilə yol getmək, adamı haldan salardı. İstər gəminin göyərtəsində, açıq havada otur, istərsə də qapalı hissəsində – kondinsioner olmadıqdan sonra fərqi yoxdur.
Ləhcəsi də bir şeyə oxşamırdı, ağlımdan keçirdi ki, elə bil bir isveçrəli Təbrizə gedib, orda çox gözəl ədəbi azərbaycanca öyrənmişdi və otuz il orada yaşayıb qayıtmışdı. Düzü, bu qənaətim özüm üçün də xeyli dolaşıq oldu.
Aramızda dialoq əslində xaotik məzmunda idi. Normalda, mən həyəcanla “axı siz kimsiniz, mənim dilimi haradan bilirsiniz?!” deyə soruşmalıydım. Amma biz Rapperswilə daha optimal marşrut variantları haqda danışırdıq. İçimi gəmirən suallara cavab almaqda onun özü mənə kömək oldu.
- Sualınız yadımdadı. Nə Qars, nə İğdır, nə Təbriz. Heç birindən deyiləm - dedi.
- Azərbaycandan? - çarəsiz əminliklə soruşdum.
- Bəli, Azərbaycanın Laçın rayonundan.
- Laçın rayonu? - keçirdiyim tərəddüddən incimədi, əksinə daha geniş gülümsədi və başı ilə məni təsdiq etdi.
“Bəli” deyəndə “ə”ləri, “Azərbaycan” deyəndə ilk “a”nı güneylilərə xas əda ilə uzadırdı. Bu yaşlı kişinin Azərbaycandan, özü də Laçın rayonundan ola biləcəyini əsla təxmin etməzdim. Doğrudan da qəribə idi - bir laçınlı ağsaqqal, Sürixdə qatara minib Rapperswilə gedir. Eşitdiyim, anladığı qədərilə almancası da çox yaxşıdır. Laçındandırsa, hər halda doxsanlarda qaçqın düşənlərdən deyil. Belə qısa zaman ərzində bu qədər transformasiyaya nail olmağın mümkünlüyü ağlabatan deyildi, ancaq yaşlı kişi buna nail olubsa ona ancaq həsəd aparmaq olardı.
Məni peşəkar maraq bürümüşdü, suallar əzab verirdi. Onun bütün həyat hekayəsini xronoloji ardıcıllıqla öyrənmək istəyirdim. İçimdəki suallara yavaş-yavaş düzən verməkdə idim.
- Nə vaxtdan İsveçrədəsiniz? - soruşdum. Sualımdan xoşlanmış kimi göründü, elə bil bir az da canlandı. Amma əlini çəliyinin üstündən çəkmədi, saatını yenə görə bilmirdim. Aydın görürdüm ki, danışmaq istəyir. İctimai nəqliyyatda tanımadığım insanlarla söhbətləşməyi xoşlamasam da olay fərqli, persona qeyri-adiydi.
- Bağışlayın, özümü təqdim etmədim, adım Əlidir.
- Şad oldum, Əli. Mən Martinəm. - O, tələsmədən sağ əlini əsanın üstündən qaldırıb mənə uzatdı, əlimi sıxdı və əlini yerinə qaytardı. Sol biləyini bu dəfə də tərpətməmişdi. Diqqətimi onun saatından ayıra bilməməyimə artıq gic gülməyim tuturdu. Əynimdəki maykadan da Mao gülümsəyirdi.
Zəngəzur bölgəsinin ermənilərinin Azərbaycan dilini pis bilmədiyini xatırladım. Görəsən neçənci ildə gələnlərdəndir?..
- Martin... - özlüyümdə avropalı təbəssümüylə dəqiqləşdirməyə çalışdım. - Sizə necə müraciət edim? Martin müəllim, Martin bəy, yoxsa...?
- Siz mənə Əşrəf də deyə bilərsiniz. Arzunuz olarsa, Əşrəf dayı da deyə bilərsiniz. Bu daha yaxşı olar.
Offf... Qarşımda əyləşmiş yaşlı adam dələduza oxşamırdı, onda pis niyyət də sezmirdim, mənimlə məzələndiyini düşünmək üçün hansısa səbəbim belə yox idi. Ümid etdim ki, həm Martin, həm Əşrəf olmasının yəqin ki, məntiqli bir açıqlaması vardır.
- Yaxşı, Əşrəf dayı... “Qoca isveçrəli”yə görə də, gərək bağışlayasınız.
- Yox, çox düz deyirsiniz. Yaşlılar kaprizlidir, çünki özüm də yaşlıyam. İllah ki, isveçrəli yaşlılar. Onlar heç əmələ gələn döyüllər, çox dözülməz olurlar, - anlayışla güldü. - Gənclərlə, yeniyetmələrlə əlləşirlər bütün günü, hər şeydən narazıdırlar. İllərdir görə-görə gəlirəm.
- Neçə ildir burdasınız?
- Vay-vay, bağışlayın, tamam ağlımdan çıxmışdı - deyib, sağ əlini alnına apardı, sonra təzədən çəliyin dəstəyinə qoydu, altmış beş il tamam olacaq - söylədi.
- Altmış beş il?! İsveçrədə?! Altmış beş ildir burada yaşayırsınız?
Özümü birdən-birə Bulqakovun Volandı ilə söhbət edirəmmiş kimi hiss etdim. Düzdür, “Əşrəf-Martin” Voland olmayacaq qədər yaxşı insan təsiri bağışlayırdı. Deməli əndişələrim yersizdir. Altmış beş ildir İsveçrədədir. Bəs yaşı neçədir? Altmış beş il əvvəl gəlibsə, ində də iki min onuncu ildir, deməli İkinci Dünya müharibəsi, qırx beşinci il... Hətta!
- Yoxsa müharibədən sonra burda qalmısınız və adınızı dəyişmisiniz? - elə bil soruşmurdum, dəqiqləşdirirdim. Azərbaycan əsilli sovet əsgərlərinin əhvalatlarını, bir neçəsinin İsveçrəyə sığındığını, adlarını dəyişirək bu ölkədə yaşadıqlarını eşitmişdim. Əgər ehtimalımda yanılmırdımsa, deməli bu dəqiqə qarşımda canlı əfsanə əyləşmişdi.
- Sizin kimi ağıllı həmsöhbətlə həm maraqlıdır, həm yox, - gözlərini yumub açdı, üzündəki şən ifadə heç dəyişmədi. Haqlısınız, müharibədən sonra Almaniyadan İsveçrəyə qaçmışam. O gündən də altmış beş il keçir.
- Bağışlayın... bəs yaşınız neçədir?
- Zatən alışmışam ki, hər kəs mənə yaşımdan az verir. Şaşqınlığınız da anlayıram, oğlum. Səksən altı yaşım var.
- Mən elə bilirdim uzağı yetmiş beş olar... Bir də, xahiş edirəm, mənə “sən”lə müraciət edin.
Qatar Stadelhofen stansiyasına daxil olurdu.
2
- Batalyonumuz qırx ikinci ilin sərt qışında Xarkov yaxınlarında məğlub oldu. İliklərimizə qədər donurduq. Texnika, əsgərlər zığa, qara batırdılar, hərəkət edə bilmirdik. Ağır döyüşlər gedirdi, silah sarıdan da korluq çəkirdik, ölən yoldaşımızın avtomatını götürüb hücuma keçirdik. Güclərimiz bərabər deyildi, almanlar çox yaxşı hazırlaşmışdılar, yaxşı texnikaları, tankları, zirehləri vardı. Vəlhasil, ölənlərimiz öldü, qalanlarımız əsir düşdü. Düz-əməlli güllə atmadan, “nemes” öldürmədən düşdüm əllərinə. Hardan biləydim ki, ta müharibə qurtarana qədər əsarətdə qalacam?.. Yadıma gəlir ki, on beş-iyirmi kilometr yolu bizi piyada apardılar. Hara getdiyimizi də bilmirdik. Gözlərim elə hey yerlilərimi axtarırdı, batalyonumuzda on üç nəfər Azərbaycandan əsgər vardı, indi onların heç birini görə bilmirdim. Zığa, qara bata-bata yolun kənarıyla addımlayırdıq. Motosikletli, avtolu faşistlər düz yolda bizi müşayiət edirdilər. Hərdən olurdu ki, onların da texnikası zığa batırdı, onda da əsirləri köməyə çağırırdılar. İyirmi-otuz adam hərə bir yandan yapışıb, texnikanı zığdan çıxarırdıq. Yavaş yeriməmizə icazə vermirdilər. Söyərək, döyərək bizi qaçmağa məcbur edirdilər. Yorulub taqətdən düşəndə yıxılıb qalanları, ayağa qalxa bilməyənləri elə ordaca güllələdilər.
Nəhayət, hansısa qəsəbəyə gəlib çatdıq. Heç sonralar da həmin qəsəbənin adını bilmədim. Bizi uzun bir qatarın pəncərəsiz vaqonlarına doldurdular. Vaqonlara doldurulanların sayı o qədər çox idi ki, oturmaq bir yana, ayaq üstə dayandıqda belə tərpənə bilmirdik. Qatar günlərlə hərəkətdə oldu. Arabir stansiyalarda 10-15 dəqiqəlik dayanırdı, sonra yenidən yola düzəlirdi. Qatar hara getsə, hardan keçsə, atışma, partlayış səsləri eşidirdik. Səsini dinlədiyimiz bombalardan birinin bizim qatarın üstünə düşməsini, hamımızı parçalamasını elə ürəkdən arzulayırdım ki... Amma, olmadı.
Üçüncü günün sabahı qatar hardasa dayandı. Ukraynada, Belorusiyada, Polşada, bəlkə elə gəlib Almaniyaya çıxdığımızı heç vaxt, heç birimiz bilmədik.
Qapılar qəfil açıldığından hamımız tirtap yerə sərildik, qapıya söykənənlərsə qatardan çölə yıxıldılar. Sən demə, aclıq, susuzluq, havasızlıqdan neçəmiz vaqondaca can vermişdi. Qapalı vaqonlarda xəstəlik sürətlə yayılırdı, bir nəfərdə infeksion xəstəlik olsa hamını yoluxdururdu. Almanlar meyidləri əllərindən, ayaqlarından tutub bir tərəfə tullayırdılar, orda meyidlərdən təpə qalaqlanmışdı. Sağ qalanlarasa, çörək, konserva atdılar, qapıları yenidən bağladılar. Çörək daş kimiydi, konservanı açmaq üçün heç nə yox idi. Sidiyin, nəcisin iyindən vaqonda dayanmaq, nəfəs almaq olmurdu, nəinki nəsə yemək. Amma elə vəziyyətlərdə qoxu haqqında düşünmürsən, konservaları toqqalarımızın ulduzlu pryajkaları ilə güc-bəla açıb, vəhşi kimi yeməyə başladıq. Mədələrimizi az da olsa, doldurduq. İndi də susamışdıq, yanırdıq. Amma bizə su vermədilər. Bir sutka susuz yol getdik. Su, su deyə mələyirdik hamımız. Ağzını vaqonun divarına yapışdırıb nəm taxtaları əmənlər də varıydı, bəlkə dilləri, dodaqları yaşlana, özlərinə gələlər...
Əşrəf susdu, qəhərlənmişdi. Ağlamırdı, amma gözlərinin təbii bulanıqlığından elə bilərdin ki, dolub qalıb, bu saat ağlayacaq. Mənə elə gəldi ki, onun gözyaşları çoxdan quruyub, istəsə də ağlaya bilməz.
Qatarımız Wetzikon stansiyasında dayandı, Əşrəf təbəssümlə perronda qaçdı-tutdu oynayan uşaqlara, onların qayğısız valideynlərinə baxdı, dodaqlarının kənarları daha da qırışdı. Ağzımı açmırdım, səbirsizliklə hekayənin davamını gözləyirdim. Zamanın dərin qırışlar saldığı alnına baxdım. Təbriz və Anadolu elementlərini ehtiva edən şirin ləhcəsinə doymurdum, istəyirdim dayanmadan danışsın, danışsın, danışsın. Hətta azərbaycanca hansısa söz yadına düşməyəndə, alnını bir az da qırışdırıb düşünəndə və tapdığı zaman sevinəndə də hövsələm tükənmirdi. Nə biləydim ki, eşitdiklərim, eşidəcəklərimin yanında toya getməlidir? Nə biləydim ki, bugünkü təsadüfi tanışlığımız həyata baxışımı, insanlara və özümə münasibətimi dəyişəcək? Hələlik, bunların heç birini bilmirdim.
Üzünü ağır-ağır mənə çevirdi, dodaqlarını büzüb başını yırğaladı:
- Ertəsi gün qatar, hansısa kənddə dayandı. Susuzluqdan ölümcül haldaydıq. Bizə az da olsa su verdilər. Birdən gördük ki, əllərində zənbil tutan adamlar vaqonlara sarı qaçır. Yaxınlaşanda gördük fermerlərdi, bizə kələm, kartof gətiriblər. Qorxduq ki, faşistlər tərəvəzləri bizə verməzlər, fermerlərə mane olarlar. Amma möcüzə oldu, fermerlər gətirdikləri bütün tərəvəzləri bizə verdilər. Təsəvvür edirsən sevincimizi? Kartofu çiy-çiy yedik, kələmi, çuğunduru dünyanın ən şirin neməti kimi gözlərimizə təpdik...
- Yenə iki gün yol getdik. Tərəvəzlərimiz qurtarmışdı, vaqonun döşəməsində sidik və nəcisdən təmiz yer qalmamışdı. Xəcalət qorxuya, ağrı aclığa qarışmışdı. Qatar qəfildən hansısa meşənin kənarında dayandı. Qapıları açdılar. Yüz metr qabaqda, meşənin talasında gölməçə vardı, çox böyük deyildi, amma suyu hamımıza bəs edərdi. Yəqin faşistlər də elə bu sudan ötrü saxlamışdılar qatarı. Hamımız cumduq talaya sarı, gölməçənin ətrafında diz çökdük. Durğun suyun üstünü namnazik buz qatı bağlamışdı, yenə də su iy verirdi, heç suya da oxşamırdı, yaşıla çalırdı. Amma biz içdik, içdik, elə bil dünyanın ən ləzzətli şərbətini içirdik. Qayıdan başı da kirli, zığlı buz parçalarını ovuclarımıza doldurduq, onları əmə-əmə susuzluğumuzu yatırdıq. Nemeslərin qara qışqırığı ilə vaqonlara dolduq.
...Nəhayət sübh vaxtı, qatar mənzil başına çatdı. Bizi vaqonlardan endirib meşəylə “Bergen Belsen” konslagerinə gətirdilər. Burda nə az, nə çox – düz iki yüz min adam qalırdı. Məlum oldu ki, bu lagerdə əsirləri aclıqdan öldürürlər, heç güllələmirilər də. Aclıqdan ölənləri krematoriumda yandırıb başa çıxa bilmirdilər deyə, əsirlərə quyular qazdırıb, meyidləri içinə doldururdular, üstünü torpaqla örtürdülər.
Dəhşətlə sağa-sola baxırdım, mən nəinki belə bir vəhşilik görməmişdim, hətta belə şeylər haqda eşitməmişdim. Hər yanımız, hər tərəf meyidlə doluydu. Meyidlərə həyətdə, barakda, ayaqyolunda, hər yerdə rast gəlmək olurdu. Axşam düşən kimi, lagerdən toplanan bütün meyidləri quyulara doldurub, üstlərini torpaqla örtürdük. Burda hamı acından, xəstəlikdən öləcəyini bilirdi. Təmizlik məsələlərində çox səliqəli, diqqətli olan almanlar, buradakı epidemiyalara, çirkaba göz yumurdular. Elə bil bu cür də olmalı idi. Olurdu ki, səhər oyanırdın, sağındakının da, solundakının da gecə soyuqdan, xəstəlikdən, ya da aclıqdan keçindiyini görürdün. Neçə nəfərin meyidini qucağıma alıb, öz əllərimlə basdırmışdım.
Gözlərim yerlilərimi, ən çox da qardaşlarımı axtarırdı, amma o boyda lagerdə bircə nəfər də olsun azərbaycanlı tapa bilmədim. Bəlkə də çox qalsaydım tapardım. Mənə təəccüblü gələn həm də o idi ki, bizi işlətmirdilər. Sanki bizi bura qırılaq deyə toplamışdılar.
- Üzr istəyirəm, - Əşrəfin sözünü istəməyərək böldüm. - Qardaşlarınızı axtardığınızı dediz, söhbət doğma qardaşlarınızdan gedir?
- Bəli, Əli oğlum, üç qardaşım Yunus, İbrahim, İsmayıl cəbhəyə məndən əvvəl getmişdilər. Mən evin kiçiyi olmuşam, on səkkiz yaşım tamam olan kimi, evin axırıncı, dördüncü oğlu kimi onların ardından özümü o od-alovun içinə atmışdım. Bəlkə də onlardan birinə rast gələrəm, görərəm, bağrıma basaram ümidi məni yaşadırdı, yoxsa çoxdan ölərdim.
Əşrəf udqunub dodaqlarını büzdü, başını tavana qaldırdı, bir qədər fikrə daldı. Sonra köks ötürüb davam etdi:
- Bekar qalmışdım, canımda da hələ qüvvət vardı. Dördüncü günün sabahı, yaxın ətrafdakı baraklara baş çəkməyə başladım. Bir barakın altında gözümə uşaq paltarları, oyuncaqlar, kitablar sataşdı. Bu tapıntımı hara yozacağımı bilmədim. Bu şeylər bura necə gəlib çıxmışdı? Sonralar bildim ki, əsirlərdən əvvəl burada yəhudi ailələrini saxlayıblar, hamısını qırıb qurtarandan sonra, lagerə sovet əsgərlərini doldurublar.
Lagerdəki beşinci günümdə, təxminən on min adamı meydana toplayıb dəmiryoluna apardılar. Yenə ağzına kimi dolu vaqonlar, susuzluq, havasızlıq. Bu minvalla Almaniyanın tən ortasındakı bir konslagerə gəlib çıxdıq. Bir neçə qat tikanlı məftillə dövrələnib hasara alınmış lager idi. Məftillərə də elektrik qoşulmuşdu ki, yaxınlaşan olsa elektrik vurub öldürsün. Bir barakda beş yüz adam yata bilərdi. Nə biləydik ki, hələ qabaqda bizi min nəfərlik baraklar gözləyir, biz axı onları sonralar gördük. Hələlik isə burdaydıq.
Lagerin yanında hərbi zavod vardı, mərmilər düzəldirdilər. Bizdən əvvəl lagerə gələnlərdən eşitdik ki, bütün əsirləri bu zavodda işlədirlər. Sözün düzü, birinci lagerdən sonra mən daha betər aqibət gözləyirdim, ona görə də zavoda görə çox sevindim, nə yalan deyim, - Əşrəf mülayim tərzdə gülümsündü. Maraqlıdır ki, bu zavodda maaşla işləyən alman işçilər də vardı. Onlar hərdən bizə çörək, xörək verirdilər. Mən də dəmir kəsirdim, yük daşıyırdım. Gecələr yorğun-arğın gəlib yerimə sərilən kimi anam girirdi yuxuma. Mən onunla danışmaq istəyirdim, o isə yox. Əlim havada qalırdı, səsim boğazımdan keçmirdi, onu çağırmaq istəyirdim, səsini eşitmək istəyirdim. Qan-tər, gözyaşı içində yuxudan oyanırdım...
Qatar Dübendorf stansiyasında dayandı. Sərnişinlərin bir qismi düşdü, onların yerinə yeniləri gəldilər. Yaxşı ki, başqa boş yerlər var idi. Kiminsə yanımızda oturmasını, Əşrəflə “aramıza girməyini” heç istəmirdim. Elə bilirdim idilliya pozulacaq, konsentrasiyamız dağılacaq. Əşrəf də bulanıq gözləri ilə vaqonda gəzişərək özlərinə yer seçən sərnişinlərə baxırdı.
Hə! Mən onun qolundakı saatı nəhayət görmüşdüm. Özüdür ki, var – “Slava” markalı, sovet istehsalı saat! Demək olar ki, eynisini atam taxırdı. Ölümündən sonra o saatı atamın bacısı, bibim mənimsədi. Əşrəfə bu haqda heç nə demədim.
O, hekayətinə qaldığı yerdən davam etdi:
- Deyəsən hadisələri çox qabaqladım axı. Hələ nə zavod üzü görmüşdüm, nə də bizə çörək verən alman fəhlələri. Lagerə yenicə gəlmişik, halsız, yorğun, ac-susuz idik, ağzımızı açmağa heyimiz də yox idi. Rusca bildiyim iki-üç söz vardı, birtəhər soruşdum ki, bəs burda Azərbaycandan kimsə varmı? Bir cavan, lap uşağa oxşayan rus balası əsgər qayıtdı ki, olub burda üç-beş nəfər, onları da köçürüblər başqa lagerə. Elə bu yaxınlarda. Bəlkə də onların arasında qardaşlarım vardı...
Öz yerlimə, dilimi bilən bir adama ehtiyac duyurdum. Dərdləşmək, adicə söhbət eləmək üçün, ağlamaq üçün, sarılmaq üçün. Elə ordaca qərar verdim ki, nə qədər ömrüm var, rus dilini öyrənəcəm. Qürbət ellərdə, əsirlikdə belə dilsiz-ağızsız yaramaz. Sözün düzü, kəndimizdə rus dilində təhsil verən məktəbə getmişdim, amma düz-əməlli öyrənmədiyimə görə çox peşman idim, özümü qınayırdım.
Nə isə, təzə gələn əsirləri həyətdəki meydançaya topladılar. Hamımızı çılpaq soyundurub basdılar hamama. Bir duşun altında iyirmi, otuz adam çimməliydi. Kimin ki, halı yoxdu, özü çimə bilmir, ayaq üstə dayana bilmir, onu zolaqlı forma geyinmiş köhnə əsirlər çimizdirirdilər. Sonra bizə də həmin formalardan verdilər. Gördüm ki, yox, bura əvvəlki lagerə heç oxşamır, burda təmizliyə fikir verirlər. Faşistlər infeksion xəstəliklərdən, epidemiyalardan çox qorxurdular. Əlbəttə bizə görə yox, özlərinə görə, - Əşrəf kədərli gözlərini qıyaraq, qırıq-qırıq güldü.
- Hamamdan çıxandan sonra, bizi doldurdular baraklara, dedilər yoxlama olmalıdır. Hündürboy, yaraşıqlı SS zabiti barakın qapısından içəri daxil oldu. Hamımız çarpayıların yanında, üç cərgə düzülmüşdük. Tərslikdən mən, birinci cərgəyə düşmüşdüm. SS zabiti bir-bir əsirlərin gözlərinin içinə baxa-baxa mənə tərəf yaxınlaşırdı. Ayaq üstə dayana bilmirdim, ölüm qorxusu olmasaydı, yerə tirtab sərilərdim.
SS zabiti şübhələndiyi, yəhudiyə oxşatdığı adamı işarə edən kimi, dərhal onun əl-qolunu burub aparırdılar gedər-gəlməzə. Köpəyoğlunun baxışlarından adam dəhşətə gəlirdi. Nə badə gözlərini qaçırasan ondan, həmin an güllələnmə! Tək yəhudiləri yox, sovet komissarlarını da güllələyirdilər.
Zabit gəlib dayandı düz qabağımda, zillədi gözlərini gözlərimin içinə, diqqətlə baxdı, baxdı, sonra nəsə qışqırdı, dəri əlcəyi ilə sifətimi şillələdi. Qışqıra-qışqıra əlcəklə şillələyirdi məni, elə bildim bu saat üzümün dərisi soyulacaq, çox yandırıcı idi. Gördüm elə eyni sözü qışqırır “Jude, Jude, Jude”. Rusca bilən faşist leytenant daldan yaxınlaşdı, zabitdən icazə aldı ki, tərcümə eləsin. Zabit ona icazə verdi. Faşist məndən soruşdu ki, “Yevrey?”. Yaxşı ki, bu sözü hələ kəndimizdə eşitmişdim, bilirdim.
Quruyub qalmışdım, bilmədim nə deyim, nə cavab verim. Gözlərimi də qırpmırdım ki, şübhələnməsin. Sifətimə axırıncı dəfə möhkəm şillə vurub, məni qabağa çıxartdı. Əllərimi belimdə birləşdirib apardılar məni çölə, ordan da xeyli yol gedib, gəldik çıxdıq səliqəli, iki mərtəbəli binanın qabağına. Bütün baraklar artıq geridə qalmışdı, uzaqdan solğun işıqları görünürdü.
Burda məni balaca bir kameraya saldılar. Ortada kvadrat taxta stol, üç dənə də sınıq-salxaq stul vardı. Məndən başqa kamerada bir nəfər də rus əsgər vardı, məni görən kimi nəsə soruşdu, amma görəndə ki, rus dilini bilmirəm, məyus oldu, gedib çökdü bayaq oturduğu küncünə.
Yanına yaxınlaşdım, əlimi sinəmə tuşlayıb adımı dedim, o da öz adını dedi, əlbəttə, adı yadımda qalmayıb. Onunla düz üzbəüzdə paraşa varıydı. Yuxarıda, əl çatmayan yerdə, balaca pəncərəni açıq qoymuşdular. Kamera buz kimi soyuq, ikimiz də titrəyirik. Başladım bir-bir əşyaları ona göstərib soruşmağa ki, rusca bunun adı nədir, buna nə deyirlər. Başa düşdü ki, dili öyrənmək istəyirəm, canlandı, ruhlandı, elə bil köhnə dostunu tapmışdı. Bir-bir öyrətdi mənə – paraşa, reşotka, zamok, potolok, stena...
Elə təzə başlamışdım rus dilini öyrənməyə, faşistlər dalımca gəldilər. İkinci mərtəbədə isti bir otağa qalxdıq, burda məni otağın ortasına qoyulmuş stula oturtdular. Oturdan kimi iki nəfər, hərəsi bir tərəfdən başladılar məni yumruqlayıb təpikləməyə. Ömrümdə döyülməyən, təpik nədir bilməyən adam olmuşam. Çaşıb qalmışdım. Kəndimizdə də dalaşqan olmamışdım. Ağrıdan çox xəcalətimdən ağlamaq istəyirdim. Ağlamağa da imkan yox idi, qapazlardan başım açılmırdı ki, ağlaya bilim.
Elə soruşurdular ki, “Jude, Jude”? Mən də başımla “yox, yox” deyirdim. “Müsəlman, müsəlman” qışqırırdım. Yumruq, qapazadan fürsət tapanda “islam, allah” deyirdim, amma əl çəkmirdilər.
Birdən qapı açıldı, həmən SS zabiti girdi otağa. Əli ilə işarə elədi ki, qaldırın onu. Biri yaxamdan tutub məni qaldırdı, o biri də tumanımı çəkdi aşağı. SS zabiti sünnətli olduğumu görən kimi, mədəmdən bir yumruq vurdu, stul qarışıq aşdım dalı üstə, başım yarıldı, qan götürdü otağı. Özü dayanıb baxırdı, iki faşist də məni təpikləyirdi.
Sonra məni də, stulu da qaldırdılar, təzədən oturtdular. Üzümə su səpdilər. SS zabiti gəlib qabağımda dayandı, əllərini belində birləşdirmişdi. Soruşdu “Jude?” Ürəyimdə dedim “zəhrimar jude”, amma dilimdən “müsəlman, müsəlman” çıxdı. Bir də soruşdu ki, “muslim?” Dedim “hə, hə, muslim, Məhəmməd ümməti”. Nəsə soruşdu, başa düşmədim, bu dəfə başladı respublikaların adını bir-bir saymağa – Belorsiya, Ukrayna... Anladım ki, hardan olduğumu soruşur. Halsız və umudsuz “Qafqaz, Azərbaycan” mırıldandım. Birdən qayıtdı ki, “Baku? Benzin?”
Bax, oğlum, bugünə kimi o an, yadımdan çıxmır. Sandım ki, doğmamı görmüşəm, əzizimi görmüşəm. Sevincək olub başımla “hə, hə” dedim, “Bakı, Bakı” qışqırdım. Birdən güc gəldi mənə, səsimi ucalda bildim. Bakını tanımağına elə sevindim ki, onun bütün zərbələrini, təhqirlərini unutdum, onu özümə həmdəm bildim, hətta deyəsən gülümsədim sevincimdən. Bakı, Bakı deyirdim, başqa söz demirdim.
Yəqin bəxtim gətirmişdi. SS zabiti savadlı adam çıxmışdı, müsəlman olduğuma görə sünnət edildiyimə inanmışdı. Birdən çıxardı qabağıma dünyadan bixəbərin biri, vurardı gülləni alnımdan ki, yəhudisən, qurtardı getdi. Nə Bakı, nə Qafqaz? Yəni, Əli oğlum, Azərbaycanın, Bakının sayəsində sağ qaldım.
Qatarımız Uster stansiyasında dayananda, saata baxdım. Üçə iyirmi dəqiqə işləyirdi, günəşin qızdırdığı perronda ins-cins gözə dəymirdi. Qatardan iki nəfərin düşdüyünü gördüm, ancaq deyəsən minən olmadı. Yenə də vaqonumuzun qapısı açıldı və dəmir yollarının gülərüzlü əməkdaşı, sərnişinlərə yüksək səslə su, qəhvə təklif etməyə başladı. Əşrəf başını səsin gəldiyi səmtə çevirdi, mənə elə gəldi ki, udqundu.
- Nəsə içmək istərdiniz? - soruşdum.
Cavab vermək yerinə əlini pencəyinin döş cibinə saldı, ordan portmanesini çıxartdı:
- Hə, içək, oğlum. Mən su alıram. Sən nə içirsən?
- Yox, yox. İcazə verin mən ödəyim.
Əşrəf süni təccüblə gülümsündü, qaşları çatıldı:
- Elə şeymi olar? Su, yoxsa nə?
- Su - deyə, əlacsız mızıldandım.
***
- Aramızda xainlər də az deyildi. Bir siqaretə, çörəyə görə yəhudiləri, komissarları satırdılar faşistlərə. Yoxsa o qədər adamın içində kimin kim olduğunu hardan bilərdilər?
Gündə iki yüz qram, çörəyə oxşayan nəsə verirdilər yeməyə. Heç çörək də deyildi, saman unu və çuğundur qabığını yoğurub çörək düzəldirdilər. Hərdən ispanaq da verirdilər. Əvvəl zəhləmiz gedərdi ispanaqdan. Sonra, eee neçə yaşımda bilmişəm ki, çox faydalı şeydir. Əslində, guya qanuna görə, hər soldata günə iki min iki yüz kalori qida düşürdü. Heç bu payokla adam çox yaşaya bilməzdi, qaldı ki, saman çörəyi. Elə lagerlər gördüm ki, əsirlər ot, yarpaq yeməyə məcbur qalırdılar. O da yarpağı, otu tapsaydılar...
Hər axşam baraklarda rus dilində xəbərlər asırdılar - Moskva gedib, Stalin qaçıb, sovet ordusu dağılıb. Bilirdik ki, yalan danışırlar. Mən də elə hey rus dilini öyrənməyin dərdində idim. Çox yaxşı danışmağa başlamışdım, hansı əsiri görsəm, tanış olsam, ona müəllimim kimi baxırdım. Hamı, hətta faşistlər də bilirdi ki, mən dil öyrənirəm. Nəfəsim açılmışdı elə bil. Rus dilindən sonra keçdim alman dilinə. Hər gün rus və alman dillərində iyirmi-otuz söz öyrənirdim. Beynimdə cümlələr qururdum.
- Yəni mənə zəng gələndə rusca danışsaydım, aramızdakı bu tanışlıq yenə də baş tutacaqdı? - gülə-gülə soruşdum. - Bilirsiniz axı dili.
Əşrəf çox səlis, amma özünə xas aksentlə, rusca cavab verdi:
- Yox, olmayacaqdı. Burda mən hər gün rusca danışan adamlar görürəm, eşidirəm. Sən azərbaycan dilində danışmasaydın, mən də səsimi çıxarmazdım - mənalı təbəssümünə qarşı mən də gülümsədim, başımı razılıqla endirdim.
- Bax belə, Əli oğlum. Çox lagerlər gördüm, çox müsibətlər yaşadım - deyə, Əşrəf təzədən ana dilinə qayıtdı. - Qırx ikidən düz qırx beşə qədər, Almaniyada görmədiyim, olmadığım konslager qalmadı. Yarım il qaldığım da oldu, beş gün qaldığım da. Bir onu bilirdim ki, get-gedə cənuba doğru enirik. Bu minvalla gəlib çıxdım “Daxau” konslagerinə.
Buranın Daxau olduğunu ertəsi gün öyrəndim, bizi ora gecə vaxtı gətirmişdilər. Hamımızı, minə yaxın adamı doldurdular nəhəng, zülmət barakın içinə, qışqırdılar ki, “hamı uzansın!”. Qaranlıq olsa da, görürdük ki, yerdə heç nə yoxdur – nə döşək var, nə ədyal, nə saman. Faşistlər görəndə ki, tərəddüd edirik, bir-bir başladılar əllərindəki zopalarla başımıza-başımıza vurmağa. Başına zopa dəyən yıxılırdı yerə. Görəndə ki, faşist əlində zopa mənə yaxınlaşır, tez özümü atdım nəmli, kirli betonun üstünə, büzüşüb qaldım yerdə. Yarım dəqiqə keçmədi ki, min adam sərildi yerə, hamı bir-birinə qısılıb qalmışdı.
Səhər tezdən hamımızı həyətə qovdular. Digər baraklardakılar da çıxmışdılar. Üç min adam olardıq. Yenə təhqirlər, “yəhudisən?” sualları, təpiklər, qapazlar başladı. Açığı, “yəhudisən?” sualını çox eşitmirdim daha. Bilirdilər ki, əvvəlki lagerlərdə yəhudinin ifşa olunmadan, növbəti lagerə gəlib çıxmağı mümkün deyil. Ona görə çox ciddi təftiş eləmirdilər.
Əşrəf dərin nəfəs alıb, suyundan bir neçə qurtum içdi, butulkanın qapağını bağlayıb əlində, çəliyinin üstündə tutdu. Mən də yarım litrlik butulkanı yarıladım, utanmasaydım hamısını birdəfəyə başıma çəkərdim. Yaxşı ki, artıq tərləmirdim. İstidən məndən daha az təsirlənən doqquzuncu onilliyini yaşayan Əşrəfə qibtə edirdim.
- Nə üçün bu qədər yaşadım, o lagerlərdə ölmədim, bilmirəm. Necə oldu sağ çıxdım o müsibətlərdən, bilmirəm. Elə bil hansısa işi, vəzifəni başa çatdırmalıydım. Üstü bit-birə dolu matrasların üstündə yatırdıq. Elə yorulurduq ki, dəli qaşınma gələndə də vecimizə olmurdu.
Axı mən “Ellrich” konslagerinin də dəhşətlərini görmüşəm, bilirsənmi oğlum?.. Amma orda bir həftə qaldım. İki min adamlıq lager idi. Yerimə, barak yoldaşlarıma təzə alışırdım ki, yenə bizi vaqonlara doldurdular, bu dəfə Nürnberqlə Frankfurt arasındakı “Hammelburg” düşərgəsinə gətirdilər.
Getdiyim hər yerdə də qardaşlarımı, azərbaycanlılarımı soraqlaşırdım. Ola bilsin yanlarından keçirdim, onlar mənim yanımdan keçirdilər, amma bir-birimizi görmürdük. Minlərlə, on minlərlə adamın içindən doğmanı, yerlini necə tapasan? Dəfələrlə olmuşdu ki, kimisə arxadan Yunusa, İbrahimə, İsmayıla oxşadıb dalıycan qaçmışam, səsləmişəm, görəndə ki, qardaşım deyil, hıçqıra-hıçqıra ağlamışam.
Hammelburga gələn günü, bizi göndərdilər lagerin çevrəsində cığır salmağa. Səhər də lagerə fermerlər gəldilər ki, xoşlarına gələn əsiri seçib aparsınlar tarlada, bostanda işlətməyə. Məni seçən bir fermer ailəsi vardı, hər gün gəlirdilər dalımca. Mən də onların kökünü, kartofunu, kələmini əkib becərirdim. Bu ailə mənə gözəl nahar verirdi, təhqir etmirdi, insan kimi davranırdı.
Hammelburgda çoxlu sovet zabitləri də saxlanılırdı. Hətta deyilənə görə qapıları heç vaxt açılmayan bir barakın içində generallar qalırdı. Bu lager əvvəl voyençast olmuşdu, ərazisində taxtadan baraklar və tövlələr vardı. Biz tövlədə qalırdıq. Üçmərtəbəli dəmir çarpayılarda yatırdıq.
Orda bir alman kommunistlə tanış olmuşdum. Kommunist olduğuna görə məhkəmə ona neçə ilsə iş kəsmişdi. Həbsxana yerinə də yollamışdılar düşərgəyə ki, çox sevdiyi rus kommunistlərinə nəzarət eləsin. O da çox insan adam idi, Hitleri söyürdü, bizdən sovet ölkəsi haqqında soruşurdu. Adı səhv etmirəmsə Karl idi. Onunla çox yaxın olmuşduq. Almanca sözlər öyrənməyimə, əzmimə görə mənə hörmət edirdi. Həqiqətən, çox təşəbbüs göstərirdim öyrənməyə. Elə bil dil bilmək məni ölümdən xilas edəcəkdi. Karl mənə əşyaların adını, felləri öyrədirdi. Amma istədiyi qədər yaxınlaşa bilmirdi bizə, qorxurdu.
Aylar, illər keçdi, bir də gördüm ki, alman dilində hər şeyi başa düşürəm, amma danışanda çətinlik çəkirəm. Rus dilini isə o qədər yaxşı öyrənmişdim ki, ləhcəm olmasaydı, ruslar məni özlərinki hesab edərdilər.
Bu lagerlərin, belə demək nə qədər düzdür bilmirəm, mənə xeyri də oldu. Bax, iki dil öyrəndim, sonra Polşadan, İspanyadan, Yuqoslaviyadan xeyli əsirlə, keçmiş əsgər və partizanlarla tanış oldum. Dünyagörüşüm artdı, əsas budur, oğlum! Kənddən çıxmış, dünyadan bixəbər bir gəncin yerinə, artıq dünyanı, hadisələri tanıyan bir adam gəlmişdi. Elə mənim bütün lager həyatım, universitet qədər çəkdi. Vallah da, universitet qurtardım elə bil.
Hə, axı mən lagerlərdə həmişə azərbaycanlıları axtarırdım. Nəhayət onları da tapdım. Bakıdan, Qubadan, Şamaxıdan, Şəkidən... Sadıx varıydı... Novruz yadımdadır, atamın adı da Novruzdur deyə yadımda qalıb. Şamil də yadıma gəlir... Hələ bir Əli də vardı, sənin adaşın.
Əşrəf bir mənə, bir pəncərəyə, bir əlindəki butulkaya baxdı. Dodaqlarını möhkəmcə bir-birinə sıxdı. Əllərinin titrədiyini gördüm, yoxsa mənə elə gəldi?
- Hamısı bir-bir gözümün qabağında qırıldılar, ya da başqa lagerə köçürüldülər - dedi və özünü bir qədər toxtadıb davam etdi. - Özüm haqqında danışmaq mənə daha rahatdır, yoldaşlarımın taleyini danışanda əzab çəkirəm. Tanış olurduq, dərdləşirdik, bir-birimizə simsar olurduq, bir də görürdün SS elə belə, səbəbsiz yerə, düz gözünün qabağında, hansısa daş ocağında, dəmir yolunda iş başında çaxdı gülləni dostunun başına. Üstümə, başıma sıçrayan dost qanı nətəhər oldu dəli etmədi məni? Bu güc, iradə mənə hardan gəldi, bilmirəm. Heç bilmirəm.
Əşrəf başını buladı, kədər qara bulud kimi çöhrəsinə qondu, səsi kallaşdı:
- Elə bil arsız olmuşdum, kar olmuşdum, kor olmuşdum. Bir dəqiqə, bir saniyə artıq yaşamağın mücadiləsini verirdim. Hamı elə idi, öz başının çarəsinə baxırdı. Elə vəziyyətdə ancaq özünü, öz həyatını düşünürsən. Bir yandan bilirsən ki, bugündən sabaha güman yoxdur, başqa tərəfdən də, yaşamaq istəyirsən. Yaşamaq üçün səbəbim olmasa da, yaşamaq istəməsəm də yaşayırdım.
Hər gün külüng döyürdük daş ocaqlarında, dəmir yollarında. Əlindəki aləti bircə saniyə qırağa qoysan, faşist görsə, həmin saniyə vuracaq başından gülləni. Hər dəfə iş günü sona yetəndə bizi iki sıra, üç sıra düzürdülər. Bir də onda görürdük ki, 10-20 adam uzanıb qalıb yerdə. Ya güllədən ölüblər, ya özləri ölüblər, ya da elə yorulub əldən düşdüklərindən ayağa qalxa bilmirlər. Onda da faşistlər hamısını – diriləri də, ölüləri də bir yerdə doldururdular arabaya. Odun kimi, üst-üstə yığırdılar. Əllərindən, ayaqlarından tutub atırdılar. Sağ qalanlar da cəsədlərin altında ölürdülər. Ölməsələr, sağ qalsalar, lagerə çatsalar da, təzədən onları əllərindən ayaqlarından tutub zərblə yerə çırpırdılar. Bax, onda mütləq ölürdülər. Meyid yığını altında zarıyan yoldaşlarımızın səslərini eşidirdik, dəli olmaq həddinə çatırdıq. Onlar zarıdıqca faşistlər gülürdülər, eləsini daha bərk yerə çırpırdılar. Sonra yenə onları əllərindən, ayaqlarından tutub başqa arabalara doldururdular. Aparırdılar gecə-gündüz işləyən krematoriumda yandırmağa. Dirisi ilə, ölüsü ilə – hamısını bir yerdə.
Qatar Rüti stansiyasına yaxınlaşırdı. Uzaqdan Alp dağları görünürdü. Əşrəf pəncərədən açılan mənzərəyə baxıb:
- Bilirsənmi, lap bizim Qırxqız dağlarına oxşayır, oğlum, - dedi.
Eləcə gülümsədim, nə deyə bilərdim axı? Mən Qırxqız dağlarını görməmişdim. Əşrəfsə üzünə qonan acılı ifadə ilə hekayətini nəql etməyə davam etdi:
- Faşistlərin komandanlığı qəti əmr vermişdi ki, yaralı sovet əsgərləri alman doktorlar onlara vaxt itirməsinlər deyə dərhal güllələnməlidir. Ümumiyyətlə əmr beləydi ki, alman istədiyi zaman sovet əsirini vurub öldürə bilər. Güllələnmə adi hal olmuşdu, heç kim bilmirdi ki, əlində tapancanı hazır tutan faşist kimi vuracaq, nə səbəbə vuracaq. “Gross Rosen” kampı haqqında eşitmisənmi oğlum?
- Yox, eşitməmişəm - başımı buladım.
- Bu kampda, SS altmış beş min sovet əsirini aclıqdan qırmışdı! Gülləsiz, zorakılıqsız. Sırf aclıqdan! Onlara yeməyə ot, su və duzdan hazırlanmış şorbalar verirdilər, axırda da hamısı ölürdü. Flossenburgda sovet əsirlərini diri-diri yandırırdılar. “Maydanek” konslagerində xəndəklərə doldurub güllələyirdilər. Avstriyada, “Mauthausen”də o qədər əsir güllələmişdilər ki, əhali suların, çayların rəngi al qırmızı olub deyə Berlinə şikayət yazmışdı. Yüz minlərlə, milyonlarla adamı belə qırdılar, oğlum.
Mənimsə düşdüyüm axırıncı konslager “Friedrichshafen” oldu. Bodensee tərəfdə, İsveçrə sərhəddində. Müharibənin qurtarmasına az qalırdı, faşistlər umudlarını təmiz itirmişdilər, aqressiv olmuşdular. Yaxınlaşan məğlubiyyətin qisasını bizdən, əsirlərdən alırdılar. Bu konslagerdə hamıya barak çatmırdı. Əsirlər vardı ki, başlarının üstündə damları, əyinlərində paltarları yox idi. Soyuqdan donub ölənlər, ölməmək üçün toprağı eşələyib özlərinə yuva düzəldənlər vardı. Dizenteriya, tif, nə xəstəlik desən tüğyan edirdi burda.
İsveçrəyə qaçandan sonra bir belarus əsirlə tanış olmuşdum, o da mənim kimi bu ölkəyə pənah gətirənlərdən idi. On il olar ki, vəfat eləyib. Almanlara Belarusiyada əsir düşmüşdü, sağ qalmağı möcüzə olmuşdu. Faşistlər qabaqlarına kim çıxsa güllələyirdilər, bir neçə min hərbi əsiri də Almaniyaya yola salmazdan əvvəl, qışın şaxtasında, brezentdən damı olan, divarsız yerlərdə yatızdırırdılar. Çoxu elə orda donub ölürdü. Əsirlər ölməməkdən ötrü bir-birlərinə qısılırdılar, ölən yoldaşlarının meyidlərinin altında gizlənirdilər. Faşistlər adamları soyuqdan dondurub öldürməkdən zövq alırdı. Qış aylarında, çox vaxt üstü açıq qatarlarda daşıyırdılar əsirləri. Mənzil başına çatana qədər neçəsi soyuqdan qırılırdı. Günlərlə yeməyə heç nə vermirdilər. Pribaltikadan Almaniyaya gətirilən əsirlərin yarıdan çoxu yollarda qırılmışdı.
İsveçrəyə sığınandan illər sonra, bir-bir bizim hərbi əsirlərlə tanış olmağa başladım. Aralarında azərbaycanlılar da vardı, biri iyirmi il əvvəl vəfat etdi, hələ bədənində o qədər yara, qəlpə ola-ola o qədər yaşamışdı. Biri də vardı, o da Laçın rayonundan, qonşu Ardıclı kəndindən idi. Adı da Möhübbət. İyirmi il olar rəhmətə gedib.
Mən onlara öz başıma gələnləri danışırdım, onlar da öz yaşadıqlarını mənə danışırdılar. Bilmirəm, biz o cəhənnəm alovunun içindən necə sağ çıxa bildik, necə oldu ki, ölmədik? Mənim yaşamaq üçün heç bir səbəbim olmaya-olmaya, sağ qalmışdım...
Son cümləsi məni şaşırtsa da, qatarımız Rüti stansiyasında dayananda, özüm də bilmədim niyə belə dəxli olmayan sual verdim:
- “Bizim Cəbiş müəllim”ə baxmısınız?
- Yox, o nədir elə?
- Müharibə haqqında sovet Azərbaycanında çəkilən filmidir.
- Yox, baxmamışam - əminliklə başını buladı. - Birdən elə bilərsən mənim sovetlərlə problemim olub oğlum, xeyr. Mən sovetlərdən yox, Azərbaycandan qaçmışdım. Öz yurdumdan, vətənimdən nə qədər uzaq olsam, o qədər özümü yaxşı hiss edirdim. Özümü buraxmışdım axına, selə. Qoy aparsın məni hara qədər aparırsa, qoy harda qırılır qırılsın. O da heç qırılmadı, gətirib məni İsveçrəyə çıxartdı. Ölüm də mənə yaxın durmadı, gördüyün kimi, bugünəcən yaşayıram.
Onun Azərbaycan haqqında dedikləri məni karıxdırsa da, üstünü vurmadım. Vətəndən küsübsə, könlü qırılıbsa, yəqin ki, tutarlı səbəbi var. Qaysaqlanmış yarasını qurdalayıb onu incitməkdən qorxurdum, ona görə ehtiyatla verirdim suallarımı:
- Bu haqda çox eşitmişəm Əşrəf dayı. Bilirəm ki, xeyli sovet əsgər və zabiti İsveçrədə sığınacaq tapıb.
- Yox, oğlum. İsveçrədə sığınacaq tapmaq bu gün olduğu kimi, o vaxt da çətin idi - Əşrəf başını bulaya-bulaya qırıq-qırıq güldü. - Hər şey ondan başladı ki, ingilislərlə amerikanlılar səhər sübhdən lagerə daldılar. Hamımızın ağzı açıq qalmışdı, gözümüzün qabağında SS zabitlərini, alman əsgərlərini qandallayıb əsir edirdilər. Faşistlər gözətçi qüllələrindən ağ bayraqlar sallatmışdılar. Hər şey elə qəfil oldu ki, biz siftə heç nə başa düşmədik.
Qırx beşin aprel ayı idi, bir ingilis zabit hündür bir yerə dırmaşıb, ordan bizə səsləndi: “Azadsınız! Hitler məğlub edilmişdir!”. Bizə çörək, süd, şokolad, kolbasa verdilər. Vəhşi kimi, acgözlüklə yeyirdik, onlar da acıyaraq bizə baxırdılar.
Amma faşist duzaqları bizi hələ də təqib edirdi. Alçaqlar yaxınlaşan məğlubiyyəti görən kimi, lagerin ərazisindəki yeganə su quyusunu zəhərləmişdilər, içinə neçə ton zəhərli toz, məhlul boşaltmışdılar. Nə qədər adam o sudan içərək öldü. Ondan sonra ingilislər quyunun ağzını bağladılar.
Lager ərazisində atışma vaxtı ölən faşistlərin cəsədləriylə əsir cəsədlərini meydana topladılar. Sağ qalan faşistlərin əlinə lopatkalar verib nəhəng quyu qazdırdılar. Biz quyunun çevrəsində dayanmışdıq, ləhləyə-ləhləyə quyu qazan faşislətərə baxırdıq, bəzilərimiz onlara tüpürür, təhqir edirdilər. Başlarına işəyənlər də varıydı, amerikalı və ingilislər də buna mane olmurdular. SS zabitləri vardı ki, bir dəfə olsun başlarını qaldırıb bizə baxmadılar, tələm-tələsik qazırdılar, təki bizimlə göz-gözə gəlməsinlər.
İndi ki, biz azad edilmişdik, amma hara gedək, neynəyək bilmirdik. Koalisyon qüvvələri də bizə düz-əməlli bir söz demirdilər. Suallarımıza qollarını aralayıb “istədiyinizi edə bilərsiniz” cavabını verirdilər.
Rus, belarus, ukraynalı yoldaşlarımla lagerdən çıxıb yola düzəldik. Bir az yol getdik, qabağımıza nəhəng bir təsərrüfat çıxdı. Ərazisində tövlələr, əkin sahələri, toyuq-cücə olan bir ferma idi. Bizim dəstədə otuz-qırx nəfər olardı. Alman fermer ailəsi bizim hamımızı içəri dəvət etdi, müharibənin qurtarmağına çox sevinirdi, Hitleri lənətləyirdi, bizə uzunca bir stolun üstündə süfrə açdılar. Toyuq, yumurta, göy-göyərti, kartof, çaxır – nələri vardısa düzdülər stolun üstünə. İlk dəfə idi ki, alman fermerin süfrəsində əməyimin müqabilində yox, elə-belə, müftə yemək yeyirdim.
Sonra yenə yola düşdük, gəlib çıxdıq Boden gölünün sahilinə. Toran düşürdü, şər qarışırdı. Aramızda rus zabit vardı, bizə dedi ki, İsveçrə öz sərhədlərini bağlayıb, əsirləri qəbul etmir. Ora getmək istəyiriksə gecə vaxtı, qayıqla keçməliyik. Biz də elə etdik. Bir alman balıqçı bizi növbə ilə öz qayığında qarşı sahilə keçirməyə söz verdi. Pulsuz-parasız, sırf insanlıq naminə.
Qatar son dayanacaq olan Rapperswil-də dayandı. Sahilboyu səliqə ilə düzülmüş tikililərin qabağındakı hündür ağacların budaqları suya baş əymişdilər. Əşrəf əlləri ilə çəliyinə yaslandı və “yolçu yolunda gərək, oğlum” deyərək, ayağa qalxdı.
3
Sürix gölünün şərq sahilində yerləşən Rapperswil qəsəbəsi müasir tikililəri ilə olmasa da, tarixi hissəsi ilə əsl turizm cənnətidir. Hər dəfə bura gələndə özümü Bakının İçəri Şəhərində sanıb onun qəmbər döşənmiş küçələrində gəzirəm. Rapperswildəki köhnə şəhər İsveçrədə mənə Bakını, İçəri Şəhəri xatırladan yeganə məkandır. Ona görə də ən sevimli məkanımdır.
Qəsəbənin bir adı da, “Qızılgül şəhəri”dir. Qızılgüllər bu qəsəbənin rəmzidir. Hətta qəsəbənin gerbində də iki qızılgül təsvir olunub. Rapperswildə qızılgülün yüz altmış növü bitir.
Qızılgüllər hər addımdadır – yol kənarlarında, sahildə, balkonlarda, mağaza və kafelərin önündəki dibçəklərdə, hətta Kaputsinlərin monastırının içində də bu çiçəklərdən var. Sonuncu nəhəng qızılgül bağıdır və quruluşu elədir ki, gözdən əlillər də burada qızılgüllərlə təmas edə, bihuş edici rayihədən zövq ala bilərlər. Ona görə də monastırın bağında tez-tez korlara rast gəlmək olar. Onlar kollar arasında gəzişir, barmaqlarını xüsusi lövhələrdə gəzişdirib hər gülün növü haqda məlumat oxuyur, dodaqlarında təbəssüm qoxulardan ləzzət alırlar. Deyilənə görə, gözdən əlillərin qoxu duyma qabiliyyəti, bizdən qat-qat güclüdür.
On beşinci əsrin abidəsi olan ratuşa və kilsədən başqa Rapperswilin on üçüncü əsrdə, qotik üslubda inşa edilmiş qəsri, qədim, taxta körpüsü də çox məşhurdur. Qəsrin qəsr olduğunu deməyə min şahid lazımdır, ona görə ki, bu qəsrin nəinki qocaman, dəmir qapısı yoxdur, onun ümumiyyətlə qapısı yoxdur. Heç olmayıb da.
Sağlı-sollu qızılgüllər əkilmiş enli pilləkənlərlə qəsrə qalxıb bir də onda ayılırsan ki, sən artıq qəsrin ərazisindəsən. Qəsrin inşa olunduğu yüksəklikdən üç tərəfdən Sürix gölünə, Sürix şəhərinə və əlbəttə Rapperswil qəsəbəsinə möhtəşəm mənzərə açılır.
Jan bizi San Marco Pizza restoranında gözləyirdi. Ona tək gəlmədiyimi, yanımda maraqlı bir qonağımın olduğunu yazmışdım. Jan da sağ olsun, ağ rəngli iri çətirin altında, dörd nəfərlik masada bizim üçün yer tutmuşdu.
O, “salam, adım Jandır” - deyə, ayağa qalxdı, geniş təbəssümlə Əşrəfə əlini uzatdı.
- Əşrəf. Məmnun oldum.
- Mən də. Buyurun, əyləşin.
Jan Əşrəf üçün stulu çəkdi və yaşlı müsahibim oturandan sonra əyləşdi.
- Əli mənə dedi ki, siz fransız isveçrəlisiniz və azərbaycan dilində danışırsınız. Amma mən təsəvvür etməzdim ki, bu qədər səlis və gözəl danışa bilərsiniz. Fantastika! - Əşrəf ürəkdən güldü və mənə baxdı.
- İnanın, Əşrəf dayı, mən də onunla Bakıda tanış olanda sizin qədər şaşırmışdım.
Əşrəf çəliyini masaya söykədi, maraqla Janı süzməyə başladı. Jan isə dodaqlarını bir-birinə möhkəmcə sıxıb gülümsəyir, gah Əşrəfə, gah mənə baxırdı.
Jan “tipik” avropalıdır. Sapsarı saçları, sapsarı seyrək saqqalı, masmavi gözləri və dümdüz, heykəltəraş əlindən çıxmış kimi sifət cizgiləri var. Çox “ənənəvi” bir protret çəkdiyimin fərqindəyəm, amma nə edim ki, Jan məhz mənim təsvir etdiyim görkəmdədir?
Smartfonumda temperatur otuz üç dərəcəni göstərirdi. Sürixlə Rapperswil arasındakı üç dərəcəlik istilik fərqini dərhal hiss etmişdim. Çünki tərləmirdim, tərləməyəndə isə özümlə daha barışıq oluram. Jan nə haqda düşündüyümü sezibmiş kimi güldü:
- Bərbad gündəsən.
- Haqlısan - dedim. Üç böyük pivəni birdən içməyə hazıram. Sən sifariş vermisən?
- Əlbəttə yox - stulun belinə söykənib təəccüblə dedi. Sizi gözləyirdim.
- Əşrəf dayı, siz nə içərdiniz? - soruşdum.
Əşrəf müdrikcə gülümsündü, saatına baxdı və “çay” deyəndə, mənim halım pisləşdi. Jan da “ola bilməz!” deyərcəsinə gözlərini bərəltmişdi. “Siz ciddisiniz?” soruşmağa utandım, halbuki çox istəyirdim.
Səsləndirə bilmədiyim sualıma Əşrəfin özü cavab verdi:
- İstini isti ilə yatırdarlar, pazı pazla çıxararlar.
Hamımız gülüşdük. Öz qərarıdır, mən isə pivə içəcəm.
- Sən də pivə? - Jandan soruşdum.
- Mütləq.
Bayaqdan qapının ağzında dayanıb göz-gözə gəldiyi hər kəsə gülümsəyən gənc ofisiant qız qalxan barmağımı görüb bizə sarı tələsdi. Sifarişlərimizi alıb getdi.
- Mən Bülaxda qalıram - Əşrəf dedi və Jana baxdı, - siz bilməzsiniz, amma Əli oğlum, bir Sürix sakini kimi oranı tanımamış olmaz.
- Tanıyıram, hətta bir neçə dəfə orda olmuşam - dedim. Gözəl, xudmani qəsəbədir.
- Ay sağ ol. Bülaxdan çıxıb Rorbas qəsəbəsinin meşələrinə doğru gedəndə, güney yamaclarda bitən kəklikotunun qoxusu uzaqdan adama gəl-gəl deyir. Rastına çıxmayıb?
- Yox - deyə başımı buladım.
- Kəklikotunun hansı bitki olduğunu bilirsinizmi? - Əşrəf Jandan soruşdu və cavab gözləmədən, almanca adını dedi - Timian.
- Bəli, timianı bilirəm.
- Hə, bax bu timian bizim Laçın rayonunda hər yerdə, əsasən güneylərdə bitər. Mən Bülaxla Rorbas arasındakı güney yamaclarından həmişə gedib dərirəm bu otu, xanımım da onun çayını dəmləyir. İçirəm, Laçını xatırlayıram.
Jan maraqla qulaq asır, gözləri bəzən düşüncəli ifadə alır, amma dodağından həfif təbəssüm heç çəkilmirdi.
- Əli mənə sms yazdı ki, müharibədən sonra İsveçrədə qalan bir azərbaycanlı ilə gələcək, qatarda tanış olub. Mən tanımasam da, atamın əvvəllər sizin kimi müharibə iştirakçısı, azərbaycanlı bir tanışı olub Lozannada. Atam onun haqqında mənə danışmışdı. Mən türkologiyanı seçib azərbaycan dili ilə məşğul olanda, atam öz azərbaycanlı tanışı haqda mənə danışdı. Amma əmin deyiləm, o hal-hazırda yaşayır, yoxsa vəfat edib.
Jan alman dilini çox gözəl bilir. Fransız kantonlarında yaşayan hər kəs kimi, o da bu dili məktəbdə ikinci dil olaraq öyrənib. Biz bəzən alman dilində də danışırıq, lakin Jan azərbaycan dilində danışanda, məndə təsvir olunmaz hisslər başqaldırır, hətta deyəsən ana dilimlə fəxr etməyə də başlayıram. Üçüncü dünya ölkəsi vətəndaşının kompleksimi? Ola bilər. Lakin fransızların özləri də, onların dilində danışan əcnəbi görəndə, hədsiz sevinirlər. Lap uşaq kimi.
Gülərüz ofisiant qız sifarişlərimizi gətirib “nuş olsun” dedi və qonşu masadakı müştərilərin yanına tələsdi.
- Tanışlığımızın şərəfinə! - deyərək pivə bokalını qaldırdım, Janın bokalı ilə toqquşdurdum. Əşrəf isə gülümsəyərək başını endirib-qaldırdı, “çox sağ olun, xətriniz əziz olsun” dedi. Çayına şəkər qatmadan, ehtiyatla bir qurtum aldı.
Narahatedici sükut çökdü masaya. Əşrəf düşüncəli gözlərini harasa uzaqlara dikmişdi, Jan bir ona, bir mənə baxaraq pivə bokalını iki ovcu ilə qucaqlamışdı. Mən isə birinci bokalda həmişə etdiyim kimi sərin, yaqut rəngli mayenin yarısını birnəfəsə başıma çəkdim. Qarşımda kostyumda, qalstukda oturub çay içən yaşlı adama baxdıqca, onun yerinə mənim ürəyim sıxılırdı.
- İkinci Dünya müharibəsində başına gələnlər haqda Əşrəf dayı mənə yolda danışdı - Jana dedim. Almaniyada demək olar ki, düşmədiyi konslager qalmayıb. Qırx ikinci ilin dekabrında əsir düşəndən, qırx beşin aprelinə qədər əsirlikdə olub, hətta Daxau düşərgəsindən də keçib. Müharibə qurtarandan sonra, İsveçrəyə sığınıb. Səksən altı yaşı var, amma yaşından çox cavan və gümrah göstərir. Əslində mənim Əşrəf dayıya o qədər sualım var ki... Doğrusu soruşmağa da çəkinirəm.
Mən danışdıqca Jan tez-tez başını yırğalayır, ehtiramla Əşrəfə baxırdı. Əşrəf isə son sözlərimdən heyrətlənərək:
- Niyə çəkinirsən, Əli oğlum? Nə sualın varsa, bacardığım qədər cavab verməyə hazıram - dedi.
- Xatirələrinizi oyatmaq, sizi incitmək istəmirəm. Amma suallarım doğrudan çoxdur.
Gözlərimin içinə baxa-baxa çayını udumlayırdı. Baxışlarından birtəhər oldum, sanki “bu həyat məni o qədər incidib ki, sən istəsən də bundan artıq incidə bilməzsən” demək istəyirdi. Gözlərinin dərinliyindən bu mesajı oxudum.
Jan gözlənilmədən soruşdu:
- Əşrəf dayı, bu isti havada Rapperswilə gəlişinizin bir səbəbi var? Yoxsa, belə günəşdə bayıra çıxmaq sizin yaşda adamlar üçün təhlükəlidir.
- Haqlısınız, bu gün çox fikirləşdim çıxım, ya çıxmayım. Əvvəl gəmi dedim, sonra istiyə görə vaz keçdim. Ağlıma taksi də gəldi, amma yadıma düşdü ki, çoxdandır qatara minmirəm. Bizim Bülaxdakı evimizdən vağzala qədər piyada beş dəqiqəlik yoldur. Ordan gəldim Sürixə, Sürixdə də iki dəqiqə sonra mindim Rapperswil qatarına. Qatarda da Əli ilə tanış oldum. Sözümün canı, günün altında heç qalmadım. Amma düz deyirsən oğlum, hiss eləyirəm ki, son vaxtlar ürəyim sözümə baxmır. Gərək bir az muğayat olum.
- Bəs Rapperswilə nə əcəb? - soruşdum.
- Buyur, oğlum?
Əşrəfin üzündəki ifadədən görürdüm ki, sualımı anlamayıb:
- Yəni Rapperswilə gəlməyinizin bir məqsədi var, yoxsa bizim kimi elə belə gəzməyə gəlmisiniz?
Əşrəf, “hə, indi aydın oldu” mənasında başını geri apardı, sonra yırğaladı.
- Bilirsən, Əli oğlum, mən təsadüflərə inanmıram. Allaha, onun hikmətinə və möcüzələrinə inanıram. Tale belə gətirdi İsveçrəyə gələndən, ailə qurandan sonra, biz Kristina ilə Bülax qəsəbəsində balaca, iki göz otaqda yaşamağa başladıq. Qəsəbənin adını birinci dəfə eşidəndə, Kristinaya demişdim ki, işə bax, Laçında da bizim yaylaq yurdumuz Qırxbulaq idi, burda da Bülax adlı qəsəbədə ev tapdıq. O vaxt vəziyyətim elə idi ki, hər şeydə bir işarə görürdüm. Adi bir ad bənzərliyi olsa da, ürəyimə təsəlli idi. Sonra bir gün, internierung mövzusunda İsveçrə hökumətinin təşkil etdiyi seminarda iştirak etmək üçün Kristina ilə bir yerdə Rapperswilə gəldik. Mən danışıram əllinci ildən. Gəldik Rapperswilə, seminar qurtarandan sonra dedik buraları bir gəzək, baxaq nə var, nə yox. Qəsəbənin mənzərəsinə valeh olmuşdum, hələ o vaxtlar indiki kimi təmir etməmişdilər, belə gözəl də deyildi. Hə, sahili gəzdik, köhnə şəhəri gəzdik, sonra qəsrə qalxdıq. Qəsrdə gəzəndə, qəfil dondum qaldım, ağzım açıldı heç bağlanmadı. Kristina yaman qorxmuşdu - deyə, Əşrəf alçaq səslə güldü, boğazını arıtladı. Kristina mən baxan tərəfə baxdı, məftillərlə hasarlanmış parkda əliklər gəzişirdi. Hardasa iyirmi əlik – xeylisi də körpə.
- Bağışlayın, - dedim, - Əlik nədir?
- Əlik... - Əşrəf bir qədər düşündü, gözlərini qıydı və ”cüyür” - dedi. Bizlərdə cüyürə əlik deyərlər.
- Bu söz azərbaycan dilinin lüğətində var? - Jan maraqlandı.
- Bilmirəm oğlum, bəlkə də var. Yoxlamamışam. Sözün düzü, rast gəlməmişəm. Amma biz cüyürə əzəldən əlik deyəriz. İnternet çıxandan sonra işim asanlaşıb, hər gün olmasa da, arada bir internetdən Azərbaycan dilində məqalələr, xəbərlər oxuyuram. Ölkədə olanlardan, keçənlərdən xəbər tutmağa çalışıram. Gözlərimə görə kompüterin qabağında çox qala bilmirəm, hərfləri də yaxşı seçmirəm. İki il əvvəl Kristina printer aldı, hərfləri böyüdüb kağıza çıxartıram, elə oxuyuram yazıları. Əvvəllər belə imkan nə gəzirdi? Dilimə də çoxlu Anadolu sözləri keçmişdi. İnternetdən sonra dilim düzəldi - Əşrəf güldü. Amma indiyə qədər əlik sözünə mən də heç yerdə rast gəlməmişəm.
Bu səfər gözlərinin dolduğundan tam əmin olmuşdum. Dodağındakı təbəssümdən elə dərin, elə ağrılı nisgil oxudum ki, qanım qaraldı. Siqaret yandırmaq istədim, yadıma düşdü ki, yarım ildir tərgitmişəm.
Əsl faciədir. Altmış beş ildir doğma yurdunu görməyən, indi görmək istəsə də həm yaşına, həm də yurdu işğal altında olduğuna görə buna imkanı olmayan adamın faciəsi. Bir dəfə də olsun Azərbaycana getməməyinin səbəbi mənə dinclik vermirdi.
Janla göz-gözə gəldim. Lozannalı dostum da düşüncəli görünürdü. Əşrəf çayından bir qurtum içib, qaldığı yerdən davam etdi.
- Rapperswilin əlikləri məni doğma Qırxbulağıma, Alçalığa, Cidələrə, Dərə yurduna, Qırxqızın ətəklərinə, bu səfalı yerlərdə gəzən əliklərin yanına aparmışdı. Əlik olan yerlərdə oğlum, kəkliklər də olardı, yazda qaqqıldaşardılar. Bilirsən qışda kəkliyin əti nə ləzzətli olur? Elə bilmişdim Laçınıma düşmüşəm, heç yerə gedib eləməmişəm, bu saat atam, anam məni səsləyəcəklər, mal-qaranı tövləyə salmaqda onlara kömək edəcəm. Elə bil bu dəqiqə Qulvarın meşəsinə qaçıb odun doğrayacam, tay-tuşlarımla ova gedəcəm. Anam nehrə çalxayanda, yanında oturub cəbhəyə gedən qardaşlarıma görə dediyi ağılara ağlayacam...
Sözün düzü bizim əliklərimiz burdakılar kimi insana yaxınlaşmazdılar, çox ürkək olardılar. Əşi, bu Avropa da tamam başqa mədəniyyətdir... - acı-acı gülümsündü. Elə mənzərəli, elə gözəl meşələrimiz, yaylaqlarımız, qışlaqlarımız vardı, İsveçrədən heç fərqlənmirdi. Məhz bu ölkəyə düşməyim, yaradanın mənə lütfüdür. Yurdumdan uzaq olsam da, onun mənzərələrini burda görürəm, toxtaqlıq tapıram, - birdən elə bil canlandı, həvəslə danışmağı başladı:
- Qırxbulaq dediyim yer, Sallıq dağının quzey tərəfindədir. Dağın güney tərəfi çılpaq idi, quzey üzündə isə meşəlik yuxarı qədər qalxırdı. Orda, Qırxbulaqda bulaqların bəzilərini xəzəl, palçıq basmışdı. Bulaq suyu yarpaqların altından axıb gedirdi. Amma beş-altı bulaq gur çağlayırdı, camaat da müntəzəm təmizləyirdi bulaqları, heyvanların suvarılmasına, içmə suyuna istifadə edirdilər. Bilmirəm indi orda vəziyyət necədir, hardan bilim... Əliklər gəlib bulaqlardan su içərdilər. Oranın meşələrində palıd, uras, qarağat kimi ağaclar, ayıdöşəyi kimi otlar çox abad bitərdilər. Çoxlu əzgil olardı, armud olardı, zoğal, fındıq olardı...
Cismi bizimlə olsa da, Əşrəfin ruhu doğma Laçınında gəzişirdi, bizə təsvir etdiyi yerləri canlı-canlı gəzirdi, görürdü və nəql edirdi. Əşrəf uzaqlarda, çox uzaqlardaydı və bundan sonra istəsəydim də, onun sözünü bölə, müdaxilə edə bilməzdim. Suallarım varsa da, onları sonraya, Əşrəfin ruhu cisminə, Rapperswildəki kafeyə qayıdana qədər saxlamalıydım. Jan da başa düşürdü ki, onu bu dəqiqə narahat etmək, reallığa qaytarmaq olmaz. Bu, cinayət olardı, hər şeyini itirmiş, məşəqqətlərdən keçmiş və həyata sıfırdan başlamış insana qarşı sayğısızlıq olardı. Əşrəf danışmalıdır, ta ki, özü dayanana, yorulana, geri qayıdana qədər.
- ...Qırxbulağın yanında, meşənin kənarında, gərdən dediyimiz binə yeri vardı. Qabaq tərəfi hündür sıldırım qaya idi, biz ona Qızılqaya deyərdik. Meşə boyu bir az qabağa gedirdin, dağa tərəfə qayıdanda Vəliazarlayan adlı bir tala cıxırdı qabağına. Ondan bir az irəlidə, meşənin ətəyində, Xəlillər nəslinin Alçalıq adlı bir binəsi vardı. Ordan yuxarıda da Cidələr bulağı vardı, amma oğlum - Əşrəf gülümsədi, - cidələrdə su dağın altından yox, başından çıxırdı. Belə qəribəydi. Buralar da Qırxbulaq qədər gözəl yerlərdir.
Əşrəf çaydan bir udum almaq üçün, fasilə verib susdu. Biz də onun susmasını fürsət bilib, pivələrimizdən doyunca içdik. Mənim bokalım artıq boşalmışdı. Gözümlə ofisiant qızı gəzdim, görmədim. Əşrəf isə həvəslə yurdunun təsvirinə davam etdi:
Sallıqın şişinə, zivəsinə çıxanda, quzey tərəfdə Qırxqız dağları, Ələkçi çorman dərəsi, güney tərəfdə isə Dəli dağdan tutmuş bütün Şəlvə dərəsi, İşıqlı dağı, ta Sarı Baba dağına qədər bütün düzü dünya görünürdü. Bizim dərələrdən gözyaşı kimi təmiz çaylar axardı, qızılbalığımız da bol olardı. Yayımız-yazımız cənnət kimi olardı, amma qış yaman sərt keçərdi bizim yerlərdə...
Əşrəf dərindən köks ötürüb susdu, gözlərini dikdiyi uzaq nöqtədən xeyli müddət ayrılmadı: Hər tərəf elə bil donardı, bütün düzü dünya dümağ qarın altında qalardı... Eh, nə bilim ay oğul, yaman dərdlər gördüm. Arzunuz olarsa, bu gün bir yerdə qalxaq əliklərin yanına. Düzünü deyim ki, mən bura ancaq əlikləri ziyarət üçün gəlirəm. Heyf ki, onları əl ilə yemləmək olmur. Əlik ancaq ot yeyir, qışda da bəzi ağacların tumurcuqlarını. Bax biz, qışda yeyilən bu tumurcuqlara burc deyəriz...
- Bağışlayın, Əşrəfin susmağını fürsət bilən Jan ehtiyatla dedi, İsveçrəyə gələndən sonra nə etdiniz, harda yaşadınız? Yəqin ki, işləməyə başladınız. Yoxsa təhsil aldınız?
- Mən də elə bunu soruşacaqdım Əşrəf dayı - dedim və nəhayət ofisiant qızla göz-gözə gəldim. O, gülümsəyərək masamıza yaxınlaşdı, iki pivənin sifarişini alıb getdi.
Əşrəf hələ də çayını içib qurtarmamışdı. Süni qəzəblə:
- Əli oğlum, - dedi. Mən adam deyiləm? Mənə də sizin həyatınız, məşğuliyyətiniz maraqlıdır də. Bəs siz nə vaxt danışacaqsınız? Yaxşı, Janı bildim. Jan bizim adamdır, Lozanna balasıdır, dilimizi öyrənib, vallah məndən də yaxşı danışır. Bəs, sən nə iş görürsən İsveçrədə? Ailən varmı, işləyirsənmi? Gəncəbasardansan, Muğandansan, Mildənsən, Şirvandansan? Deyirlər e, tale elə gətirir ki, tanımadığın adama bütün həyatını danışırsan. Misal üçün uçaqda, qatarda. Mən də səni tanımasam da, səndə bir doğmalıq hiss etdim, amma madam ki, biz hələ gedib əliklərə baxmalıyıq, onda gərək səni yaxından tanıyım. Gedəcəyik əliklərə baxmağa?
- Əlbəttə, - dedim. - Mütləq.
Jan da başı ilə məni təsdiq etdi.
- Amma mənim hekayəm sizinki qədər maraqlı olmayacaq, Əşrəf dayı.
Pivələr gəldi. Mən Jana çoxdan tanış olan hekayəmi Əşrəfə danışıb qurtaranda, saat dördə qalırdı. Temperatur bir dərəcə də düşmüşdü. Bayaqdan diqqətlə mənə qulaq asan Əşrəfi daldığı düşüncələrdən qəfil sualım ayırdı:
- Əliklərə baxmağa gedəcəyik Əşrəf dayı, amma öncə bir söz soruşmaq istəyirəm.
- Buyur, oğlum.
- Qolunuzdakı saatın oxşarından atamda da vardı - “Slava”. Bir az bəlkə siferblatı başqa cür idi. Çox yaxşı yadımdadır. Bu saatı Azərbaycandan gətirmisiniz?
Əşrəf gözlənilmədən güldü, başını buladı. Saatına baxa-baxa dedi:
- Ay oğul, o odun, alovun içində məndə saat qalardı? Mən o lagerlərdən bir bu quru canımı, bir də... - Əşrəf tutuldu, yadına nəsə salıbmış kimi başını yellədi. Yox, nə Azərbaycan? Bu saat mənə ukraynalı bir müharibə veteranı dostumun, Viktorun hədiyyəsidir. Səhv etmirəmsə Viktoru doxsan beşdə, doxsan altıda itirdik. St. Gallen şəhərində qalırdı, elə məzarı da ordadır. Çox gözəl insan, sadiq dost idi. Biz onunla otuz ildən artıq iş yoldaşı olmuşduq. Viktor əsir düşməmişdi nemeslərə, zabit kimi çətin döyüş yolu keçmişdi. Qırx beşin yazında yaralanmışdı, ingilislərin səhra hospitalında müalicə olunmuşdu. Ondan sonra da sovetə qayıtmaq yerinə, İsveçrəyə qaçmışdı. Bu saat ondan mənə əziz xatirədir.
4
Pilləkənləri tələsmədən, yavaş-yavaş qalxıb qəsrin ərazisinə daxil olduq. Əşrəfə qoluna girməyi təklif etsəm də, istəməmişdi. “Çəliyim mənə dayaqdır” demişdi. “Həm də gərək özüm yeriyim, ayaqlarıma güc verim ki, oynaqlarım açılsın”.
Cüyürlərin otladığı çəmənlik, qəsrin uzunsov həyətində, sağ yamacdadır. Əşrəf məhəccərə yaslanıb, gülən gözləri ilə cüyürlərə tamaşa edirdi. Bala cüyürlərdən biri lap yaxınlığımızda gəzişir, otlayır, hərdən ürkək-ürkək bizə baxır, göyşüyür, qulaqlarını oynadırdı. Sağımız solumuz cökə ağacları ilə dolu idi, cökənin ətri bütün qəsri bürümüşdü.
- Əfsanəyə görə, bir gün dişi əlik ovçulardan, itlərdən qaça-qaça gəlib balaca bir mağaraya sığınır, - Əşrəf cüyürlərdən baxışlarını ayırmadan dedi. Ovçular içəri girəndə, görürlər ki, mağarada əlikin iki balası var. Qrafinya Rapperswil ərindən xahiş edir ki, itləri geri çağırsın, əliklərə toxunmasın. Sonralar, bu hadisənin üstündən xeyli vaxt keçir, qraf və qrafinya ağacların kölgəsində dincələndə, həmin bu əlik qəfil onların qabağında peyda olur və onlara baş əyir. Bu hadisə qrafa o qədər təsir edir ki, əlik və balalarını Altendorfdakı malikanəsinə aparır, onlar orda yaşamağa başlayırlar. Sonra da qraf fikirləşir ki, yəqin göylərdən ona bir işarə verilib, ona görə də bu qəsri tikdirir və həyətinə çoxlu əlik buraxır. O gündən bu günə kimi əliklər bu qəsrin ərazisində əmin-amanlıqda yaşayırlar.
Əşrəf hekayəsini tamamladı və cüyürlərdən sevgi dolu nəzərlərini çəkib, bizə baxdı:
- Həyətin axırıncı cökə ağacı var ey? Gedək onun kölgəsində oturaq. Ordan gölə, şəhərə təkrarsız mənzərə açılır.
Əşrəfin təklifi ilə razılaşaraq həyətin o başına yeridik, balaca meydançada oynayan, qaçışan uşaqların yanından keçdik. Biz həyətdəki sonuncu cökəyə çatanda, uşaqların şən qışqırığı artıq çox uzaqdan eşidilirdi. Uçurumun kənarındakı məhəccərə söykənmiş sevgili cütlük hərarətlə öpüşürdü. Əşrəf onlara ağsaqqal müdrikliyi ilə gülümsədi, ağır-ağır kölgəlikdəki skamyaya əyləşdi. Biz də oturduq.
- İsveçrəyə gələndən sonra əllinci ilə qədər işləmədim, reabilitasiya keçdim, ölkəni tanıdım, alman dilimi yaxşılaşdırdım. Yaxşılaşdırdım deyəndə ki, bura gələndən iki-üç il sonra, artıq mükəmməl danışmağa başlamışdım.
Dövlət məni Berndə bir fermaya təhkim etmişdi. Ferma çoxuşaqlı bir ailəyə məxsus idi. İsveçrə o zaman indiki kimi inkişaf etmiş, rifah ölkəsi deyildi, kənd təsərrüfatı ölkəsi idi. Evin kişisi Herr Etzold çox sərt, lakin ürəyi yumşaq adam idi. Xanımı Berta isə mələk kimi qadın idi. Onların mal-qarası, əkin sahələri vardı, hər işdə onlara kömək edirdim. Uşaqlar da qollarını çırmayıb mənimlə çiyin-çiyinə işləyirdilər. İsveçrəlilərin işgüzarlığına, əzminə heyran qalmışdım. Yeməyim yemək, paltarım paltar, kitab oxumağa, dərs öyrənməyə də vaxtım qalırdı.
Hər həftə Bernin mərkəzində keçirilən meyvə-tərəvəz yarmarkasına böyük həvəslə hazırlaşardım. Çünki hər dəfə şəhərə düşəndə, kitabxanaya baş çəkmək imkanım olurdu, yarım saatımı orda keçirirdim, çıxanda da bir-iki kitab götürürdüm.
Bir gün yenə də iki arabamıza doluşub getmişdik şəhərə. Mallarımızı elə at arabalarında sərgiləyirdik, pomidor, soğan, boranı, pendir satırdıq. Həmin gün, nahar vaxtına yaxın, Kristina anası ilə bizim arabalara yaxınlaşmışdı. İndiyə kimi yadımdadır, anası xeyli boranı aldı bizdən – dörd, ya da beş iri boranı. O qədər boranını orta yaşlı bir qadınla, yanındakı zərif qızı daşıya bilməzdilər. Onlara öz köməyimi təklif elədim, məlum oldu ki, evləri də çox uzaqda deyil, iyirmi dəqiqəyə çatmaq olar. Herr Etzold təşəbbüsümü dəstəklədi. Biz yola düzəldik, bütün boranıları iki zənbildə özüm aparırdım.
Evlərinə gəlib çıxana qədər yolda xeyli söhbət elədik. Anası mənə müharibə, əsirlik haqqında suallar verir, qızı isə susurdu. Onunla göz-gözə gəldiyimiz zaman qızarıb gözlərini məndən qaçırırdı. Lap bizim bulaq başına yığışan çiyinləri səhəngli, nazlı qızlarımız kimi. Lager həyatı haqda danışdıqlarıma dəhşətlə qulaq asırdılar. Nə Birinci, nə də İkinci Dünya müharibələrində iştirak etməyən İsveçrə vətəndaşları, müharibə haqqında həmişə eşidiblər, amma üzünü görməyiblər.
Nə isə. Uzun sözün qısası, Kristina ilə bir-birimizə aşiq olduq. Valideynləri də münasibətlərimizə etiraz etmirdilər. Əksinə, tez-tez evlərinə gedir, Kristinanın baytar atasının müharibə, sovet ölkəsi haqda suallarına məmnuniyyətlə cavab verirdim, ondan da İsveçrə, Avropa haqda öyrənirdim. Elə həmin, əllinci ilin axırı toyumuz oldu. Kilsədəki mərasimimizə Bernin dövlət nümayəndələri də gəlmişdilər. Atası hörmətli adam idi, həm də ki, mən də əcnəbi idim, sovet əsgəri idim, belə bir izdivac onlar üçün-qeyri adi idi, amma hamısı bizi ürəkdən təbrik elədilər.
O gün bu gündür, Kristina ilə can bir qəlb yaşayırıq. Toyumuzdan sonra Kristina iki il tibb bacısı məktəbini oxudu, diplomunu aldı. Təyinatını Sürixə verdilər. Bura gəlib Bülaxda ilk evimizi kirayələdik. Bu, artıq bizim öz yuvamız idi. Öz başımız, öz əlimiz, birtəhər yaşamağa çalışırdıq. Əlbəttə, maddi problemlər vardı, onlar bir yana, bir ailə kimi çox xoşbəxt idik. O, mənim yaşamaq səbəbim, bu dünyada yeganə dayağım, istinadım, simsarımdı.
Kristinanın kuzeni Alplarda tunel tikintisində işləyirdi. İsveçrə müharibədən sonra, təzə-təzə özünə gəlirdi, zənginləşirdi. Ölkəboyu tunellər qazılırdı, yollar çəkilirdi. Kristinanın məsləhəti və kuzeni Andreasın köməkliyi ilə tunel və yol tikintisində işə düzəldim. Həm yaxşı maaş alırdım, həm də görəndə ki, burada fəhlə ilk növbədə insandır, hüquqları var, iş şəraiti, iş şərtləri əlverişlidir, işimdən də zövq alırdım.
Bu işimi həm də ona görə sevirdim ki, burada doğma yurdumun izlərini görə bilirdim. Alplarda çəkilən yollarda, tunellərdə işlədikcə, çox yollar, dərələr, dağlar, qəsəbələr gördüm, insanlar tanıdım. Bir yer də varıydı, orda üç ilə yaxın işlədik. Bizim şirkətimiz orda yol salırdı. Hər gün ora işə gələndə, bizim Qırxqızdakı Firənk yolunu gözümün qabağına gətirirdim. Elə bilirdim ki, elə oradır, elə bil onun yanındakı binələrdə alaçıqları, elatı görəcəm.
O vaxt Muğanın, aşağı Qarabağın bütün qoyun-quzusu bizim o dağlarda, yaylaqlarda olardı. Bu Firənk yolunu da min səkkiz yüzlərin axırlarında, fransızlar çəkmişdilər, Bu yolla onlar bizim meşələrdə bitən Qırmızı palıdı Fransaya daşıyırdılar. O dövrdə, bölgənin bəyi olan Paşa bəylə palıdın kəsilməsi, daşınması barədə fransızlar müqavilə imzalamışdılar. Fransızlar da bu ağacdan Paris sarayları üçün bahalı mebellər, çaxır çəlləkləri hazırlayırdılar. Əlqərəz, Alplardakı bu yol sahəsində işlədikcə, özümü doğma yurdumda hiss edirdim. Hə, yadıma düşmüşkən, elə o dostum Viktorla da, bax bu yolu salarkən tanış olmuşdum...
Əşrəf bunu dedi, qolundakı saata nəzər saldı. Bilmədim vaxtla maraqlanır, yoxsa Viktoru xatırlayıb deyə baxır.
- Neçə uşağınız var Əşrəf dayı? - soruşdum.
- Uşağımız olmadı, Əli oğlum. Beş ilə yaxın buna fikir vermədik, beş il keçəndən sonra qaynatamın Berndə tanıdığı bir həkimin yanına getdik - Əşrəfin səsi kallaşdı, kədərli görkəm aldı, - təəssüf ki, qorxduğum başıma gəlmişdi. Lagerlərdəki zülmlər öz işini görmüşdü – daxili orqanlarım zədələnmişdi deyə uşağımız olmurdu. Dedilər ki, işiniz Allaha qalıb. Olsa olacaq, olmasa da bunun çarəsi yoxdur, barışmalısınız. Bəlkə də bu gün, müasir tibb bu problemi həll etməyə qadirdir, amma o illərdə tibbin imkanları böyük deyildi. Mənim də həmişə ən böyük arzum olub ki, bir qızım olsun.
Aşağıda gölə kəllə vuran uşaqların, gənclərin şən səsləri bizə qədər yüksəlirdi. Əşrəfə profildən baxdım, gözləri gülürdü, suya atlayan uşaqlara şəfqətlə baxırdı...
Əşrəfi tanıyandan içimdə onun nədən indiyədək vətəni yoluxmadığı sualı gəmirirdi. Bu yerdə artıq özümü cilovlaya bilmədim. “İttiham kimi səslənsə də, bu sualı verməliyəm” düşüncəsiylə özümü toplayıb dedim:
- Axı necə oldu ki, Əşrəf dayı, bircə dəfə olsun vətənə qayıtmadınız? Sovetlər dağılandan sonra bunu rahat eləyə bilərdiniz. Mən başa düşürəm ki, torpaqlarınızı bu gün istəsəniz də görə bilməzsiniz, heç birimiz görə bilmərik. Heç olmasa kəndlilərinizi, qohum-əqrabanızı Bakıda, başqa şəhərlərdə tapa bilərdiniz, ya yox? Buna heç cəhd etmisinizmi? Əslində qəribə sualdır, əlbəttə ki, hər bir kəs qohum-qardaşını soraqlayar, axtarar. Soraqlaşmısınızsa, nəticəsi necə olub?
Əşrəf sanki pərt oldu, duyğu dolu nəzərlərlə sandallarının uclarına baxa-baxa başını aşağı endirib yırğaladı. Sonra bir daha başını qaldırdı, bu dəfə nəzərlərini budaqlar arasından görünən bir parça göyün mənzərəsinə sancdı. Dodaqlarını büzdü, çəliyin üstündə tutduğu əlləri əsdiyi dərhal nəzərə çarpırdı. Hiss olunurdu ki, Əşrəf cisminə hakimliyini itirib, nə əllərinə, nə ürəyinə yer tapmır. Dərindən ah çəkib, hekayəsini danışmağa başladı.
***
- Qırx ikinin dekabrının əvvəli idi. Qışın oğlan çağı deyilən sırsıralı, şaxtalı bir axşamda, Piçənisin Dərəyurdu binəsində bütün meşələr, kollar, ağaclar buz bağlamışdı. Bizim bu qışlaq binəmizdə dörd-beş ailənin damı vardı. Hamı təsərrüfatla məşğul olan, kəndçi, bir-birinə qohum adamlar, damlarına yığışmışdılar.
- Bağışlayın, - Jan müdaxilə etdi. - Binə nə deməkdir? Bina demək istəyirsiniz?
- Xeyr oğlum - Əşrəf yorğun gözləri ilə Jana baxdı. Bina başqa şeydir, binə başqa. Binə beş-altı, bəlkə daha çox mövsümi tikilinin olduğu yaylaqlar, qışlaqlardır. Binələrdə dam, dəf, açardaq adlanan tikililər, evlər olur. Bizim yaşadığımız tikilinin adı dam idi. Elə bu tipli binələr üçün ən uyğunu da bizim damdır.
Damın kənarları daşla hörülür, üstünə də palıd ağacını yarıb, ondan pərdi döşəyərlər. Ağır qapısı olur damın. Qapıdan içəri girəndə, sol ya da sağ tərəfdə dərəvə adlanan arakəsmələr olur. Bunu ona görə qoyurlar ki, dama girən adam, girən kimi otağın içini görməsin. Amma dərəvənin də üstündə, paxlava formasında dəliklər qoyurlar. Dərəvənin uzunluğu üç-dörd metr olur, dərəvə boyu gedib dönürsən otağın içinə. Damın içində, otağın başında, divara hörülmüş buxarı olur, modern dillə desək – kamin. Buxarının divarın içində hörülmüş bacası var. Ocağı buxarıda qalayıb qızınarlar, yemək bişirərlər. Biz də binəmizdə, qışlaq vaxtı, belə bir damda yaşayırdıq.
On səkkiz yaşım yenicə tamam olmuşdu, məndən böyük üç qardaşım cəbhəyə yollanmışdılar deyə, evdə atamın, anamın tək dayağı mən idim. Bir də beş yaşlı, Gilə adlı bir bacım vardı. Hamımızın sevimlisi, anam Yetərin, atam Novruzun gözbəbəyi Gilə... Bizim orda anaya nənə, ataya dədə deyərlər.
Əşrəf nəfəsi gedib gəlmirmiş kimi gərildi, sinəsinə doldurduğu havanı buraxıb, boğazını arıtladı. Jan ryukzakından yarılanmış su butulkasını çıxardı, Əşrəfə təklif etdi.
- Yox oğlum, istəmirəm. Çox sağ ol. Həmin qırx ikinci ilin qışı çox sərt gəlmişdi, hətta mən ondan əvvəl belə bir qış xatırlamıram - Əşrəf əvvəl mənə, sonra Jana baxıb dedi. Müharibənin depressiyası bir yandan, üç qardaşımın cəbhədə olması bir yandan. Biz də başımızı təsərrüfatla qatırdıq. Çalışırdıq belə şeyləri düşünməyək, yada salmayaq, həyat öz axarı ilə davam eləsin. Bizim də qapımıza qara kağız gəlməmiş, çalışırdıq bu haqda heç düşünməyək. Sakit həyatımıza zəhər qatan, bizi əndişəyə qərq edən, qonşularımıza gələn qara kağızlar olurdu.
Hava o qədər şaxtalı idi ki, vadidəki fındıqların üstü elə bil şüşə bağlamışdı, buzun ağırlığından budaqlar qırılırdı. Atam mənə dedi ki, oğul get bir yük odun qır gətir Qulvarın meşəsindən. Mən də qalxdım, öküzümüzü palanlayıb, baltamı taxdım örkənə, yollandım meşəyə. Artıq bir saat sonra bir yük odunu qırıb, qayıtdım binəmizə. Soyuqdan əllərim, ayaqlarım keyimişdi, burnumu hiss eləmirdim. Yükü açdım, odunu damın dəhlizinə çinləyib, atdım özümü dama, uzandım buxarının böyründə. Handan-hana qızındım, özümə gəldim.
Atam o vaxt heyvanlara palıdın, urasın tumurcuqlarından qırdığı burcları yedirdib, mal-qaranı tövləyə salırdı. Bu tumurcuqların tərkibindəki yağ, qış vaxtı heyvanlara çox xeyirlidir. Atam tövlədə heyvanları rahlayır, bağlayır və gözləyir ki, anam Yetər də gəlib ona qoşulsun, kömək eləsin, heyvanları sağsın, süd alsın.
Anam-atam tövləyə girəndə azı iki saat ordan çıxmazdılar. Hər axşam eyni qaydada, saatlarla tövlədə qalardılar. Heyvanımız çox idi deyə onları sağmaq, rahlamaq, mərəkdən saman gətirib qabaqlarına tökmək xeyli zaman alırdı. Bu proses həm də ona görə uzun çəkir ki, əvvəl gərək buzovları açasan, onlar gedib inəyi əmsinlər, inək də südünü buraxsın. Hərdən mən də onlara kömək edirdim, anam buzovları inəklərin qabaq ayaqlarına bağlayıb südü sağarkən, cəbhəyə gedən qardaşlarım üçün ağı deyərdi, mən də sakitcə ağlaya-ağlaya anamın ağılarına, bayatılarına qulaq asar, ürəyimdə onları özüm üçün təkrarlayardım. Amma o axşam meşədən odun gətirmişdim deyə dədəmgil mənə dedilər ki, ayaqların da islanıb, sən çıxma, qal damda isin.
Mən də həmin axşam buxarının yanında oturmuşdum, divara söykənmişdim, mürgüləyirdim. Arada bir gözlərimi açıb bacım Giləyə baxırdım. Gilə boynundan muncuğu çıxarıb oynayırdı, onu gəlinciyinin boynundan asırdı, gah da gəlinciyin paltarını soyundurub təzədən geyindirirdi. O vaxtkı gəlinciklər indiki kimi adama oxşamazdılar. İki ağacı xaç kimi bağlayırdılar bir-birinə, başına da toppuz düzəldirdilər kisə materialından. Başın içinə yun doldurub, göz yerinə iki muncuq tikərdilər. Boynundakı muncuğu Giləyə qardaşlarım almışdı cəbhəyə gedəndən əvvəl. Yaxşı yadımdadır ki, Şuşaya, Xankəndinə getmişdilər. Biz o vaxt Xankəndinə Ştab deyərdik, Şuşaya da Qala. Stepanakert adını o şəhərə məndən sonra verdilər, mən də bunu səksəninci illərin axırında öyrəndim ki, adı Stepanakert olub.
Gilə muncuğunu, qırmızı donlu gəlinciyini çox sevirdi. Öz əynindəki paltar da qırmızı rəngdəydi, onu da Giləyə qardaşlarım almışdılar.
Anam Giləni yedirdəndən sonra əynini geyindi ki, tövləyə, atamın yanına getsin. Çıxanda da bir neçə dəfə mənə tapşırdı ki, “Əşrəf, gedirəm inəkləri sağam, amanın günüdür, Gilədən gözünü ayırma. Dalımızca çıxmasın, hava pisdi”. “Arxayın ol, baxaram” - dedim.
Əşrəf susdu, bir qədər düşündükdən sonra dedi:
- Elə əminliklə dedim ki, bu sözü... elə bil iki dünya bir olsa mən gözlərimi yuman deyiləm. Tövlə ilə dam arasında yüz metrlik məsafə vardı, elə də sən deyən çox deyildi. Yadımdadır ki, Gilə gəlinciyi ilə oynayırdı, muncuğu öz boynuna taxmışdı, indi də gəlinciyin paltarını neçənci dəfə ona təzədən geyindirirdi. Buxarının istisində çox dözə bilmədim, özüm də çox yorğun idim, xoşhallanıb yatmışam. Nə qədər yatdığımı da xatırlamıram - bir saat, iki saat, bəlkə də çox. Anamın səsinə oyandığım o axşam, həyatımın ən bədbəxt, ən ağrılı axşamı oldu. Dünyam yıxıldı. Həmişəlik yıxıldı.
Gilə özbaşına bayıra çıxan, harasa gedən deyildi. Görünür o gün mənim də yatdığımı görüb, darıxıbmış. Anasını istəyib, çıxıb bayıra. Bayırda da kəsici şaxta, duman, böyük adam da yolunu şaşar, qaldı ki, körpə uşaq. Əslində damdan çıxıb sağa getsəydi, necə olsa tövləni tapardı, amma Gilə istiqamətini şaşırıb, sola dönmüşdü. O dönən dönmüşdü.
Evimiz binədə axırıncı ev idi. Ondan sonra dərə, sonra da Qulvarın meşəsi gəlirdi. Böyük fındıq meşəsi. Hava artıq qaralmışdı, əl-ayaq çəkilmişdi. Arada bir itlərin hürüşməsini eşitmək olurdu. O vaxt da elektrik deyilən şey yox idi, damların içində otuzluq lampa adlanan lampalar asırdılar, məkanlar onunla işıqlanırdı.
Anamla atam toran düşəndən sonra qayıdırlar ki, Gilə yoxdur, mən də yatmışam. Atam içəri girəndə, dərəvənin üstündəki yarıqlardan görüb ki, Gilə yoxdur. Ürəyi sancıb, deyib bəlkə uşaq söykənib dərəvəyə, ona görə görünmür. Anam isə otağa girəndə bunu dərhal başa düşmüşdü. Gəlincik yerdəydi, üstü də bir parça ilə örtülmüşdü. Sanki Gilə oyuncağının üşüyəcəyindən qorxub, üstünə yorğan atmışdı. Özü də yoxa çıxmışdı.
Səsə oyandım. Anam dəli kimi otağı ələk-vələk edirdi, elə bil Gilə bu bapbalaca yerdə harasa girib gizlənə bilərdi. Anam dəli kimi atdı özünü bayıra “Gilə, Gilə” qışqırdı, damın çevrəsində o baş, bu başa qaçdı. Səsi bugünə kimi qulaqlarımdan çəkilmir. Əvvəl atam otağın ortasında quruyub qalmışdı, dəhşət dolu gözlərilə mənə baxırdı. Sonra elə bir qəfil ayıldı, qaçdı çölə, anamın dalınca.
İkisi də dəli kimi həyətdə qaçışır, Giləni səsləyirdilər. Sonra cumdular qonşu damlara, bir-bir qapıları döydülər, Giləni soraqladılar ki, bəlkə uşaq darıxıb, qonşuya-qohuma gedib. Bütün damlarda deyirdilər ki, yox, Giləni görməmişik. Qapısını açan, eşiyə çıxan bir də dala qayıtmırdı, hamı üstünü isti geyinib çölə çıxırdı, atama-anama qoşulurdu. “Gilə, Gilə!” deyə səs bürümüşdü binəni.
Mən də şokdan ayılıb atdım özümü çölə, qoşuldum camaata. Adamlar dəstələrə bölünüb bütün binəni qarış-qarış gəzdilər, amma tapmadılar. Tapmadıq Giləni.
Əşrəf qəhərləndi, səsi dəyişdi. Jan əndişəli halda mənə baxırdı, əlindəki suyu da hazır saxlamışdı, amma təklif etməyə çəkinirdi.
- Atam atı minib, endi böyük kəndə, Piçənisə, ora da xəbər saldı. Bir anda bütün kəndin camaatı ayağa qalxdı. Piçənisi də axtardılar, bütün evlərə, tövlələrə baxdılar, mərəkləri gəzdilər. Giləni gördüm deyən olmadı.
Atamın əmisi uşaqları atlarına minib sağa-sola çapdılar, onlar da tapmadılar. Bir dəstə atlı, atam da dəstənin başında, üz tutdular Xaçın yalına, Piçənisə bağlı kəndə. Orda yaşayan böyük Xəlillər nəslinə haray saldılar, Xəlillər də hamı bir nəfər kimi tökülüşdülər bayıra, hərə bir tərəfə istiqamət aldı. “Gilə, Gilə” fəryadı yurdu başına götürdü. Hətta binəmiz ilə qarşı-qarşıya, Piçənis çayının o biri üzündəki Ardıclı kəndinə də xəbər gedib çatdı, orda da axtardılar, halbuki hamı başa düşürdü ki, Gilə çayı üzüb qarşı tərəfə keçə bilməzdi, belə şey mümkün olmazdı.
Anam bir neçə dəfə huşunu itirdi, özünə gətirdilər. Ayılıb “Ay Gilə, ay Gilə” deyə nalə çəkə-çəkə atdı özünü adamların qabağına, “tapdınızmı?” deyə. “Tapın mənim Giləmi, məni Giləsiz qoymayın” deyə fəryad edirdi. Heç kəs də deyə bilmirmiş ki, tapmadıq, tapa bilmədik. Hamı ondan gözlərini qaçırırdı, mən də hər kəsdən gözlərimi qaçırırdım, heç kəsin üzünə baxa bilmirdim. Ən çox da anamın, çalışırdım görməsin məni, gözünə görünməyim.
Axtarışlar sabaha qədər davam etdi.
Hələ gecədən şiddətli qar başlamışdı. Biz ona boran, tipi deyirdik. Küləyin bir istiqaməti olmazdı, qar dörd tərəfdən, altan da, üstdən də vurar, göz açmağa imkan verməzdi. Bax, belə bir qar başlamışdı. Başlamışdı, olan-qalan umudumuz da qalmışdı qarın altında. Axtarışlara bizim izcilər, iz axtarmaq, tapmaq üzrə xüsusi istedadı olan adamlar – ağsaqqallar, ovçular da qoşulmuşdu. Amma qar yağdığına görə Gilənin izinə düşmək də mümkünsüz olmuşdu. Şaxta da düşmüşdü bəlkə mənfi on, on beş dərəcəyə.
Yenə də təslim olmurdu bizim yurdun camaatı. Səhər Dərə yurdunun ətrafındakı yerləri, Qulvarın meşəsini gəzdilər. Qulvarın zağası adlanan böyük mağara vardı meşənin içində, küy eləmirəm, bəlkə də min qoyun sığardı o mağaraya. Orada da axtardılar, tapa bilmədilər. Camaat qalxdı Ağqayanın ətəklərinə, Sallıqın döşünə, Şaverdi düşənə, Xaçın yalının ətrafına, ta Pəri bulağına qədər baxmadıqları yer buraxmadılar. Gilə tapılmadı ki, tapılmadı.
Səhərə qədər yatmayan anam da evə yığışmırdı, qalmışdı qapılarda, gələn-gedənə yalvarırdı, soraqlayırdı. Günlər də gödək, hava şaxta, qar tökür. Altına baxılmayan kol dibi qalmadı. Giləni Dərəyurdu binəsinin ətrafındakı ağac çırpılarının altında, kolların arasında axtardılar. Tapmadılar. Qoca ağacların içindəki koğuş dediyimiz oyuqlara da baxdılar, orda da tapmadılar.
Giləni axtarmayan qalmamışdı. Xəlillər, avazlar, misçilər - hamısı axtarışa qoşulmuşdu. Çorman kəndi, Ardıclı, Ərikli, Qurdqəji kəndləri “Gilə, Gilə” deyə yollara düşmüşdülər. Böyüklərdən eşidirdim ki, Gilə əgər Qurdqəji tərəfə üz tutubsa, ordan çətin ki, sağ çıxa. Orda, dağın ətəyində tala kimi yer, açıqlıq vardı, ora qurd yolu kimi bilinirdi. Əgər heyvan qalsaydı, qurdlar mütləq onu yeyərdilər.
Ağlasığmaz uzaqlıqda da axtarırdılar Giləni, umudsuzluqdan, çarəsizlikdən elə yerlərdə axtarırdılar ki, Gilə istəsəydi də o soyuqda gedib oralara çıxa bilməzdi. Qalın palıd meşələrində, qıjıkimilərin sıx bitdiyi yerlərdə, Gərdənin bu üzündə, Qızılqayaya gedən yerlərdə, ta Alçalıqda, Cidələrə qədər olan məsafələrdə axtarırdılar. Qarapalçıq, Xevin dərəsinə qədər gedib çıxmışdılar, Dəflər binələrində soraqlamışdılar.
İkinci gecə idi ki, axtarışlar ara vermirdi. Anam bircə dəfə gözünü yummamışdı, paltarını soyunmamışdı. Atam onu zorla evə salırdı ki, heç olmasa bir az isinsin, arvad dəli kimi olmuşdu. Dəli kimi nədir, elə dəli olmuşdu. Mələyə-mələyə atırdı özünü kolların dibinə, hər kolun altında Giləni axtarırdı. Kolları, budaqları aralamaqdan dırnaqları qopmuşdu, barmaq ucları açılmışdı, qan barmaq uclarında laxtalanıb donmuşdu. Amma ağrı-acı hiss eləmirdi, günlərdir dilinə su, yemək dəymirdi. Qonşu arvadlar gəlib zorla ona yemək yedirtməyə çalışırdılar, onların da əlindən qopub qaçırdı. Deşilmiş çarıqlarını da imkan vermirdi ki, dəyişsinlər. Gilənin gəlinciyini də sinəsinə sıxmışdı, üstündə gəzdirirdi, bir an ondan ayrılmırdı.
Atam demişdi ki, ananda gözün olsun, yanından ayrılma. Mənim də işim çox çətin olmuşdu, həm anamı addım-addım izləməliydim, həm də gözünə görünməməliydim. Onsuz da gözü heç kəsi görmürdü. Gilə itən üçüncü günün səhəri, bircə dəfə məni görən kimi oldu, onda da sifəti qara buluda döndü, qışqırdı ki, “Gözüm görməsin səni bala, allah sənə lənət eləsin! Hanı Gilə, Əşrəf! Hanı?! Sənə tapşırmışdım axı onu”...
Mən isə məhkum idim onu təqib etməyə, onun girdiyi kol diblərinə onunla birgə girməyə. Arvadlar anamın əlinə əski bağlamışdılar, əski qan içində olmuşdu. Ağlaya-ağlaya anamla bir yerdə kolların diblərinə baxırdım, anam hara getsə, neynəsə onu təkrar edirdim. Ona görə mənim də barmaq uclarım açılmışdı, dırnaqlarım ətdən aralanmışdı, şaxta imkan vermirdi qanım axıb getsin, isti qanım buzlu laxta kimi barmaqlarımın ucunda donub qalırdı.
Bilmirəm necə oldu, qəfil üzünü mənə çevirdi, hardasa qabaqlaşdıq. Hansısa kolluqda eşələnirdik, fəryad edirdi anam, ağı deyirdi. Birdən mən tərəfə baxdı, barmaqlarımı gördü. Gözündəki qəzəb mərhəmətlə əvəzləndi, tələmtələsik, acıqla əlindəki sarğını açdı, etirazıma məhəl qoymadan öz qanlı əskisi ilə, mənim əlimi sarıdı, sonra da heç nə olmamış kimi, ağı deməyə ara vermədən atdı özünü növbəti kolluğun içinə.
Axtarışların dördüncü günü ağsaqqallar qərar verdilər ki, hər gün bir kəndin camaatı bütün yurdu gəzib axtarsın. Bir gün Çorman camaatı, bir gün Şam kəndinin cavanları. Axtarışlar ara vermir, lakin Gilənin izinə, tozuna rast gələn olmurdu. Bütün çobanlar da sürü otarmaq yerinə dağlarda, dərələrdə Giləni axtarırdılar.
Bu müsibətin ortasında mənə povestka gəldi. Giləni artıq bir həftə idi axtarırdıq. Anam solmuşdu, ayaq üstə dayana bilmirdi, dayanırdısa da, Giləni tapmaq umudunu itirmədiyi üçün özündə güc-təpər tapıb ayaqda dururdu. Dörd qardaşdan üçü cəbhədə ola-ola, öldüsü-qaldısı bilinməyə-bilinməyə, dördüncü oğula da povestkanın gəlməyi heç kəsin gözünə görünmədi, bundan daha dəhşətli bir hadisə camaatın başını qatmışdı. Əslində mən qalxıb komissarlığa getməliydim, əlimdə povestka ola-ola bu qədər gecikdirə bilməzdim, amma komissarlıqda da vəziyyətdən xəbərdardılar deyə, bir neçə gün mənə toxunmadılar. Amma gün gəldi, artıq onlar da yubana bilməzdilər, odur ki, dalımca gəldilər.
Yadımdadır, yuxusuz gecələrin növbətisi səhərə qovuşurdu, kəndin sovet sədri Səlim kişi yanında üç ağsaqqalla gəldilər bizim qapıya. Atamı səslədilər bayıra. Utanaraq, bükülə-bükülə dedilər ki, “Ay Novruz kişi, bilirik vəziyyətiniz necə ağırdır, amma Əşrəf də getməlidir. Bu gün də qalsın, sabah cəbhəyə yola düşəcək.”
Anam o haldaydı ki, heç başa düşmədi, bilmədi nə baş verir - kim gedir, hara gedir, niyə gedir. Hazırlaşmaqda atam mənə kömək elədi. Yenə də hər kəs dağlarda, meşələrdə, dərədə idi, Gilənin axtarışları səngimirdi, bircə mən qoşula bilmirdim, səhər cəbhəyə yola düşürdüm deyə hazırlaşırdım.
Beləcə axşam düşdü.
Yerimə uzanıb, üzümü divara çevirmişdim. Əlbəttə yatmamışdım, hər şeyi eşidirdim. Yorğun və nəticəsiz axtarışlardan qayıdan anam buxarının yanında divara söykənmişdi. Gilənin gəlinciyini sinəsinə sıxıb için-için ağlayırdı. Deyəsən, artıq məni də itirməkdə olduğunu başa düşmüşdü, bu həqiqət ona agah olmuşdu. Otuzluq lampanın da odu qısılmışdı. Anam ağladıqca, mən də ağlayırdım. O isə elə bilirdi ki, yatmışam, heç nə eşitmirəm. Hıçqırıqlarımı çətinliklə içimdə boğurdum, oyaq olduğumu anamın bilməyini istəmirdim.
Birdən hiss elədim ki, başımın üstündə kimsə var, anamın hənirtisini eşitdim, yanıma yaxınlaşmışdı. Çiynimdən sürüşən yorğanı boynuma qədər qaldırıb üstümü örtdü, gəldiyi kimi də sakitcə öz küncünə qayıdıb, ağlamağa davam etdi.
Bu da bizim vida gecəmiz oldu.
Səhər sübhdən, kəndin bütün arvadları evimizə yığışmışdı, məni yola salırdılar. Hamı ağlaşırdı. Torbamı çiynimdən salladıb qapının ağzında dayanmışdım. Xaçın yalından dayılarım gəlmişdilər, onlar atamla bir yerdə məni Laçına, komissarlığa aparmalıydılar. Atam lap bükülmüşdü, addım atmağa halı qalmamışdı.
Qapıya anam çıxdı. Ona yaxınlaşıb yaxınlaşmamaqda tərəddüd edirdim. Əlimə sarıdığı qanlı əski, hələ də əlimdə idi. Özümdə güc tapıb ona doğru bir addım atdım, qucaqladım, yanaqlarından öpdüm. Ağlamaqdan dilim söz tutmurdu, nəsə demək istəyirdim, amma bilirdim ki, heç bir sözün faydası olmayacaq...
Əşrəfin gözündən iki damla yaşın gilləndiyini gördüm. Skamyanın belinə söykənib, əli ilə seyrək saqqalını sığallayan Jan da onun ağladığını gördü. Yanımda kimsə ağlayanda dözə bilmirəm, çünki nə deyəcəyimi bilmirəm, bütün proqramım pozulur, çaşıb qalıram. Dodaqlarımı möhkəmcə bir-birinə sıxdım, ananın sürüşən yorğanı oğlunun üstünə örtməyi səhnəsi məni kövrəltmişdi, özümü çətinliklə saxlayırdım.
Əşrəf dərindən bir ah çəkib dedi:
- Heykəl kimi qapının ağzında dikilən anam, diqqətlə gözlərimin içinə baxdı. Xeyli baxdı, baxdı, nəhayət dodaqları tərpəndi, ağzı aralandı və dedi ki, “haqqımı sənə halal eləmirəm Əşrəf. Sən ki, Giləni itirdin, səni də görüm ilim-ilim itəsən. Get, bir də gözüm səni görməsin”. Bunları dedi və arxasını çevirib, qapıdan içəri keçdi, damın içində yox oldu.
Anamı son dəfə görürdüm.
***
- Ondan sonra valideynlərinizdən, doğmalarınızdan xəbər almadınız? - soruşdum. Buna heç cəhd də etmədiniz?
Qəsrdən çıxıb, tələsmədən köhnə şəhərin küçələri ilə sahilə sarı enirdik. Yanından keçdiyimiz qədim evlərin eyvanlarını bəzəyən qızılgüllərin qoxuları bir-birinə qarışmışdı, küçələrdə qoxuların gözəgörünməz rəqsi vardı.
- Yox, etmədim.
- Əşrəf dayı, axı niyə?
- Gilənin acısını indiyə qədər ürəyimdə gəzdirirəm, oğlum. Hansı üzlə qayıda bilərdim? Yoxsa, mən İsveçrəyə niyə gəlirdim, elə qayıdardım sovetə. Mən güllələnməkdən qorxmurdum, onsuz da sonralar, əllinci illərin axırlarında öyrəndim ki, heç də hər əsirlikdən qayıdanı güllələmirmişlər, xeylisi sağ qalıbmış. Əsirlik vaxtı özünü necə apardığına, nemeslərlə münasibətlərinə baxırdılar əsas. Mənim kimi Azərbaycandan gəlmiş kənd uşağı soldatı kim idi güllələyən, sürgün edən? Doğma yurduma qayıtmaq ehtimalı az deyildi. Mən özüm istəmirdim qayıtmaq, qayıdıb nə edəcəkdim? Birdən qayıdıb eşidəydim ki, qardaşlarımın hamısı, ya ikisi, ya da biri ölüb? Qara kağızı gəlib? Onda nə edərdim? Gilənin də dərdi bir yandan...
- Bəlkə də onların sizə ehtiyacı olub – Jan düşüncəli halda dedi. Bəlkə doğrudan da qardaşlarınız qayıtmayıb və valideynləriniz sizi gözləyib.
- Bilmirəm, hər halda mən qayıtmadım. İndiyə qədər də buna peşman deyiləm.
- Deyilsiniz?! - Jan inana bilmirdi. Elə mən də.
- Yox, deyiləm. Anam məni qarğış eləmişdi, o qarğışdan sonra qayıdıb, anamın qarğışını yalan çıxarmaq istəmirdim. Düşündüm ki, öldüyümü bilmələri daha yaxşıdır, ancaq ölümüm onların gözündə mənə bəraət verə bilərdi, Gilənin itkisini mənə bağışlayardılar.
- Bu ki, çox qəribədir - Jan iki iri addımla bizi ötüb qabağımızda dayandı. Siz qayıtsaydınız, onlar elə sevinərdilər. Bacınızın ölümündə sizi heç kəs günahlandırmazdı. Əksinə, sizin gəlişiniz, dırnaqarası günahınızı bağışlayardı - Jan dedi və qəmbər daşlara baxa-baxa yeriməyə davam etdi. Mən belə edərdim. Siz özünüzü çox və sərt cəzalandırırsınız.
Biz meydana daxil olduq. Qarşıda göl, sol tərəfdə vağzalın yaraşıqlı binası görünürdü. Əşrəf sakitcə dedi:
- Əlbəttə, cəzalandırıram. Anamın mənə etdiyi lənəti unuda bilmirəm. Heç çıxmır sözləri yadımdan. Mən bu dərdi özümlə məzara aparacam. Yaşımı nəzərə alsaq, çətin ki, bu əhvalatı mənim qədər içdən, acı ilə xatırlayanlar qalıb dünyada. Mən Gilə üçün ağlayan sonuncu adamam. Belə hiss eləyirəm.
Əşrəf saatına, sonra da bədəni ilə sola dönüb vağzal binasına baxdı.
- Qatarım on dəqiqə sonra gedir. Sən gəlirsən, yoxsa qalırsan, Əli oğlum?
- Yox, qalıram Əşrəf dayı. Janla bir az da pivə içəcəyik.
- İçin, için hələ ki, cavansınız - Əşrəf gülə-gülə başını yırğaladı. Mənim yaşımda istəsəniz də içə bilməyəcəksiniz.
Əşrəfin sol tərəfə meyl etdiyini görüb:
- Sizi yola salaq, Əşrəf dayı.
- Əziyyət çəkməyin. Həm də qatarın ağzına qədər uğurlanmaqdan xoşum gəlmir. Bakıdan qatara minib cəbhəyə yollandığım gün yadıma düşür. Hərçənd məni uğurlayan, dalımca əl sallayan olmamışdı... - təəssüflə gülümsündü. Bülaxa yolunuz düşsə, ikiniz də bizə qonaq gəlin. Adresim də rahatdır. Vağzaldan üzü aşağı küçə ilə gəlirsən, Bahnhofstrasse on beş, iki mərtəbəli evdir. Birinci mərtəbəsi geyim mağazasıdır, yuxarı mərtəbə bütöv bizim evimizdir, pəncərələrimiz elə ana yola baxır.
- Cib telefonunuz yoxdur, Əşrəf dayı? - maraqlandım.
- Mən ona heç öyrəşə bilmədim, oğlum. Köhnə adamam deyəsən. Kimdir mənə zəng eləyən? Nə gözüm görmür o qədər yaxını, nə də başım çıxmaz cib telefonundan. Adresimi bilirsiniz, nə vaxt istəsəniz gəlin, heç çəkinməyin. Kristina sizə kəklikotulu çay dəmləyər.
Onunla qucaqlaşanda, kürəyimi sığallayan sağ əlinin titrədiyini hiss etdim. Elə bil kürəyimə yüngül, amma aramsız vururdu.
- Səni tanımağıma çox məmnun oldum, Əli oğlum.
- Mən də, Əşrəf dayı. Biz hələ çox görüşəcəyik.
Əşrəf mənə son dəfə gülümsədi və vağzala aparan yeraltı keçidə doğru ağır-ağır yeridi.
***
Biz Janla bu dəfə terassası olan bir kafedə oturmuşduq. Hava xeyli mülayimləşmişdi, saat axşam yeddiyə yaxınlaşırdı. Yarım saat dinib-danışmadan Sürix gölünə baxa-baxa pivələrimizi içdik.
Sükutu Jan pozdu:
- Onun qohumlarını tapmaq olar?
Çiyinlərimi çəkdim:
- Yəqin ki, olar. Mənim Bakıda bir laçınlı tanışım var. Əslində Əşrəflə görüşdüyüm andan, ayrılana qədər o adam ağlımdan çıxmırdı. Çünki Laçınla assosiasiya olunan yeganə tanışımdır. Reklam şirkətində dizayner işləyir. Amma mən bilmirəm, onun Əşrəfə necə köməyi dəyə bilər? Qohumlarını tapa bilər, tapa bilməz? Bir də gördün elə özü qohumu çıxdı - yorğun halda güldüm.
- Hər şey ola bilər - Jan da güldü və tez ciddiləşdi. Təsəvvür et, nə boyda iş görmüş olarsan. Hekayəsi məni çox sarsıtdı, məncə, əlindən gələni etməlisən.
- Tay bunu sən də deyirsənsə, mütləq etməliyəm.
- Ciddiyəm! Adam illərdir doğmalarını görmür. Baxsana, gözün də onun saatında qalmışdı. Öz qolundakı bahalı saat sənə bəs eləmir?
- İsveçrədə İsveçrə saatı taxmağa nə var? - dedim. Hünər odur ki, İsveçrədə köhnə “Slava” taxasan. Yox, zarafat eləmirəm, atamda da eynisi vardı. Ölümündən sonra, nifrət etdiyim bibim onu özünə götürdü. Travma almışam, başa düşürsən, travma!
- Aydındı. Onda travmalı dostuma bir pivə də gəlsinmi?
5
Həyat normal axarına dönmüşdü. Dönmüşdü deyəndə, Əşrəflə tanışlığımı hesaba qatmasam, heç axarından çıxmamışdı da. İsveçrə sürprizlərlə dolu ölkə deyil, burada yetmiş il də yaşayıb təəccüblü, qeyri-adi heç nə görmədən ölmək mümkündür.
Əşrəfi nəinki unuda bilmirdim, daha dəqiqi onu unutmaq istəmirdim. Bir vəfa borcum vardı elə bil, özümü üzərimə hansısa mükəlləfiyyət götürmüş kimi hiss edirdim, amma bilmirdim nəyə.
“Sənə bir söz deyəcəm, amma indi yox, sonra” deyib adamı həyəcan və gərginlikdə saxlayanları, onları necə öldürmək istədiyimizi yadınıza salın. Bax, mən də o vəziyyətdəydim. Sanki hardansa bir xəbər gözləyirdim, gözlədikcə də ürəyim üzülürdü.
Rapperswil əhvalatının üstündən on gün keçmişdi, işlərimə qaldığım yerdən davam etmişdim. Əlimdə Bakıda bir ədəbiyyat jurnalı üçün povest tərcüməsi vardı. Bir həftə evdən çıxmadım, onu bitirdim. Həftəsonu da uşaqlarla Luzern şəhərinə, basketbol turnirinə getdim. Həm uşaqların basketbol komandası qalib gəlmişdi, həm də Luzerni çox sevirəm deyə, şənbə günümün məhsuldar keçdiyinə qərar verdim.
Növbəti həftə eyni gərginlik, bu dəfə daha da şiddətlənərək üstümə çökdü. Əşrəf ağlımdan heç çıxmırdı. Facebookda gəzişəndə Ülvinin, məndə Laçınla assosiasiya olunan tanışımın bir reklam çarxı paylaşdığını gördüm. Jana verdiyim sözü xatırladım. Axı, mən Əşrəf üçün nəsə etməliydim. Əlbəttə, məni narahat edən, gərginlikdə saxlayan da verdiyim bu söz idi. Daha doğrusu Jana söz verməsəydim də, Əşrəf üçün nəsə etməliydim. O, bunu məndən istəməmiş olsa belə.
Ülvini xətdə görüb, vaxtının olub-olmadığını soruşdum. “Buyur, vaxtım var” cavabını alan kimi, bir nəfəsə, bütün əhvalatı ona yazdım - Əşrəflə qatarda necə tanış olduğumu, çəkdiyi kəndlərin adlarını, özünün də Piçənisdən olduğunu, ondan əvvəl üç qardaşının cəbhəyə yollandığını, beş yaşlı bacısını itirməyini. Xatırladığım hər şeyi yazdım, hətta cüyürlərə Laçında əlik deyildiyini də.
Ülvinin cavabı gözlənilən oldu. Əşrəfin hekayəsi ona maraqlı görünsə də, adını çəkdiyim kəndlər və cüyürlərin məhəlli adı haqqında heç nə bilmədiyini, Laçını son dəfə beş yaşı olanda gördüyünü yazdı. Son sözü də bu oldu ki, “atamdan soruşub dəqiqləşdirərəm”.
Elə bil üstümdən yük götürüldü. Qalırdı Ülvidən cavab gözləmək. Hətta bir ara ağlıma gəldi ki, Əşrəfgilə gedim, bu xoş xəbəri ona deyim. Lakin ortada hələ heç bir nəticə yox idi, Ülvi mənə bir cavab yazmamışdı, Əşrəfin qapısına dikilib ona nə deyəcəkdim?
İki gün sonra, Bülax qəsəbəsindən qatarla keçəndə, Əşrəfi görmək arzum bir az da şiddətlənmişdi, qatardan enməmək üçün özümü saxlamışdım.
Ülvi dörd gün sonra cavab yazdı. Yazırdı ki, atası soraqlaşıb və Əşrəfin Piçənisdən olan yerlilərini tapıb. Bu nəsil də doxsan ikinci ildə qaçqın düşən bütün laçınlılar kimi Bakı, Şəki, Bərdə ərazisinə səpələniblər. Atası bir nəfərlə görüşüb də. Həmin şəxs iddia edirmiş ki, Əşrəf guya onun anasının əmisidir. Yəni doğmaca babasının qardaşı. Həmin adamın adı Asəfmiş, maşın ticarəti ilə məşğul imiş. Ülvinin yazdığına görə, Asəf atası ilə görüşəndə çox həyəcanlanıb, hətta ağlayıb. Gilənin, itən uşağın əhvalatını onların nəslində bilməyən yoxmuş. Etiraz etmirəmsə, Ülvi mənim nömrəmi Asəfə vermək istədiyini də yazmışdı.
Telefon nömrəmi verməsində razı oldum. Hərçənd, bilmirdim mənə zəng etsələr, Əşrəfin ünvanını verməkdən başqa onlara nə cür kömək edə bilərəm?
Asəf elə həmin axşam zəng elədi. Səs tonu kobud olsa da, mümkün qədər nəzakətlə danışmağa çalışırdı. Yenə də emosiyalarına nəzarət edə bilmirdi, arada həyəcanlanıb səsini yüksəldirdi. Onunla empatiya qurub vəziyyətini başa düşməyə çalışırdım. Lakin Asəfin olduğu yerə yığışmış azı iyirmi adamın səs-küyündən, onu eşidə, eşidəndə də anlaya bilmirdim. Yaxşı ki, iki dəqiqə sonra, vəziyyətin nə yerdə olduğunu özü də başa düşüb ”bir dəqiqə sakit olun da! Kişini eşitmirəm axı!” - deyə, qışqırdı.
İyirmi adam susdu, indi Asəfdən başqa heç kəsin səsi gəlmirdi. Asəfin sözünü yerə salmadıqlarına görə, mən də onlara ürəyimdə “çox sağ olun” dedim.
- Əli müəllim, eşidirsiniz, biz onun qohumlayırıq. Hamımız piçənisliyik. Siz allah bağışlayın, hamı həyəcanlıdır. Bütün qohum-əqraba yığışıb bizə. Onun heç qara kağızı da gəlməmişdi o vaxt. Anam deyirdi ki, rəhmətlik Yetərin, Əşrəfin anasının ürəyinə damıbmış ki, oğlu sağdır. Nə isə, Əşrəf əmi ilə necə danışmaq olar? Bağışlayın, sizi də narahat edirik.
Mənə “müəllim” deyiləndə, özümü kvadrat bığlı və qalstuklu hiss etsəm də, bunu Asəfə demədim:
- Yox, narahat etmirsiniz. Onunla necə danışmaq olar... açığı, məndə telefon nömrəsi yoxdur. Amma ünvanını bilirəm.
- Əli müəllim, problem deyil, məndə altı aylıq şengen vizası var. Ora gəlsəm, yaşadığı yerə gedə bilərik?
- Siz İsveçrəyə gəlmək istəyirsiniz?
Bilirdim ki, belə bir ehtimal var, amma belə tez gözləmirdim.
- Hə, hə, istəyirəm. Şengen vizam var, Almaniya səfirliyindən almışam. Ayda bir-iki dəfə Almaniyadan Bakıya maşın gətirirəm, ona görə həmişə vizam olur. Qohumlar da qərar verdilər ki, məndən yaxşı namizəd yoxdur getməyə. Əşrəf əmini görməyə məni göndərirlər. Günü sabah uçub gələ bilərəm ora. Siz Sürix şəhərindəsiniz?
- Bəli.
- Bağışlayın, sizi də narahat edirik. Sabah gələ bilsəm, məni qarşılayarsınız?
- Sabah? - müsahibimin intensivliyi nəfəsimi kəsirdi, mən özüm də astagəl adam sayılmıram, amma operativliyin beləsinə də öyrəncəli deyiləm. - Sabah işim yoxdur, bütün günü evdə olacam. Bəs siz... sabaha bilet tapa bilərsiniz?
- Taparam, taparam. İnternetə baxacam indi. Bir-iki saata dəqiq bir söz deyərəm sizə.
Asəf yarım saat sonra zəng edərək Türk Hava Yollarının təyyarəsi ilə, sabah axşam yeddidə Sürixdə olacağını dedi. Mümkünsə onu qarşılamağımı xahiş etdi. Mən də söz verdim ki, sabah axşam yeddidə hava limanındayam.
Asəfin tələskənliyini başa düşmək çətin deyildi. Həqiqətən böyük hadisədir bu nəsil üçün. Yeddinci onillikdir ki, itkin düşmüş qohumlarından xəbər ala bilmirlər. Deməli insanları qovuşdurmaq bu qədər asan imiş. Ülviyə yazdığım bir ismarıcla yetmiş ildir ayrılanlar qovuşacaqdılar. Özümü xeyli rahatlamış hiss edirdim.
Asəfdən otel rezervasiyası edib-etmədiyini dəqiqləşdirməyi unutmuşdum. Eybi yox, etməyibsə də bizdə gecələyə bilər. Bizdə niyə? Əşrəf onu harasa buraxandı ki?
Böyük qovuşmaya iyirmi dörd saatdan az vaxt qalırdı. Əşrəf üçün hazırladığım sürprizə görə özümdən çox xoşum gəlirdi.
***
Sürix havalimanının qarşılama zalında onu görən kimi tanıdım. Əşrəf kimi hündürboy, qarayanız, iri burunlu adamın Asəf ola biləcəyinə qərar verib, əmin addımlarla ona yaxınlaşdım.
- Əli müəllim! - Məni möhkəm qucaqlayıb öpdü, əlimi uzun-uzadı sıxdı. Çox sağ olun, var olun! Vallah, həyəcandan bu yolu necə gəldim bilmirəm.
- Siz sağ olun, - əlimdə olmadan güldüm. Baqajınız elə bu qədərdir? - “NBA” yazılmış tünd mavi idman çantasına baxıb soruşdum.
- Hə, elə budur. Əli müəllim... Necə fikirləşirsiniz, Əşrəf əmi mənimlə Bakıya uçmağa razı olar?
Biz, havalimanı binasından çıxıb, avtobus dayanacaqlarına sarı gedirdik. Beş yüz otuz nömrəli avtobus Bülax qəsəbəsində, düz Əşrəfin tərif etdiyi binanın qarşısında saxlayırdı.
- Bakıya uçmaq? Bilmirəm, səhhəti buna imkan verərmi? Həm də özü bunu istəyərmi? Heç nə deyə bilmərəm.
- Kaş razı olaydı, inanırsınız, indiyə qədər özümüzə gələ bilmirik. Bütün qohumlar tökülüşüblər Bakıya, bizim evə. Məndən xəbər gözləyirlər.
- Başa düşürəm - sakitcə dedim. Bir az səbr edin, yarım saat sonra bütün suallarınıza özü cavab verəcək.
- Təki, təki - Asəf dedi və yan-yörəsinə baxdı. Birinci dəfədir Sürixə gəlirəm. Çox vaxt Frankfurtda, Düsseldorfda oluram, maşınları ordan alırıq.
- Neçə ildir bu işlə məşğulsunuz? - soruşdum və avtobus dayanacağına işarə elədim - ora getməliyik.
Asəf çantasını bir çiynindən o birinə keçirdi, addımlarını sürətləndirdi.
- On ilə yaxındır. Özüm iqtisadiyyatı qurtarmışam, amma özünüz də bilirsiniz ölkədə vəziyyət necədir. Gördüm yönlü bir iş tapa bilmirəm, bu biznesə girişdim. Hardan-hara! Kimin ağlına gələrdi ki, Əşrəf əmi gəlib İsveçrəyə çıxar.
Biz avtobusa minib, pəncərə kənarında üzbəüz əyləşdik. Asəfin əynində ağ rəngdə qısaqol, üçdüyməli köynək və cins şalvar vardı. Həm danışır, həm də ətrafa göz gəzdirirdi.
- Sürix sən deyən böyük şəhər deyil deyəsən?
- Balaca da deyil. Bir milyona yaxın əhalisi var.
- Deməli siz Əşrəf əmi ilə təsadüfən tanış olmusunuz?
- Hə, təsadüfən. Qatarda tanış olduq, sonra da axşama qədər bir yerdə gəzdik, söhbətləşdik.
Asəfin gözləri doldu. Həyəcanla:
- Sizə hər şeyi danışdı? - soruşdu.
- Hər şeyi deyəndə ki, müharibə illərini, İsveçrəyə necə qaçdığını, axırda da Gilənin əhvalatını danışdı.
Asəf, qəfil nəsə yadına düşübmüş kimi çantasının ağzını açdı, içindən bir qalın dəftər götürüb arasından foto çıxartdı.
- Bu, mənim Yunus babamdır. Anamın atası, Əşrəfin də qardaşı. Oxşayırlar?
Fotodan hündürboy, qara kostyumlu, sərt baxışlı, altmış-yetmiş yaşlarında bir kişi mənə baxırdı. Mənə sovet dövrünün müəllimlərini xatırlatdı. Əşrəfə əlbəttə oxşayırdı, hətta çox oxşayırdı. Buna təəccüblənmədim.
- Çox oxşayır, bəli.
- Böyüklərimiz də həmişə deyərdilər ki, rəhmətlik Əşrəf kopya babana oxşayırdı - Asəf kədərli təbəssümlə fotoya son dəfə baxıb, onu yerinə, dəftərin arasına qoydu. - Gec çatarıq?
- Yarım saatlıq yolumuz var - gülə-gülə dedim. Narahat olmayın, çatacağıq. Üç qardaşı cəbhəyə getmişdi...
- Hə, hamısı sağ-salamat qayıtdılar. Salamat deyəndə ki, ikisi yaralanmışdı, amma hamısı da çox yaşadılar. Axırıncı ölən mənim babam olub, o da yüz üç yaşında. Bizimkilər uzunömürlü olur maşallah - Asəf güldü.
- Bu xəbərə çox sevinər - dedim. Qardaşlarının üçünün də cəbhəyə getdiyini, onlardan bir xəbərinin olmadığını tez-tez təkrarlayırdı.
- Ona Bakıdan bilmədim nə gətirim. Vaxtım da çox deyildi ki, dükan-bazarı gəzim. Aeroportdan paxlava aldım - Asəf çantadakı “Bakı paxlavası” yazılmış qutunu mənə göstərdi. - Yaşlı adamdır, məncə şirniyyat yeməz, hə? Ağır gələr ona.
“Ağır gələcəksə, onda niyə almısan?” deyəcəkdim, demədim.
- Bir söz deyə bilmərəm. Mənim yanımda şirni yeməyib. Çayı da yavan içmişdi səhv etmirəmsə.
- Olsun, kiməsə hədiyyə eləyər - deyə, Asəf, cibindən çıxardığı dəsmalla alnının tərini sildi.
Özünə yer tapmırdı, gah köynəyinin düymələri ilə oynayır, gah “NBA” çantasının içinə baxırdı. Birdən soruşdu:
- Elə şey ola bilər ki, qohum-əqrabadan heç kəsi görmək istəməsin? Birdən xoşuna gəlməz ki, Bakıdan durub gəlmişəm. Belə, pis çıxmaz? “Xoş gəlmişəm, mən sizin qohumunuz Asəfəm”. Hə, pis çıxmaz?
- Pis niyə çıxmalıdır axı? - təəccübləndim. Düzdür, sizinlə görüşmək onun öz təşəbbüsü deyil, amma mənimlə danışanda bilməliydi ki, dinc dayanan deyiləm, Bakıda onun qohumları haqqında maraqlanacam.
- Hə, o da düzdür. Sağdırsa indiyəcən, bəs necə olub bizi axtarmayıb, vətənə gəlməyib. Çox qəribədir, çox.
- Dediyinə görə üzü gəlmirmiş vətənə getməyə. Giləyə görə çox xəcalət çəkir, özünü bağışlaya bilmir.
- Əşi, indi olub bitib də. Gör neçə il keçib, ay sənə qurban olum? Gilə ölüb deyə, indi sən də ölməlisən? - Asəf başını bulaya-bulaya Sürix mənzərələrinə baxırdı.
- Bağışlayın, siz hansısa oteldə qalacaqsınız, yoxsa necə? - bayaqdan soruşmaq istədiyim, amma çəkindiyim sual.
- Otel? - bir qədər düşündü. - Mən otel tutmamışam düzü, amma problem deyil. Ordan çıxandan sonra baxarıq.
- Yəni bizdə də gecələyə bilərsiniz. Bunu demək istəyirdim.
- Çox sağ olun, Əli müəllim. Sizi bizə Allah göndərdi, var olun.
- Dəyməz və xahiş edirəm, mənə müəllim deməyin. Əli kifayətdir.
***
Bülaxa çatana qədər Asəf azı on dəfə mənə öz və bütün qohumları adından təşəkkür etdi. Hər keçən dəqiqə, onu bir az daha hövsələsiz edirdi. Onun emosionallığına köklənib eyni ovqata düşə bilmirdim deyə, smartfonumda xəbərlər oxumağa başladım. Arada bir başımı qaldırıb, nəzakət xətrinə, həyacanlı ibarələrini təsdiqləyirdim.
Yarım saat sonra avtobus Əşrəfgilin binasının qabağında, Sonnenhof dayanacağında saxladı. Avtobusdan enib yolu keçdik, altında paltar mağazası olan iki mərtəbəli binanın giriş qapısını tapmaq üçün sağdakı dalana döndük. Qapıda yalnız bir poçt qutusu və zəng düyməsi vardı. Hər ikisinin üstündə, xırda hərflərlə “Kristina və Martin Müller” yazılmışdı. Özümdən əmin tərzdə zəngi basdım.
- Yadımdan çıxdı sizə deyim ki, İsveçrədə adını dəyişib Martin edib və yoldaşının soyadını götürüb – Müller.
- İşə bax - Asəf əsəbi halda güldü. - Kimin ağlına gələrdi ki, Novruzun oğlu Əşrəf İsveçrədə Martin Müller olar?
Elektronik cəftənin xarakterik şaqqıltısı eşidildi, qapı açıldı. Biz dar, işıqlı pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq. Qapıda bizi artıq gözləyirdilər.
Frau Müllerin dümağ saçları, kənarları kəpənək qanadı formasında qara eynəyi, boz-mavi gözləri, əynində isə narıncı rəngdə, xırda ağ güllü paltar vardı. Nağıllardakı nənələrə oxşayırdı. Səksən yaşı olardı, özü də əsl yaşını göstərirdi. Frau Müller gülümsəyir, bir az da təəccüblə bizə baxırdı. İsveçrə dialektində soruşdu:
- Buyurun, kimi axtarırsınız?
Mən ədəbi almanca danışmağa məcbur idim, isveçrəlilərin ondan xoşu gəlməsə də:
- Salam Frau Müller. Adım Əlidir, sizin yoldaşınızla Sürixdə tanış olmuşdum, bir yerdə Rapperswilə getmişdik. Bu da Asəfdir - deyə sağımda dayanıb çəkingən tərzdə gülümsəyən Asəfi göstərdim. Əşrəfin Bakıdan gəlmiş qohumudur. Bağışlayın ki, xəbər vermədən gəldik, məndə sizin telefon nömrəniz yox idi. Əşrəf mənə ancaq ünvanı demişdi.
Kristina Müller əllərini birləşdirdi, sonra əlini saçına apardı, “hmm” kimi bir səs çıxardı və həyəcanla “deməli Əli sizsiniz” dedi.
- Hə, əlbəttə, buyurun, buyurun... Qapıda dayanmayın - kənara çəkilib bizə yol verdi və ayaqqabılarını çıxarmaq üçün əyilən Asəfə, - yox, yox çıxarmayın. Ayaqqabı ilə keçə bilərsiniz, - acı-acı gülümsədi. Martin də uzun illər evdə ayaqqabı ilə gəzməyə öyrəşə bilməmişdi. Axır ki, öyrəşdi. Buyurun, keçin. Sizin üçün Hochdeutsch-da danışmaq rahatdır, eləmi?
- Bəli, zəhmət olmasa. İsveçrə dialektini hələ öyrənə bilməmişəm. Amma söz vermişəm ki, öyrənəcəm.
Çoxdan eşitdiyim bir deyimi Kristina üçün təkrarlamağa çəkindim ki, birdən xətrinə dəyər. Deyim isə belədir: “Alman dili Almaniyada doğulub, Avstriyada xəstələnib, İsveçrədə isə ölüb”. Əlbəttə, heç nə demədim və nə yaxşı ki, susdum.
Biz olduqca işıqlı qonaq otağına daxil olduq. Küçəyə açılan dörd enli pəncərədən otağa gur işıq dolurdu. Otağın mebeli köhnə dəbli olsa da, çox zövqlü idi. Tünd yaşıl divanın belinə krujevalı nazik ədyal atılmışdı. Otağın ortasındakı yumru masanın üstünə də krujevadan süfrə salınmışdı. Bütün divarlar ağ-qara fotolu çərçivələrlə dolu idi. Çoxunda da iki nəfər əks olunmuşdu – Kristina və Martin-Əşrəf. Küncdəki komodun altındakı rəflərə üç-dörd butulka şərab və çeşidli bokallar, badələr düzülmüşdü, kamodun üstündəsə üç ədəd yaraşıqlı, keramika vazalar dururdu. Döşəməyə xalça sərilməmişdi, bircə divanın qabağına ensiz, qısa və rəngarəng palaz atılmışdı.
- Buyurun əyləşin - Kristina sıxıla-sıxıla dedi və bizə divanı göstərdi. Özü isə otaqdakı yeganə, divanla üzbəüz dayanmış kresloya oturdu. - Qonağınız almanca bilir?
- Kim? Asəf? - qonağa baxdım. Yox, Frau Müller, bilmir.
Gözlərini divardakı fotolardan ayırmayan Asəf adını duyan kimi, bizə baxdı.
- Sənin almanca bilib bilmədiyini soruşurdu. Dedim bilmirsən.
- Hə, yox, hardan bilim almanca? Almaniyada bir-iki söz öyrənmişəm ancaq. Bəs Əşrəf əmi evdə yoxdur?
- Frau Müller, Əşrəf... yoxsa Martin deməliyəm?.. O, evdədir?
Kristina qollarını çarpaz edib sinəsinə apardı, üzü çox kədərli bir görkəm aldı, seyrək qaşlarının ucları aşağı endi. Başını astaca bulayaraq:
- Axı, Martin öldü - dedi.
***
Axı, mən Əşrəfi iki həftə əvvəl görmüşdüm, çox salamat görünürdü. Necə ölə bilərdi? Asəf də nədənsə şübhələnmiş kimi baxırdı. Kristinanın “er ist gestorben” deməsindən, vəziyyətin sanki nə yerdə olduğunu anlamışdı, yenə də dəqiqləşdirdi:
- Nə deyir?
- Deyir Əşrəf rəhmətə gedib - köks ötürdüm.
Qafamın içində bir uğultu yaranmışdı, udqundum. Ağlamaq istədim. Mən onu iki həftə əvvəl görmüşdüm, sağ-salamat, zarafatcıl. Asəf isə çoxdan ağlamağa başlamışdı, bir göz qırpımında, məndən “Əşrəf rəhmətə gedib” sözlərini eşidən kimi. Bir əli ilə ağzını bağlamışdı, göz yaşları barmaqlarından süzülürdü. Elə bil ehtiyat edirdi ki, damcılar ağzına qaçar.
Kristina elə bir görkəm aldı ki, elə bildim o da ağlayacaq, amma o, sərinqanlılıqla dedi:
- Çox təəssüf edirəm. Qonağınız da ağlayır, yaxın qohum olublar?
- Əşrəf onun anasının əmisidir.
Kristina ayağa qalxdı, masanın üstündəki qrafindən stəkana su doldurub Asəfə uzatdı.
- Buyurun.
Asəf yaşlı gözlərini qadına qaldırdı, almanca “danke” deyərək stəkanı aldı və suyu başına çəkdi.
- Deməli, adı Asəfdir. Düzmü tələffüz edirəm? - Kristina təzədən kresloya əyləşdi.
- Bəli - könülsüz dedim, daha doğrusu ağzım açılmırdı, dilim söz tutmurdu. Şok keçirmişdim. Asəf də ağlamağa davam edir, hərdən “ay Allah, işə bax” deyirdi.
- Martin sizin haqqınızda danışmışdı mənə.
- Nə zaman öldü? - halsız dilləndim.
- İnanmayacaqsınız, Rapperswildən qayıdandan üç gün sonra. Üçüncü günün gecəsi çox rahat yatdı, səhər də ayılmadı. Çox rahat ölüm oldu, əziyyət çəkmədi. Ən böyük qorxusu idi ki, rahat ölə bilməz, həm özü əziyyət çəkər, həm də mənə əziyyət verər. Son zamanlar ürəyi sancırdı, təzyiqi qaydasında deyildi.
Eşitdiklərimi dərhal tərcümə edirdim. Asəf boş stəkanı balaca, dördkünc jurnal masasının üstünə qoydu, dirsəklərini dizlərinə dirəyib, iki əli ilə başını tutdu. Kristina anlatmağa davam edirdi:
- Bilirsinizmi, o gün yaxşı yadımdadır. Sizinlə tanış olandan sonra evə çox gümrah qayıtdı. Rapperswilə gedib gələndə həmişə gümrah olurdu, oranı çox sevirdi. O axşam dedi ki, borş bişirək. Getdik bazarlıq elədik, marketin bağlanmağına on dəqiqə qalırdı. Çatdırdıq. Borş bişirdik, hətta özü də mənə kömək elədi. Bilirsiniz, o qıpqırmızı borşu çox xoşlayırdı. Sizin haqqınızda danışdı mənə. Çoxdandır onu elə sevincli görmürdüm. O, hisslərini hamıdan gizlədirdi, özünə qapalıydı. Tək sirdaşı mən idim.
Asəf yaşlı gözlərini qaldırıb bir mənə, bir Kristinaya baxdı. Qadının dediklərini nöqtə vergülünə kimi tərcümə elədim. Asəf jurnal masasının üstündəki salfetkalardan bir neçəsini götürüb gözlərini, burnunu sildi. Xırıltılı səslə soruşdu:
- Laçın haqqında, qohumları haqqında nəsə danışardı?
Sualı tərcümə etdim.
- Çox şey danışmazdı - Kristina düşüncəli görkəm aldı. Bircə dəfə Gilənin əhvalatını mənə danışmışdı, o da biz evlənəndən üç il sonra. Məndən başqa da bu əhvalatı heç kəs bilmirdi. Ona görə eşidəndə ki, Rapperswildə tanımadığı adama Gilə haqqında danışıb, çox təəccübləndim.
- Deməli mənə güvənib...
- Sizi özünə doğma bilib, bunun başqa izahı yoxdur. Bəlkə də hiss edirmiş ki, ömrünə saylı günlər qalıb, bir körpü yaratmaq istəyib. Bu məlumatı sizə ötürüb ki, siz də öz növbənizdə hansısa addımları atasınız. Göründüyü kimi, siz doğrudan da bu körpünü yarada bilmisiniz. Təəssüf ki, bir az gec oldu. Daha doğrusu... necə olmalıydısa, elə də oldu.
Kristinanın son sözlərini Asəfə ehtiyatla tərcümə elədim. Qorxdum ki, bu gecikməyə görə məni qınayacaq. Əlbəttə, üç gün ərzində Bakıdan onun qohumlarını tapıb Sürixə gətirmək, onları Əşrəf həyatdaykən görüşdürmək fiziki olaraq mümkün deyildi. Deməli gecikən, gecikdirən mən olmamışam. Yenə də Asəfin gözündə suçlu görünmək istəmirdim.
- Bəs axı necə oldu ki, vətənə qayıtmaq istəmədi? Bircə dəfə olsun gəlmədi, qohumlarını tapmadı! Əlidən eşitdim ki, səbəb Gilə olub, amma bu səbəb sizcə çox qəribə deyilmi? - Asəf yanıqlı-yanıqlı dedi. Heç cür çatmır mənə.
Başını bulaya-bulaya Asəfin dediklərini dinləyən Kristina:
- Yox - dedi. Səbəb qəribə deyildi. Biz tanış olanda hələ müharibə yeni bitmişdi, qayıtmaq haqda söhbət gedə bilməzdi. Doğrudur, bəzi keçmiş əsgərlər və əsirlər qayıdırdılar, amma söhbət gəzirdi ki, qayıdanların hamısını NKVD qarşılayır, hamısını güllələyirlər. Üç il sonra isə, Gilənin əhvalatını mənə danışdı. Gecələr yuxudan qan-tər içində, qışqırıqla oyanmağını əsirlikdə yaşadığı dəhşətlərə bağlayırdım, amma sən demə onun kabusları daha çox itkin düşən bacısı ilə bağlı imiş. Bacısı və anasının lənəti ilə. Onun qorxusu güllələnmək deyildi, anasının qabağına çıxmaqdan qorxurdu. Anası onu görsəydi “Giləni nə etdin?” soruşacaqdı, Martin belə deyirdi. Əvvəllər ona deməyə çəkinirdim, qorxurdum məni düz başa düşməz, amma zamanı gələndə, burada yaşadıqca gördü ki, bizim mədəniyyətimiz çox fərqlidir. Ana anadır, bu hiss mənə tanış olmasa da, təxmin edirəm analıq nə deməkdir. Amma nə olursa olsun, bir ananın özünü bu qədər paralaması, oğluna lənət oxuması bizim üçün anlaşılan deyil. Bu haqda sonralar bir söhbətimiz oldu, anasının onu lənətləməsini bu qədər ciddiyə almamalı olduğunu dedim ona. Amma, xeyri olmurdu, o lənəti ömür boyu özü ilə gəzdirdi. Ona görə də doğmalarına çıxış axtarmadı. Səksənlərdə yollar açılanda da getmədi. Doxsanlarda isə artıq xəbərlər bizə gəlib çatırdı, doğulduğu şəhərin işğal edildiyini, bütün əhalisinin ya öldürüldüyünü, ya qovulduğunu öyrəndik. Ondan sonra da təbii ki, qayıtmağa heç bir həvəsi qalmadı. Həm də, hara qayıdacaqdı ki?
- Laçının işğalından çoxmu məyus olmuşdu? Dərd çəkirdimi? - Asəf ümidlə maraqlandı. Sanki Əşrəfə bundan sonrakı münasibəti, bu sualın cavabından asılı idi.
- Bəs necə! - Kristina təəccüblə qaşlarını qaldırdı. - Çox narahat idi, çox! O dövrdə bizə çatan qıt məlumatları ürək ağrısı ilə oxuyurdu, dinləyirdi. Bir-iki azərbaycanlı da vardı, onlarla da vaxtaşırı görüşüb danışırdı. Onlar səksənlərin sonunda gedib gəlmişdilər Azərbaycana, oradakı vəziyyətlə tanış idilər. Əşrəf kənardan çox kosmopolit görünürdü, almancası, ruscası mükəmməl idi, heç vaxt xüsusi olaraq Azərbaycan haqda danışmazdı, millətçiliyi yox idi, hətta bu mənə qəribə gəlirdi. Azərbaycan dilini mənə öyrətməsini xahiş etmişdim, heç olmasa əsas fel və isimləri, bir təsəvvürüm olsun deyə. Lakin o, xahişlərimə məhəl qoymurdu, hər dəfə bir bəhanə ilə sonraya saxlayırdı. Sonra isə heç vaxt gəlmirdi.
Bir neçə dəfə mənə Azərbaycanda iyirminci əsrin əvvəllərindəki qırğınlar haqda danışmışdı. Erməni fobiyası yox idi, amma deyə bilmərəm ki, ermənilərə münasibəti o qədər də xoş olub. Bizim dost ailəmizin erməni tanışları vardı, onlarla ümumi məclislərdə bir araya gəldiyimiz olurdu. Ermənilərlə normal danışardı, söhbət edərdi, amma heç vaxt bir erməni dostumuz olmadı. O hamı ilə, bütün xalqların nümayəndələri ilə dostluq edərdi, evimizə ruslar, ukraynalılar, qazaxlar, belaruslar, təbii ki, türklər və iranlı azərbaycanlılar gələrdilər. Amma heç erməni ayağı dəymədi bu evə. Mən də zamanla öyrəşdim buna, çünki oyun qaydalarını qəbul etmişdim – evin kişisinin sözü qanun olmalıydı. Həm də erməni ilə dostluq etmək mənim üçün prinsip məsələsi deyildi axı. Əslində azərbaycanlı dostları da çox deyildi, bilirsinizmi? Bayaq dediyim kimi, onunla eyni taleyi yaşayan bir neçə azərbaycanlı tanıyırdıq, amma onlarla da bir müddət sonra arası soyudu.
- Niyə? - tərcüməni dayandırıb maraqlandım.
- Çünki mübahisə yaranırdı, vətənə qayıtmaq mövzusunda. Əşrəfin soyuqluğu onlara çatmırdı. O isə heç kəsə Gilənin əhvalatını danışmırdı. Danışsaydı, onu bəlkə də başa düşərdilər. Amma danışmayınca da elə bilirdilər ki, Azərbaycana münasibəti mənfidir, ya da nəsə başqa bir səbəb var. Səksənlərdə bir neçə adam Azərbaycana getdi, onun getməməyini isə heç cür anlaya bilmirdilər. Artıq səksənlərdə, “qayıtsam güllələyə bilərlər” deyə də bilmirdi, çünki qırxıncı illər deyildi artıq. Belə də olanda, onu başa düşmürdülər.
Asəf:
- Bəlkə də yaxşı oldu qayıtmadı, nə bilim - dedi. Bəlkə də qayıdıb qohumlarının, əzizlərinin çoxunun Qarabağ müharibəsində öldüyünü, hətta uşaqların da qurban edildiyini bilsəydi, buna ürəyi dözməzdi. Yəqin bunu hiss edib həm də. Ola bilməzmi?
Sual kimə ünvanlanmışdı, bəlli deyildi deyə mən susdum, Kristina isə çiyinlərini dartdı.
- Özünü azərbaycanlı sayırdı, yoxsa isveçrəliyəm deyirdi? - Asəfin bu qəfil sualı mənə yersiz görünsə də, olduğu kimi tərcümə elədim.
Kristinanın dodağında nisgilli bir təbəssüm oyandı.
- Başa düşürəm nə demək istəyirsiniz. Məsələn, Müslüm Maqomayevin bütün mahnılarını əzbər bilirdi. Onunla çox fəxr edirdi. Mənə elə gəlir Müslümə qulaq asanda, öz soykökü ilə qürur duyurdu. Maqomayevi bütün dostlarımıza, tanışlarımıza qulaq asdırmışdı. Maraqlıdır ki, hamı da onu sevmişdi, Maqomayev fanatları yaranmışdı çevrəmizdə. Amma İsveçrəni də çox sevirdi. Yox, heç vaxt dəqiq deyə bilmərəm özünü kim hiss edirdi. Ümumiyyətlə, patriotluğu yox idi. Sadəcə İsveçrəyə minnətdar idi ki, onu sovetlərə qaytarmadılar. O, hələ bu ölkəyə çox rahat gəlmişdi, gölü qayıqla keçmişdi. Halbuki Reyn çayını üzərək İsveçrəyə keçən əsirlər də olurdu. Çoxları ölürdülər, sağ qalanlar da lümlüt çıxırdılar sahilə, soyuqdan titrəyə-titrəyə. Kimlərə ki, oturum verilə bilərdi, İsveçrə o adamları fermalara göndərirdi, təsərrüfatla məşğul olmağa. Onlar gündə doqquz saat işləyir və ayda doxsan frank pul alırdılar. Amma İsveçrə hökuməti bunun otuz frankını da “Internierung” adı ilə onların əlindən alırdı. Qırx beşin yazında Qızıl Ordunun minlərlə şəxsi heyəti İsveçrədən sığınma istəmişdi. Doqquz min rəsmi müraciət vardı və İsveçrə bu qədərini özündə saxlamağa razılıq verdi. Sonralar onlardan öz istəyi ilə çıxıb gedənlər də oldu, amma əlbəttə çoxu qaldılar, burada Martin kimi ailə qurdular.
- Belə dövləti necə sevməyəsən?.. - Asəf düşüncəli, nəm gözlərini divardakı fotolardan ayırmadan dedi.
- Hər şey siz düşündüyünüz qədər asan da deyildi - Kristina təəssüflə qollarını araladı. - Bizim dövlətimiz çox yaxşı oyunçudur. Sudan quru çıxmağı çox yaxşı bacarır. Biz Martinlə bu haqda çox danışırdıq. Min doqquz yüz qırxıncı ildə, İsveçrə özünün siyasi kursunu Avropada yeni oyun qaydalarına adaptasiya üstündə qurdu. Ona görə də Hitler Almaniyasına xammal, təchizat, silah, sursat, elektrik verirdi. İsveçrənin dəmir yollarında alman və italyan quru yükləri daşınırdı. İsveçrə görəndə ki, Hitler uduzur, ABŞ və SSRİ ilə əlaqələr qurmağa başladı. Qırx beşinci ildə Almaniyaya hərbi yükləri daşımağı dayandırdı və alman aktivlərini banklarda dondurdu. Qırx ikinci ildə isə sərhədləri tam bağladığını elan etdi. Ölkə boydan-boya tikanlı məftillə hasarlanmışdı. Amma o vaxt, artıq Almaniyadan qaçmış yüzə yaxın sovet hərbi əsiri vardı burda. Andelfingendə düşərgədə yaşayırdılar. Orda yol salınmasında işləyirdilər. Hətta ruslar Sürixdə yadımdadır, dava çıxarmışdılar ki, biz Qızıl ordu gününü qeyd etməliyik və o gün işləməyəcəyik. Onlara icazə verilmişdi, hətta, Sürixdə hansısa səhnədə konsert də verəcəkdilər. Amma günortaya qədər yenə də işləməli idilər, çünki isveçrəlilərin özləri də bayram günlərində yarım gün işləyirdilər. Rəhbərlik polis çağırmağa məcbur olmuşdu əsirləri sakitləşdirmək üçün. Bir gün onlara verilən ispanaq yeməyinə görə də üsyan qaldırmışdılar. Ona görə, hamısını dağ kəndi Rarona göndərdilər, düşərgəni də bağladılar. ...Dediyim kimi, o vaxt əsgərlər ən çox Reyni ya da Boden gölünü üzərək keçirdilər. Neçəsi öldü İsveçrə sahilinə varmadan, bunu heç kəs bilmir. Amma çatanları da tutub qaytarırdılar. Hətta olurdu ki, isveçrəli əsgər və zabitlər bu əmri yerinə yetirmək istəmədiklərinə görə cəzalandırılırdılar. Amma ümumən, münasibət o illər üçün, çox da pis deyildi. Əsgərləri yol tikintisi və kənd təsərrüfatında işlədirdilər. Hamısı mütləq tibbi yoxlanışdan keçirdilər. Zabitlər isə otellərdə qalırdılar, hətta darıxdıqlarını deyirdilər. Montredə otuzdan çox zabit qalırdı və onlar deyirdilər ki, darıxırıq. Təsəvvür edirsiniz! Sonra onları Arozudakı kurorta göndərdilər. Təsəvvür edin ki, müharibədən sonra İsveçrə ABŞ və SSRİ-yə ödəniş tapşırığı göndərdi və hər birindən ən son qəpiyə qədər, İsveçrəyə sığınmış əsirlərə xərclənən pulları geri aldı. Hətta İsveçrədə ölən əsirlərin qəbir daşları üçün xərclənən pulları da. SSRİ-nin Qırmızı Xaçından bütün xərclədiyi pulları alan yeganə dövlətdir İsveçrə. Bütün kurortlar, mehmanxanalar, pansionatlar müharibəyə görə onsuz da boş qalmışdılar. Amma İsveçrə otellərdə, kurortlarda yatırdığı adamların hamısına görə Moskvadan pul aldı. İsveçrə həmişə, hər bir situasiyadan qalibiyyətlə və qazancla çıxmağı bacarıb. Ona görə mən öz ölkəmə heyranam. Martin də heyran idi. İsveçrənin Stalinə təhvil verdiyi əsgər və zabitlərin on bir min nəfəri Sibirdə öldülər, ya da güllələndilər. Nə qədər əsgər və zabit intihar etdi, geri qayıtmamaqdan ötrü. Aargaudakı düşərgədə qalan və Türkiyəyə getmək istəyən azərbayacanlılar və başqa müsəlman xalqların nümayəndələri vardı. Düz min doqquz yüz qırx doqquza qədər onlar düşərgədə qaldılar.
Kristina danışdıqca mən tez-tez tərcümə edir, qadının bu yaşda, bu qədər faktı yadında saxlamağına heyrətlənirdim. Hiss olunurdu ki, Əşrəflə tanışlıqdan sonra, Kristina bu məsələlərdə əməlli-başlı ekspertə çevrilmişdi.
- Deyəsən çox danışdım, bağışlayın, - Kristina yaşına xas olmayan cəldliklə ayağa sıçradı. Sizə nə təklif edim? Çay, qəhvə? Mən artıq axşam yeməyini yemişəm, amma acsınızsa, sizin üçün süfrə aça bilərəm.
- Yox, çox sağ olun - Asəf çətinliklə dilləndi. Aclığım yoxdur.
- Elə mənim də - dedim. Zəhmət çəkməyin, bir azdan gedəcəyik. Vaxtınızı çox almayaq, onsuz da gec gəlmişik.
- Necə istəyirsiniz - Kristina yerinə əyləşdi, əllərini dizlərinin üstünə qoydu. - Sizə bir sualım var Asəf - gözlənilmədən dedi.
Asəf bir qədər canlandı, gözlərini bayaqdan çəkmədiyi fotolardan ayırdı, özünü topladı:
- Əlbəttə, buyurun.
- Əşrəf cəbhəyə yollananda, Gilə hələ tapılmamışdı. Özü də demişdi ki, sanki yer yarıldı, Giləni udub yoxa çıxardı. Ehtimal edirdi ki, qız qurdlara yem olub.
- Yox, yox - Asəf başını buladı. Qurdlara yem olmamışdı. Bizimkilər danışır ki, o vaxt hər kəs elə düşünürmüş. Amma Gilə sonda tapıldı. Təxminən iki ay sonra, qarlar əriməyə başlayanda.
İkimiz də Asəfə şaşqınlıqla baxdıq.
- Tapıldı deyəndə ki, hər halda yaşamırdı, yox? - ehtiyatla maraqlandım və öz sualımı Kristina üçün tərcümə etdim.
- Anam indi də sağdır, o da öz anasından, atasından, başqa qohumlarımızdan eşitdiyi bu əhvalatı bizə tez-tez danışar. Deyər ki, martın lap əvvəli idi, yaz çox tez gəlmişdi. Bizim kəndin çobanı, heyvan otardığı yerdə, bir ağacın dibindəki çırpının altında, gözü qırmızıya toxunur. Çırpı bilirsiniz nədir? Ağacların qurumuş budaqları yerə tökülüb üstünü xəzəl, qar örtəndə altında bir qədər boşluq qalır. Görünür Gilə soyuqdan donmamaq üçün o çırpının altına girib gizlənibmiş. Yüz faiz qurdlar da ulaşırmış o gecə. Gilə, həmin bu pənah tapdığı çırpının altında ölmüşdü. Meyidinin tapıldığı yer, Qırxbulaq adlanır.
Kristina doluxsunmuşdu, Qırxbulağı eşidəndə başını tez-tez yellədi:
- Çox eşitmişəm Qırxbulaq haqda. Martin deyərdi ki, burdakı Bülax bizim bulaq sözü ilə səsləşir.
- Gilənin tapıldığı yer də - Asəf davam etdi, Əşrəfgilin yaşadığı binədən beş kilometr aralıda idi. Bir uşaq, bu qədər uzun məsafəni, o soyuqda necə gedib, hələ də başımız çıxmır.
- Yetərin buna reaksiyası necə olmuşdu? - Kristina soruşdu və dodaqlarını möhkəmcə sıxdı.
- Necə olacaq - Asəf əlində oynatdığı salfetkaya baxaraq dedi. Uşağın meyitini ala bilmirdilər əlindən. Öpüb, qoxlayırmış. Təsəvvür edirsiniz? İki aylıq meyiti, hansı ki, şaxta sayəsində hələ tam çürüməmişdi, amma artıq çox qorxunc görkəmdəydi. Onsuz da Gilə tapılana qədər Yetər nə normal qidalanmırmış, nə də çimmirmiş. Kəndin arvadları zorla çimdirirmişlər onu. Hər gecə sayıqlayırmış, yatmırmış. Amma meyiti əlinə alıb qucaqlayıbmış, uzanıbmış evdə bir küncə. Neçə saat rahat yuxu yatıbmış. Deyilənə görə beş-altı saat, meyit qucağında yatıbmış. Əri, qohumlar, qonşular – hamı çox narahat olubmuş ki, günahdır, həm də nə deməkdir axı, çürümüş meyiti qucaqlayıb yatmaq. O vaxt bizim kəndin ağır seyidi olan Seyid Kərim, molla Abbas gəlirlər, Gilənin atası Novruza deyirlər ki, işin olmasın, qoy yatsın. Son dəfə qucaqlasın. Din buna icazə verir. Giləni basdırandan sonra da, Yetər əl çəkmirmiş ki, aparın məni, göstərin Giləni hardan tapmısınız. Çoban aparır Yetəri həmin yerə, çırpının altını göstərir. Yetər çökür ağacın dibinə, başlayır ağı deməyə. Birdən yerdə gözünə nəsə sataşır. Əl atır ki, Gilənin boynundakı muncuqlardan biridir. Sonra baxır ki, biri də var, biri də, biri də. Xeyli muncuq toplayır, qaçır evdə sapa düzür, amma əvvəlki boyunbağı alınmır, xeyli muncuq çatışmır. Ondan sonra tez-tez gedib ordan çatışmayanları da toplayırmış, hətta söhbətdən xəbəri olan adamlar, çobanlar da ordan keçəndə muncuq tapası olsalar, onu mütləq Yetərə gətirərdilər. O da nəhayət bütün dənələri sapa düzüb, əvvəlki boyunbağını alındırır. Onu da asır boynundan. Amma ağlamağı, özünü döyüb ağı deməyi kəsilmirmiş. Axırda da dörd il sonra gözləri tutulur. Kor olandan sonra da hər gün həyətə çıxıb üzü Qırxbulağa sarı oturub ağlayarmış.
- Bəs ərinin, Novruzun buna reaksiyası necə olurdu? Yəqin ki, o sərinqanlı davranırdı? - Kristina nə üçünsə alçaq səslə soruşdu. Ağlamaqdan gözləri qızarmışdı, hardansa çıxartdığı kənarları krujevalı yaylığı ilə göz uclarını quruladı.
- Yox əşi, Novruzun öyüd-nəsihətləri də ona fayda etməzmiş. Deyirmiş ona ki, ay Yetər, uşaq itirən nə birinci, nə axırıncı adamlarıq. Bəsdir, həlak elədin özünü. Amma bacara bilmirmiş onunla. Həm də deyilənə görə çox hökmlü qadın imiş Yetər. Söz keçirmək olmazmış ona, heç bizim oraların xarakterində qadın deyilmiş.
Kristina gözyaşı pərdəsi arxasından zorakı gülümsündü, lakin bir söz demədi.
- Amma nə qədər hökmlü olsa da, qızının ölümü onu məhv eləmişdi, dizə gətirmişdi. Oğlanlarının üçü cəbhədən qayıtdılar, oxudular, iş sahibi oldular, evləndilər, o isə hələ də “Gilə, Gilə” deyib ağlayar, ağı deyərdi. Həm də deyərmiş ki, Giləni Əşrəf öldürdü, Əşrəfi də mən öldürdüm. Qarğıdım deyə dala qayıtmadı. Ölü olsa da, diri olsa da qayıtmadı. Deyilənə görə, Gilənin tapılmağından on il sonra havalandı, bir-iki aya da öldü. İndi anam da həmişə deyər ki, əmimin intizarı ilə yaşadım ömrümü. Bu gün məni yola salanda da ağladı, dedi Əşrəf əmini gətir mənə. Mən indi qayıdıb ona necə deyim ki, Əşrəf əmin bir həftə əvvəl rəhmətə gedib? Necə deyim? - Asəf başını aşağı endirib hıçqırıqla ağladı.
Kristina ilə göz-gözə gəldik. Onun da emosional halı yaxşı deyildi, lakin Asəf qədər emosiyalarına azadlıq da vermirdi. Hər halda ayağa qalxıb Asəfə qrafindən su süzəcək qədər sərinqanlı qala bilirdi.
Kristinaya təşəkkür edərək suyu içən Asəf, bir qədər toxtadıqdan sonra soruşdu:
- Bağışlayın, biz Əşrəf əminin məzarına necə gedə bilərik? - mənə baxıb dəqiqləşdirdi - Özümüz getsək, tapa bilərik?
- Əlbəttə tapa bilərik, - dedim.
- Xeyr, xeyr harasa getməyə ehtiyac yoxdur, bir dəqiqə - Kristina gözlənilmədən dedi və qonşu otağa keçdi. Biz mat-məəttəl onun dalınca baxdıq, sonra Asəflə baxışdıq. Mən çiynimi çəkməklə kifayətləndim, amma Asəfə demədim ki, özümü bir anlıq Stefen Kingin novellasında hiss eləmişdim.
Kristina otaqda çox qalmadı, oradan bir əlində kağız paket, obiri əlində qol saatıyla qayıtdı. Paketi jurnal masasının üstünə qoydu, saatı isə mənə uzatdı:
- Bu sizə çatacaq, Əli.
“Slava”nın qızılı korpusu bu dəfə mənə əvvəlkindən də solğun göründü. Gördüyümə, eşitdiyimə inana bilmirdim. Nə deyəcəyimi də.
- Amma... necə? Niyə?
- Xahiş edirəm - Kristinanın əli uzalı qalmışdı - onu almalısınız. Martin bu saatla maraqlandığınızı, eynisini atanızın taxdığını danışmışdı mənə. Rica edirəm, götürün. Bu, onun arzusudur.
Saatı tərəddüd və çarəsizliklə aldım, hiss etdim ki, qızarıram, məni tər basır. İçimdə sanki bir şey qırıldı, gözlərim doldu. Bu jest o qədər gözlənilməz olmuşdu ki, çox şey demək istədiyim halda, bircə quru “təşəkkür edirəm” deyə bildim.
Kristina razılıqla başını endirib qaldırdı və sanki saat mövzusunu özü üçün həmişəlik qapatıb, bayaq əlində gətirdiyi kağız paketə əyildi. Onun ağzını açdı, içindən ehtiyatla, sanki bahalı əşyaya toxunurmuş kimi, yerbəyerindən süzülmüş, sarıya çalan, çirkli, ləkəli bir əski çıxartdı.
- Asəf... mən bilirəm ki, Martin buna həmişə ümid edib, inanıb ki, bir gün mütləq onun hekayəsini eşidən, bu qapıya gələn olacaq. Hər halda, bu əski parçası, onun üçün çox dəyərli idi və mən inanıram... - Kristina dərindən nəfəs alıb verdi, başını iki dəfə təsdiqləmə mənasında yırğaladı - inanıram ki, o bu əskinin onun Laçınlı ailə üzvlərində qalmağını istəyərdi. Bilirəm, ikinizə də mənim sözlərim və bu bez parçası qəribə görünür. Bu əski, Yetər Giləni axtaranda və əli qanayanda kənd qadınlarının onun əlinə sardığı bezdir. Yetər isə öz növbəsində, bu bezi Martinin əlinə sarmışdı.
Gözlərimə inana bilmirdim. Əşrəfin hekayəsinin bu epizodunu çox yaxşı xatırlayırdım, Əşrəf bu bez haqda danışanda xüsusi həyəcanlanmışdı. Amma bu haqda Kristina və Asəfə heç nə demədim. Tərcüməyə davam elədim.
Asəf heyrətlə Kristinanın əlindəki bez parçasına baxırdı. Kristina onu Asəfə uzatmışdı, o isə ona toxunmağa çəkinirdi.
- Götürün Asəf, bunu sizə verirəm. Siz onu özünüzlə aparıb ailə relikviyası kimi saxlaya bilərsiniz. Mən bilmirəm Martin bu bez parçasını, o müsibətli lagerlərdən necə keçirib bura qədər gətirib çıxara bilmişdi? Mən bunu heç təsəvvür edə bilmirəm. Özü deyərdi ki, hər yola, vasitəyə əl atırdı ki, əski əlindən yerə düşməsin, itməsin, nasistlər əlindən almasınlar. Alt paltarında, yaxasında, qaloşlarının içində – bu əski haralarda olmayıb!
Ağlamaqdan yorulmuş, bəlkə də artıq ağlamağa utanan Asəf, qorxa-qorxa əlini bezə uzatdı, onu bir həftəlik körpə kimi, iki əli ilə tutdu və eyni ehtiyatla kağız paketin içinə qoydu.
- Çox sağ olun - bircə bunu deyə bildi.
- Dəyməz - Kristina səmimi təbəssümlə Asəfin gözlərinə baxdı. Bu, doğrudan da aid olduğu yerdə olmalıdır və tək bu deyil.
Kristina qamətini düzəltdi, kamoda yaxınlaşdı. Üç vaza arasından ortadakı, mavi vazanı götürdü, qayıdıb kresloda əyləşdi.
- Əli, mən çox istərdim ki, sözlərimi mümkün qədər əhatəli, dolğun tərcümə edəsiniz.
Kristinanın nə üçün belə dediyini anlamasam da, ona “əlbəttə, bacardığım qədər edirəm” dedim.
- Təşəkkür edirəm. Bağışlayın, bəlkə xahişim yersiz səsləndi, lakin mən sizin kültürünüzə az-çox bələdəm, ona görə də çalışıram sözlərim qonağımızda şok effekti yaratmasın. Asəf, siz Əşrəfin məzarını soruşmuşdunuz, - Kristina mülayim, lakin qətiyyətli nəzərlərini Asəfin üzünə dikdi, bilirəm ki, sizin kültürünüz belə ritualları qəbul etmir, lakin bu, Martinin öz arzusu olub həmişə. Mən kremasiya haqda danışıram.
- O nədir elə? - Asəf heyrətlə mənə baxdı.
Kristinanın bayaqdan nə üçün uzun-uzadı giriş verdiyini indi başa düşdüm.
- Kristina xanım demək istəyir ki, Əşrəf dayı basdırılmayıb. Onun meyidi yandırılıb və külü Kristinaya verilib. Çox güman ki, əlində tutduğu qabda Əşrəf dayının külləridir.
Asəfin vazaya qorxuyla baxdığını görən Kristina, izahımın uğurlu olduğunu anladı və qaldığı yerdən davam etdi:
- Heç kəs Martinimi məndən ala bilməzdi, o mənimlə qalmalıydı, otağın ən görünən yerində. Amma mən də bilirəm ki, onun ən böyük arzusu vətənində dəfn olunmaq olub. Bunu açıq demirdi, amma eyham vururdu. Bəlkə də hesab edirdi ki, belə bir istək, arzu Avropa toplumu üçün çox ibtidaidir. Halbuki mən onu nəinki başa düşürəm, mən ona haqq qazandırıram və deyirəm ki, onun külü, Martinin hələ Əşrəf olduğu yerlərə, Laçına aiddir. Siz onu orada səpə, ya da basdıra bilərsiniz. Yox, mən əlbəttə ki, başa düşürəm bunun bu gün mümkünsüz olduğunu. Sizin üçün o torpaqlara gedən yollar qapalıdır. Nə edək, bizdən asılı olmayan şeylər var. Deməli, - Kristina vazanı Asəfə uzatdı, - ora gedən yolların açılacağı günü gözləməli olacaqsınız. Mən bilmirəm o gün gələndə mən həyatda olacam, yoxsa yox, amma Laçına gedə bildiyiniz gün, mənim xahişimi unutmayın.
Sürix,
Noyabr 2014