«Fətəli Xan Xoyski» Gəncədə hay-küy saldı...

Halit Ergenç «Əli və Nino» filmində Fətəli Xan Xoyskinin obrazını canlandırır.

-

«Əli və Nino» filminin çəkilişləri üçün Gəncəyə gələn Türkiyənin ünlü aktyoru Halit Ergenç xoşagəlməz bir olayla üz-üzə gəlib.

Habertürk-ün yaydığı xəbərə görə, enişdən sonra aeroportda viza üçün uzun-uzadı növbəyə dayanan Halit Ergenç-in axırda səbir kasası daşıb.

O, qışqırmağa, narazılıq etməyə başlayıb.

Səs-küyə gələn aeroport işçiləri ünlü aktyoru tanıyınca, məsələ yoluna qoyulub və «Fətəli xan Xoyski»yə Gəncə vizası təqdim olunub.

Xatırladaq ki, bu, Halit Ergenç-in film çəkilişləri üçün Azərbaycana ikinci gəlişidir.

Halit Ergenç «Əli və Nino» filmində Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskinin obrazını canlandırır.

«Muhteşem yüzyıl» serialından sonra bütün təklifləri rədd edən aktyor bu filmdə çəkilməyə razı olub.

Başını qırxdırıb, eşmə bığlar saxlayan aktyor Fətəli xanın görünüşünü alıb.

Qurban Səidin «Əli və Nino» romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Thykier, Asif Kapadia, ssenari müəllifi isə Christopher Hampton-dur.

Filmdə baş rolları Adam Bakri və Maria Valverde canlandırırlar.

Hələlik, Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Bibiheybətdə , Xınalıqda və Türkiyədə çəkiliş aparılıb.